XƏBƏRLƏR




- 13/7/2017 VFHM Ictimai Birliyinin BƏYANATI
"Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi iyulun 4-də erməni təxribatının qurbanı olan 2 yaşlı Zəhranın faciəvi ölümü ilə bağlı bəyanat yayıb.
“Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarında növbəti təxribat həyata keçirərək Füzuli rayonunun Alıxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə yaşlı qadın olmaqla, iki kənd sakini qətlə yetirilib, bir nəfər yaralanıb.
Ermənilər heç biri dini, mənəvi və ümumbəşəri dəyərlərə sığmayan vəhşilik törədib. Ermənistan uzun illərdir Azərbaycan ərazilərinin 20 faizini işğal edib, dinc əhalini, o cümlədən qocaları, qadınları, körpə uşaqları qətlə yetirib.
Milyonlarla həmvətəndaşımız torpaqlarını itirərək məcburi köçkünlük həyatı yaşayırlar. Münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına böyük məbləğdə zərər dəyib.
Bəyanatda qeyd olunur ki, mülki şəxslərin həlak olması faktı beynəlxalq qurumlar tərəfindən qəti şəkildə pislənilməlidir. ATƏT-in Minsk qrupunda həmsədr ölkələri, BMT təcavüzkar Erməni Silahlı Qüvvələrinə qarşı konkret addımlar atmalı, habelə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun sərt sanksiyalar tətbiq etməlidir.
“Biz hər zaman torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq. Ali Baş Komandanın əmri ilə xalqımız düşmənə layiqli cavabını verəcək”- deyə bəyanatda bildirilir.
Bu xəbər 1830 dəfə oxunub