13 Dekabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30. Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu, 2000-ci il


Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 

Bu Qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması və sanitariya-epidemioloji salamatlığının təmin edilməsi məqsədi ilə yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində həyata keçirilən dövlət siyasətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

I fəsil
Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar  aşağıdakı mənaları ifadə edir:

yoluxucu xəstəliklərin immunoprofilaktikası (bundan sonra - immunoprofilaktika) - profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsi;

profilaktik peyvəndlər - yoluxucu xəstəliklərə qarşı spesifik immunitetin yaradılması üçün insan orqanizminə tibb immunobioloji preparatların yeridilməsi;

tibbi immunobioloji preparatlar - yoluxucu xəstəliklərin inkişafının və yayılmasının qarşısının alınması üçün tətbiq edilən vaksinlər, immunoqlobulinlər və digər preparatlar;

postvaksinal fəsadlar - profilaktik peyvəndlər nəticəsində sağlamlığın müxtəlif dərəcədə pozulması;

profilaktik peyvəndlərin sertifikatı - profilaktik peyvəndlərin qeydiyyat sənədi.

Maddə 2. İmmunoprofilaktika haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

İmmunoprofilaktika haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Maddə 3. İmmunoprofilaktika sahəsində dövlət siyasətinin əsas prinsipləri

İmmunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilmişdir.

İmmunoprofilaktika sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

bütün vətəndaşlar üçün profilaktik peyvəndlərin zəruriliyi;

dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərin əhaliyə pulsuz aparılması;

məqsədli dövlət proqramlarının və regional proqramların həyata keçirilməsi;

immunoprofilaktikanın aparılması üçün səmərəli tibbi immunobioloji preparatlardan istifadə olunması;

tibbi immunobioloji preparatların keyfiyyətinə, təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti;

yeni tibbi immunobioloji preparatların işlənib hazırlanması sahəsində aparılan elmi tədqiqatlara dövlət qayğısı, tibbi immunobioloji preparatların müasir tələblərə cavab verən istehsalının təmin edilməsi;

tibbi immunobioloji preparatların yerli istehsalçılarına dövlət qayğısı;

immunoprofilaktika sahəsində tibb işçilərinin hazırlanması;

postvaksinal fəsadlar baş verdikdə vətəndaşların sosial müdafiəsi;

statistik müşahidə sisteminin təkmilləşdirilməsi;

immunoprofilaktika sahəsində humanitar təşkilatların iştirakına şərait yaradılması;

beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

II fəsil
İmmunoprofİlaktİkanın təşkİlatİ əsasları və malİyyələşdİrİlməsİ

Maddə 4. İmmunoprofilaktikanın təşkilati əsasları

İmmunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edir.

Azərbaycan Respublikasının silahlı qüvvələrində, qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə immunoprofilaktikanın həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən təmin edilir.

Maddə 5. Epidemik göstərişlərə görə profilaktik peyvəndlər

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır.

Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 6. Profilaktik peyvəndlər üçün tələblər

Profilaktik peyvəndlər dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüququ və fiziki şəxslər tərəfindən aparılır.

Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır.

Profilaktik peyvəndlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi-sanitariya qaydalarına və tələblərinə əməl etməklə tibbi əks göstərişləri olmayan vətəndaşlara aparılır.

Profilaktik peyvəndlərin aparılmasına tibbi əks göstərişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Profilaktik peyvəndlərin aparılmaması:

beynəlxalq tibb-sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişin dayandırılması və ya məhdudlaşdırılması;

kütləvi yoluxucu xəstəliklər baş verdikdə və ya epidemiya təhlükəsi olduqda qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil və sağlamlıq müəssisələrinə şəxslərin qəbul edilməsinin müvəqqəti dayandırılması ilə nəticələnir.

Yoluxucu xəstəliklərin baş verməsinin yüksək riski ilə əlaqədar və profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 7. Profilaktik peyvəndlərin təqvimi

Profilaktik peyvəndlərin təqvimi (bundan sonra - təqvim) - vətəndaşlara profilaktik peyvəndlərin aparılması qaydasını, müddətlərini, peyvənd aparılması zəruri olan xəstəliklərin siyahısını müəyyən edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan sənəddir.

Təqvimə daxil edilmiş profilaktik peyvəndlər müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə aparılır.

Maddə 8. Tibbi immunobioloji preparatlar üçün tələblər

İmmunoprofilaktika üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçən və sertifikatlandırılan tibbi immunobioloji preparatlardan istifadə olunur.

Tibbi immunobioloji preparatların buraxılışı həkim resepti əsasında ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir.

Maddə 9. Tibbi immunobioloji preparatların saxlanılması və daşınması

Tibbi immunobioloji preparatların saxlanılması və daşınması sanitariya qaydalarına əməl olunmaqla həyata keçirilir.

Maddə 10. Tibbi immunobioloji preparatlara dövlət nəzarəti

Tibbi immunobioloji preparatların keyfiyyətinə, təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 11. İmmunoprofilaktikanın maliyyələşdirilməsi

İmmunoprofilaktikanın maliyyələşdirilməsi dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Maddə 12. Tibbi immunobioloji preparatlarla təchizat

Təqvimə daxil edilən və epidemik göstərişlərə görə müəyyən edilən tibbi immunobioloji preparatlarla tibb müəssisələrinin təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 13. İmmunoprofilaktika sahəsində dövlət statistika müşahidəsi

Profilaktik peyvəndlər, postvaksinal fəsadlar, epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina halları haqqında məlumatlar tibbi sənədlərdə qeyd olunur və onların dövlət statistik uçotu aparılır.

Profilaktik peyvəndlərin, postvaksinal fəsadların qeydiyyatı qaydaları, epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtinanın əsaslandırılması, habelə tibbi sənədlərin və profilaktik peyvəndlərin sertifikatlarının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Profilaktik peyvəndlərin nəticəsinin keyfiyyətli olması üçün mütləq və müvəqqəti əks göstərişlər nəzərə alınmalıdır. Müvəqqəti əks göstərişlər nəticəsində peyvənddən kənarlaşdırılmış şəxslər nəzarət altında saxlanılmalı, mümkün olduqda, onlara profilaktik peyvəndlər aparılmalıdır.

III fəsil
İmmunoprofİlaktİka sahəsİndə vətəndaşların hüquq və vəzİfələrİ

Maddə 14. İmmunoprofilaktika sahəsində vətəndaşların hüquq və vəzifələri

İmmunoprofilaktika sahəsində vətəndaşların:

profilaktik peyvəndlərin aparılmasının zəruriliyi, onlardan imtina edilməsinin nəticələri, mümkün postvaksinal fəsadlar haqqında tibb işçilərindən tam və obyektiv məlumat almaq;

mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrini və ya özəl tibb fəaliyyəti ilə məşğul şəxsləri seçmək;

dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərdən əvvəl büdcə vəsaitləri hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq;

real əks göstərişlər olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina etmək hüququ vardır.

İmmunoprofilaktika sahəsində vətəndaşların vəzifələri aşağıdakılardır:

tibb işçilərinin immunoprofilaktika ilə bağlı göstərişlərini yerinə yetirmək;

epidemik göstərişlərə görə aparılan və ya təqvimdə nəzərdə tutulan profilaktik peyvəndlərdən imtina etməsinin səbəbini yazılı şəkildə bildirmək.

Maddə 15. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi postvaksinal fəsadla əlaqədar olduqda vətəndaş, fasiləsiz iş stajından asılı olmayaraq, aldığı orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.

Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi, fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. [1]

Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısı və həmin müavinətin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IV fəsil
Yekun müddəaları

Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 17. Beynəlxalq əməkdaşlıq

İmmunoprofilaktika sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 14 aprel 2000-ci il
№ 857-IQ

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 15-ci maddəsinin üçüncü hissəsində “əlillik qrupu verilənədək” sözləri “sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək” sözləri ilə əvəz edilmişdir.

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2466 dəfə oxunub




Flag Counter






» 12/12/2019- Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunur

» 12/12/2019- Xəbərin Başlığı

» 10/12/2019- Müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdünün təyinatı elektronlaşdırıldı

» 10/12/2019- Ombudsman 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib

» 04/12/2019- Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu mövzusunda tədbir keçirilib

» 3/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub

» 3/12/2019- “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”

» 2/12/2019- Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir

» 2/12/2019- Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 2/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri müəyyən olunub

» 30/11/2019- Prezident Administrasiyasında QHT ilə iş və kommunikasiya şöbəsi yaradılıb

» 30/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı

» 29/11/2019- Pensiya məsələləri ilə bağlı son günlər sosial şəbəkələrdə səslənən əsassız ittihamlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabı

» 29/11/2019- BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olmuşdur.

» 28/11/2019- “Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün surdotərcümə versiyası

» 22/11/2019- Əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 22/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi

» 20/11/2019- Şura 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edir

» 20/11/2019- 20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir

» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib