"Zəfərimizi cənab Prezident başda olmaqla bütün Azərbaycan xalqına həsr edirik"
2511 | 2015-11-29 23:01
Xəbər verdiyimiz kimi, paracüdo üzrə Azərbaycan yığma komandası Portuqaliyanın Odivelaş şəhərində keçirilən Avropa çempionatının komanda yarışının qalibi olub.
Finalda Rusiya yığmasını məğlub edərək bu uğura imza atan komandanın kapitanı İlham Zəkiyev təəssüratlarını Adalet.az-la bölüşüb.
İkiqat paralimpiya, ikiqat dünya və altıqat Avropa çempionumuz bunun tarixi nailiyyət olduğunu bildirərək, qələbəni dövlət başçısı İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına həsr etdiklərini deyib: "Bu, tarixi nəticədir. Yığmamız son beş analoji turnirin dördünü qələbə ilə başa vurub.
Zəfərimizi cənab Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına həsr edirik".
İ. Zəkiyev yarış haqqında bunları deyib: "Rəqiblərimiz də kifayət qədər hazırlıqlı idi. Birinci görüşdə qarşılaşdığımız Ukrayna yığması ilə hələ ötən Avropa çempionatının finalında rəqib olmuşduq, bir növ bir-birimizin gücünə bələd idik. Maraqlısı budur ki, görüşdə yenə eyni ssenari yaşandı. Belə ki, hesab 2-2 idi olarkən, son olaraq görüşə mən və Pominov çıxdıq. Avropa Oyunlarının da finalında görüşdüyüm bu idmançını yenə məğlub etdim. "İppon" fəndi işlətsəm də hakimlər "Bakı 2015"də olduğu kimi bunu yenə "vazari" kimi qeydə aldırlar. İspaniya yığması ilə görüşdə də bu uğurun ardını gətirib finalda Rusiyaya rəqib olduq. Dörd görüşdən sonra hesab 3-1 bizim xeyrimizə olduğu üçün mənim Kuramaqamedovla son görüşə çıxmağım formal xarakter daşıyırdı. Həm də əsas rəqiblərim, xüsusən də yaponiyalı Kento görüşlərimi lentə alırdı, əlavə riskə getmək istəmirdim. Odur ki, sadəcə tatamiyə çıxıb qələbəni rəqibə hədiyyə etdim. Mənə dedilər ki, bu anadək onun rəngi qaçmışdı. Fərdi yarışların final görüşündə mənimlə qarşılaşarkən çiyni qırılan komanda yoldaşı Qaydarovun aqibətini yaşamaq təhlükəsindən qurtulduğu üçün sevinirdi".
Davud Rəhimli
Bu xəbər 1902 dəfə oxunub