XƏBƏRLƏR




- 7. “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2008-ci il.
- - 6. Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2001-ci il
- - 7. “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2008-ci il.
- - 4. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2005-ci il
- - 3. Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2010-cu il
- - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- - Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- - “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılmasını, sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1.“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 dekabr 2008-ci il.
2009-2015-ciillərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
2009-2015-ciillərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair
Dövlət Proqramı[1]
1. Ümumi əsaslar
1.1. Mövcud vəziyyət
Vətəndaşların pensiya təminatının qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir.
Sovet dönəmindən qalmış və günün tələblərinə cavab verməyən pensiya münasibətlərində köklü dəyişikliklərin başlanğıcı 2001–2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın reallaşdırılması ilə qoyulmuşdur. Məhz bu dövrdə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılmış, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirilmişdir. Sığorta-pensiya və sosial yardım sistemlərinin biri-birindən ayrılması və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edir.
2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir. Yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artmışdır. Bütövlükdə pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaratmışdır. Məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılmış, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilmiş və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir.
Həmçinin, bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilmiş və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi və yenidən qurulması əməli həyata keçirilmişdir. Əmək pensiyalarının plastik kartlarla ödənilməsi sistemi müvəffəqiyyətlə tətbiq edilmişdir.
Bütün bunlarla yanaşı, hazırda sığorta-pensiya sisteminin dayanıqlı və müstəqil inkişafına nail olunması, bu baxımdan əsas məqsəd və vəzifələrin, həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Hazırda fəaliyyət göstərən əmək pensiyaları sistemi, əsasən, sığorta prinsiplərinə uyğun qurulsa da, bu gün ən hissolunan problemlərdən biri sistemdən qeyri-sığorta xarakterli ödəmələrin maliyyə yükünün təsirli dərəcədə böyük olmasıdır. Mövcud qanunvericiliklə təsbit olunmuş ümumi pensiya yaşından əvvəl pensiyaya çıxanlara (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə) əmək pensiyaları üzrə güzəştli ödəmələrin, əmək pensiyasına verilən əlavələrin (əmək pensiyasının baza hissəsinə əlavələrin və qulluq stajına görə əmək pensiyasına əlavələrin), həmçinin digər qeyri-sığorta ödəmələrinin hazırda toplanan məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi mövcud sığorta-pensiya sistemində sığorta prinsiplərini zəiflədən amil kimi səciyyələndirilməlidir.
Sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması baxımından digər mühüm məsələ vətəndaşların pensiya təminatında dövlət büdcəsi vəsaitlərinin funksiyaları və payının tam müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bərabər, pensiya təminatında müəyyən olunmuş sosial hədəflərə nail olmaq üçün artan maliyyə tələbi ilə sosial sığorta normativlərinin uyğunluğunun gözlənilməsi, eyni zamanda, sosial sığorta haqlarının toplanması sahəsində fəaliyyətin təkmilləşdirilməsi vacib əhəmiyyətə malikdir.
Bütün bunlar sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılmasını və nəticələrin modelləşdirilməsini, müfəssəl fəaliyyət planının gerçəkləşdirilməsini zəruri edir. Bu sırada vətəndaşların 2006-cı il 1 yanvar tarixinədək (yeni pensiya sistemi fəaliyyətə başlamazdan əvvəlki dövrdə) qazanılmış pensiya hüquqlarının adekvat qiymətləndirilməsi, yeni sistemin fəaliyyətindən əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlərin tədricən aradan qaldırılması və bu tədbirlərin yeni sistemə əlavə maliyyə yükü yaratmadan icrası xüsusi diqqət tələb edən məsələlərdəndir.
Hazırda ölkəmizdə əmək pensiyaları sistemi çərçivəsində nəzərdə tutulmuş baza və sığorta hissələri müsbət nəticələrlə tətbiq olunsa da, əmək pensiyalarının qanunvericiliklə nəzərdə tutulmuş üçüncü elementinin – yığım hissəsinin fəallaşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi gündəlikdə durur. Bununla yanaşı, pensiya münasibətlərinin könüllü pensiya sığortası və qeyri-dövlət pensiya təminatı kimi elementləri özündə cəmləşdirən islahat istiqamətinin reallaşdırılması ölkəmizin perspektiv sosial–iqtisadi tərəqqisində mühüm rol oynamalıdır.
Yeni sığorta-pensiya sisteminin fəaliyyəti üçün zəruri qanunvericilik bazası və müasir tələblərə cavab verən maddi-texniki baza əsasən yaradılsa da, sistemin işinin tam avtomatlaşdırılmış qaydada təşkili və onu çalışdıracaq kadr potensialının formalaşdırılması, eyni zamanda, fərdi uçotun və xüsusilə də sığortaolunanların məlumatlandırılması sisteminin inkişafı mühüm vəzifə olaraq qarşıda durur.
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) qeyd olunan problemlərin kompleks həllinə yönəlmişdir və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda müəyyən olunmuş strateji məqsəd, hədəf və göstəricilər nəzərə alınmaqla, ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirir.
1.2. Məqsəd və vəzifələr
Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması və sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması əhalinin maddi rifahının beynəlxalq standartlara uyğun mexanizmlər əsasında daha da yüksəldilməsinə şərait yaradır ki, bu da ölkənin iqtisadiyyatı ilə sosial həyatını bir-birinə bağlayacaq sığorta-pensiya sisteminin hərtərəfli inkişafını zəruri edir.
Pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini və tədricən yığım komponentinin tətbiqinə keçidi nəzərdə tutmaqla, pensiya islahatlarının daha da dərinləşdirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi Dövlət Proqramının əsas məqsədini təşkil edir.
Dövlət Proqramında nəzərdə tutulan əsas vəzifələr aşağıdakılardır:
- sığorta-pensiya sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qeyri-sığorta xarakterli ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi;
- vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi;
- məcburi dövlət sosial sığortasının təkmilləşdirilməsi və konüllü pensiya sığortasının inkişaf etdirilməsi;
- əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi;
- bütövlükdə sığorta-pensiya sisteminin cari ödəmə qabiliyyətinin, habelə orta və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi;
- sığorta-pensiya sisteminin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə nail olunması, idarəetmənin tam avtomatlaşdırılması və fərdi uçot sisteminin əhatəli inkişafının təmin olunması.
1.3. Dövlət Proqramının əsas istiqamətləri
Müəyyən edilmiş məqsəd və vəzifələrə uyğun olaraq Dövlət Proqramında 2009–2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafı aşağıdakı başlıca istiqamətlərdə aparılacaqdır.
Sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi
Sığorta-pensiya sisteminin perspektiv inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi aktuar hesablamalar əsasında proqnozlaşdırma işinin düzgün təşkilindən birbaşa asılıdır.
Bunun üçün makroiqtisadi, demoqrafik və bilavasitə sistemin fəaliyyətini xarakterizə edən göstəricilərin dəyişməsinin əlaqəli şəkildə öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə sistemdəki bir sıra əlavə hüquq və imtiyazların dövri olaraq demoqrafik göstəricilərə uyğunlaşdırılması məqsədi ilə müvafiq mexanizmlərin tətbiqi təmin edilməlidir.
Yeni pensiya sisteminin tətbiqinədək təyin olunmuş pensiyaların, sığortaolunanların əvvəlki sistemin fəaliyyəti dövründə qazanılmış pensiya hüquqlarının, qulluq stajına görə əlavələrin və sosial sığortaya əsaslanmayan digər ödənişlərin sistemin əlavə maliyyə yükünə çevrilməsi, dövlətin müəyyən etdiyi sosial hədəflərin həyata keçirilməsində zəruri olan dövlət büdcəsi transfertlərinin həcmi, məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun nəticəsi kimi gələcəkdə gözlənilən maliyyə tələbi, artan maliyyə tələbi ilə sosial sığorta normativlərinin uyğunluğunun gözlənilməsi və digər problemlərin əlaqəli şəkildə öyrənilməsi, müvafiq təkliflərin göstərilən bütün amillər nəzərə alınmaqla hazırlanması mexanizmi qurulmalıdır.
Aktual təhlillərin aparılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, ayrı-ayrı mövzuların tədqiq olunması məqsədi ilə səriştəli beynəlxalq ekspert və məsləhətçilərin cəlb edilməsinə, inkişaf etmiş ölkələrin aktuar hesablamaların aparılması sahəsində təcrübəsinin Azərbaycanda daha sürətlə tətbiqinə xüsusi diqqət yönəldilməlidir.
Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi
Azərbaycan Respublikasında sığorta münasibətlərinə əsaslanan sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırmışdır. Mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafı məcburi dövlət sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsindən bilavasitə asılıdır. Eyni zamanda, artan maliyyə tələbi ilə sosial sığorta normativlərinin uyğunluğunun gözlənilməsi əsas vəzifələrdəndir.
Digər tərəfdən, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlər qeyd olunan sahəyə öz mənfi təsirini göstərir ki, bu istiqamətdə müvafiq sağlamlaşdırma tədbirlərinin tətbiqi təmin olunmalıdır.
Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin və bu sahədə şəffaflığın artırılmasının əsas istiqamətlərindən biri kimi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunmasının və uçotunun avtomatlaşdırılması təmin edilməlidir.
Əmək pensiyası təminatının təkmilləşdirilməsi
Azərbaycanda beynəlxalq normalara uyğun təşkil olunmuş əmək pensiyaları sistemi fəaliyyət göstərir. Bu sistemdə pensiyaların məbləğinə təsir edən əsas göstəricilər kimi vətəndaşların fərdi şəxsi hesablarında əks olunan vəsaitlər və gözlənilən pensiya ödənişi müddəti nəzərdə tutulur. Sistemdəki bir sıra əlavə hüquq və imtiyazların da bu göstəricilər əsasında tənzimlənməsinin alternativ mexanizmlərinin müəyyənləşdirilməsi onun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, yeni pensiya sisteminin fəaliyyətə başlamasından əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının qiymətləndirilməsinin təkmilləşdirilməsi, pensiya təyinatının avtomatlaşdırılması, xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya təminatı üzrə müvafiq ölkələrlə sazişlərin hazırlanması və digər istiqamətlərdə tədbirlərin görülməsi təmin olunmalıdır. Eyni zamanda, yeni pensiya sisteminin fəaliyyətə başlamasından əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlərin tədricən aradan qaldırılması tədbirləri davam etdirilməlidir.
Bütün bunlarla yanaşı, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi mühüm məqsədlərdəndir. Bunun üçün pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilməli, bankomat və pos-terminallarla təchizat gücləndirilməli, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunmalı, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq edilməlidir.
Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı
Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə ötən dövr ərzində mühüm vəzifələr yerinə yetirilmişdir. Bu sahədə normativ hüquqi bazanın yaradılması, zəruri infrastrukturun qurulması, qeydiyyatdakı bütün sığotaolunanlara fərdi şəxsi hesab açılaraq sığorta şəhadətnamələrinin paylanması təmin edilmişdir.
Perspektivdə sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların sığortaolunanlara çatdırılması mühüm vəzifələrdəndir. Bunun üçün sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmləri müəyyənləşdirilməli və hər bir sığortaolunan üzrə məlumatların təqdim edilməsində işəgötürənlərin məsuliyyəti daha da artırılmalıdır.
Ölkədə yeni sığorta-pensiya sisteminin tətbiqindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları üzrə göstəricilərin fərdi şəxsi hesablara işlənilməsi təmin edilməlidir. Sığortaolunanların əvvəllər qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsinin yeni pensiya sisteminə uyğun şəkildə həyata keçirilməsi göstərilən istiqamətdə işlərin sürətləndirilməsinə imkan verəcəkdir.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sığortaolunanların fərdi uçotu üzrə regional mərkəzlərinin yaradılması və Fondun fəaliyyətinin avtomatlaşdırılması başa çatdırılmalıdır.
Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi
Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur. Ölkədə qurulmuş yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilmişdir. Əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş üçüncü pilləsinin, yəni yığım hissəsinin də tətbiqi qarşıda duran mühüm vəzifələrdəndir.
Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən çox asılıdır.
Bunun üçün beynəlxalq təcrübə öyrənilməklə, əvvəlcə sosial sığorta haqlarının fərdi hesabın yığım hissəsinə (fərdi yığım hesablarına) yönəldilməsi mexanizmləri və həmin vəsaitlərin idarə olunması qaydaları düzgün müəyyən edilməli, bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılmalıdır.
Fərdi yığım hesablarında toplanan vəsaitlərin istifadə qaydalarını, idarəedici şirkətlərə olan tələbləri, həmçinin idarəedici şirkətlərin investisiya portfelinin sığortaolunanlar tərəfindən seçilməsi imkanını nəzərdə tutan normativ hüquqi baza yaradılmalıdır. Bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına, eləcə də həmin vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotuna başlanılması, habelə sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasının stimullaşdırılması məqsədi ilə bir sıra əlavə mexanizmlərin tətbiqi nəzərdə tutulur.
Qeyri-dövlət pensiya institutlarının inkişafı
Azərbaycanda qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və fəaliyyətinin inkişafı pensiyaçıların sosial müdafiəsi, eləcə də ölkədə maliyyə bazarının inkişafı baxımından çox əhəmiyyətlidir.
Bunun üçün vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması vacibdir. Eyni zamanda, qeyri-dövlət pensiya fondlarının pensiya ehtiyatı vəsaitlərinin yerləşdirilməsi və yerləşdirilməsinə nəzarət qaydaları işlənib hazırlanmalı, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsi mexanizmləri müəyyən edilməlidir.
Qeyri-dövlət pensiya fondlarının fəaliyyətini stimullaşdırmaq məqsədi ilə müxtəlif vasitələrlə yanaşı, onlar sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlərin idarə olunmasında iştiraka cəlb edilə bilərlər.
1.4. Dövlət Proqramının maliyyələşdirilməsi
Dövlət Proqramının həyata keçirilməsi üçün maliyyə mənbəyini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və qanunvericiliyə uyğun digər mənbələr təşkil edir.
2. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı
Sıra №-si |
Tədbirlərin adı |
İcra müddəti |
İcraçılar |
2.1 |
Sığorta-pensiya sisteminin aktuar təhlilinə əsaslanmaqla sistemin orta və uzunmüddətli inkişafı üzrə tədqiqatların təşkili |
2009 – 2011 |
Dövlət Sosial Müdafiə Fondu |
2.2 |
Sığorta-pensiya sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi |
2011 - 2015 |
Dövlət Sosial Müdafiə Fondu, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi |
2.3 |
Bütün sığortaolunanlar üzrə ödənilən sosial sığorta haqları ilə pensiya və müavinətlər arasında əlaqənin gücləndirilməsinə dair təkliflərin hazırlanması |
2009 - 2010 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.4 |
İşləyənlərin sosial müdafiəsinin və gələcək pensiya təminatı hüquqlarının qorunması məqsədi ilə qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı və əməkhaqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısının alınması üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə müvafiq təkliflərin hazırlanması |
2009 - 2010 |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi
|
2.5 |
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin hesablanması və verilməsində sığorta prinsiplərinin tətbiqinə dair təkliflərin hazırlanması |
2009 |
Nazirlər Kabineti, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi |
2.6 |
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması |
2009 - 2010 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.7 |
Pensiya sistemindəki qeyri-sığorta ödəmələrinin tənzimlənilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə müvafiq təkliflərin hazırlanması |
2010 - 2011 |
Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2.8 |
Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsinin yeni pensiya sisteminə uyğun həyata keçirilməsi məqsədi ilə təkliflərin hazırlanması |
2009 |
Nazirlər Kabineti, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi |
2.9 |
Yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı əvvəlki pensiya sisteminin yaratmış olduğu fərqlərin aradan qaldırılması sahəsində təkliflərin hazırlanması |
2009 |
Nazirlər Kabineti, Dövlət Sosial Müdafiə Fondu
|
2.10 |
Əmək pensiyalarının sabit və dayanıqlı maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsində xüsusi maliyyə ehtiyatının nəzərdə tutulması barədə təkliflərin hazırlanması |
2009 - 2010 |
Dövlət Sosial Müdafiə Fondu, Maliyyə Nazirliyi
|
2.11 |
Avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədi ilə tədbirlərin həyata keçirilməsi |
2010 - 2015 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.12 |
Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədi ilə həmin ölkələrlə beynəlxalq müqavilələrin bağlanması üçün tədbirlərin görülməsi |
2009 – 2015 |
Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
|
2.13 |
Fərdi yığım hesabları vəsaitlərinin formalaşdırılması və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi |
Mütəmadi |
Dövlət Sosial Müdafiə Fondu
|
2.14 |
Məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsinin yığım hesablarına yönəldilməsi mexanizminin müəyyənləşdirilməsi |
2010 - 2012
|
Nazirlər Kabineti, Dövlət Sosial Müdafiə Fondu |
2.15 |
Sığortaolunanların fərdi hesablarının yığım hissəsində toplanan vəsaitlərin idarə olunması mexanizmini, idarəedici şikrətlərə və ixtisaslaşmış depozitarilərə olan tələbləri nəzərdə tutan normativ hüquqi bazanın hazırlanması |
2013 - 2014 |
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Fondu, aidiyyəti dövlət orqanları |
2.16 |
Sığortaolunanların fərdi hesablarının yığım hissəsində toplanan vəsaitlərin idarə olunması üzrə idarəedici şirkətlərin seçilməsi prosedurlarının və müvafiq idarəedici şirkətlərin sığortaolunanların seçiminə təqdim olunması qaydalarının müəyyənləşdirilməsi |
2013 - 2014 |
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Fondu, aidiyyəti dövlət orqanları |
2.17 |
Sığortaolunanların fərdi hesablarının yığım hissəsində toplanan vəsaitlərin investisiyası üzərində inzibati və texniki nəzarət mexanizmlərini müəyyənləşdirən normativ hüquqi bazanın işlənib hazırlanması |
2014 |
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, Dövlət Sosial Müdafiə Fondu, aidiyyəti dövlət orqanları |
2.18 |
Sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması |
2015 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.19 |
Konüllü pensiya sığortasının formalaşdırılması və inkişafı üzrə təkliflərin hazırlanması |
2012 - 2014 |
Nazirlər Kabineti, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi |
2.20 |
Qeyri-dövlət pensiya institutlarının yaradılması və fəaliyyətinin təşkili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi |
2009 – 2012 |
Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2.21 |
Qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın hazırlanması |
2012 - 2013 |
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Bank, Dövlət Sosial Müdafiə Fondu, aidiyyəti dövlət orqanları |
2.22 |
Qeyri-dövlət pensiya fondlarının vəsaitlərinin yerləşdirilməsi və yerləşdirilməsinə nəzarət qaydalarının hazırlanması |
2013 |
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, digər aidiyyəti orqanlar |
2.23 |
Qeyri-dövlət pensiya fondları tərəfindən qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsi mexanizmləri barədə təkliflərin hazırlanması |
2013 |
Nazirlər Kabineti, Dövlət Sosial Müdafiə Fondu, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, digər aidiyyəti orqanlar |
2.24 |
Qeyri-dövlət pensiya fondlarının sığortaolunanların fərdi hesablarının yığım hissəsində toplanan vəsaitlərin idarə olunmasında iştiraka cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi |
2015 |
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2.25 |
Əmək pensiyalarının plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, ödənişlərdə çoxfunksiyalı çip kartların tətbiq olunması |
2009 – 2015 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.26 |
Müxtəlif ölkələrin təcrübəsi öyrənilməklə kənd yerlərində, xüsusilə ucqar kəndlərdə pensiyaların mütərəqqi üsullarla ödənişinin tətbiqinin genişləndirilməsi |
2009 – 2015 |
Dövlət Sosial Müdafiə Fondu |
2.27 |
Pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin edilməsi |
2013 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.28 |
Dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi |
2011 - 2012 |
Dövlət Sosial Müdafiə Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, aidiyyəti orqanlar |
2.29 |
Sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılması |
2013 - 2015 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.30 |
Sığortaolunanların fərdi hesabları ilə bağlı müraciətləri operativ cavablandıracaq müştəri xidmətləri şəbəkəsinin yaradılması |
2013 - 2015 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.31 |
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli orqanları arasında elektron məlumat mübadiləsini təmin edən korporativ şəbəkənin qurulması, Fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində işlərin yerinə yetirilməsi |
2009 – 2013 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.32 |
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun avtomatlaşdırılmış idarəetmə sisteminin təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi |
2011 – 2012 |
Dövlət Sosial Müdafiə Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
2.33 |
Digər ölkələrin sosial sığorta və pensiya orqanları ilə qarşılıqlı məlumat mübadiləsinin səmərəli təşkili məqsədi ilə tədbirlərin həyata keçirilməsi |
2009 - 2015 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.34 |
Sığorta-pensiya sistemi üçün yüksək ixtisaslı kadr potensialının formalaşdırılması məqsədi ilə tədris-təlim vəsaitlərinin hazırlanması və davamlı ixtisasartırma sisteminin tətbiqi |
2009 - 2015 |
Dövlət Sosial Müdafiə Fondu
|
2.35 |
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ixtisasartırma tədris mərkəzinin yaradılması |
2010 |
Nazirlər Kabineti, Dövlət Sosial Müdafiə Fondu |
2.36 |
Sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin həyata keçirilməsi |
2009 – 2015 |
Dövlət Sosial Müdafiə Fondu
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planının 2.15-2.17-ci, 2.21-ci və 2.22-ci bəndlərinin "İcraçılar" sütununda "Milli Bank" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.
Bu xəbər 7193 dəfə oxunub