"Əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin olunmasında mövcud qanunvericiliyin rolu və aparılan islahatlar”


"Əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin olunmasında mövcud qanunvericiliyin rolu və aparılan islahatlar” mövzusunda regional seminar.

 

            "World Vision International" humanitar təşkilatı tərəfindən icra edilən “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində icra olunur və hüquqşünas -ekspertlərdən ibarət işçi qrupu layihə çərçivəsində fəaliyyət göstərərək əlillərin sosial müdafiəsi, BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı konvensiyadan irəli gələn tələblərin yerinə yetirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə ictimaiyyətin məlumatlandırılması ilə bağlı təşəbbüslərin həyata keçirilməsinə öz töhfəsini verir.

 

     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "World Vision International" humanitar təşkilatı ilə birgə  19-20 sentyabr 2013-cü il tarixlərində Azərbaycanın cənub bölgəsi sayılan, Masallı rayonunda "Əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin olunmasında mövcud qanunvericiliyin rolu və aparılan islahatlar” mövzusunda regional seminar təşkil etmişdir. Seminarda müvafiq dövlət qurumları, əlilliyi olan şəxslərlə bağlı regional QHT-lər, vətəndaş cəmiyyəti təmsilçiləri, mətbuat nümayəndələri və əlilliyi olan şəxslər iştirak etmişdirlər.

19 Sentyabr tarixində öz işinə başlayan seminarı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov seminara qatılan qonaqları salamlamışdır və qeyd etmişdir ki, bu gün ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət qurumları ilə beynəlxalq təşkilatlar arasında çox uğurlu əməkdaşlığa nail olunmuşdur. Vüqar Həsənovun sözlərinə görə ölkəmizdə və cəmiyyətdə əlillərə sosial yanaşma modeli daha çox inkişaf etdirilir və beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlıq aparılan islahatların surətləndirilməsinə öz müsbət töhfəsini verir.

Seminarda çıxış edən World Vision International" humanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov öz növbəsində qeyd olunan əməkdaşlığı yüksək qiymətləndirmiş, ölkədə əlilliyi olan şəxslərlərlə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsində aparılan islahatların genişləndirilməsi və bu görüşün əlilliyi olan şəxsləri narahat edən problemlərin üzə çıxarılması və həlli üçün əhəmiyyətli hesab etmişdir.   

Seminarda hüquqşünas və ekspertlərin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məruzələri dinlənilmiş, daha sonra seminar iştirakçıları tərəfindən qruplarda müzakirələr və təqdimatlar aparılmışdır. Seminarın keçirilməsində əsas məqsəd dövlətin əlillərlə bağlı sosial siyasəti, əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin vəziyyəti, hüquqi  ekspertizası və beynəlxalq təcrübə, əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin olunmasında mövcud qanunvericiliyin rolu və aparılan islahatlar sahəsində atılan addımlarla bağlı əhalinin maarifləndirilməsi, ictimai müzakirələrin və dinləmələrin təşkilindən ibarət olmuşdur.

 




Tarix:21/9/2013     www.udpo.az saytı Geri