Ictimai Şuraların fəaliyyətinə dair yeni bələdçi təqdim edildi
20 may 2021-ci il tarixdə “İctimai Şuraların fəaliyyətinə dair Bələdçi” adlı vəsaitin onlayn təqdimatı keçirilmişdir. Vəsait ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə əməkdaşlıqda ekspertlər Əliməmməd Nuriyev və Rəna Səfərəliyeva tərəfindən hazırlanmış və dərc edilmişdir.
Tədbirdə Açıq Hökümət Platformasının milli koordinatoru Əliməmməd Nuriyev vəsaitin məqsədi, strukturu, məzmunu haqqında ətraflı məlumat vermişdir. Əliməmməd Nuriyev vəsaitin çox praktik əhəmiyyət daşıdığını, özündə ictimai şuraların fəaliyyəti üçün faydalı məlumatlar və sənəd nümunələri əks etdirdiyini qeyd etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Asministrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək, ictimai iştirakçılığın və İctimai Şuraların yaradılmasının ölkəmizin inkişafı və tərəqqisi üçün vacibliyini qeyd etmişdir. Əlavə etmişdir ki, cəmiyyətin bütün sahələrində islahatların keçirildiyi, mühüm iqtisadi dəyişikliklər baş verdiyi bir dövrdə vətəndaşlarımızın üzləşdikləri problemləri müvafiq qurumlara bildirməkdə cəkinməməli, bu prosesdə QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır.
Tədbirdə salamlama sözü ilə çıxış edən USAID-in ölkə üzrə missiya direktoru cənab Caydev Sinqh təmsil etdiyi qurumun Azərbaycan hökumətinə dost münasibətini vurğulamış və gələcəkdə ictimai şuraların və vətəndaş iştirakçılığının gücləndirilməsi sahəsində layihələri dəstəklənməyə hazır olduğunu bildirmişdir.
ŞVC Layihəsinin yerli tərəfdaşı MG Consulting şirkətinin direktoru Məhəmməd Quluzadə öz çıxışında ŞVC layihəsi çərçivəsində həyata keçirilmiş fəaliyyətlər, o cümlədən, müxtəlif dövlət orqanlarına göstərilmiş texniki dəstək (vebinarlar, təlimlər və s.), İctimai şura üzvləri üçün keçirilmiş təlimlər, www.ictimaisura.az saytının yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində işlər və digər fəaliyyətlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən Cəsarət Hüseynzadə İctimai Şuralara dair yeni vahid məlumat portalı olan www.ictimaisura.az saytı haqqında ətraflı məlumat vermiş və saytın USAID tərəfindən maliyyələşdirdiyini qeyd etmişdir.
Ümumilikdə 29 nəfərin iştirak etdiyi tədbirdə bir sıra ictimai şuraların üzvləri və ayrı-ayrı qeyri-hökumət təşkilatları iştirak etmişdir. Çap edilən vəsaitə dair və İctimai Şuraların fəaliyyətinə dair Sabit Bağırov, Azər Allahverənov, Tural Məhərrəmli, Ziba Nəbiyeva, Fuad Bədəlov, Əli Mirzəyev, Əhməd Abbasbəyli, Cəsarət Hüseynzadə, Davud Rəhimli kimi QHT rəhbərləri öz fikirlərini səsləndirmişlər.