“Oriqami” Qeyri-Hökumət Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasını davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mütəmadi olaraq sağlamlığında məhdudiyyəti olan şəxslərin ləyaqətli həyat hüquqlarının tanınması və qorunmasına, onların bədii yaradıcılığa cəlb edilməsi, təhsilə maraqların artırılması, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasına istiqamətlənmiş layihələri dəstəkləyir. Bu səpgili layihələrin məqsədi həssas qrupdan olan insanların vətəndaş cəmiyyətinin qurulmasında rolunu aktivləşdirməkdir.
“Əlilliyi olan uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində “Oriqami” tərəfindən Suraxanı rayonunun qəsəbələri əhatə olunmaqla həvəs, meyl və maraqlarına uyğun olaraq bir qrup sağlamlıq imkanları məhdud olan şəxslər müəyyən edilib ( 40 nəfər), onlarla əvvəlcədən tərtib edilmiş iş qrafikinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb. “Əlilliyi olan uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi individual və qrup məşğələləri formasında təşkil olunur. Məşğələlər fərdlərin qabiliyyət və bacarıqlarının üzə çıxarılmasına hədəflənir. Əlil uşaqların təhsilə maraqlarının artırılması və bacarıqlarının inkişafı üçün “Oriqami”nin malik olduğu geniş çeşiddə xüsusi inkişafedici vasitələrdən, trenajorlardan, yardımçı qurğulardan istifadə olunur.
Layihə çərçivəsində görülən işlərin metodik əsasları interaktiv məşğuliyyət növləri, rollu və situativ oyunlar, bilik və qabiliyyətin inkişafına yönəlmiş kiçik əmək tapşırıqları, bilik və bacarıq viktorinalarıdır. Layihənin icrası zamanı əldə olunmuş ilk nəticələr çox maraqlı olmaqla yanaşı əlil uşaqların pozitiv irəliləyişindən xəbər verir. Oriqami layihə qrupu tərəfindən Layihənin icrası davam etdirilir və ümid edirik ki, əlil uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində daha böyük nailiyyətlər əldə etmək mümkün olacaq.
Bu xəbər 2976 dəfə oxunub