09 Dekabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22. İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanunu, 1999-cu il


İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və (və ya) toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.

I fəsil
Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

insan orqan və (və ya) toxumalarının transplantasiyası (bundan sonra - transplantasiyaya) - insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsi;

insan orqan və (və ya) toxumaları - şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi;

donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs;

resipiyent - müalicə məqsədi ilə orqan və (və ya) toxumalar köçürülən şəxs.

Maddə 2. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı

Ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri , sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Bu Qanun reproduksiya vəzifələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Maddə 3. Transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Qanunun müddəalarından fərqli müddəalar müəyyən olunarsa, həmin dövlətlərarası müqavilələr tətbiq edilir.

Maddə 4. Transplantasiyanın qaydaları və şərtləri

Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.

Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 5. Donor həddinin müəyyən edilməsi

Digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda, resipiyentə donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir.

Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır.

Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi qadağandır.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yolverilməzdir.

Donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.

Hər hansı şəxsi orqan və (və ya) toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 6. Orqan və (və ya) toxumaların götürülməsini, hazırlanmasını (konservasiyasını) və saxlanmasını həyata keçirən tibb müəssisələri

Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində aparılır.

Transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların köçürülməsi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır.

Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Transplantasiya barədə tibbi qərar

Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və lazım gələrsə, digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir.

Maddə 8. Transplantasiyaya resipiyentin razılığı

Transplantasiya yalnız resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı gözlənilən ağırlaşmalar haqqında ona məlumat verilir.

Resipiyent 18 yaşına çatmamışsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.

Resipiyentin həyatı təhlükədə olarsa, istisna hal kimi onun özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya bilər.

II fəsil
Transplantasİya məqsədİ İlə meyİtdən orqan və (və ya) toxumaların götürülməsİ

Maddə 9. Transplantasiya məqsədi ilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi

Şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər.

Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir.

Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

Maddə 10. Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi

Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkim konsiliumu tərəfindən bioloji ölümün baş verilməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümünün") təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər.

Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Maddə 11. Meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilməsi

Meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə bu Qanunun 9-cu və 10-cu maddələrinin tələbləri əsasında tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir.

Meyitin məhkəmə-tibb ekspertizası zəruridirsə, məhkəmə-tibb eksperti orqan və (və ya) toxumaların götürülməsinə icazə verməyə bilər.

III fəsil
Transplantasİya məqsədİ İlə donordan orqan və (və ya) toxumaların götürülməsİ

Maddə 12. Donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri

Donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;

donor kənar təsirlər olmadan orqan və (və ya) toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir;

donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır;

orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə genetik uyarlığı müəyyən olunmalıdır (sümük iliyindən başqa).

Maddə 13. Donorun hüquq və vəzifələri

Donorun hüquqları aşağıdakılardır:

orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyata bağlı gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq;

bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pulsuz müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq; [1]

donorluqla əlaqədar əlil və ya sağlamlıq imkanları məhdud olarsa, qanunvericiliyə uyğun olaraq pensiya almaq. [2]

Orqan və (və ya) toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Maddə 14. Donordan orqan və toxumaların götürülməsinə məhdudiyyət

Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozğunluqlar yaranmasın.

IV fəsil
Tİbb müəssİsələrİnİn və tİbb İşçİlərİnİn məsulİyyətİ

Maddə 15. Donor və resipiyent haqqında məlumatların yayılmasına görə məsuliyyət

Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağandır.

Bu məlumatları yayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 16. Transplantasiyanın reklamı

Transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir.

Maddə 17. İnsan orqan və (və ya) toxumalarının alqı-satqısının yolverilməzliyi

İnsan orqan və (və ya) toxumaları alqı-satqı obyekti ola bilməz. Onların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qanunun bu müddəaları toxuma komponentlərindən hazırlanmış köçürmə materiallarına və preparatlara şamil edilmir.

Maddə 18. Tibb müəssisələrinin məsuliyyəti

Transplantasiya zamanı orqan və (və ya) toxumaların götürülməsi hazırlanması (konservasiyası) və saxlanması qaydaları pozularsa və bununla əlaqədar donorun və resipiyentin sağlamlığına zərər vurularsa, müvafiq tibb müəssisəsi qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
 

Bakı şəhəri, 28 oktyabr 1999-cu il
№ 726-IQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)
  2. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 13-cü maddənin üçüncü abzasında "pulsuz" sözü çıxarılmış və "müəssisələrində" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.

 

[2] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 13-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında “əlil” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud” sözləri əlavə edilmişdir.

  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2015 dəfə oxunub




Flag Counter






» 3/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub

» 3/12/2019- “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”

» 2/12/2019- Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir

» 2/12/2019- Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 2/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri müəyyən olunub

» 30/11/2019- Prezident Administrasiyasında QHT ilə iş və kommunikasiya şöbəsi yaradılıb

» 30/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı

» 29/11/2019- Pensiya məsələləri ilə bağlı son günlər sosial şəbəkələrdə səslənən əsassız ittihamlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabı

» 29/11/2019- BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olmuşdur.

» 28/11/2019- “Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün surdotərcümə versiyası

» 22/11/2019- Əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 22/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi

» 20/11/2019- Şura 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edir

» 20/11/2019- 20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir

» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu