XƏBƏRLƏR
- 3/12/2022 QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.
3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə bağlı Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Şərq Bazarı” Kompleksində festival keçirilib.
Festivalda rəsmi qonaqlarla yanaşı, sosial xidmət müəssisələri və internat məktəblərinin sakinləri olan uşaqlar və ictimaiyyət nümayəndələri də iştirak edib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Səyyarə Gülalıyeva çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının təmin olunması istiqamətində aparılan fəal və məqsədyönlü dövlət siyasətindən bəhs ediblər.
Əlilliyi olan şəxslərin sosial müdafiəsi, rifah halının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyasının təşkilinə yönələn tədbirlərdən, əldə edilən müsbət nəticələrdən və bu sahədə qanunvericilik bazasının daim təkmilləşdirilməsindən danışıblar.
Festivalın açılışında 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütovlüyü uğrunda sağlamlıq imkanlarını itirmiş hərbçilərimizə göstərilən qayğı və onların problemlərinin həlli istiqamətində atılan addımlar qeyd edilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sağlamlıq imkanları məhdud olan şəxsləri daima diqqətdə saxladığı, həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, qayğı ilə əhatə olunması, sağlamlığı, təhsil imkanlarının genişləndirilməsi və digər istiqamətlərdə proqramlar və layihələr icra olunduğu bildirilib.
Həmçinin qeyd edilib ki, son dövrlərdə bu sahədə aidiyyəti qurumlar, beynəlxalq təşkilatlar və qeyri-hökümət təşkilatları arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və adaptasiyası, özünüinkişaf imkanlarının yaradılması, yaradıcı və intellektual bilik və bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi istiqamətində xeyli sayda layihələr icra edilib.
Daha sonra əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VI Ümumrespublika yarışının qalibləri mükafatlandırılıb. Tədbir əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgi yarmarkasının təşkili və bədii-əyləncəli proqramlarla davam edib.
Festival müddətində "Ümid var" Yaradıcılıq Mərkəzi, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi və 268 nömrəli xüsusi məktəbin təmsilçilərinin ifasında musiqi nömrələri dinlənilib, rəqs nümunələri nümayiş olunub, uşaqlar üçün intellektual oyunlar, müsabiqələr və ustad dərsləri keçirilib.
Bu xəbər 400 dəfə oxunub