17 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/5/2014 Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitə Azərbaycanın ilk hesabatı üzrə yekun tövsiyələr


                                                                                     Qeyri-rəsmi tərcümə

 

Birləşmiş Millətlər

 

Əlilliyi olan şəxslərin

hüquqları üzrə Konvensiya

Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitə

Azərbaycanın ilk hesabatı üzrə yekun tövsiyələr

 

1.Giriş

 

1. Komitə özünün 2014-cü il 1-2 aprel tarixlərində keçirilmiş 125-ci və 126-cı iclaslarında Azərbaycan Hökumətinin ilk hesabatını dinlədi və 2014-cü il 10 aprel tarixli 139-cu iclasında aşağıdakı yekun tövsiyələri qəbul etdi.

 

2. Komitə, Azərbaycanın, Komitənin hesabatlar üzrə təlimatına uyğun hazırlanmış ilk hesabatını məmnuniyyətlə qarşılayır və iştirakçı Dövlətə Komitə tərəfindən hazırlanmış məsələlər siyahısına yazılı cavabları üçün təşəkkürünü bildirir.

 

3. Komitə, Hökumətin müvafiq nazirlik və qurumlarının nümayəndələrindən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunan iştirakçı Dövlət ilə konstruktiv dialoqu yüksək qiymətləndirir və nümayəndə heyətinə Komitənin üzvləri tərəfindən verilmiş suallara səmimi cavablarına görə minnətdarlığını bildirir.

 

II. Müsbət tərəflər

 

4. Komitə, iştirakçı Dövlətin öz qanunvericiliyinə yenidən baxmaq və düzəlişlər etmək səylərini xüsusilə də azadlıq və cəza ilə bağlı olan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə düzəlişərin edilməsi haqqında” 137-IVQD nömrəli 2011-ci il 31 may tarixli Qanunun qəbul ediməsini yüksək qiymətləndirir.

 

5. Komitə həmçinin, iştirakçı Dövlətə əlilliyi olan şəxslərin hüquqları üzrə De-institusionalizasiya üzrə Dövlət Proqramı və 2005-2016-cı illəri əhatə edən Alternativ Qayğı və İnklüziv təhsil üzrə Dövlət Proqramı kimi proqramların qəbul edilməsinə görə və eyni zamanda yeni məhkəmə binalarının əlilliyi olan şəxslər üçün əlçatan olmasının təmin edilməsində nailiyyətlərinə görə təşəkkürünü bildirir.

 

6. Komitə, iştirakçı Dövlətdə Konvensiyanın müddəalarının yerinə yetirilməsini əlaqələndirən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başçılığı ilə müvafiq dövlət qurumlarının və əlilliyi olan şəxslərin qeyri hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması üçün iştirakçı Dövlətə təşəkkürünü bildirir. Komitə, milli qanunvericilik, siyasət və inkişaf kontekstində əlilliklə bağlı məsələlərin və ehtiyacların ön plana çıxarılmasında əldə olunan nailiyyətlərin dövri qiymətləndirilməsi məqsədi ilə İşçi Qrupunun saxlanılmasını təkidlə xahiş edir.

 

7. Komitə, iştirakçı Dövlətin, Konvensiyada  qeyd olunan məsələlərlə bağlı regiondakı digər ölkələrlə əməkdaşlıqda rolunu yüksək qiymətləndirir.

 

Əsas əlaqəli sahələr və tövsiyələr

 

A. Əsas prinsiplər və öhdəliklər (maddə 1-4)

 

8.      Komitə qeyd edir ki, iştirakçı Dövlətdə Əlilliyi olan Şəxslərin Hüquqları haqqında qanun layihəsi mövcuddur, hansı ki, verilən məlumata əsasən Konvensiyanın müddəalarını əks etdirəcəkdir. Lakin, Komitə iştirakçı Dövlətin qanunvericiliyinin və siyasətlərinin hələdə əlilliyin tibbi modeli üzərində qurulduğuna dair narahatlığını bildirir. Komitə həmçinin, iştirakçı Dövlətin uyğunlaşdırma səylərinin yalnız  bu xüsusi qanun layihəsi çərçivəsində olmasından və dövlətin bütün qanunvericilik hüquq qaydasını əhatə etmədiyindən narahatdır. Komitə, iştirakçı Dövlətin qanunvericiliyin uyğunlaşdırılmasına və əlilliyi olan şəxslərə münasibətdə alçaldıcı dildən istifadənin qarşısının alınması məqsədilə istifadə olunan  nomenklaturanın yenidən baxılmasına ehtiyac olduğuna dair narahatlığını qeyd edir.

 

9.      Komitə, iştirakçı Dövlətin qanunvericiliyinin yenidən baxılmasına və uyğunlaşdırılmasına ehtiyac olduğunu qeyd edir və əlilliyin insan hüquqlarına əsaslanan modelini qəbul etməklə Əlilliyi olan Şəxslərin Hüquqları haqqında yeni qanun layihəsinin Konvensiyanın müddəaları ilə ciddi şəkildə uyğunlaşdırılmasını tövsiyə edir. Qanunvericiliyin uyğunlaşdırılması və ona yenidən baxılması zamanı iştirakçı Dövlət əlilliyi olan şəxslərin və əlilliyi olan şxslərin təşkilatlarının tam iştirakını təmin etməlidir. İştirakçı Dövlət əlilliyi olan şəxslərin ləyaqətini alçaldan ifadələrin aradan qaldırılması məqsədilə öz qanunvericiliyinə müvafiq dəyişikliklər etməlidir.

 

10. İştirakçı Dövlətdə işarə dilinin istifadə olunmasına baxmayaraq onun hələ də rəsmi olaraq tanınmamasına görə Komitə narahatlığını bildirir.

 

11. İştirakçı Dövlət işarə dilinin onun rəsmi dillərindən biri kimi tanınması üçün səmərəli addımlar atmalıdır.

 

B. Xüsusi hüquqlar (maddə 5-30)

 

Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi

 

12. Komitə, iştirakçı Dövlətin bərabərlik və ayrı-seçkiliyin qarşısının alınmasına  dair qanunvericiliyində əlillik əsasında ayrı-seçkiliyi qadağan edən aydın ifadənin olmamasına dair narahatlığını bildirir və bu halın ictimaiyyət tərəfindən qanuna riayətlə bağlı problemlər yaratdığını qeyd edir.

 

13. Komitə, iştirakçı Dövlətin Əlilliyi olan Şəxslərin hüquqları haqqında yeni qanun layihəsinə əlillik əsasında ayrı-seçkiliyi və əlilliyi olan şəxslərin yaşadığı ayrı-seçkiliyin çoxsaylı formalarını qadağan edən aydın ifadənin daxil edilməsini tövsiyə edir. Komitə həmçinin, iştirakçı Dövlətin Əlilliyi olan şəxslərin hüquqları haqqında yeni qanun layihəsinə ağlabatan uyğunlaşdırma anlayışının daxil edilməsini və bu qanunvericilik aktında və eyni zamanda digər aidiyyəti qanunlarında ağlabatan uyğunlaşdırmadan imtinanı əlillik əsasında ayrı-seçkiliyin bir təzahürü kimi birmənalı qeyd olunmasını təkidlə tövsiyə edir.

 

14. Komitə İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin məlumatına əsasən  məşğulluq, yaşayış yeri, səhiyyə və təhsildə geniş yayılmış ayrı-seçkiliyin qurbanları olmaqda davam edən milli azlıqlara, xüsusilə ləzgi və talış millətlərinə mənsub əlilliyi olan şəxslərin sayı barədə statistik məlumatların azlığından narahatlığını ifadə edir. 

 

15. Komitə ayrı-seçkiliyin çoxsaylı formalarından əziyyət çəkdiklərini ifadə edən milli azlıqlara xüsusilə ləzgi və talış millətlərinə mənsub əlilliyi olan şəxslər arasında ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş siyasətin tətbiqini tövsiyə edir.

 

Əlilliyi olan qadınlar (maddə 6)

 

16. Komitə, iştirakçı Dövlətin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” 150-IIIQ nömrəli, 2006-cı il tarixli və “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il tarixli qanunları qəbul etdiyini qeyd edir. Lakin, Komitə bu qanunların xüsusi olaraq əlilliyi olan qız və qadınlara yönəldilməməsindən narahatdır.

 

17. Komitə, bərabərliyin təmin edilməsi və əlilliyi olan qız və qadınlara münasibətdə ayrı-seçkiliyin çoxsaylı formalarının qadağan olunması məqsədilə səmərəli və xüsusi tədbirlər görməyi tövsiyə edir. Komitə, iştirakçı Dövləti qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması, cinsi və reproduktiv sağlamlığa dair məlumat və xidmətlərə səmərəli çıxış imkanının təmin edilməsi daxil olmaqla əlilliklə bağlı müddəaların özünün gender qanunvericiliyi və siyasətində əks etdirməsinə və eyni zamanda əlilliyi olan qızlar və qadınlar tərəfindən və onların adından təbliğatın asanlaşdırılması məqsədilə iki tərəfli yanaşmanın tətbiqinə çağırır. Bu baxımdan, Komitə iştirakçı Dövləti İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Proqramı ilə əlilliyi olan qız və qadınların hüquqlarının əhatə olunmasına çağırır.

 

Əlilliyi olan uşaqlar (maddə 7)

 

18. Azərbaycan üzrə 2012-ci ilə aid yekun rəylərin (CRC/C/AZE/CO/3-4) 34-cü bəndində, Uşaq Hüquqları üzrə Komitə (UHK) iştirakçı Dövlətdə, Avropada 5-ci yerdə olduğu iddia edilən körpə ölümün yüksək dərəcəsi ilə bağlı dərin narahatlığını bildirir. Bundan başqa, UHK iştirakçı Dövlətin istifadə etdiyi diri doğuş anlayışının beynəlxalq səviyyədə tanınan Dünya Səhiyyə Təşkilatının anlayışı ilə uyğun olmadığı barədə narahatlığını ifadə edir. Komitə, UHK-nin narahatlığını təkrarlayaraq əlavə olaraq iştirakçı Dövlətdə körpə ölümünün yüksək dərəcəsinə təsir edən  əlilliklə doğulan uşaqların sayı barədə məlumatın azlığına xüsusilə də bu vəziyyətin əlilliyi olan qız və oğlanların doğum qeydiyyatına təsiri ilə bağlı narahatlığını ifadə edir.

 

19. Komitə, Uşaq Hüquqları üzrə Komitənin tövsiyələrini təkrarlayaraq iştirakçı Dövlətdə körpə ölümünün yüksək dərəcəsinə təsir edən əlilliklə doğulan uşaqların sayı barədə məlumat toplanmasının təmin edilməsini tövsiyə edir.  Bu səbəbdən Komitə, iştirakçı Dövlətə əlilliyi olan qız və oğlanların ölümü üzrə təhlil aparmağı və təxirəsalınmaz şəkildə Ümumdünya Səhiyyə Təşkilatının diri doğulanlar anlayışının təqbiqinə uyğun olaraq körpə ölümlərinin azaldılması ilə bağlı öz səylərini artırmağı təkidlə tövsiyə edir.

 

Maarifləndirmə tədbirləri (maddə 8)

 

20. Komitə, davam edən mənfi stereotiplər və əlilliyi olan şəxslərin başqaları ilə birlikdə bərabər hüquqlardan istifadə etmək bacarığına mənfi təsir göstərən, cəmiyyətdə onlara qarşı edilən mühakimələr barədə hesabatlarla bağlı narahatlığını bildirir.

 

21. İştirakçı Dövlət cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı mühakimələri və mənfi stereotipləri aradan qaldırmaq məqsədilə xüsusi proqramlar, o cümlədən, maarifləndirmə proqramları təqdim etməlidir. Komitə iştirakçı Dövləti, əlilliyi olan şəxslərin cəmiyyətdə qəbul edilməsi anlayışını dəyişərək onların insan hüquqlarına malik olmasını əks etdirən müsbət imicinin yaradılması məqsədilə hökumət rəsmiləri, səhiyyə, hüquq, təhsil və sosial sahədə çalışan mütəxəssislər, məhkəmə, polis, seçki komissiyasının rəsmiləri, jurnalistlər/mətbuat nümayəndələri və başqa sahələrin işçiləri üçün maarifləndirmə tədbirləri və təlimlər təşkil etmək təşəbbüsü ilə çıxış etməyə dəvət edir. Komitə, əlillər təşkilatlarının və onların nümayəndələrinin, eləcədə vətəndaş cəmiyyətinin nümayəndələrinin maarifləndirmə təşəbbüslərinə daxil edilməsini təmin etmək məqsədilə iştirakçı Dövlətə onların bu proqramlarda tam iştirakını dəstəkləməsini tövsiyə edir.

 

Müyəssərlik (maddə 9)

 

22. Komitə müyəssərlik planının mövcudluğu barədə məlumat çatışmazlığından və mövcud maneələr səbəbindən əlilliyi olan şəxslər üçün ictimai nəqliyyatın və digər ictimai binaların əlçatan olmayaraq qalmasından  narahatlığını ifadə edir.

 

23. Komitə, Konvensiyanın 9-cu maddəsinə uyğun olaraq iştirakçı Dövlətin, mövcud maneələrin aradan qaldırılması üçün meyarları müəyyən edən və bütün binalar üçün universal dizaynı təbliğ edən əhatəli müyəssərlik planının hazırlanmasını tövsiyə edir. Bu baxımdan,  riayət etməməyə görə məcburi icra və qabaqlayıcı sanksiyaların müəyyən edilməsi də daxil olmaqla iştirakçı Dövlətə öz daxilində müyəssərlik standartlarının tətbiqi ilə bağlı monitorinqin həyata keçirilməsi üçün lazımı vəsaitin ayrılmasını tövsiyə edir. İştirakçı Dövlət məlumatın mümkün formatlara  uyğunlaşmasına və əlçatan müasir informasiya kommunikasiya texnologiyaları sistemlərinin istifadəsinə yönəlmiş səylərini artırmalıdır.

 

 

 

Risk vəziyyətləri və fövqəladə humanitar vəziyyətlər (maddə 11)

 

24. Komitə, iştirakçı Dövlətin əlilliyi olan şəxslərin fövqəladə vəziyyət olan ərazilərdən təxliyə edilməsi və humanitar yardımın göstərilməsi üzrə Fəaliyyət Planının olduğunu qeyd edir. Lakin, Komitə fövqəladə vəziyyət zamanı əlilliyi olan şəxslərin təxliyə edilməsi işinə cəlb edilən heyətin müvafiq təlimlərlə təmin olunması haqqında ətraflı məlumatın azlığından narahatlıq duyur.

 

25. Komitə, fövqəladə vəziyyət  zamanı əlilləri təxliyə edən heyətin üzvlərinin təlimlərlə təmin olunması üçün iştirakçı Dövlətin zəruri tədbirlər görməsini təkidlə tövsiyə edir. Komitə, iştirakçı Dövlətə  bədbəxt hadisələr riskinin azaldılması üzrə əhatəli planın qəbul olunmasını və həyata keçirilməsini tövsiyə edir.

 

Qanun qarşısında bərabərlik (maddə 12)

 

26. Komitə, qəyyumluq və himayəçilik məsələlərini tənzimləyən Mülki Məcəllədə, Konvensiyanın 12-ci maddəsinin müddəalarına zidd olaraq səsvermə və ədalət mühakiməsi hüququnun həyata keçirilməsini məhdudlaşdıraraq dəstəkli qərar qəbul etmə yerinə əvəzli qərar qəbul etmənin ön plana çəkilməsinin davam etməsindən narahatlığını ifadə edir.

 

27. Komitə, iştirakçı Dövlətin Mülki Məcəlləyə əlilliyi olan şəxslər üçün əvəzli qərar qəbul etmənin  dəstəkli qərar qəbul etmə ilə əvəzlənməsi məqsədilə düzəlişlər etməsini və əlilliyi olan şəxslərin digər hüquqlarla yanaşı övladlığa götürmə və səs vermə hüququ daxil olmaqla bütün hüquqlarının həyata keçirilməsini təmin etməsini tövsiyə edir. Komitə tövsiyə edir ki, insanların müstəqillik, iradə və istəklərinə tam hörmətlə yanaşan dəstəkli qərar qəbul etmə mexanizmləri müəyyən edilsin və Konvensiyaya əsasən  hüquqlarının həyata keçirilməsində Konvensiyanın 12-ci maddəsinə tam uyğun olsun.

 

Azadlıq və şəxsi toxunulmazlıq, işgəncə və ya qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəza növlərindən azad olma (maddə 14 və 15)

 

28. Komitə narahatdır ki, qanun əlilliyə əsaslanaraq azadlıqdan məhrumetməyə icazə verir və əqli və/və ya psixo-sosioloji cəhətdən əlilliyi olan uşaqların və böyüklərin məcburi institutlaşdırılmasını və məcburi xəstəxanaya yerləşdirilməsini təmin edir. Komitə eyni zamanda hesabatda bu yerlərdə olan aşağı səviyyəli tibbi xidmətlərdən də xüsusilə narahatdır.

 

29. Komitə iştirakçı Dövləti qanunlarını dəyişməyə və əlilliyi olan uşaqların və böyüklərin əlilliyə əsaslanan həbsinə (saxlanmaya), o cümlədən məcburi xəstəxanaya yatırmaya və məcburi institutlaşdırmaya qadağa qoymasına və bu sahədəki bütün qanunvericilik və siyasətin Konvensiyaya uyğunluğun təmin edilməsinə təkidlə çağırır. İştirakçı Dövlət eyni zamanda icma əsaslı dəstək xidmətlərini inkişaf etdirməli və Əlil təşkilatları ilə birgə əlilliyin insan hüquqları modelinə əsaslanan de-institutlaşdırma strategiyalarını sürətləndirməlidir.

 

30. Komitə hesabatda müəyyən azadlıqdan məhrumetmə yerlərində əlilliyi olan insanların pis həyat şəraiti ilə bağlı hesabatlardan narahatdır.

 

31. Komitə iştirakçı Dövləti bütün azadlıqdan məhrumetmə yerlərində, xüsusilə həbsxanalarda Konvensiyaya uyğun əlverişli və insani yaşayış şəraitini təmin etməyə çağırır. Bununla əlaqədar olaraq, iştirakçı Dövlət Ombudsman Aparatı və Milli Preventiv Mexanizm kimi nəzarət orqanlarının kifayət qədər resurslara və iştirakçı Dövlətdəki bütün azadlıqdan məhrumetmə yerlərinə maneəsiz giriş imkanına malik olmasını təmin etməlidir.

 

Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma (maddə 19)

 

32. Komitə narahatdır ki, De-institutlaşdırma və alternativ qayğı Dövlət proqramının (2006-2015-ci illər) həyata keçirilməsində və müəssisələrdə yaşayan insanların sayını azaltmaqla bağlı iştirakçı Dövlətin səylərinə baxmayaraq, xüsusilə uşaqlar arasında institutlaşdırma səviyyəsi yüksək olaraq qalır. Komitə xüsusilə əqli cəhətdən əlilliyi olan insanların psixiatriya müəssisələrinə institutlaşdırılması əvəzinə onların müstəqil yaşamasının təşviqi ilə bağlı məlumatın azlığından narahatdır.

 

33. Komitə  iştirakçı Dövlətə icma əsaslı xidmətlərin təşviqi və müstəqil yaşamı dəstəkləmək məqsədilə de-institutlaşdırma proqramı strategiyalarının tətbiqinin intensivləşdirməsini tövsiyə edir. Komitə bundan əlavə tövsiyə edir ki, iştirakçı Dövlət sosial yardım proqramlarının cəmiyyətdə müstəqil yaşamı asanlaşdırması üçün kifayət qədər maliyyə vəsaiti ilə təmin etsin.

 

Fikir və əqidələrin sərbəst ifadə olunması və 
informasiyadan istifadə imkanları (maddə 21)

 

34. Komitə eyni zamanda qeyd edir ki, məlumatın əlverişli formatda təqdim edilməsi və effektiv şəkildə təşviqində,  eləcə də brayl və işarə dilinin istifadəsinin asanlaşdırılmasında  irəliləyiş əldə olunsa da, boşluqlar hələ də qalmaqdadır.

 

35. Eyni zamanda iştirakçı Dövlət, beynəlxalq standartların tələblərinə əsasən, digər mümkün ünsiyyət formatlarından istifadə bacarığını inkişaf etdirməlidir. Bu məqsədlə əlilliyi olan şəxslər, o cümlədən eşitmə qabiliyyəti olmayan şəxslərin təşkilatları ilə əməkdaşlıq çərçivəsində ünsiyyət formatlarının inkişafı, təbliği və istifadə edilməsi, habelə Konvensiyanın 9, 21, 24-cü maddələrinə, 3 və 29(b) bəndlərinə uyğun olaraq surdotərcüməçilərin və müəllimlərin peşəkar səviyyədə təlimləndirilməsi üçün müvafiq maliyyə vəsaiti nəzərdə tutulmalıdır.

 

Evə və ailəyə hörmət (maddə 23)

 

36. Komitə xüsusi forma əlilliyi olan insanların övladlığa götürmə və ailə sahibi olmasının qarşısını alan mövcud qanunlarla bağlı narahatdır.

 

37. Komitə iştirakçı Dövləti əlilliyi olan insanların övladlığa götürmə ilə bağlı bütün mövcud qanunvericiliyi ləğv etməsini və valideynliyə dəstək də daxil olmaqla yeni qanunvericilik bazasının təmin olunmasını təkidlə tövsiyə edir.

 

38. Komitə eyni zamanda iştirakçı Dövlətdə yeni doğulmuş oğlan və ya qız uşağının valideynlərinə uşağın sadəcə əlilliyi olması səbəbindən, onun maraqları nəzərə alınmadan Dövlət nəzarətinə verilməsinə imkan yaradan mövcud qanunvericiliklə bağlı narahatlığını bildirir. Komitə həmçinin, Dövlətin qanunvericiliyində yalnız beş yaşından aşağı olan uşaqların övladlığa götürməyə icazə verilməsindən narahatdır ki, bu da 23-cü maddəyə əsasən onların hüquqlarını məhdudlaşdırır.

 

39. Komitə tövsiyə edir ki, iştirakçı Dövlət əlilliyi olan yeni doğulmuş oğlan və ya qız uşaqlarının sadəcə əlilliyi olduğu üçün onların ataları və anaları tərəfindən Dövlət nəzarətinə verilməsinə qadağa qoysun. Komitə daha sonra tövsiyə edir ki, belə  qadağa dəstək tədbirlərinin gücləndirilməsi ilə tamamlanmalıdır ki, analar və atalar əlilliyi olan uşaqlarının qayğısına qala bilsin və uşağın qorunması məqsədilə onun yerləşdirilməsi mümkünlüyü nəzərdən keçirilərkən onun maraqları lazımi qaydada gözlənilsin. Bundan əlavə, Komitə iştirakçı Dövlətə övladlığa götürmə ilə bağlı yaş həddinin qaldırılmasını təkidlə tövsiyə edir.

 

 

Təhsil (maddə 24)

 

40. Komitə əlilliyi olan uşaqların xüsusi internat və digər ixtisaslaşmış məktəblərdə yerləşdirilməsinin davam etməsindən narahatdır.

 

41. Komitə tövsiyə edir ki, iştirakçı Dövlət tərəfindən:

 

(a) inklüziv təhsil və məktəblərdə və digər təhsil institutlarında ağlabatan uyğunlaşmanın, xüsusilə yardımçı texnologiyanın və dərs otaqlarında dəstəyin, əlverişli və uyğunlaşdırılmış tədris  materiallarının və proqramların, o cümlədən münasib məktəb mühitinin təmin edilməsi ilə bağlı səyləri artırılsın;

(b) İnklüziv təhsillə bağlı Dövlət Proqramının qəbul edilməsi üçün kifayət qədər maliyyə və insan ehtiyatları ayrılsın;

(c) əlilliyi olan müəllimlər də daxil olmaqla digər müəllimlərin də brayl və işarə dilindən istifadə etməklə keyfiyyətli təliminin, eşitmə qabiliyyəti olmayan və zəif eşidən qız və oğlanlar da daxil olmaqla bütün kateqoriyalardan əlilliyi olan uşaqların təhsilinin artırılması məqsədilə səyləri artırılsın;

(d) mövcud inklüziv təhsil proqramının effektivliyi və iştirakçı Dövlətdə müyəssərlik standartlarına uyğunluq səviyyəsi ilə bağlı tədqiqat aparmaq; və

(e) tədris ili, cins və əlillik, eləcə də rayonlar üzrə əlilliyi olan şagirdlərin tədrisi ilə məşğul olan inklüziv məktəblərin sayı barədə məlumat  Dövlətin növbəti dövri hesabatına daxil edilsin.

 

Əmək və məşğulluq (maddə 27)

 

42. Komitə qeyd edir ki, əlilliyi olan insanların işə cəlb edilməsi üçün iştirakçı Dövlətin kvota sistemi mövcuddur. Lakin, Komitə narahatdır ki, bu kvotadan faydalanan insanların sayı çox aşağıdır. Komitə daha sonra narahatdır ki, kvotadan əlavə olaraq əlilliyi olan insanların  səmərəli şəkildə əmək bazarında iştirakını təmin etmək məqsədilə məşğulluq üzrə  müvafiq proqramlar azlıq təşkil edir.

 

43. İştirakçı Dövlət riayət etməməyə görə səmərəli sanksiyaların tətbiqi yolu ilə kvota sisteminin əlilliyi olan insanların əmək bazarında iştirakını əhəmiyyətli dərəcədə artırmasını təmin etməlidir. İştirakçı Dövlət eyni zamanda əlilliyi olan insanların bacarıqlarının artırılması yolu ilə açıq əmək bazarında rəqabətədavamlı şəkildə iştirak edə bilməsi məqsədilə peşə təlimi proqramları daxil olmaqla özünün mövcud proqramlarını genişləndirməlidir. İştirakçı Dövlət əmək sektorunda ağlabatan uyğunlaşmanın təmini üzrə səylərini artırmaqda davam etməlidir.

 

Siyasi və ictimai həyatda iştirak (maddə 29)

 

44. Komitə əlilliyi olan insanların seçkilərdə namizəd kimi və onların nümayəndələrinin seçkili və təyinatlı orqanlarda iştirakı ilə bağlı məlumatın azlığından narahatdır. Komitə daha sonra qəyyumluq altında olan əlilliyi olan insanların səsvermə hüququndan kənarlaşdırılmasından narahatdır.

 

45. Komitə iştirakçı Dövləti məhdudiyyətlərin aradan qaldırılmasına və hüquq qabiliyyətindən məhrum edilmiş insanların səsvermə hüququnun dərhal bərpa edilməsinə və səylərin təkmilləşdirilməsinin davam etdirilməsinə, əlillik növündən asılı olmayaraq səsvermənin bütün insanlar üçün tam əlçatan olmasının təmini və səsvermə məlumatlarının bütün əlçatan formatlarda təmin olunmasına dəvət edir. Komitə daha sonra iştirakçı Dövlətə seçkili orqanlarda əlilliyi olan insanların iştirakının təşviqi ilə bağlı xüsusi  ölçülər götürməyi tövsiyə edir. Bununla əlaqədar olaraq, iştirakçı Dövlət özünün növbəti dövri hesabatında onun bütün seçkili və təyinatlı orqanlarında əlilliyi olan şəxslərin təmsil olunması ilə bağlı məlumat təqdim etməlidir.

 

Mədəni həyatda iştirak, asudə vaxtın və istirahətin təşkili və idmanla məşğul olma (maddə 30)

 

46. Komitə, iştirakçı Dövlətin görmə qabiliyyəti olmayan, zəif görənlərin və ya çap olunmuş materiallardan istifadə ilə bağlı digər çətinlikləri olan şəxslərə əlçatan olmasına imkan verən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində “Görmə qabiliyyəti olmayan və zəif görənlərin və ya çap məhsullarını qavramaqla bağlı digər əlilliyi olan şəxslərin nəşr olunmuş əsərlərə əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”ni imzalamaması və ya ratifikasiya etməməsi ilə bağlı narahatdır.

 

47. Komitə iştirakçı Dövləti mümkün qısa müddət ərzində Mərakeş Müqaviləsinin imzalanması, ratifikasiya edilməsi və tətbiq edilməsi ilə bağlı müvafiq tədbirlər görməyə dəvət edir.

 

İştirakçı dövlətlər və Komitə arasında əməkdaşlıq (maddə 37)

 

48. Konvensiyanın 37-ci maddəsinə əsasən, Katiblik vasitəsilə Komitə  ekspert rəyi təqdim etməklə iştirakçı Dövlətə texniki yardım təklif edir. Bundan əlavə iştirakçı Dövlət onun ərazisində və ya regionda fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarından texniki yardımla bağlı sorğu edə bilər.

 

C. Xüsusi öhdəliklər (maddə 31-33)

 

Statistika və məlumatın toplanılması (maddə 31)

 

49. Komitə iştirakçı Dövlətin əlilliyi olan insanlara aid məsələlərlə bağlı məlumat bazasının hazırlanması və məlumatların toplanılması mərhələsində olmasını qeyd edər və   əlilliyi olan insanlarla bağlı ətraflı məlumatın azlığından narahatdır.

 

50. Komitə tövsiyə edir ki, iştirakçı Dövlət məlumat bazasının yaradılmasını sürətləndirsin, cins, yaş, əlillik, həmçinin regionlar üzrə ayrılmış məlumatın toplanmasını, təhlilini və yayılmasını sistemləşdirsin; bu münasibətdə potensialın artırılmasını təmin etsin; və əlilliyə olan tibbi yanaşmanın insan  haqqlarına söykənən yanaşma ilə əvəz edildiyini nəzərə alaraq, qanunvericiliyə edilən dəyişikliklərin əsaslandırılması və müvafiq sahədə siyasətin hazırlanması və institusional təkmilləşdirmənin təmin edilməsi məqsədilə, habelə Konvensiyanın müxtəlif müddəalarının tətbiqi istiqamətində əldə olunmuş tərəqqi üzrə monitorinq və hesabatın aparılması üçün iştirakçı dövlətə gender və yaşa görə indikatorlar hazırlamağı tövsiyə edir.

 

Beynəlxalq əməkdaşlıq (maddə 32)

 

51. Komitə, əlilliyi olan bütün insanların iştirakçı Dövlətin ərazisində və ya onunla tərəfdaşlıqda həyata keçirilən bütün beynəlxalq əməkdaşlıqda əhatə olunmasına və beynəlxalq əməkdaşlıq layihələrində onların aktiv iştirakının təşviqinin təmin edilməsinə iştirakçı Dövləti təşviq edir.

 

52. Komitə, iştirakçı Dövləti Konvensiyanın müddəalarına uyğun olaraq, əlilliyi olan şəxslərin hüquqlarının Minilliyin İnkişaf Məqsədlərinin və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyinin icrasına yönəlmiş səylərinə inteqrasiya etməyə,   çağırır.

 

Digər tədbirlər və məlumatların yayılması

 

53. Komitə iştirakçı Dövlətdən xahiş edir ki, 12 ay ərzində Konvensiyanın 35-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq yuxarıdakı 37-ci bənddə irəli sürülən Komitənin tövsiyələrinin həyata keçirilməsi ilə bağlı görülmüş tədbirlər haqqında məlumatla təmin etsin.

 

54. Komitə xahiş edir ki, iştirakçı Dövlət bu yekun tövsiyələrdə verilən Komitənin tövsiyələrini həyata keçirsin. Komitə tövsiyə edir ki, iştirakçı Dövlət müasir sosial kommunikasiya strategiyalarından istifadə etməklə baxılması və tətbiq edilməsi məqsədilə yekun tövsiyələri Hökumət və Parlament nümayəndələrinə, aidiyyəti nazirliklərin rəsmilərinə, təhsil, səhiyyə və hüquq mütəxəssislərindən ibarət peşəkar qrupların üzvlərinə, o cümlədən yerli hakimiyyət orqanlarına və mətbuata ötürsün.

 

55. Komitə iştirakçı Dövləti özünün ikinci dövri hesabatını hazırlayarkən vətəndaş cəmiyyəti təşkilatlarını, xüsusilə əlilliyi olan şəxslərin təşkilatlarını cəlb etməyə təkidlə çağırır.

 

56. Komitə iştirakçı Dövlətdən xahiş edir ki, bu yekun tövsiyələri  qeyri-hökumət təşkilatlarına və əlilliyi olan insanların təmsilçi təşkilatlarına, o cümlədən əlilliyi olan insanların özlərinə və onların ailə üzvlərinə işarə dili də daxil olmaqla, dövlət dili və azlıqların dilində, həmçinin münasib digər formatda geniş şəkildə yaysın.

 

Növbəti hesabat

 

57. Komitə iştirakçı Dövlətdən xahiş edir ki, ikinci və üçüncü hesabatını birləşdirilmiş formada 28 fevral 2019-cu il tarixindən gec olmayaraq təqdim etsin və bu yekun tövsiyələrin həyata keçirilməsi ilə bağlı məlumatları əlavə etsin. Eyni zamanda, Komitə iştirakçı Dövlətə yuxarıda qeyd olunmuş hesabatların Komitənin sadələşdirilmiş hesabat proseduruna uyğun olaraq təqdim edilməsinin mümkünlüyünü təklif edir ki. Bu prosedura müvafiq olaraq birləşdirilmiş hesabatların təqdim olunması üçün qoyulmuş tarixdən ən azı bir il əvvəl Komitə sualların siyahısını hazırlayır. İştirakçı Dövlətin bu suallar siyahısına olan cavabları onun hesabatı hesab olunur.

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1963 dəfə oxunub




Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"