20 Oktyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/11/2012 Azərbaycanda 146 min əlil qadın var Onların yalnız 3 faizi dövlət qurumlarında çalışır MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması" \Şərq qəzeti


  


Türkiyədə Əmək və Sosial Təhlükəsizlik Nazirliyi qüsurlu, əlilliyi olan insanların işlə təminatında irəli addımlar atmaqdadır. Belə ki, gələn ildən etibarən artıq əlilliyi olan şəxslərin işlə təminatı üçün imtahanlar keçiriləcək. Bildirilir ki, kvotada tələb olunan qədər - 23 min 360 qüsurlunun işlə təmin edilməsi məcburidir. Respublikamızın müstəqil fəaliyyət göstərdiyi təxminən 20 il ərzində hər bir sahədə qardaş Türkiyənin dövlətçilik təcrübələrindən bəhrələndiyini nəzərə alsaq, "bu sahədə də bənzər addımlar ata bilərikmi" sualı yaranır. Yəni təbii ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da fiziki qüsurlu vətəndaşların sayı kifayət qədərdir və onların arasından istedadlıların seçilib işlə təmin edilməsi yaxşı olardı. Yeri gəlmişkən, məlumat üçün deyək ki, hazırda ölkə üzrə qüsurlu insanların sayı təxminən 450 min nəfərdir.
   
   Onu da qeyd edək ki, bu qəbildən olan insanlar cəmiyyətdə də birmənalı qarşılanmır. Onlar hətta bəzən üzləşdikləri ayrı-seçkilikdən sıxılır və bir çoxları intihara belə əl ata bilir. Deməli, əlillərin və digər fiziki qüsurlu insanların ictimaiyyətə daha sıx inteqrasiya etməsi, ən azından bəxtlərinə yazılan şikəstlikdən ətraf aləmin onlara dost münasibətilə ovunması üçün bu cür vətəndaşlara əmək şəraiti yaratmaq yerinə düşərdi.
   
   Əslində, Azərbaycan Konstitusiyasında fiziki qüsurlu vətəndaşların hüquqlarını qoruyan 28 maddə mövcuddur. Konstitusiyaya əsasən, hər bir fiziki qüsurlu şəxsin reabilitasiya, sosial müdafiə, təhsil, məşğulluq, təhlükəsizlik, tibbi sığorta, psixoloji yardım və s. kimi hüquqları qorunur və təmin olunur. Eyni zamanda, bəzi əlillər üçün nəzərdə tutulmuş təşkilatlar da mövcuddur ki, orada qüsurlular eyni fiziki səviyyədə olan insanlarla ünsiyyət qura və müəyyən layihələri həyata keçirə bilər. Bundan başqa, dövlət səviyyəsində əlillərin həyat şəraitinin yaxşılaşdırılması üçün müəyyən qərarlar qəbul edilir və bu istiqamətdə tədbirlər həyata keçirilir.
   
   Qeyd edək ki, ölkəmiz BMT-nin Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulub. Bu Konvensiyaya qoşulan ölkələr əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin hüquqlarını və azadlıqlarını təmin etməyə borcludurlar. Buna misal olaraq deyə bilərik ki, 2009-cu ildə əlillərin hüquqlarının beynəlxalq standartlar səviyyəsində təmin olunması üçün 2009-2012-ci illəri əhatə edən dövlət proqramı layihəsi hazırlanıb. Həmin qərara əsasən, əlillərin sosial müdafiəsi beynəlxalq standartlara tam uyğun olmalıdır. Proqramda əlillərin müalicəsi, məşğulluğu, sosial problemlərinin həlli, onlara kreditlərin və subsidiyaların verilməsi nəzərdə tutulur. Habelə istedadlı əlillərin aşkara çıxarılması və onların beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi, onların idmanla yaxından məşğul olması və olimpiadalarda təmsil olunması da proqrama daxildir. Proqramda əlillər üçün idman-sağlamlıq mərkəzlərinin tikintisi, iri şəhərlərdə əlillərin sərgilərinin təşkil edilməsi də öz əksini tapıb. Həmçinin, Nazirlər Kabineti də "2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi" barədə dövlət proqramını təsdiqləyib. Proqramda əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası ilə bağlı müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur. Bura onların xarici ölkələrdə reabilitasiyası, texniki-bərpa və nəqliyyat vasitələrilə təmin edilməsi, sanatoriya-kurort müalicəsinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi daxildir. Bundan başqa, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə texniki yardım göstərilməsi, əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması da nəzərdə tutulur. Məlumat üçün bildirək ki, əlillik təqaüdü ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada iştirak etmək və s. səbəblərə görə verilir. Əgər əlillik hərbi xidmət zamanı baş verirsə, onda bu məbləğ daha çox artır. Statistikaya görə, hər üç adamdan biri əlillik təqaüdü alır. Son on il ərzində əlil təqaüdçülərin sayı isə iki dəfə artıb. Araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda hər min nəfərə 34 əlillik təqaüdü alan düşür. Qeyd etmək yerinə düşər ki, əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi, o cümlədən, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş, ümumilikdə, son illərdə 10-a qədər yeni hüquqi normativ akt qəbul edilib. Əlilliyi olan şəxslər, o cümlədən, sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkə prezidenti tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının və sosial müavinətlərin məbləği, demək olar ki, hər il artırılır.
   
   Aidiyyəti nazirlik tərəfindən əlillərin fərd kimi ictimai həyatda iştirakını, səhiyyə, təhsil, məşğulluq və inkişaf resurslarından, maddi rifahdan istifadəsini məhdudlaşdıran sosial maneələrin müəyyənləşdirilməsi ilə bağlı monitorinqlər təşkil edilir. Bununla yanaşı, milli qanunvericiliyin konvensiyanın tələblərinə uyğunluğunun təmin edilməsi və konvensiyanın müddəalarının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə müxtəlif dövlət orqanları və aidiyyəti təşkilatlarla müvafiq işlər aparılır. Eyni zamanda, hər bir əlilin öz şəxsi həyatında mühüm qərarlar qəbul etməkdə yeganə məsul şəxs olması barədə ictimaiyyətdə müsbət təsəvvürlər formalaşdırmaq, onların potensialını təbliğ etmək, hüquq və ləyaqətlərinə hörmət aşılamaq məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.
   
   Əlillərin məşğulluq probleminə münasibət bildirən Əlil Qadınlar Cəmiyyətinin sədri Məxluqə Rəhimova bildirdi ki, Türkiyədə fiziki qüsurlu vətəndaşlara göstərilən dövlət qayğısı alqışlanmalıdır və eyni prosesin Azərbaycanda da tətbiq olunmasına yalnız sevinərdilər. Onun sözlərinə görə, hazırda Azərbaycanda 146 min əlil qadın var ki, onların da təxminən üç faizi dövlət qurumlarında çalışır: "Bu sıradan olan insanların işlə təmin olunması ən azından onların vaxtının bir hissəsini ictimaiyyət arasında keçirməsi deməkdir. Həm də onların dünyagörüşü artır. Üstəlik, qanunu bilən adam həmişə hüquqlarının qorunmasını tələb edir. Bilməyənlərə də ki, biz və digər QHT-lər yerlərdə təcrübə keçirik, maarifləndiririk. Bu mənada düşünürəm ki, Türkiyədə tətbiq ediləcək təcrübə dünyanın hər yerində qəbul olunacaq və uğurlu effekt verəcək".
   
   Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov qeyd etdi ki, Azərbaycan qanunvericiliyində də əlillərin işlə təmin olunmasına dair kvota mövcuddur ki, burada da müxtəlif qruplar sadalanır. Məsələn, müharibə əlilləri, şəhid ailələri və sair var ki, hər bir müəssisədə 3 faiz həddində işlə təmin olunmasına şərait yaradılmalıdır. "Təəssüf ki, qanunvericiliyin haqqında danışdığımız tələbləri bir çox yerlərdə yetərincə qorunmur. Özü də bu, daha çox qeyri-dövlət müəssisələrində baş verir. Düzdür, Dövlət Sosial Müdafiə Fondu belə halları üzə çıxaranda günahkarları cəzalandırır, amma müəssisə sahibləri cərimələrini ödəməklə özlərini yenə də məsuliyyətdən kənarda saxlayırlar. Amma bir məsələ də var ki, hansısa vətəndaş tibbi komissiyalar tərəfindən əlillik statusu alarkən onlara verilən sənəddə "əmək qabiliyyəti yoxdur" yazılır. Bu isə müəssisə rəhbərlərinə tam səlahiyyət verir ki, həmin adamı işə götürməsin. Çünki sabah Əmək Müfəttişliyi müəssisəni yoxlasa, rəhbərliyə irad tuta bilər ki, niyə həmin əlili işə götürüb. Ona görə də qanunvericilikdə dəyişiklik etməklə sözügedən çatışmazlıqları aradan qaldırmaq məqsədilə təkliflər paketi hazırlamışıq. Hətta həmin təkliflər Milli Məclisin Sosial siyasət komitəsinə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub", - deyən müsahibimiz əlavə etdi ki, əslində əlillərin işlə təmin olunmasında hökumət özü maraqlı olmalıdır. Çünki hər hansı əlil işlə təmin olunursa, o, pensiya və müavinətlərdən asılılıqdan qurtulur.
   
   Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, bu sahədə vəziyyət müəyyən mənada yaxşı deyil: "Baxmayaraq ki, 1992-ci ildən "Əlillərin sosial reabilitasiyası" haqqında qanun qüvvədədir. Həmin qanunda kvota müəyyən olunub ki, əlillər müəssisələrdə işə götürülməlidir. Qoyulan o çərçivələr daxilində əlilləri işə götürən müəssisələr üçün mənfəət vergisindən güzəştlər də nəzərdə tutulub. Lakin o, praktikada tətbiq olunmur. Məsələ ondadır ki, təkcə bu güzəşt sahibkarların əlilləri işə götürməsi üçün yetərli deyil. Çünki Əmək Məcəlləsində əlillər üçün nəzərdə tutulan imtiyazlar daha çoxdur. Məsələn, sağlam insanlara nisbətdə əlil işçiyə iki dəfə çox ödənişli məzuniyyət verilməlidir. Adi işçiyə 21 gün məzuniyyət verilirsə, əlil olan işçi üçün bu, 42 gün nəzərdə tutulub. Ona görə də işə götürənlər əlili işə götürməkdə maraqlı deyil. Bir neçə il əvvəl sözügedən məsələ ilə bağlı sənəd hazırladıq. Dövlətə bununla bağlı bəzi variantlar təklif etdik. Təkliflərimiz nəzərə alınsa, dövlətin əlillərə yönəlik xərcləri azalar. Məsələn, bina tikən hər hansı bir sahibkara orada yaşayacaq əlillər üçün inşa olunacaq infrastrukturun xərclərini dövlət ödəməlidir. Adətən bina inşa olunarkən orada əlillər üçün infrastrukturun inşasına əlavə xərclər tələb olunur. Məsələn, əlavə liftlər, sanuzellər, panduslar, qurğular və s. Bax bunların pulunu dövlət verə bilər. Sözügedən infrastruktur əlavə torpaq sahəsi tutacaqsa və həmin torpaq sahəsi dövlət torpaq fonduna aiddirsə, onu havayı verməlidir. Yox əgər həmin torpaq sahəsi özəl mülkiyyətə aiddirsə, onda onun alınma xərclərini dövlət öz üzərinə götürməlidir. Yəni bu tipli stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır. Bir çox ölkələrdə bu tətbiq olunur". S.Məmmədovun fikrincə, hətta yeni tikilən binalara belə, əlillər üçün infrastruktur nəzərdə tutulmayıb: "Tək-tək 5 ulduzlu otelləri və prestijli ticarət mərkəzlərini çıxmaq şərtilə, qalan yerlərdə bu yoxdur. Buna nəzarət edən dövlət sistemi effektiv deyil. Ümumiyyətlə, binaların təhvil alınmasına baxan dövlət komissiyası əlillər üçün infrastrukturun nəzərdə tutulub-tutulmamasına o qədər də əhəmiyyət vermir. Sahibkar əlil olan şəxsi işə götürmək istəsə belə, binanın infrastrukturu buna imkan vermir. Məsələn, müəssisə 3 mərtəbəli binada yerləşirsə, orada əlilin hərəkəti üçün heç bir şərait yoxdur. Yəni istəsələr belə, praktiki olaraq bu mümkün deyil. Bakı şəhəri az qala yenidən tikildi, amma heç bir binada, küçədə əlillər üçün infrastruktur nəzərdə tutulmayıb. Bu səbəbdən, paytaxtımız qeyri-mədəni şəhər sayıla bilər. Çünki mədəni şəhərlərin hamısında, bütün binalarda, küçələrdə, səkilərdə, yeraltı keçidlərin eniş-çıxışında əlillərin sərbəst hərəkəti üçün infrastruktur nəzərdə tutulub. Həmçinin, xüsusi ictimai nəqliyyat növləri əlillərin daşınmasına xidmət edir. Bu da nəticə etibarilə əlillərin əmək fəaliyyəti ilə məşğul olmasını əhəmiyyətli dərəcədə asanlaşdırır".
   
   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3031 dəfə oxunub




Flag Counter






» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”

» 28/9/2019- Qubada maarifləndirmə tədbiri keçirilib

» 27/9/2019- Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

» 24/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.