XƏBƏRLƏR




- 03/1/2013 "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası"nın təsdiq edilməsi barədə
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
"Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası"nın təsdiq edilməsi barədə
30.12.2012AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 330
Bakı şəhəri, 30 dekabr 2012-ci il
"Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası"nın təsdiq edilməsi barədə
"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmişdir
Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən hazırlanmışdır və bu Qanuna uyğun olaraq sosial xidmət sahəsində dövlət sifarişlərinin (bundan sonra - dövlət sifarişləri) bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi məsələlərini tənzimləyir.
1.2. Dövlət sifarişləri bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən bilavasitə həyata keçirilən sosial proqram, layihə və ya ayrı-ayrı tədbirlərdən ibarət olmaqla, sosial xidmət üzrə vəzifələrin yerinə yetirilməsinə yönəldilir.
1.3. Dövlət sifarişləri müsabiqə əsasında verilir. Bu zaman sifarişçi qismində dövlət orqanı, icraçı qismində bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları çıxış edirlər.
1.4. Dövlət sifarişlərinin verilməsi bu Qaydanın əlavəsinə uyğun olaraq tərəflər arasında bağlanılmış sosial xidmət sifarişi üzrə müqavilə ilə rəsmiləşdirilir.
2. Dövlət sifarişlərini verən orqan
2.1. Dövlət sifarişlərini verən dövlət orqanı:
2.1.1. dövlət sifarişlərinin məqsədlərini, həyata keçirilmə şərtlərini müəyyən edir və dövlət sifarişinə ayrılacaq vəsaitin məbləğini hər il üzrə dövlət büdcəsinin tərtibi prosesində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırır;
2.1.2. müsabiqə komissiyasını formalaşdırır;
2.1.3. müsabiqənin əsas şərtlər toplusunu hazırlayır;
2.1.4. müsabiqə komissiyası tərəfindən müsabiqənin əsas şərtlər toplusu və müsabiqənin elanı təsdiq edildikdən sonra müsabiqə elanını dərc etdirir;
2.1.5. dövlət sifarişləri üzrə müsabiqənin keçirilməsini təmin edir;
2.1.6. dövlət sifarişlərini həyata keçirəcək icraçı təşkilatla müqavilə bağlayır;
2.1.7. dövlət sifarişlərinin müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarət edir;
2.1.8. müqavilənin şərtlərinin pozulması hallarında qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirir.
3. Müsabiqədə iştirak üçün əsas şərtlər
3.1. Dövlət sifarişləri üzrə müsabiqədə iştirak etmək istəyən bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatlar üçün əsas şərtlər aşağıdakılardır:
3.1.1. müsabiqə elanında göstərilən sosial xidmət növü üzrə tam və ya qismən ixtisaslaşması;
3.1.2. sifarişçi ilə bağlanmış müqavilənin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması;
3.1.3. vergilər və digər icbari ödənişlərlə bağlı vaxtı keçmiş öhdəliklərinin olmaması.
4. Dövlət sifarişlərinin verilməsi ilə bağlı proseslərin təşkilinin əsas prinsip və formaları
4.1. Dövlət sifarişlərinin verilməsi ilə bağlı proseslərin təşkilində əsas prinsiplər aşağıdakılardır:
4.1.1. bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının dövlət sifarişləri üzrə müsabiqədə iştirakının təmin edilməsi;
4.1.2. qanunvericiliyə əməl olunması, proseslərin şəffaflığı;
4.1.3. ədalətlilik və ayrı-seçkiliyin yolverilməzliyi;
4.1.4. maraqlı tərəflərin məlumatlara bərabər çıxışının təmin olunması;
4.1.5. sosial xidmət üzrə proqramların əhalinin rifah halının yaxşılaşmasına yönəldilməsi;
4.1.6. sosial tərəfdaşlıq və əməkdaşlığın təmin olunması;
4.1.7. sosial xidmətlərin göstərilməsi sahəsində təsisatların təşəkkül tapması və inkişafı;
4.1.8. sosial xidmətlərin və sifarişlərin yerinə yetirilməsi sahəsində rəqabət mühitinin formalaşdırılması və keyfiyyətin yüksəldilməsi.
4.2. dövlət sifarişləri üzrə müsabiqələr qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
5. Müsabiqənin keçirilməsi üzrə komissiyanın təşkili
5.1. Müsabiqənin keçirilməsi üçün sosial xidmət üzrə sifarişlərin profilinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Azərbaycan Respublikasının Təhsil Nazirliyində, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində və yerli icra hakimiyyəti orqanlarında müsabiqə komissiyası (bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibinə müvafiq dövlət orqanının mütəxəssisləri daxil edilirlər. Digər mərkəzi icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, yerli icra hakimiyyəti və bələdiyyələrə maraqlı olan məsələlərə baxıldıqda, onların nümayəndələri Komissiyanın iclaslarına dəvət edilirlər. Komissiyanın sədri dövlət orqanının vəzifəli şəxslərindən (rəhbəri istisna olmaqla) təyin olunur.
5.2. Komissiyanın tərkibini və iş qaydasını dövlət sifarişini verən dövlət orqanının rəhbəri (onun vəzifəsini icra edən şəxs) təsdiq edir.
6. Komissiyanın iş qaydası və əsas vəzifələri
6.1. Komissiya öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Komissiyanın iclasları komissiyanın sədri tərəfindən çağırılır.
6.2. Müsabiqə prosedurları zamanı və müsabiqənin nəticələrinə dair qərar çıxarılarkən komissiya üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Komissiyanın qərarları yığıncaqda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, komissiya sədrinin səsi həlledici hesab olunur. Qərar komissiyanın bütün üzvləri tərəfindən imzalanır.
6.3. Komissiya müsabiqənin nəticələrinə dair qərarın qəbulu məqsədi ilə keçirdiyi iclaslara ekspertləri və sifariş verən orqanın səsvermə hüququ olmayan digər nümayəndələrini dəvət edə bilər.
6.4. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.
6.5. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:
6.5.1. komissiyanın fəaliyyətində tam aşkarlığı təmin etmək;
6.5.2. dövlət sifarişləri üzrə müsabiqəyə təqdim olunmuş təkliflərin qiymətləndirilməsinin obyektiv meyarlarını hazırlamaq;
6.5.3. sifarişçi tərəflə müsabiqə şərtlərini razılaşdırmaq;
6.5.4. müsabiqənin nəticələrinin dərc olunmasını təmin etmək.
7. Müsabiqənin keçirilməsi qaydaları
7.1. Müsabiqə başlayanadək komissiya tərəfindən müsabiqə haqqında məlumat hazırlanır və həmin məlumatlar kütləvi informasiya vasitələrində, ərazi üzrə yerli kütləvi informasiya vasitələrində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında, həmçinin müsabiqənin keçiriləcəyi dövlət orqanının inzibati binasının qarşısında yerləşən elan lövhəsində aşağıdakılar göstərilməklə dərc olunur:
7.1.1. maliyyələşdiriləcək layihənin texniki icmalı, məqsədi və fəaliyyət dairəsi;
7.1.2. uyğun namizədlərin təsviri;
7.1.3. müsabiqədə iştirak etmək üçün təqdim ediləcək sənədlərin siyahısı, bu sənədlərə aid-tələblər;
7.1.4. müsabiqədə iştirak etmək üçün qeydiyyatın başlanma və başaçatma vaxtı, həmçinin- müsabiqənin keçirilmə tarixi və yeri;
7.1.5. sənəd qəbulu məntəqələrinin ünvanı (otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);
7.1.6. müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi qaydası.
7.2. Müsabiqə aşağıdakı qaydada keçirilir:
7.2.1. maliyyələşdiriləcək layihənin məqsədi, fəaliyyət istiqamətləri və bunlar üçün ayrılacaq vəsaitin məbləği komissiya üzvləri tərəfindən elan edilir;
7.2.2. müsabiqə iştirakçılarının təqdim etdikləri zərflər daxil olduqları ardıcıllıqla açılır və təkliflərin qiymətləndirilməsi aparılır;
7.2.3. qalib gəlmiş təklif elan edilir;
7.2.4. müsabiqə başa çatdıqdan sonra, komissiya müsabiqənin yekunlarını protokollaşdırır. Protokol iclasda iştirak edən komissiya üzvlərinin tərkibi, müsabiqənin şərtləri, iştirakçıların təklifləri və müsabiqənin qalibi haqqında məlumat göstərilməklə, iki nüsxədə tərtib edilir, komissiya üzvləri və müsabiqənin qalibi tərəfindən imzalanır və təsdiq edilmək üçün dövlət orqanına təqdim olunur. Qəbul olunmuş qərarla razı olmayan komissiya üzvləri öz mövqelərini yazılı şəkildə əsaslandırır və o, imzalanmış protokola əlavə olunur. Müsabiqənin qalibi olmuş icraçı təşkilat müsabiqənin yekunları haqqında protokolu imzalamadıqda, müsabiqə baş tutmamış hesab olunur.
7.3. Protokol 5 (beş) iş günü müddətində dövlət orqanı tərəfindən təsdiq edilir. Onun bir nüsxəsi müsabiqənin qalibinə təqdim olunur və dövlət sifarişləri üzrə müqavilənin bağlanılması hüququnu təsdiq edən sənəd kimi qəbul edilir.
7.4. Protokol dövlət orqanı tərəfindən təsdiq edildikdən sonra, 20 (iyirmi) gündən və ya elanda göstərilən başqa müddətdən gec olmayaraq dövlət orqanı və icraçı təşkilat arasında dövlət sifarişləri üzrə bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq müqavilə bağlanılır. Müqavilənin şərtləri, dövlət orqanı və icraçı təşkilatın (tərəflərin) hüquq və vəzifələri, həmçinin müqavilənin şərtlərinin pozulmasının nəticələri müqavilədə müəyyən edilir.
7.5. Müsabiqənin yekunları haqqında məlumat kütləvi informasiya vasitələrində dərc edilir və dövlət orqanının rəsmi internet saytında yerləşdirilir.
7.6. Müsabiqə baş tutmadıqda, komissiyanın iclasında onun təkrar keçirilməsi və keçirilmə müddətinin təyin edilməsi barədə qərar qəbul edilir.
8. Dövlət sifarişlərinin yerinə yetirilməsinə nəzarət
Dövlət sifarişləri ilə bağlı müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarəti sifarişi verən orqan həyata keçirir. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyi və yaxud tam və keyfiyyətlə yerinə yetirilmədiyi halda sosial xidmət üzrə sifarişi verən orqan icraçıya qarşı sosial xidmət müqaviləsində nəzərdə tutulmuş sanksiyanın tətbiq olunmasına dair qərar qəbul edir.
9. Mübahisələrə baxılma qaydaları
Dövlət sifarişlərinin yerinə yetirilməsi ilə bağlı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi və ya maddi zərərin ödənilməsi ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr tərəfindən baxılır.
"Sosial xidmət sahəsində dövlət sifarişlərinin
bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən
qeyri-hökumət təşkilatlarına verilməsi" Qaydasına
əlavə
Sosial xidmət sifarişi üzrə müqavilənin
N Ü M U N Ə S İ
Bu müqavilə "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsi zamanı tərtib olunur.
1. Müqavilənin tərəfləri
Bu müqavilə bir tərəfdən bundan sonra "Sifarişçi" adlandırılacaq
_____________________________________________________________
(dövlət orqanının adı, onun səlahiyyətli şəxsinin vəzifəsi, adı ,soyadı və atasının adı)
_____________________________________________________________
və digər tərəfdən bundan sonra "İcraçı" adlandırılacaq
_____________________________________________________________
(bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatlarının adı, onun səlahiyyətli şəxsinin vəzifəsi, adı ,soyadı və atasının adı) _____________________________________________________________
arasında________________tarixdə_____________________bağlanmışdır.
(gün, ay, il) (imzalandığı yer)
2. Müqavilənin predmeti
2.1. Tərəflər təsdiq edirlər ki, Sifarişçi
_____________________________________________________________
( xidmətlərin adı)
İcraçının xidmət göstərilməsi barədə təklifini qəbul etmişdir.
2.2. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında müqavilədə nəzərdə tutulan____________ xidmətlərin göstərilməsini öhdəsinə götürür.
( xidmətin adı)
Göstərilmiş xidmətlər Sifarişçinin sifarişinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan çatışmazlıqların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.
2.3. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətlərin yerinə yetirilməsinə dair hesabatların İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
2.4. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır.
2.5. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:
2.5.1. maliyyələşdiriləcək layihənin məqsədi, texniki icmalı və fərdi iş planı;
2.5.2. müqavilənin xüsusi şərtləri (müqavilənin şərtlərini dəqiqləşdirən sənəd);
2.5.3. İcraçının xidmətlə bağlı təklifini təsdiq edən əsaslandırıcı sənədlər.
3. Tətbiq olunan hüquq
3.1. Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılmalıdır. Müqavilənin icrası ilə əlaqədar tətbiq olunan əlavə hüquqi normalar və sənədlər müqavilənin xüsusi şərtlərində göstərilməlidir.
3.2. Müqavilə üzrə göstərilən xidmətlərin nəticələri, hesabatlar və İcraçı tərəfindən hazırlanan digər sənədlər Sifarişçinin mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. İcraçı bu sənədlərin sürətini özündə saxlaya bilər.
4. Müqavilənin dili
Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.
5. Tərəflərin öhdəlikləri
5.1. İcraçı:
5.1.1. sosial xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə sosial xidmətin müddətindən asılı olaraq (6 ayadək müddətli müqavilələr üzrə aylıq, 1 ilədək müddətli müqavilələr üzrə rüblük) Sifarişçiyə aylıq və ya rüblük hesabat təqdim etməlidir;
5.1.2. müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. İcraçının həmin şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.
5.2. Sifarişçi:
5.2.1. müqavilə üzrə göstərilmiş xidmətlərə dair hesabatların (aşkar olunan çatışmazlıqların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və sosial xidmətin göstərilməsi ilə əlaqədar ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür;
5.2.2. müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş hüquqi və təşkilati məsələlərin həllini təmin edir;
5.2.3. müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir.
6. İcraçının ixtisasına dair tələblər
6.1. İcraçı xidmətlə bağlı təklifində təqdim olunan və Sifarişçi tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq işçilərin müqavilənin yerinə yetirilməsində iştirakını təmin edir.
Sifarişçi müqavilənin icrası müddətində dəyişdirilən işçilərin siyahısını (ixtisas uyğunluğunu və səriştəsini) yenidən təsdiq edir.
6.2. Sifarişçi səbəbini göstərməklə, İcraçının hər hansı işçisinin müqavilənin icrasından uzaqlaşdırılmasını tələb edərsə, İcraçı 3 (üç) iş günü müddətində bu tələbi müqavilənin icrasına heç bir təsirin olmaması şərtilə yerinə yetirməlidir.
7. Müqavilə üzrə ödəmələr
7.1. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən müqavilənin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktları, bank zəmanəti) əsasında, ən qısa müddət ərzində, lakin 30 (otuz) gündən gec olmamaq şərtilə aparılır.
7.2. Sifarişçi xidmətin göstərilməsi üçün İcraçıya müqavilənin xüsusi şərtlərində göstərilən məbləğdə avans ödəyə bilər. Avansın alınması üçün İcraçı müqavilənin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada Sifarişçiyə avans ödənişinin təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır, onun məbləği isə görülən işlərin müqabilində azaldılır. İcraçı avansı yalnız nəzərdə tutulmuş məqsəd üçün istifadə edə bilər və avansın göstərilən məqsədlər üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir.
7.3. Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunarsa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 (on beş) gün müddətində ödənilir.
8. Müqavilənin icrası
8.1. İcraçı müqavilədə göstərilmiş müddət ərzində müqaviləni imzalayır. İcraçının tələb olunan müddət ərzində xidmət müqaviləsini imzalamaması onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda, Sifarişçiyə dəyən ziyanı mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir.
8.2. Müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir.
8.3. Müqavilənin icrası onun xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş iş planı əsasında həyata keçirilir. İş planı yalnız tərəflərin yazılı razılığı əsasında dəyişdirilə bilər. Bu hallarda İcraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişmir.
9. Müqavilənin icrasına nəzarət
Sifarişçi (və ya onun nümayəndələri) müqavilənin əsas şərtlər toplusunda nəzərdə tutulmuş qaydada, heç bir əlavə xərc çəkmədən, müqavilənin şərtlərinin icrasına nəzarət etmək hüququna malikdir.
10. Müqavilənin icrası müddətində çatışmazlıqların aradan qaldırılması
10.1. Müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş çatışmazlıqlar haqqında İcraçıya dərhal bildiriş verməlidir. Bildirişdə çatışmazlıqların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.
10.2. İcraçı çatışmazlıqlar haqqında bildirişi aldıqdan sonra həmin çatışmazlıqları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır.
10.3. İcraçı tərəfindən məsuliyyət müddəti ərzində çatışmazlıqlar aradan qaldırılmırsa, Sifarişçi həmin çatışmazlıqların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır.
11. Cərimələr
11.1. İcraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimuma çatdıqdan sonra Sifarişçi müqaviləni birtərəfli qaydada ləğv edir.
11.2. Sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, İcraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər.
12. Müqavilənin ləğv edilməsi
12.1. Müqavilənin şərtlərinin əsaslı pozulmasına yol verilərsə ( bu müqavilənin 11.1-ci bəndi istisna olmaqla), Sifarişçi və ya İcraçı qarşı tərəfə 30 (otuz) gün əvvəl yazılı xəbərdarlıq etmək şərtilə, müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər.
12.2. Aşağıdakı pozuntular əsaslı sayılır:
12.2.1. İcraçının müqavilədə nəzərdə tutulmadığı hallarda və ya Sifarişçi ilə razılaşmadan 5 (beş) gündən artıq müddətdə işləri dayandırması;
12.2.2. Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək çatışmazlıqlar haqqında yazılı bildirişinə baxmayaraq, İcraçının təqdim edilmiş sənəd əsasında 10 (on) gün müddətində tədbir görməməsi;
12.2.3. müqavilənin xüsusi şərtlərində göstərilən qaydada vurulmuş ziyanların maksimum həddi aşması;
12.2.4. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinin tələblərinin sosial işçi (sosial xidmətçi) tərəfindən pozulması;
12.2.5. İcraçı tərəfindən tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərinin yerinə yetirilməməsi.
13. Mübahisəli məsələlərin həlli
13.1. Tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər;
13.2. mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir.
Sifarişçi
_____________________________________________________________
(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı və atasının adı)
İmza____________
M.Y.
İcraçı
_____________________________________________________________
(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı və atasının adı)
İmza____________
M.Y.
Bu xəbər 3473 dəfə oxunub