20 Sentyabr 2014-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2005-ci il


 "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)" təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ölkədə əmək bazarının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılmasının sürətləndirilməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə qərara alıram:

  1. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)" təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər əlaqədar dövlət orqanları ilə birlikdə:

 

  1. Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının layihəsini 6 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3.     Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2005-ci il

                     N 1068

 

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ MƏŞĞULLUQ STRATEGİYASI

(2006-2015-ci   illər)

GİRİŞ

Azərbaycan Respublikası özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ölkədə bütün resurslardan, o cümlədən əmək ehtiyatlarından səmərəli istifadəni təmin etməklə, iqtisadi cəhətdən güclü və yüksək sosial standartlara malik cəmiyyətin qurulması bu mərhələnin əsas məqsədidir.

Keçən əsrin sonlarından başlayaraq iqtisadiyyatda müşahidə olunan sabit artım templəri ölkənin sosial yönümlü inkişafını təmin etmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait yaratmışdır. Məhz bu illərdə əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli uğurlar qazanılmış, keçid dövrünün ilkin mərhələsində üzləşilən iqtisadi və sosial problemlər artıq həll olunmağa başlanmışdır. Bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyiş əldə etməyə imkan vermişdir.

Yeni iqtisadi reallıqlar şəraitində dövlətin məşğulluq siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarının əsas müddəaları 2001-ci il iyulun 2-də qəbul olunmuş "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli Fərmanında öz əksini tapmışdır. Həmin müddəaların həyata keçirilməsi ölkədə əmək bazarının tənzimlənməsində dövlət siyasətinin əhəmiyyətini artırmaqla, əhali məşğulluğunun inkişaf etdirilməsində bu siyasətin vasitə və istiqamətlərinin formalaşmasında, müvafiq institusional mühitin yaradılmasında və təkmilləşdirilməsində mühüm rol oynamışdır.

Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi bu sahədə mövcud olan problemlərin həllinə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə istiqamətlənir. Yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin diqqət mərkəzində olan məsələlərdəndir.

Azərbaycan Respublikasının Məşğulluq Strategiyası 2006-1015-ci illəri əhatə etməklə, qeyd olunan məsələlərin həllinə yönəlmişdir. Strategiya "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər)" əsaslanır və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 iyun tarixli Sərəncamına uyğun olaraq hazırlanacaq "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" ilə uzlaşdırılaraq, yaxın onillikdə Azərbaycanda məşğulluq siyasətinin əsaslarını müəyyən edir.

1. AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK BAZARI:

MÖVCUD VƏZİYYƏT VƏ İNKİŞAF MEYİLLƏRİ

1.1. Ölkənin əmək ehtiyatlan

Keçən əsrin 80-ci illərinin axırında yaranmış dərin iqtisadi böhran, keçid dövrünün ilkin mərhələsində bütün postsosialist məkanda olduğu kimi Azərbaycanda da təsərrüfat fəaliyyətinin iflic vəziyyətə düşməsinə, sosial sarsıntılara, geniş əhali təbəqələrinin maddi vəziyyətinin ağırlaşmasına, işçi qüvvə-sinə tələbatın və sosial müdafiənin kəskin şəkildə azalmasına səbəb oldu. Bu vəziyyət erməni millətçilərinin ölkəyə təcavüzü nəticəsində daha da ağırlaşdı. Torpaqların 20 faizinin işğalı, 4 mindən artıq sənaye və kənd təsərrüfatı müəssisəsinin və 300 mindən artıq iş yerinin işğal olunmuş ərazilərdə qalması, 1 milyondan çox qaçqın və məcburi köçkün vətəndaşın öz yerlərindən didərgin salınması iqtisadi və sosial duruma son dərəcə mənfi təsir göstərmiş, məşğulluq sahəsində vəziyyəti olduqca gərginləşdirmişdi.

Son on il ərzində həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. İctimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmışdır. Bununla yanaşı, Azərbaycanda formalaşmış və fəaliyyət göstərən əmək bazarı 90-cı illərin birinci yarısı üçün səciyyəvi olan sosial-iqtisadi amillərin mənfi təsirini bu günədək hiss etməkdədir. Ölkənin əmək bazarında işçi qüvvəsinin təklifi 1990-2005-ci illərdə kifayət qədər yüksək olaraq bir çox iqtisadi, demokratik, təhsil, miqrasiya və s. kimi amillərin təsiri altında müəyyənləşmişdir.

Statistik məlumatlara əsasən, 2004-cü ildə Azərbaycanda 8265,7 min nəfər əhalinin əmək qabiliyyətli yaşda olan hissəsi 5305,5 min nəfər təşkil etmişdir. Əmək qabiliyyətli yaşda olanların 3820,1 min nəfəri və ya 72 faizi iqtisadi cəhətdən fəal əhali təbəqəsidir. Bir tərəfdən, İkinci Dünya müharibəsi illərində doğulmuş nisbətən azsaylı nəslin pensiya yaşına qədəm qoyması, digər tərəfdən isə ötən əsrin 80-ci illərində dünyaya gəlmiş insanların əmək qabiliyyətli yaş dövrünə daxil olması 1990-2005-ci illərdə ölkədə əmək resurslarının artan templə çoxalmasına səbəb olmuşdur. Lakin 90-cı illərdə anadan olmuş nəslin 2006-cı ildən başlayaraq əmək qabiliyyətli yaş dövrünə daxil olması ölkənin əmək bazarına təsir edəcək və bunun nəticəsində əmək-qabiliyyətli yaşda olan əhali təbəqəsinin artım templəri bir qədər səngiyəcəkdir. Həmçinin nəzərə almaq lazımdır ki, 2010-cu ildən etibarən İkinci Dünya müharibəsindən sonra dünyaya gəlmiş çoxsaylı nəsil pensiya yaşına çataraq əmək qabiliyyətli əhali sıralarını tərk etməyə başlayacaq ki, bu da ümumiyyətlə, ölkənin əmək ehtiyatlarının artım templərini azaltmaqla yanaşı, iqtisadi aktiv əhalinin yaşlaşmasına səbəb olacaqdır.

Ölkənin məcmu işçi qüvvəsinin keyfiyyət tərkibini müəyyənləşdirən məsələlərdən biri cəmiyyətin intellektual potensialı, onun təkrar istehsal səviyyəsinin yüksəldilməsidir. Əhalinin iqtisadi fəallığına dair keçirilən son seçmə müşahidənin nəticələrinə görə, məşğul əhalinin yalnız 19,2 faizini ali ixtisas təhsilli, 50,8 faizini tam orta təhsilli insanlar təşkil etmişdir. Həmçinin məlumdur ki, işsiz vətəndaşların ən azı beşdə bir hissəsi ali, natamam ali, orta ixtisas və peşə təhsilli şəxslərdir. Rəsmi qeydiyyatdan keçmiş işsizlər arasında isə ali və orta ixtisas təhsilli olanların xüsusi çəkisi daha yüksəkdir və son illər bu rəqəm 60 faizdən çoxdur.

Keçid dövründə obyektiv səbəblər üzündən müəssisədaxili hazırlıq və ixtisasartırma şəbəkəsinin, texniki peşə məktəbləri sisteminin fəaliyyəti zəifləmişdir. İstehsal sahələrinin bağlanması, bir çox işləyən müəssisələrdə isə müasir tələblərdən geri qalmış texnologiya və avadanlıqdan istifadə olunması işçi kadrların peşəkar hazırlığının və ixtisas səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Lakin son illər ölkədə müşahidə olunan iqtisadi canlanma və inkişaf perspektivləri istehsalın texniki cəhətdən modernləşdirilməsini nəzərdə tutur və müvafiq olaraq, işçi qüvvəsinin peşə və ixtisas səviyyəsinə yeni tələblər irəli sürür. Hazırda Azərbaycan Respublikasının təhsil sistemi özünün yenidənqurma dövrünü yaşayır. Belə şəraitdə, sosial-iqtisadi tərəqqinin özülündə duran ixtisas sahələrinə - mühəndis-texniki təhsil, informasiya-telekommunikasiya texnologiyaları üzrə peşələrə diqqət artırılmalıdır.

1.2. Məşğulluq və işsizlik

Son illər Azərbaycan Respublikasında aparılan bazar yönümlü islahatlar və iqtisadiyyatda struktur dəyişiklikləri nəticəsində məşğul əhalinin özəl sektorda payı xeyli artmışdır. Belə ki, özəl sektorda məşğul əhalinin xüsusi çəkisi 1995-ci ildəki 43,9 faizdən 2004-cü ildə 68,4 faizə çatmışdır.

Qeyri-dövlət sektorunda çalışanlar arasında 711,6 min nəfər sərbəst məşğul əhali qeydə alınmışdır ki, bu da iqtisadiyyatda çalışanların 18,9 faizini təşkil edir. Bununla yanaşı, kənddə torpaq islahatının başa çatması, kənd sakinlərinə torpaq paylarının verilməsi geniş bir əhali təbəqəsi - torpaq sahibləri təbəqəsini yaratmış və özünü məşğulluq əsasında fəaliyyət göstərən ailə-kəndli təsərrüfatlarının inkişafına təkan verilmişdir. Bütövlükdə, özəl sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına və məşğulluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Bu prosesin inkişafı 2008-ci ildə iqtisadiyyatın qeyri-dövlət sektorunun xüsusi çəkisinin 75 faizədək artmasına imkan verəcəkdir.

Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə əhalinin iqtisadi fəallıq və məşğulluq səviyyəsində müxtəliflik müşahidə olunur. Məsələn, Dağlıq Şirvan, Şəki-Zaqatala, Yuxarı Qarabağ, Aran iqtisadi rayonlarında məşğulluq səviyyəsi orta ölkə səviyyəsindən yüksəkdir. Naxçıvan və Lənkəran iqtisadi rayonlarında isə bu göstərici orta ölkə səviyyəsindən aşağıdır. İqtisadi rayonlar üzrə iqtisadi fəal, məşğul və işsiz əhalinin bölgüsü göstərir ki, bu kateqoriyadan olan əhalinin xüsusi çəkisinə görə, Bakı şəhəri istisna olmaqla, Aran iqtisadi rayonu ölkədə ən böyük iqtisadi rayonlardan biridir və ölkənin iqtisadi fəal əhalisinin 23,2 faizi, məşğul əhalisinin 23,6 faizi və işsiz əhalisinin 19,9 faizi bu iqtisadi rayonda cəmləşmişdir.

Regional fərqlənmə özünü təkcə iqtisadi rayonlar üzrə deyil, həm də şəhər və kənd yerləri üzrə büruzə verir. Belə ki, əhalinin iqtisadi fəallığının səviyyəsi şəhər yerlərinə nisbətən kənd yerlərində xeyli yüksək olmaqla, müvafiq surətdə 58,8 faiz və 68,2 faiz təşkil etmişdir. Ən böyük iqtisadi fəallıq istər şəhərdə, istərsə də kənddə 20-44 yaşda olan əhali arasında müşahidə olunmuşdur.

Əmək bazarında aparılan müşahidələr göstərir ki, hazırda Beynəlxalq Əmək Təşkilatının metodologiyası ilə işsiz kimi təsnif edilən, yəni işi və ya gəlirli məşğuliyyəti olmayan, fəal surətdə iş axtaran və işə başlamağa hazır olan şəxslərin sayı 400 mindən artıqdır. Bu, ölkənin iqtisadi fəal əhalisinin 10 faizindən çoxunu təşkil edir. İşsiz vətəndaşların yalnız kiçik bir hissəsi dövlət məşğulluq orqanlarında rəsmi qeydiyyatdan keçərək işlə təmin olunmaq üçün müraciət etmişdir. 2004-cü ildə yalnız 56000 nəfərdən bir qədər çox işsiz vətəndaş dövlət məşğulluq orqanlarında iş növbəsinə dayanmışdır. Onun səbəblərindən biri işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin hüquqi çərçivədə qeydə alınmaması hallarının mövcudluğudur. Bu da qeyri-formal münasibətlərə cəlb olunmuş vətəndaşların istər cari, istərsə də gələcək sosial müdafiəsini zəiflədir.

Gənclər arasında işsizliyin artması ölkənin əmək bazarında müşahidə olunan əsas problemlərdən biridir. 2003-cü ilin may-iyun aylarında BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi və Beynəlxalq Əmək Təşkilatının texniki yardımı ilə ölkənin bütün ərazisində əhalinin iqtisadi fəallıq məsələləri üzrə ilk dəfə keçirilmiş müşahidənin nəticələrinə görə, işsizlərin ümumi sayında 35 yaşınadək olan vətəndaşların payı 69,1 faiz olmuşdur. 20-24 yaşlı iqtisadi fəal gənclər arasında işsizliyin ən yüksək səviyyəsi (23,8 faiz) qeydə alınmışdır.

Qadınlar arasında da işsizlik yüksək səviyyəsi ilə səciyyələnir. Son illər ərzində işsizlər arasında qadınların xüsusi çəkisi azalaraq, 1995-ci ildəki 59,7 faizdən 2003-cü ildə 53,4-ə ensə də, məşğulluqda gender bərabərsizliyinin aradan götürülməsi gündəlikdə duran məsələlərdəndir. Yuxarıda qeyd olunan müşahidənin nəticələrinə görə, 2003-cü ildə iqtisadi fəal kişilər arasında iş-sizlərin payı 9,6 faiz təşkil etmişsə, qadınlar arasında bu göstərici 12,2 faizə bərabər olmuşdur. Statistik məlumatların araşdırılması göstərir ki, qadınlar adətən aşağı statuslu və az əmək ödənişi olan işlərdə üstünlük təşkil edirlər. Qadınlar üçün iş yerləri çatışmazlığı bu gün daha çox qadının cəmiyyətdə və ailədəki roluna müvafiq olan çevik iş yerlərinin (natamam iş günü və iş həftəsi, dəyişkən iş qrafiki, evdə iş və s.) azlığında öz əksini tapır.

Son illər məşğulluq sahəsində yaranmış problemlərdən biri də əmək bazarında xarici işçi qüvvəsinin mövcudluğu ilə əlaqədardır. Miqrasiya proseslərinin miqyasının genişlənməsi ölkə üçün yeni olan bir sıra məsələlərin həll edilməsini vacib etmişdir. Azərbaycan Respublikasının bu sahədə dövlət maraqlarının qorunmasını, qeyri-qanuni əmək miqrasiyasının qarşısının alınmasını, əməkçi miqrantların sosial müdafiəsi və onların hüquqlarının qorunmasını, əmək bazarının tələblərinə uyğun yerli kadrların hazırlanmasını, bazar iqtisadiyyatı şəraitində işləmək təcrübəsinin əldə edilməsində xarici əmək miqrasiyasının imkanlarının tam istifadəsini təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi zərurəti yaranmışdır.

2. 2006-2015-ci İLLƏRDƏ MƏŞĞULLUQ STRATEGİYASININ

MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ

2006-2015-ci illərdə Azərbaycan Respublikasında məşğulluq strategiyasının əsas məqsədi əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

  • sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın, əhalinin özünü məşğulluğunun inkişafı üçün zəruri şərait yaratmaq;
  • məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığını dəstəkləmək;
  • işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional infrastrukturu təkmilləşdirmək;

-     kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkəsinin fəaliyyətini dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırmaq.

Yaxın onillikdə həyata keçiriləcək məşğulluq strategiyası bir-birini tamamlayan iki mərhələdə reallaşdırılacaqdır.

2006-2010-cu illəri əhatə edən birinci mərhələdə əsas hədəf olaraq hazırda mövcud olan işsizliyin nəzərə çarpacaq dərəcədə azaldılması, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsinə yönəlmiş addımların atılması nəzərdə tutulur. Bununla yanaşı, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, onun rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması daim diqqət mərkəzində olacaqdır.

2011-2015-ci illəri əhatə edən ikinci mərhələdə fəaliyyət istiqaməti, əsasən, işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını təmin edən, yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşmasına, struktur islahatlarının dərinləşdirilməsinə, investisiya fəallığının daha da artırılmasına və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsinə yönəldiləcəkdir.

3. 2006-2015-ci İLLƏRDƏ DÖVLƏT MƏŞĞULLUQ

SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTLƏRİ

3.1. Makroiqtisadi siyasət və sahibkarlığın inkişafı

Məşğulluq strategiyasının həyata keçirilməsində mühüm istiqamətlərdən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran institusional şərait yaradılmışdır. Bu baxımdan dövlət tənzimləmə mexanizminin əsas tərkib hissələri olan fiskal və monetar siyasətin səmərəli şəkildə həyata keçirilmə-si və sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu sahədə aşağıdakı prioritet istiqamətlər müəyyən edilmişdir:

  • sahibkarlığın inkişafına mane olan problemlərin aradan qaldırılması, xarici iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;
  • Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün ölkə iqtisadiyyatına və xüsusilə əmək bazarı və məşğulluğa təsirinin araşdırılması və bununla bağlı zəruri qabaqlayıcı tədbirlərin işlənilməsi;
  • ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmlənməsinə, inflyasiyanın qarşısının alınmasına, manatın məzənnəsinin sabit saxlanılmasına, beynəlxalq normalara uyğun valyuta ehtiyatlarının yaradılmasına və ölkənin tədiyə qabiliyyətinin yaxşılaşmasına yönəldilmiş pul-kredit siyasətinin davam etdirilməsi;
  • sahibkarların maliyyə resurslarına olan ehtiyaclarmı daha dolğun ödəmək məqsədilə verilən kreditlər üçün girov təminatı sisteminin təkmilləşdirilməsi;
  • dövlət satınalmaları ilə əlaqədar keçirilən tenderlərdə yerli mallar (işlər və xidmətlər) təklif edən təşkilatlara üstünlük verilməsi;
  • yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
  • ölkədə sığorta sisteminin inkişaf etdirilməsi, sığorta şirkətlərinin fəaliyyətinin təkmilləşdirilməsi, sığorta bazarında investisiya siyasətinin formalaşması;
  • beynəlxalq maliyyə qurumlarının orta və kiçik sahibkarlığın inkişafına cəlb edilməsi;
  • regional iqtisadi əlaqələrin genişləndirilməsi;
  • kiçik sahibkarlıq subyektlərində yeni texnologiyaların tətbiqinin stimullaşdırılması və yerli xammaldan istehsal olunan məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi.

3.2. Məşğulluq sahəsində qanunvericilik bazasının

təkmilləşdirilməsi və institusional inkişaf

Makroiqtisadi amillərlə yanaşı qanunvericilik sahəsində müvafiq dəyişikliklərin aparılması məşğulluğun təmin edilməsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə aşağıdakıların həyata keçirilməsi məqsədəuyğundur:

  • "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun Avropa Sosial Xartiyasının başlıca müddəalarına uyğunlaşdırılması məqsədilə qeyd olunan Qanuna müvafıq əlavə və dəyişikliklər edilməsi;
  • Avropa Sosial Təminat Məcəlləsinin ratifikasiyasının mümkünlüyünü müəyyən etmək üçün həmin Məcəllənin tələblərinin milli qanunvericilik normalarına uyğunluğunun ətraflı tədqiq olunması;
  • məşğulluq sahəsində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi və məşğulluğu stimullaşdıran institusional mühitin formalaşdırılması;
  • "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş özünü məşğulluğun inkişaf etdirilməsinə zəmin yaradan və bunu nizama salan yeni qanunvericilik aktlarının qəbul olunması;
  • sahibkarlığın inkişafına, investisiya axınına, yeni iş yerlərinin yaradılmasına, daxili bazarı qorumaqla mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə təminat yaratmaq məqsədilə müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi;
  • işçilərlə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanması və onun ləğv edilməsi, işçilər üçün müvafiq şəraitin və əmək funksiyasının tətbiqi və digər məsələlərə dair Əmək Məcəlləsinin bəzi maddələrinin təkmilləşdirilməsi məqsədilə həmin Məcəllədə müvafiq dəyişikliklərin edilməsi;
  • sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşları işlə təmin edən işəgötürənləri həvəsləndirmək məqsədilə mövcud qanunvericilik normalarına müvafıq əlavələr edilməsi;
  • əhalinin məşğulluğu baxımından üstün inkişaf edən regionlarda iş yerlərinin artırılmasını həvəsləndirmək məqsədilə qanunvericilikdə müvafıq dəyişikliklər edilməsi;
  • kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi;
  • sərhədyanı və dağlıq rayonlardan əhalinin miqrasiyasının qarşısının alınması və məşğulluğunun təmin edilməsi məqsədilə bu ərazilərdə güzəştlərin tətbiq olunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi.

3.3. Əmək bazarının təkmilləşdirilməsi

Əmək bazarında siyasət aşağıdakı istiqamətlərdə həyata keçiriləcəkdir:

  • təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şərait yaradılması;
  • işsizlərin qısa müddətdə münasib işlə təmin olunması üçün axtarış-informasiya sisteminin təkmilləşdirilməsi;
  • kadrların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması sisteminin təkmilləşdirilməsi yolu ilə kadr potensialının inkişaf etdirilməsi;
  • neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsi;
  • kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə-kredit siyasətinin təkmilləşdirilməsi, kredit qoyuluşlarının strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisinin artırılması;
  • işsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi;
  • tarazlaşdırılmış investisiya və vergi siyasətini həyata keçirmək yolu ilə iş yerlərinə olan tələbatın ödənilməsi;
  • sahibkarlığın, kiçik və orta biznesin inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların (xüsusilə də əmək bazarında gərginlik olan ərazilərdə) iqtisadi həvəsləndirilməsinin təmin edilməsi;
  • iqtisadiyyatın qeyri-dövlət bölməsində  əmək  qanunvericiliyinə  riayət olunmasına nəzarətin təmin edilməsi;
  • əmək şəraiti və əməyin ödənilməsi baxımından müasir tələblərə cavabverən iş yerlərinin yaradılması və mövcud iş yerlərinin səmərəliliyinin artırılması;
  • çevik iş rejimlərini tətbiq etməklə məşğulluğun artırılması;
  • ixtisara düşən işçi qüvvəsinin sosial müdafiəsinin təmin olunması;
  • daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi yolu ilə əmək bazarının inkişaf etdirilməsi;
  • miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması;
  • əmək miqrasiyası sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi;
  • peşə təhsilini əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırmaq məqsədilə bu sahədə yeni ixtisas və ixtisaslaşma təsnifatının hazırlanması;
  • işaxtaran və işsiz vətəndaşlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardım edilməsi;
  • peşə hazırlığı (yenidən hazırlıq), boş iş yerləri, eləcə də rayonlarda işçi qüvvəsi barədə konkret təkliflərə dair informasiyanın hər bir vətəndaş tərəfindən əldə edilməsi üçün əmək bazarının analitik-informasiya sisteminin yaradılması və tətbiq olunması;
  • işləyənlərin layiqli həyat səviyyəsini təmin etmək məqsədilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əmək haqqının mərhələli artımının həyata keçirilməsi;
  • məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədilə müşahidələrin keçirilməsi.

3.4. Təhsil siyasəti və əmək bazarı

Azərbaycanın beynəlxalq əmək bölgüsünə inteqrasiyası, dünya ölkələri arasında əməkdaşlıq meyillərinin güclənməsi, iqtisadiyyatın dinamik inkişafı, yeni istehsal sahələrinin meydana gəlməsi əmək bazarında yüksək təhsil səviyyəsinə malik işçi qüvvəsinə olan tələbatı artırır. Bu isə öz növbəsində yüksək tələblərə cavab verən çevik təhsil siyasətinin həyata keçirilməsini zəruri edir.

Təhsil sistemi ilə məşğulluğun əlaqəli inkişafı sahəsində aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:

  • əmək bazarında yaranmış vəziyyətin təhlili və dəqiq proqnozlaşdırma aparmaqla müxtəlif ixtisaslı kadrlara olan tələbatın müəyyənləşdirilməsi;
  • əmək bazarında rəqabət qabiliyyətli kadrların hazırlanması məqsədilə peşə təhsili sisteminin təkmilləşdirilməsi;
  • iş yerində təhsilin davam etdirilməsi, fasiləsiz peşə təhsili sisteminin daha da təkmilləşdirilməsi, mütərəqqi təhsil formalarının (məsafədən təhsil, modul tədrisi) tətbiqi;
  • təhsil sahəsində həyata keçirilən institusional dəyişikliklərin işəgötürənlərin işçi qüvvəsinin bacarıq və vərdişlərinə olan tələbatına uyğunlaşdırılması;
  • texniki peşə təhsili üçün müasir tələblərə cavab verən təhsil proqramlarının hazırlanması və ixtisas təsnifatının yeniləşdirilməsi;
  • orta təhsil sahəsində çalışan mütəxəssislər üçün ixtisasartırma və yenidən hazırlanma təhsilinin yeni modelinin tətbiqinin genişləndirilməsi;
  • insan amilinin inkişafına yönəldilmiş investisiyaların cəlb edilməsi üçün imkanların müəyyənləşdirilməsi.

3.5. Regional əmək bazarının inkişafı

Regional əmək bazarının inkişafı yaxın gələcəkdə yerli resurslar və digər amillər nəzərə alınmaqla "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və ərazi məşğulluq proqramları çərçivəsində həyata keçiriləcəkdir. Regionlarda sosial siyasətin başlıca məqsədini əhalinin mənəvi ehtiyaclarının daha dolğun ödənilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması təşkil edəcəkdir.

İnvestisiya qoyuluşu hesabına yeni iş yerlərinin yaradılması istiqamətində görülən tədbirlər, ilk növbədə, işsizliyin qarşısının alınmasına, işsiz qalmış vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və onlara ünvanlı yardımın göstərilməsinə yönəldiləcəkdir.

Ölkədə, xüsusilə regionlarda, qeyri-neft sektorunun sürətli inkişafı məqsədilə investisiyaların cəlb edilməsi, kənd təsərrüfatı və emal sənayesi məhsullarının istehsalının artırılması üçün lazımı tədbirlərin həyata keçirilməsi nəticəsində əhalinin məşğulluğu təmin olunacaq və həyat səviyyəsi yüksələcəkdir.

Əhalinin məşğulluğunu təmin etmək məqsədilə regionlar üzrə aşağıdakı istiqamətlərdə məşğulluq siyasətinin aparılması nəzərdə tutulur:

  • işsizliyin mənfi nəticələrinin aradan qaldırılmasına və işsizlərin sosial müdafiəsinə dair tədbirlərin həyata keçirilməsi;
  • müəssisə və təşkilatların kadr siyasəti sahəsindəki işinin müvafiq məşğulluq xidməti orqanları ilə birgə aparılmasının təkmilləşdirilməsi;
  • ərazi sosial-iqtisadi inkişaf və məşğulluq proqramlarının hazırlanıb həyata keçirilməsi;
  • qeyri-neft sektorunda, xüsusilə aqrar, toxuculuq, emal müəssisələri və xidmət sahələrinin inkişafı hesabına yeni iş yerlərinin yaradılması;
  • kəndli (fermer), ailə-kəndli təsərrüfatlarının, kooperativlərin, kiçik müəssisələrin inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə regionlarda maliyyə infrastrukturunun yaradılması;
  • bölgələr üzrə aqroservis xidmətlərinin yaradılması və onların müasir texnika və texnologiya ilə təmin edilməsi;
  • toxumçuluq bazasının inkişaf etdirilməsi;
  • kənd yerlərində sosial və kommunal infrastrukturun inkişaf etdirilməsi yolu ilə əhalinin, xüsusən də gənclərin miqrasiya səviyyəsinin azaldılması;
  • fermerlərin sahibkarlıq fəaliyyətinin sığortalanması və sığorta bazarı seqmentinin genişləndirilməsi;
  • kənd təsərrüfatı məhsullarının satışı üzrə marketinq şəbəkəsinin yaradılması.

3.6. İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi

İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə yerli məşğulluq xidməti orqanlarının əsas vəzifələri bilavasitə işəgötürənlərlə əlaqələrin yaradılmasına, boş iş yerləri (vakansiyalar) haqqında məlumatların tam və dolğun toplanmasına, işaxtaranlara münasib işin seçilməsi müddətinin azaldılmasına, işsizlik dövrünün qısaldılmasına yönəldiləcəkdir.

İşçi qüvvəsinə olan tələb və təklifin tarazlaşdırılması, işaxtaran və işsizlərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə aşağıdakılar həyata keçiriləcəkdir:

  • sosial yardım sistemində ünvanlığın gücləndirilməsi və onun minimum yaşayış standartları ilə əlaqələndirilməsi;
  • sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin yaradılması;
  • işdən çıxarılma ehtimalı qarşısında olan işçilərin peşə təhsilinin qabaqcadan təşkil edilməsi;
  • boş iş yerləri (vakansiyalar) haqqında vahid informasiya bazasının yaradılması;
  • işsizlər üçün yeni məsləhət xidmətlərinin və əmək birjalarının, regionlarda peşə hazırlığı üzrə mərkəzlərin yaradılması;
  • işçilərlə əmək münasibətlərini rəsmiləşdirməyən işəgötürənlərin qeyri leqal fəaliyyətlərinin aşkarlanması və belə hallara qarşı mübarizənin gücləndirilməsi;
  • işsizlik müavinətinin minimum məbləğinin artırılması və onun mərhələlərlə minimum yaşayış standartlarına çatdırılması;
  • uzun müddət işə düzəldilməsi mümkün olmayan işsizlər arasında yoxsul şəxslərin müəyyənləşdirilməsi və onlara ünvanlı sosial yardımın göstərilməsi.

3.7. Sosial cəhətdən həssas qrupların məşğulluğunun inkişafı

Gənclərin və yeniyetmələrin məşğulluğuna kömək

Gənclərin məşğulluq probleminin həlli sahəsində əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • peşə təlimi keçmiş gənclərin daimi işlə təmin edilməsinə tədricən nail olunması;
  • sərbəstləşdirmə təhlükəsi ilə üzləşə biləcək gənclərin işdən azad edilməsindən əvvəl əmək bazarında tələbat olan peşə və ya ixtisas üzrə yenidən hazırlıq keçməsinin təmin edilməsi;
  • gənclərin işlə təmin olunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsi və işəgötürənlər tərəfindən bu tələbin yerinə yetirilməsinə həvəsləndirmə mexanizmlərinin gücləndirilməsi;
  • ordudan tərxis olunan gənclərin məşğulluğunun təmin edilməsi, peşə hazırlığı və yenidən hazırlıq işinin gücləndirilməsi, onlara sahibkarlıq fəaliyyətinin təşkili sahəsində metodiki və əməli kömək göstərilməsi, xüsusi təlimlərin təşkil edilməsi;
  • yeniyetmələrin, gənclərin mövsümi və ictimai işlərə cəlb olunmasına əlverişli şərait yaradılması;
  • xalq yaradıcılığı və qədim sənət növlərinin bərpası və inkişaf etdirilməsi, bu işlərə gənclərin cəlb edilməsi;
  • turizm sahəsində işləmək üçün gənc mütəxəssislərin hazırlanması, peşə və ixtisas səviyyələrinin artırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
  • gənclərin işsizlik problemləri ilə bağlı sosioloji tədqiqat işlərinin aparılması;
  • rayon və şəhərlərdə gənc sahibkarlara, fermerlərə və işsiz gənclərə dəstək üçün biznes mərkəzləri şəbəkəsinin yaradılması;
  • gənclərin iqtisadiyyatın ayrı-ayrı sahələrində səmərəli və yeni texnologiyalar əsasında hazırlanmış proqramların icrasına cəlb edilməsi;
  • gənclərin şəhərə axınının qarşısını almaq məqsədilə sərhədyanı və dağ rayonlarında yeni iş yerlərinin yaradılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onlara məsləhət xidmətlərinin göstərilməsi.

Qadınların məşğulluğuna kömək

Qadınlara məşğulluq sahəsində kömək edilməsinə xüsusi diqqət tələb olunur və bu sahədə aşağıdakılar həyata keçiriləcəkdir:

  • sosial infrastruktur yönümlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm və istirahət zonalarının yaradılması hesabına qadınların məşğulluğunun artırılması;
  • özünü məşğulluğun inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək çevik proqramlar çərçivəsində işsiz qadınlar üçün peşə hazırlığı kurslarının təşkili;
  • kiçik sahibkarlığın inkişafında gender bərabərliyinin təmin edilməsi;
  • qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə onlara zəruri köməyin göstərilməsi;
  • qadınlar üçün əlavə iş yerləri yaratmaq məqsədilə çevik məşğulluq formalarının (natamam iş günü və iş həftəsi, dəyişkən iş qrafiki, evdə iş və s.) geniş tətbiqi;
  • uşaqlı qadınlar üçün qanunvericiliklə müəyyən edilmiş qaydada iş yerlərinin müəyyənləşdirilməsinin iqtisadi cəhətdən stimullaşdırılması.

Qaçqınların və məcburi köçkünlərin məşğulluğunun gücləndirilməsi

Qaçqın və məcburi köçkün əhalinin məşğulluğunun gücləndirilməsi sahəsində fəaliyyət aşağıdakı istiqamətlərdə həyata keçiriləcəkdir:

  • məcburi köçkünlərin yığcam yaşadıqları və müvəqqəti məskunlaşdıqları ərazilərdə, eləcə də yeni salınmış qəsəbələrdə yeni iş yerlərinin yaradılması;
  • qaçqınları və məcburi köçkünləri işlə təmin etmək məqsədilə onlar üçün işəgötürənlər tərəfındən iş yerlərinin müəyyənləşdirilməsinin həvəsləndirmə mexanizmlərinin işlənilməsi və tətbiq olunması;
  • məcburi köçkünlərin kiçik bizneslə məşğul olmaları üçün kompleks tədbirlərin həyata keçirilməsi;

-    məcburi köçkünlərin informasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə bu əhali kontingentinin məskunlaşdığı ərazilərdə internet şəbəkələrinin yaradılması.

Əlillərə kömək

Dövlətin bu istiqamətdə apardığı siyasətin əsas məqsədi əlillərin potensial imkanlarından tam istifadəsinə lazımi şərait yaratmaqdır. Bu məqsədlə aşağıdakılar həyata keçiriləcəkdir:

  • sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri, o cümlədən əlilləri işlə təmin etmək məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsi və bu kvotaların yerinə yetirilməsində işəgötürənlərin həvəsləndirilməsi;
  • sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, o cümlədən əlillərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə qəbul etməkdən imtina edən müəssisə, idarə və təşkilatlara qanunvericilikdə nəzərdə tutulan inzibati məsuliyyət növlərinin tətbiq edilməsi;
  • "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlillər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi.

Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğuna kömək

Məhkumluğu başa çatmış və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğuna kömək məqsədilə aşağıdakı istiqamətlərdə iş aparılacaqdır:

  • cəzaçəkmə müəssisələrindən azad ediləcək şəxslərin peşə təhsili sistemini əmək bazarında işçi qüvvəsinə olan tələbata uyğun təşkil etmək məqsədilə cəzaçəkmə müəssisəsinin və müvafiq məşğulluq xidməti orqanlarının bu sahədə birgə işinin təşkili mexanizminin və müvafiq informasiya sisteminin yaradılması;
  • cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin yeni peşə-əmək vərdişlərinə yiyələnməsi, onların işlə təmin edilməsi sahəsində, o cümlədən qanunvericiliklə müəyyən edilmiş qaydada kvota üzrə iş yerləri müəyyən etmək yolu ilə əməli işlər görülməsi.

3.8. Məşğulluq siyasəti və sosial tərəfdaşlıq prinsipləri

Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək bazarının tələbi ilə işçi qüvvəsi təklifi arasındakı əlaqələrin gücləndirilməsi üçün cəmiyyətdə sosial əməkdaşlıq prinsiplərinin bərqərar olunması xüsusi əhəmiyyətə malikdir. Son illər əhalinin məşğulluğu sahəsində sosial tərəfdaşlığı həyata keçirmək üçün zəruri qanunvericilik bazası yaradılmışdır. 1999-cu il iyulun 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsində "Kollektiv müqavilə və saziş" adlı xüsusi bölmə ayrılmış, 2001-ci il avqust ayından qüvvəyə minmiş "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda bu sahədə sosial tərəfdaşlıq münasibətləri, "Həmkarlar ittifaqları haqqında"

Azərbaycan Respublikasının Qanununda isə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir.

Ölkədə sosial tərəfdaşların məşğulluq problemlərinin həllinə təsirini gücləndirmək məqsədilə:

  • sahə səviyyəsində kollektiv sazişlər və müəssisə səviyyəsində kollektiv müqavilələr bağlanması işinin gücləndirilməsi;
  • kollektiv saziş və müqavilələrdə məşğulluğun təmin olunması, kadrların hazırlanması və işçilərin sosial müdafiəsi məsələlərinin əks etdirilməsi;
  • yeni iş yerlərinin açılması prosesinin sosial tərəfdaşlıq prinsipi əsasında həyata keçirilməsi;
  • qanunvericilikdə nəzərdə tutulmuş qarşılıqlı təsir mexanizminin daha da fəallaşdırılması nəzərdə tutulur.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1134 dəfə oxunub




Flag Counter






» 17/9/2014- “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqə

» 16/9/2014- Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi

» 08/9/2014- Tovuz Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilmişdir.

» 30/08/2014- "İstedadlı Əlillər" İctimai birliyi əlilliyi olan şəxslərin əl işlərindən ibarət əsərlərin növbəti sərgisini təşkil etdi.

» 21/8/2014- "Istedadlı Əlillər" ictimai biriliyi tərəfindən Xırdalan şəhərində yerləşən AAAF-PARK istirahət mərkəzində açıq havada dəyirmi masa təşkil olunmuşdur.

» 18/8/2014- "MƏNİM HƏDƏFİM" adlı kitabım çapdan çıxdı.

» 4/8/2014- Əlil Təşkilatları İttifaqının işğalçı Ermənistanın son günlər Azərbaycan Ordusuna basqın etməsi ilə bağlı BƏYANATI

» 30/07/2014- “İstedalı Əlillər” ictimai birliyi Abşeron filialının təşkilatıçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən Ibarət sərgi təşkil olunub.

» 12/7/2014- Masallı şəhərində dəyirmi masa keçirilmişdir.

» 11/7/2014- Əlil Təşkilatları İttifaqı (ƏTİ) Biləsuvar şəhərində regional konfrans keçirilmişdir.

» 8/7/2014- “İstedadlı Əlillər” ictimai birliyi dəyirmi masa keçirtdi.

» 30/6/2014- Sumqayıt şəhərində əlilliyi olan insanların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.

» 21/6/2014- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 16/6/2014- Bərdə rayonunda 36 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

» 16/6/2014- 26 nəfər əlilliyi olan şəxs Yunanistana göndərildi.

» 11/6/2014- Azay Quliyev MQF-ni təbrik etdi

» 12/6/2014- Əlilliyi olan şəxslərin əlil arabaları ilə təmin edilməsinə həsr edilmiş tədbir.

» 26/5/2014- “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri keçirilir

» 22/5/2014- BMT-nin tövsiyələri müzakirə olunub

» 19/5/2014- Əlil Qadınlar cəmiyyətinin Gəncə şəhərində “Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kampaniyalar” layihəsi