| |
Əlilliyin
qarşısının alınması və əlillərin
reabilitasiyası üzrə 1999-2002-ci
illər üçün Dövlət Proqramının təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan Respublikasında bazar
iqtisadiyyatı şəraitində həyata
keçirilən islahatlarla yanaşı dövlət
qayğısına daha çox ehtiyacı olan
əlillərə tibbi yardım göstərilməsi,
onların sosial müdafiəsinin gücləndirilməsi
dövlət siyasətinin mühüm istiqamətlərindən
birini təşkil edir.
Azərbaycan Respublikasında əlilliyin
dinamikasına bir sıra amillər öz
təsirini göstərmişdir. Ermənistanın
Azərbaycana qarşı silahlı təcavüzü
nəticəsində minlərlə soydaşımız
işgəncələrlə qarşılaşmış və əlil
olmuşlar.
Bundan əlavə müəyyən xəstəliklər,
istehsalatda baş verən bədbəxt hadisələr
və sair amillər də əlilliyin vəziyyətinə
təsir etmişdir.
Son illərdə əlillərin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
ardıcıl və məqsədyönlü iş aparılaraq
onların tibbi, sosial və peşə reabilitasiyası,
məşğulluğunun təmin olunması, mənzil-məişət
problemlərinin həlli üçün bir sıra
tədbirlər həyata keçirilmişdir.
Əlillərin reabilitasiyasını, onların
cəmiyyətə inteqrasiyasını və digər
tədbirlərin kompleks şəkildə yerinə
yetirilməsini təmin etmək məqsədi
ilə Əlilliyin qarşısının alınması
və əlillərin reabilitasiyası üzrə
1999-2002-ci illər üçün Dövlət Proqramı
hazırlanmışdır.
Proqramda əlillərin tibbi, sosial,
məişət və digər problemlərinin həlli
sahəsində əməli tədbirlərin həyata
keçirilməsi məqsədilə onların reabilitasiyasının
elmi-metodiki və hüquqi təminatı,
tibbi-sosial ekspertiza xidmətinin
müasir tələblərə uyğun təşkili və
onun normativ-hüquqi bazasının təkmilləşdirilməsi,
ixtisaslı tibbi xidmət sistemi ilə
təmin olunması, əlilliyin profilaktikası,
əlillərə münasib əmək və mənzil-məişət
şəraitinin yaradılması, yeni iş
yerlərinin açılması üçün təşkilati
tədbirlərin görülməsi nəzərdə tutulur.
Göstərilənlərə əsasən və "Əlilliyin
qarşısının alınması, əlillərin reabilitasiyası
və sosial müdafiəsi haqqında"
Azərbaycan Respublikası Qanunundan
irəli gələn məsələlərin həlli məqsədi
ilə qərara alıram:
1. "Əlilliyin qarşısının alınması
və əlillərin reabilitasiyası üzrə
1999-2002-ci illər üçün Dövlət Proqramı"
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 14 may 1999-cu il
№ 155
|
|