14 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
31/01/2019 Heydər Əliyev Mərkəzində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib


Heydər Əliyev Mərkəzində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib (FOTO)

Yanvarın 31-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev təmsil etdiyi qurumun fəaliyyəti, təhsil, səhiyyə, ekologiya və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, İctimai Birliyin təhsil sahəsində həyata keçirdiyi növbəti layihə ölkəmizdə inklüziv təhsilin inkişafına, qeyd olunan sahədə müəllimlərin tədris imkanlarının və pedaqoji resursların təkmilləşdirilməsinə xidmət edən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsidir.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Strategiyanın 5 illik icra müddətində şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, insan resurslarının müasirləşdirilməsi, müasir idarəetmə sisteminin formalaşdırılması, təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsi istiqamətlərinin hər biri üzrə müsbət nəticələr əldə olunub. Dövlət Strategiyasında və müvafiq Tədbirlər Planında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramının qəbul edilməsi ilə bağlı məsələlər də öz əksini tapıb.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiya əlilliyi olan şəxslərin digər hüquqları kimi, təhsil hüquqlarının da bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Azərbaycan da daxil olmaqla üzv dövlətlərin “Əlillərin hüquqları haqqında” Konvensiyadan irəli gələn öhdəliklərindən biri əlil şəxslərin inklüziv təhsilə cəlb olunması məsələsidir.

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və təlim prosesində birgə iştirak etdikdə, onlar bir-birinə qarşı anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər.

Nazir müavini Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq bir sıra təşəbbüslərin olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına başlanılıb. Layihələrin icrası müddətində 15 ümumtəhsil məktəbi və 13 məktəbəqədər təhsil müəssisəsində 268 əlil uşaq inklüziv təhsilə cəlb edilib. Layihələrin müddətinin bitməsinə baxmayaraq, inklüziv təhsilə cəlb olunmuş digər şagirdlər müəssisələrdə bu gün də təhsillərini davam etdirirlər.

2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsil sahəsində görülmüş işlər və beynəlxalq təcrübə təhlil edilib, nəticə etibarı ilə əlil şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib. Bu mərhələdə xüsusi təhsil sahəsində köklü islahatların aparılması, əlilliyi olan uşaqların təhsilə cəlb olunması qaydalarının yenilənməsi, onların ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb edilməsi və inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi nəzərdə tutulub. Beləliklə, UNICEF-in birgə əməkdaşlığı çərçivəsində nazirliyin müvafiq əmri ilə 2015-2016-cı tədris ilindən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.

Layihənin Fəaliyyət Planına əsasən, pilot məktəblərin direktorları, eksperimental siniflərin müəllimləri, xüsusi təhsil mütəxəssisləri üçün Almaniyada inklüziv təhsil üzrə təlim səfəri təşkil edilib və Bakıda onlara Almaniyanın Oldenburq Universitetinin 4 nəfərdən ibarət professor heyəti tərəfindən ikihəftəlik təlim keçirilib.

Layihə çərçivəsində inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı tədbirlər dörd eksperimental məktəbdə (220, 138, 252 və 202 nömrəli məktəb) uğurla sınaqdan keçirilir. Dörd pilot məktəbdə ümumilikdə (1-4-cü siniflər üzrə) 54 nəfər sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunub.

Seçim prosesi üçün məktəblərin yerləşdiyi ərazidə yaşayan əlil uşaqların valideynlərinə xüsusi və inklüziv təhsil üzrə maarifləndirici seminarlar keçirilib, həmin məktəblərdə loqopedik xidmət yaradılıb. Sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkili məqsədilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” Azərbaycan Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib. Proqramın icrası ilə bağlı məsələlərin, hazırlanan sənəd layihələrinin, aparılan araşdırma və tədqiqatların nəticələrinin müzakirəsinin təşkili və müvafiq təkliflərin hazırlanması üçün İşçi Qrupu yaradılıb.

 

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas inklüziv təhsil üzrə layihələr barədə fikirlərini bildirib, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunmasına, tariximizin, mədəni irsimizin beynəlxalq aləmdə təbliğinə böyük əhəmiyyət verdiyini qeyd edən S.Məmmədov ölkəmizdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yüzlərlə yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edildiyini vurğulayıb. Bildirilib ki, Heydər Əliyev Fondu fiziki qüsurlu uşaqların və gənclərin həm səhiyyə, həm də təhsil probleminə xüsusi diqqət yetirir. Fondun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, sosial problemlərini həll etməkdir. Fondun “Regional İnkişaf” İctimai Birliyinin və Avropa İttifaqının dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiq olunacaq yeni layihə isə ölkədə sağlamlıq imkanları məhdud insanların, xüsusilə də əlil uşaqların ümumi təhsilə əlçatarlığını, hər bir insanın ölkədəki təhsil sahəsinin inkişafından yararlanmasını və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyasını təmin edəcək.

Daha sonra layihə rəhbəri Leyla Tağıyevanın təqdimatı dinlənilib. Məlumat verilib ki, icrasına 2018-ci ilin mayından başlanan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi 2020-ci ilin sentyabr ayınadək davam edəcək. Bununla bağlı Bakı şəhəri, Quba, Şəki, Cəlilabad, Ağcabədi və Şamaxı rayonlarında müəllimlərin inklüziv təhsil sahəsində tədris imkanlarının və pedaqoji resurslarının təkmilləşdirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində fəaliyyət 4 istiqamət – inklüziv təhsil üzrə tədris proqramı və materiallarının təkmilləşdirilməsi, müəllim və yardımçı heyətin bacarıqlarının artırılması, onlar üçün resursların yaradılması, inklüziv təhsil üzrə siyasətin təkmilləşdirilməsi və ictimai maarifləndirmə tədbirlərinin təşkili üzrə aparılır. Bugünədək Bakı şəhəri, Ağcabədi, Cəlilabad, Şamaxı, Şəki və Quba rayonlarında ehtiyacların qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılıb. Eləcə də beynəlxalq ekspertlər layihə ilə bağlı yaradılmış işçi qrupa müəllimlərin inklüziv təhsil sahəsində inkişaf strategiyasını təqdim ediblər. İnklüziv təhsil üzrə təlim proqramları hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub, müəllim və yardımçı mütəxəssislərin inklüziv təhsil üzrə resurslara çıxışını təmin etmək məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında İnklüziv Təhsil Mərkəzləri yaradılıb.

Həmçinin inklüziv təhsil anlayışı, respublikada inklüziv təhsilin qanunvericilik əsasları barədə məlumat kitabçası və digər maarifləndirici materiallar hazırlanıb.

Layihə çərçivəsində yaradılan internet portalında isə bu sahədə bilik və təcrübələrin artırılmasına xidmət edən təlim proqramları və özünüqiymətləndirmə testlərini əldə etmək mümkündür. Burada inklüziv təhsil mərkəzləri, təlim keçən müəllimlər haqqında məlumatlar toplamaq olar. Portalda onlayn kitabxana modulu da fəaliyyət göstərəcək.

Layihə çərçivəsində, həmçinin müəllim və yardımçı heyətin bacarıqlarının artırılması istiqamətində təlimlər təşkil olunacaq. Mart ayından başlanacaq təlimlərdən ibtidai sinif müəllimləri, orta məktəb rəhbərləri, universitetlərin pedaqoji fakültələrində çalışan pedaqoq-müəllimlər və tələbələr faydalana biləcəklər.

Bununla yanaşı, bir qrup təhsil işçisi inklüziv təhsil sahəsində digər ölkələrin nümunəvi təcrübəsinin öyrənilməsinə cəlb olunacaq.

Tədbirdə “Fərqliyik, bərabərik” adlı videoçarx nümayiş etdirilib.

Sonda “İnklüziv təhsilin əhəmiyyəti” mövzusunda sağlamlıq imkanları məhdud gənclərin motivasiya çıxışları olub.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 494 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”