9 noyabr tarixi Dövlət Bayrağı günüdür


Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450  kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.   






Tarix:09/11/2019     www.udpo.az saytı Geri