BAŞ SƏHİFƏ
KONSTİTUTSİYA
QANUNLAR
FƏRMANLAR
SƏRƏNCAMLAR
QƏRARLAR
ÇIXARIŞLAR
BEYNƏLXALQ SƏNƏDLƏR
KİTABXANA
LİNKLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQDA

 

TƏQVİM

 

 
 
 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının ərazisində insanın immunçatışmazlığı xəstəliyinin (AİDS) yayılmasının qarşısının alınması məqsədi ilə AİDS-lə mübarizə və onun profilaktikası üzrə Azərbaycan Respublikasının Komissiyası tərəfindən hazırlanmış "İnsanın immunçatışmazlığı xəstəliyinin (AİDS) yayılmasının qarşısının alınmasına dair Milli Strateji Plan" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 sentyabr 2002-ci il
№ 205s


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 25 sentyabr tarixli, 205 s nömrəli sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasında insanın immunçatışmazlığı xəstəliyinin (AİDS)* yayılmasının qarşısının alınmasına dair
MİLLİ STRATEJİ PLAN
(AİDS-lə Mübarizə üzrə Milli Mərkəz tərəfindən tərtib edilib,
DST və UNAİDS-in ekspertləri ilə razılaşdırılmışdır)
GİRİŞ
BMT Baş Assambleyasının 26-cı Xüsusi Sessiyasında qəbul olunmuş S-26/2 nömrəli "İİV/AİDS-lə mübarizə işində öhdəliklər" Deklarasiyasında qeyd olunduğu kimi qlobal AİDS epidemiyası fəlakətli həddə çatmışdır. Bu epidemiya yer kürəsində fövqəladə vəziyyət yaradaraq yüz milyonlarla insanın həyatını təhlükə altına alır. Bu bəla bütün ölkələrin, millətlərin, icmaların, ailələrin və hər bir insanın həyat və fəaliyyətinə təsir göstərir.
1996-cı il aprelin 16-da "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir, 1996-cı il sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yuxarıda göstərilən Qanunun tətbiq edilməsi barədə 424 nömrəli Sərəncam imzalamışdır. Bu Sərəncam AİDS-lə mübarizə xidmətinin maddi-texniki bazasının gücləndirilməsini, Milli Proqramın qəbul olunmasını, həmçinin İİV-ə yoluxmuş insanlara sosial yardım göstərilməsini, onların müalicə yerlərinə pulsuz gedişinin və qayıdışının təmin olunmasını nəzərdə tutur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 210 s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində İİV/AİDS-in yayılmasının qarşısının alınması üzrə Milli Proqram təsdiq olunmuşdur.
2002-ci il mayın 30-da Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan Hökumət Başçılarının Şurasında Birləşmiş Millətlər Təşkilatının "Qlobal böhran-qlobal tədbirlər" Bəyannaməsi qəbul olunmuş, Azərbaycan Respublikası tərəfindən "İİV/AİDS epidemiyası əleyhinə tədbirlər proqramı" imzalanmışdır.
Təşkilati-metodiki, müalicə-profilaktiki, əlaqələndirici və İİV-ə nəzarət funksiyalarını həyata keçirmək məqsədi ilə 1992-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən AİDS-lə Mübarizə üzrə Milli Mərkəz (bundan sonra - AİDS MMM) və onun yerlərdə 12 regional şöbəsi yaradılmışdır.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən İİV-in aşkar olunması, qeydiyyata alınması, onun üzərində epidemioloji nəzarətin tətbiq edilməsi, donor qanının təhlükəsizliyinin təmin olunması, müalicə-profilaktika müəssisələrində profilaktiki tədbirlərin keçirilməsi, həmçinin respublika əhalisinin məlumatlandırılmasının artırılmasına dair xeyli işlər görülmüşdür. 1997-ci ildə qəbul edilmiş Milli Proqramın əsas müddəaları Səhiyyə Nazirliyi tərəfindən öz imkanları daxilində həyata keçirilmişdir. Buna baxmayaraq, ötən müddət ərzində respublikada epidemioloji vəziyyət kəskin dəyişmişdir.
Səhiyyə Nazirliyi və AİDS-lə MMM tərəfindən aparılan böyük, məqsədyönlü və kompleks işlər nəticəsində 2002-ci il 1 avqust tarixinə aşkar olunmuş İİV-ə yoluxanların sayı 437-ni keçmişdir, onların 22-si xarici ölkə vətəndaşıdır. Təxmini hesablamalara görə İİV-ə yoluxanların həqiqi sayı rəsmi qeydiyyatda göstərilənlərdən ən azı 10 dəfə çoxdur.
İİV-lə infeksiyalaşmış respublika vətəndaşlarının 33-ü ölmüş, 32 nəfəri isə xəstəliyin terminal mərhələsinə keçmişdir.
Hazırda İİV infeksiyası Respublikanın 41 inzibati ərazisini əhatə edir. Respublikanın bir sıra şəhərlərində, rayonlarında və digər yaşayış məntəqələrində İİV-in epidemik mənbələri formalaşmışdır. Bunlara Bakı (Balaxanı, Bülbülə, Kürdəxanı qəsəbələri və Yasamal rayonu), Lənkəran, Sumqayıt, Kürdəmir, Masallı və s. şəhərlər aid edilir (İİV-in epidemik mənbələrinin xəritəsi əlavə olunur).
Yoluxma yollarına görə:
İİV-lə infeksiyalaşmış respublika vətəndaşlarının 47,6 faizi bədənə narkotik maddələrin yeridilməsi, 27,7 faizi heteroseksual, 0,8 faizi homoseksual əlaqələr nəticəsində yoluxmuşdur. Yoluxanların 1,2 faizi uşaqlardır və onların cift yolu ilə yoluxması müəyyənləşdirilmişdir. 1 nəfər (0,2 faiz) donor qanının köçürülməsi nəticəsində yoluxmuşdur. Yoluxanların 22,5 faizinin İİV-ə yoluxma yolunu müəyyən etmək mümkün olmamışdır.
İİV-ə yoluxan Respublika vətəndaşlarının 78,7 faizi 19-40 yaşadək şəxslərdir.
Respublikada 5 ailədə ata-ana-uşaq, 14 ailədə ər-arvad, 75 ailədə ər, 6 ailədə isə arvad İİV-ə yoluxmuşdur.
Milli Mübarizə Mərkəzi tərəfindən aparılan tədqiqatlar göstərir ki, respublikada İİV-in yayılmasında miqrantlar, məcburi köçkünlər və qaçqınlar xüsusi rol oynayırlar. Belə ki, İİV-lə infeksiyalaşmış 437 respublika vətəndaşının 45 faizi Azərbaycandan kənarda yoluxub, respublikaya qayıtdıqdan sonra bu infeksiyanı həyat yoldaşı və uşaqlarına ötürənlərdir (İİV-in Azərbaycana gətirilməsi və yayılmasını əks etdirən real sxem əlavə olunur).
Respublikanın Səhiyyə Nazirliyi son 5 ildə İİV/AİDS-in profilaktikasına dair 6 əmr və 7 metodiki göstəriş vermişdir. Hazırda AİDS-lə MMM İİV-in aşkar edilməsi və təsdiq edilməsi üçün lazımi avadanlıq və səmərəli iş sahələri ilə təmin edilmişdir. Mərkəz tərəfindən 4 metodiki göstəriş və AİDS-in tibbi, sosial, siyasi, iqtisadi, mənəvi-psixoloji aspektlərinə həsr edilmiş, bir çox beynəlxalq təşkilatlar və xarici ölkə alimləri tərəfindən müsbət rəy almış monoqrafiya nəşr edilib əksər tibb müəssisələrinə, tibbi təhsil ocaqlarına və kitabxanalara pulsuz paylanmışdır.
Bir milyon qaçqın və məcburi köçkünlərin on ildən çox dövlət büdcəsi hesabına saxlanması ilə bağlı böyük sosial-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan dövləti İİV/AİDS-li xəstələrə imkan dairəsində sosial yardım göstərir. Ehtiyacı olan İİV/AİDS-li insanlara onların razılığı ilə maliyyə yardımı və pulsuz tibbi yardım imkanı yaradan əlillik qrupları verilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamı ilə 1999-cu ildən respublikanın bütün ibtidai, orta və ali təhsil müəssisələrində Milli Mərkəz tərəfindən keçirilən AİDS-lə mübarizə dekadası dövründə hər bir sinifdə və qrupda "Özünü AİDS-dən xilas et!" mövzusunda xüsusi məşğələlər keçirilir, lakin təhlükəsiz seksual davranış və narkotiklərin ziyanı barədə belə proqramlar geniş tətbiq olunmur.
Orta hesabla hər il Mərkəz tərəfindən mətbuatda İİV/AİDS problemlərinə həsr olunmuş 400-ə yaxın müsahibə, məqalə və s. dərc edilir. Bütün bunlara baxmayaraq, əhalinin müxtəlif qrup və təbəqələri arasında keçirilən anonim sorğular əhalinin, xüsusən də kənd əhalisinin İİV/AİDS haqqında yetərincə məlumatının olmamasını göstərir.
Dövlət və qeyri-hökumət təşkilatları tərəfindən keçirilən tədbirlər əlaqələndirilmir. Tədbirlərin dövlət səviyyəsində əlaqələndirilməməsi və sektorlararası əlaqələrin zəifliyi ixtisaslaşdırılmış xidmətlərin fəaliyyətinə mənfi təsir göstərir və Azərbaycanda İİV infeksiyasının sürətlə yayılmasına zəmin yaradır.
Milli Strateji Planın əsas məqsədi 1997-ci ildə qəbul olunmuş Milli Planda nəzərdə tutulmamış problemlərin təcili və adekvat tədbirlər, çoxsektorlu, kompleks və müasir yanaşmalar vasitəsi ilə İİV infeksiyasının yayılmasının qarşısını almaqdan ibarətdir.
Milli Strateji Planın əsas vəzifələri:
1)İİV/AİDS-in yayılmasının qarşısının alınması sahəsində milli siyasətin müəyyənləşdirilməsi və işlənməsi, o cümlədən İİV-ə yoluxma yolları və ondan qorunma üsulları barədə əhaliyə tam və dolğun məlumatların verilməsinə dövlət təminatı;
2) qan və onun komponentlərinin köçürülməsinin, tibbi müdaxilələrin və xidmətlərin təhlükəsizliyinin təmin olunması;
3)gənclər arasında İİV/AİDS-in yayılmasının qarşısının alınması;
4)İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası;
5)iynəvuran narkomanlar arasında İİV/AİDS-in yayılmasının qarşısının alınması və onlardan İİV infeksiyasının cinsi partnyorlara ötürülməsinin profilaktikası;
6)MDB miqyasında miqrantlar, məcburi köçkünlər və qaçqınlar arasında İİV/AİDS-in yayılmasının qarşısının alınması;
7)İİV/AİDS-in cinsi yolla yayılmasının qarşısının alınması;
8)İİV/AİDS-li insanlara və onların ailə üzvlərinə tibbi və sosial yardımın göstərilməsi;
9)İİV/AİDS üzərində tətbiq edilən epidemioloji müşahidə və dövlət nəzarəti metodlarının təkmilləşdirilməsi;
İİV/AİDS epidemiyasının yayılmasının qarşısının alınmasına dair Milli Strateji Planın (MSPİİV/AİDS) həyata keçirilməsi 2002-2006-cı illər ərzində nəzərdə tutulur.
Milli Strateji Plan İİV/AİDS-lə mübarizəyə dair multisektoral fəaliyyətin istiqamətləndirilməsinə yönəldilmişdir. Plan nazirliklər, idarələr, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların planlaşdırılmış tədbirlərin həyata keçirilməsinə tərəfdaş kimi cəlb edilməsini və əməkdaşlığını nəzərdə tutur.
Planda əlaqələndirici rolunu Milli Sektorlararası Əlaqələndirici Şura (MSƏ-ŞİİV/AİDS), ona rəhbərliyi isə Azərbaycan Respublikasının AİDS-lə mübarizə və onun profilaktikası üzrə Komissiyası (MPKAİDS) həyata keçirəcək (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 16 avqust tarixli, 164 nömrəli sərəncamı).
Milli Planın maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsi, həmçinin beynəlxalq və digər təşkilatların vəsaitləri hesabına həyata keçirilməsi nəzərdə tutulur.
İİV/AİDS profilaktikası sahəsində təxirəsalınmaz tədbirlər bu Plana əlavə olunmuş qrafikə əsasən 2002-2006-cı illərdə həyata keçiriləcəkdir.

MİLLİ STRATEJİ PLANIN ƏSAS İSTİQAMƏTLƏRİ
I. İİV/AİDS EPİDEMİYASININ YAYILMASININ QArŞISININ ALINMASI üZrƏ MİLLİ STrATEGİYA
Məqsəd. Azərbaycan Respublikasında İİV/AİDS epidemiyasının yayılma tempinin azaldılması.

STRATEGİYA I. İİV/AİDS-in və CYKİ-nin yayılmasının qarşısının alınması sahəsində milli siyasətin müəyyənləşdirilməsi və işlənməsi

Məqsəd. Dövlət səviyyəsində İİV/AİDS-ə və CYKİ-yə qarşı sektorlararası tədbirlərin formalaşdırılması.
Vəzifə 1. İİV/AİDS və CYKİ-nin profilaktikası üzrə tədbirlərin vahid idarəetmə sisteminin yaradılması.
Tədbirlər:
a) İİV/AİDS və CYKİ-nin Profilaktikası üzrə Sektorlararası Milli Şuranın yaradılması;
b)Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında İİV/AİDS və CYKİ-nin profilaktikası üzrə sektorlararası şuraların yaradılması;
c) respublikanın bütün inzibati ərazilərində İİV/AİDS-in profilaktikasına dair proqramların hazırlanması və onun həyata keçirilməsinə nəzarət;
ç) İİV/AİDS və CYKİ-nin profilaktikası üzrə cari fəaliyyətin əlaqələndirilməsini və nəzarəti İİV/AİDS və CYKİ-nin profilaktikası üzrə Sektorlararası Milli Şura həyata keçirir;
d)İİV/AİDS və CYKİ-nin profilaktikası üzrə Sektorlararası Milli Şura üzvlərinin və İİV/AİDS və CYKİ-nin profilaktikası və müalicəsi sahəsində çalışan mütəxəssislərin təlimi;
e) bu planın həyata keçirilməsinə cəmiyyətin, QHT-lərin, kütləvi informasiya vasitələrinin, İAYİ-lərin və digərlərinin cəlb olunması;
ə) İİV/AİDS sahəsində bütün profilli tibbi personalın attestasiyası.
Vəzifə 2. İİV/AİDS və CYKİ-nin profilaktikası sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsi.
Tədbirlər:
a)"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununa, nazirliklərin və idarələrin digər normativ sənədlərinə və əmrlərinə onların beynəlxalq hüquq normalarına uyğunlaşdırılması üçün dəyişikliklərin və əlavələrin edilməsi;
b) mətbuat, kütləvi informasiya vasitələri və reklam haqqında Azərbaycan Respublikasının qanunlarında, xüsusən də, İİV/AİDS-in profilaktikası üzrə pulsuz sosial reklamların yerləşdirilməsinə dair dəyişikliklər və əlavələrin edilməsi;
c) narkobiznes, qadın alveri və seks-turizmlə mübarizə üzrə tədbirlərin gücləndirilməsi üçün "Polis haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələrin edilməsi;
ç) hərbi qulluqçular arasında kompleks profilaktik tədbirlərin həyata keçirilməsinə imkan verən qanunvericilik aktlarının qəbul edilməsi (onların hüquqlarını və anonimliyini pozmadan), həmçinin cəmiyyət və CYKİ-nin penitensiar sistem arasında İİV infeksiyasına qarşı kəşfiyyatçı epidnəzarət üsulu ilə süzgəc mexanizminin həyata keçirilməsi;
d) nikah bağlamazdan əvvəl nikaha girən hər hansı bir tərəfin arzusu ilə vətəndaşın İİV, CYKX və irsi xəstəliklərlə əlaqədar müayinəsi barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklərin edilməsi;
e) azadlıqdan məhrum edilmiş İİV/AİDS-li xəstələrin vaxtından əvvəl azadlığa buraxılması və əfv olunması mexanizmi haqqında qanunvericilik aktlarına əlavələrin edilməsi.
Vəzifə 3. İİV/AİDS və CYKİ-nin profilaktikası sahəsində ixtisaslaşmış xidmətlərin inkişafı. Tədbirlər:
a) Milli Səhiyyə Monitorinq Sistemində İİV/AİDS-in, cinsi yolla keçən infeksiyaların (CYKİ) və narkomanlığın profilaktikası, diaqnostikası və müalicəsində vahid məlumat sisteminin yaradılması;
b) İİV/AİDS-in profilaktikası sahəsində sınaqdan keçirilmiş proqressiv texnologiyaların tətbiqi məsələləri üzrə mütəxəssislərin hazırlanması;
c) AİDS-lə milli mübarizə xidmətinin inkişafı və möhkəmlənməsi üçün maliyyə vəsaitinin ayrılması;
ç) əhali üçün İİV-ə gecə-gündüz anonim müayinə və məsləhətləşmə xidmətinin genişləndirilməsi;
d) İİV/AİDS və CYKİ-nin profilaktikası üzrə tibb kadrlarının planlı hazırlığı üçün AİDS-lə MMM tərəfindən təhsil proqramlarının işlənməsi.
Vəzifə 4. Bütün təhsil-tərbiyə ocaqlarında İİV/AİDS, CYKİ və narkomanlığın profilaktikası üzrə müvafiq təhsil proqramlarının həyata keçirilməsi.
Tədbirlər:
QHT-lərin "bərabər-bərabərə" prinsipinə uyğun İİV/AİDS, CYKİ və narkomanlığın profilaktikası üzrə müvafiq təhsil proqramlarının həyata keçirilməsinə cəlb olunması.

STRATEGİYA II. Qan və onun komponentlərinin köçürülməsinin, tibbi müdaxilələrin və xidmətlərin təhlükəsizliyinin təmin olunması

Məqsəd. Donor qanı və onun komponentlərinin köçürülməsi, tibbi müdaxilələr və xidmətlər zamanı İİV-in ötürülməsinin qarşısının alınması.
Vəzifə 1. Donor qanının və onun komponentlərinin keyfiyyəti üzərində etibarlı və ikiqat laboratoriya nəzarətinin təmin edilməsi.
Tədbirlər:
a) DST və UNAİDS-in tövsiyələrinə uyğunlaşdırmaq üçün qanın İİV-ə müayinəsi protokoluna yenidən baxılması;
b) DST və UNAİDS-in təqdimatları əsasında, beynəlxalq keyfiyyət sertifikatlarına cavab verən keyfiyyətli test sistemlərinin alınmasının təmin edilməsi;
c) müalicə-profilaktika müəssisələrinin birdəfəlik tibbi alətlər və ləvazimatlarla təmin edilməsi;
ç) DST və UNAİDS-in təqdimatları əsasında test sistemlərinin keyfiyyəti üzərində nəzarət sistemlərinin işlənməsi və tətbiq edilməsi;
d)tabeliyindən asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrində sanitar-gigiyenik qaydalara riayət olunmasına ciddi nəzarətin gücləndirilməsi;
e) sirkumsezio, qulaqdeşmə, iynəsancma və tatuirovka zamanı İİV-in ötürülməsinin təhlükəsizliyi;
ə) sağlam donorların seçilməsi üzrə qanköçürmə xidmətinin personalının təlimi;
f) İİV və PZR testlərini ƏDV və gəlir vergisindən azad etmək yolu ilə əhalinin bu müayinələrlə təmin edilməsi.

STRATEGİYA III. Yeniyetmələr və gənclər arasında İİV/AİDS-in yayılmasının qarşısının alınması

Məqsəd. Yeniyetmələr və gənclər arasında İİV/AİDS, CYKİ və narkomanlığın yayılma səviyyəsinin azaldılması.
Vəzifə 1. Yeniyetmələrin və gənclərin bilik səviyyəsinin artırılması.
Tədbirlər:
a) təhsil müəssisələrində İİV/AİDS, CYKİ və narkomanlığın profilaktikası üzrə tədris proqramının işlənilməsi və tətbiqi, lazımi metodiki, video və audio materiallann hazırlanması və yeniyetmələr və gənclər arasında pulsuz yayılması;
b) tədris metodologiyası üzrə pedaqoji kadrların hazırlanması;
c) aciz qruplar arasında (narkotikdən istifadə edənlər, seks-biznesə cəlb olunan insanlar, məhbuslar, küçə uşaqları), həmçinin güc strukturları kontingenti arasında "bərabər-bərabərə" və PİL prinsipləri üzrə məlumat-təhsil proqramlarının işlənməsi və tətbiqi;
hərbi qulluqçular və azadlıqdan məhrum edilmiş şəxslər üçün məlumat-təhsil proqramlarının işlənilməsi və tətbiqi;
ç) qeyri-mütəşəkkil (təhsil müəssisələrindən və işdən kənar olan) yeniyetmələrin və gənclərin problemlərinin həllinə yönəldilmiş, o cümlədən "Sağlam həyat tərzi" mövzusunda proqramların işlənilməsi və tətbiqi;
d) yeniyetmə və gənclər üçün məqsədyönlü məlumat-təhsil proqramlarının hazırlanması, təkmilləşdirilməsi və bu işdə beynəlxalq təcrübənin öyrənilməsi;
e) prezervativdən düzgün istifadə və onların keyfiyyətinin müəyyən edilməsinə dair gənclərin təlimi;
ə) gənclər və yeniyetmələr arasında davranışın öyrənilməsinə dair sosioloji tədqiqatların aparılması.

STRATEGİYA IV. İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası

Məqsəd. İİV infeksiyasının İİV-ə yoluxmuş anadan uşağa ötürülməsinin azaldılması.
Vəzifə 1. Hamilə qadınların İİV-ə, o cümlədən PZR-ə pulsuz müayinəsinin təmin edilməsi.
Tədbirlər:
a) antigen test üsulu ilə hamilə qadınlar arasında İİV-ə pulsuz müayinələrin aparılması;
b) hamilə qadınlarla İİV-ə müayinədən əvvəl və sonra məsləhətləşmələrin təşkili və bu məqsədlə tibbi personala müvafiq təlimlərin verilməsi;
c) reproduktiv yaş qrupuna daxil olan qadınlar arasında İİV haqqında bilik səviyyəsinin artırılması;
ç) bütün hamilə qadınların testdən qabaq və testdən sonra könüllü və konfidensial məsləhət xidməti ilə əhatə edilməsi;
d) virus yükünü müəyyənləşdirməklə könüllü seçim barədə reproduktiv proqnozun verilməsi.
Vəzifə 2. İİV-ə yoluxmuş hamilə qadınların və yeni doğulmuş körpələrin profilaktik müalicəsinin təşkili.
Tədbirlər:
a) İİV-in anadan uşağa ötürülməsinin profilaktikası üzrə, DST və UNAİDS-in tövsiyələri əsasında milli prinsiplərin işlənilməsi;
b) İİV-ə yoluxmuş hamilə qadınlarda doğuş taktikasının (keysəriyyə əməliyyatı üsulu ilə) seçilməsi ilə əlaqədar tövsiyələrin işlənməsi və tətbiqi;
c) İİV-ə yoluxmuş analardan doğulmuş körpələrin süni qida ilə pulsuz təminatı;
ç) İİV-ə yoluxmuş hamilə qadınların və yeni doğulmuş körpələrin profilaktik müalicə standartlarının işlənməsi və tətbiqi, tibbi personalın bu sahədə təcrübəsi olan ölkələrdə təcrübəsinin artırılması;
d) İİV-ə yoluxmuş hamilə qadınların və yeni doğulmuş körpələrin antiretrovirus profilaktik müalicəsinin tətbiqi və kompleksli müalicəsi üçün dərman preparatlarının əldə edilməsi;
e) CYKİ, o cümlədən müxtəlif opportunistik infeksiyaların müalicəsi və profilaktikası;
ə) uşağın ana südü ilə qidalandırılması və alternativ qidalanma metodlarına dair məsləhətlərin verilməsi;
f) İAYİ-nin ailələrinin pulsuz prezervativlərlə təmin edilməsi;
g) İAYİ-nin ailə planlaşdırılması, İİV/AİDS və CYKİ-nin profilaktikasına dair məlumatlarla təmin edilməsi (xüsusən də bir ailə üzvü yoluxan ailələrdə).

STRATEGİYA V. İynəvuran narkomanlar arasında İİV/AİDS-in yayılmasının qarşısının alınması və onlardan İİV infeksiyasının cinsi partnyorlara ötürülməsinin profilaktikası

Məqsəd. İynəvuran narkomanlar arasında İİV/AİDS-in yayılma sürətinin azaldılması.
Vəzifə 1. Narkotik vasitələri istifadə edənlər arasında ziyanın azaldılması proqramı əsasında İİV/AİDS və CYKİ-nin profilaktikası.
Tədbirlər:
a) əhalinin İİV-ə yoluxma risqinə məruz qalan aciz qruplarının məlumatlandırma səviyyəsinin artırılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması məqsədi ilə "bərabər-bərabərə" və "populyar ictimai lider" (PİL) prinsiplərindən istifadə edilməsi, qarşılıqlı yardım qruplarının yaradılması;
b) İİV/AİDS-in yayılma sürətinin azaldılması və narkotik maddələrdən qeyri-tibbi istifadə zamanı ziyanın azaldılması məqsədi ilə narkotiklərdən istifadə edənlərin lazımi vəsaitlərlə təmin edilməsi və məsləhətləşmələrin aparılması üçün stasionar və səyyar məntəqələrin yaradılması;
c) ilk növbədə İİV-ə yoluxmuş narkomanları əhatə edən birdəfəlik şprislərin dəyişdirilməsini nəzərdə tutan pilot (sınaq) proqramlarının işlənməsi və tətbiqi;
ç) narkotik maddələrdən istifadə edənlərə təlim vəsaitlərinin, dezinfektantların və prezervativlərin paylanılması;
d) narkotik maddələrdən istifadə edənlərin, prioritet olaraq İİV-ə yoluxanların ziyanın azaldılması üzrə proqramlara cəlb edilməsi;
e) iynəvuran narkomanlar arasında İİV-in yayılma səviyyəsini aşkar edən kəşfiyyatçı epidemioloji nəzarətin geniş tətbiqi;
ə) narkotik maddələrdən istifadə edənlərdən səhiyyə xidmətləri ilə əhatə olunması üçün (İİV-ə, CYKİ-ə müayinə, müalicə, əvəzedici terapiya və s.) məsləhətləşmə məntəqələrində şəraitin yaradılması;
f) əvəzedici terapiya üzrə proqrama daxil etmək üçün milli prinsiplərin işlənilməsi və göstərişlərin müəyyənləşdirilməsi;
g) narkotikdən istifadə edənlərin, prioritet olaraq İİV-ə yoluxanların əvəzedici terapiya ilə əhatə olunması;
ğ) penitensiar sistemində olan narkotik maddələrdən istifadə edənlərin ziyanın azaldılması proqramının vəzifələrinə cəlb olunmasının genişləndirilməsi;
h) iynəvuran narkomanlar arasında davranış tədqiqatlarının aparılması.
Vəzifə 2. Narkomanlığın ilkin və ikincili profilaktikası.
Tədbirlər:
a) kütləvi informasiya vasitələri ilə əhalinin narkomanlığın profiliaktikası məsələlərinə dair məlumatlandırılmasının gücləndirilməsi;
b) narkomanlığın profilaktikası məsələlərinin işlənilməsi və onların tədris proqramlarına daxil edilməsi, "bərabər-bərabərə" və "populyar ictimai lider" (PİL) prinsiplərinin tətbiqi;
c) narkomanların hüquqi, ictimai və təbii reabilitasiya sisteminin yaradılması.

STRATEGİYA VI. Miqrantlar, məcburi köçkünlər və qaçqınlar arasında İİV/AİDS-in prinsiplərinin yayılmasının qarşısının alınması

Məqsəd. Miqrantlar, məcburi köçkünlər və qaçqınlar arasında İİV/AİDS-in yayılmasının qarşısının alınması yolu ilə digər əhali təbəqələri arasında İİV infeksiyasının gətirilməsi və yayılmasının azaldılması.
Vəzifə 1. Miqrantlar, məcburi köçkünlər və qaçqınların İİV/AİDS haqqında məlumatlandırılması və mühafizəsi.
Tədbirlər:
a) yuxarıda göstərilən qrup arasında kompleks layihələrin həyata keçirilməsi və xüsusi təhsil proqramları və materiallarının işlənməsi;
b) miqrantlar arasında İİV infeksiyasının yayılmasının qarşısının alınması, MDB-nin müvafiq xidmətləri ilə əməkdaşlıq etməklə onların məqsədyönlü məlumatlanma və müayinə işinin təşkili;
c) miqrantlar arasında prezervativlərin yayılması üzrə proqramların gerçəkləşdirilməsi.

STRATEGİYA VII. İİV/AİDS-in cinsi yolla yayılmasının qarşısının alınması

Məqsəd. İİV/AİDS-in, CYKİ-nin cinsi yolla yayılmasının azaldılması.
Vəzifə 1. Əhalinin təhlükəsiz seksual davranış məsələləri barədə məlumatlılıq səviyyəsinin artırılması.
Tədbirlər:
a) əhalinin müxtəlif yaş qrupları üçün İİV/AİDS və CYKİ-nin profilaktika sına yönəldilmiş xüsusi təhsil proqramları və materİalların hazırlanması;
b) İİV/AİDS-in profilaktikası üzrə tibb işçilərinin bilik səviyyəsinin artırılması üçün lazım olan tədris vəsaitlərinin nəşr olunub paylanılması;
c) Əhalinin yoluxma risqinə məruz qalan aciz qrupları üçün kütləvi tədbirlərin keçirilməsi və onların arasında məlumat-təhsil materiallarının paylanılması.
Vəzifə 2. CKYX profilaktikasında prezervativin əvəzolunmaz rolunun təbliği.
Tədbirlər:
a) təsadüfi cinsi əlaqələrə meylli kateqoriyalara aid olan şəxslər arasında prezervativlərin yayılması üzrə proqramların gerçəkləşdirilməsi;
b) ticarət və kütləvi istirahət yerlərində keyfiyyətli prezervativlərin satışının təmin edilməsi;
c) prezervativlərin keyfiyyəti üzərində beynəlxalq standartlara uyğun nəzarətin təmin edilməsi;
ç) İİV infeksiyasından müdafiə vasitələrinin kütləvi informasiya vasitəsi ilə populyarlaşdırılması;
d) əyani təbliğat materiallarının nəşri və yayılması.
Vəzifə 3. Seks-bizneslə məşğul olanlar və kişilərlə cinsi əlaqələri olan kişilər arasında İİV/AİDS və CYKİ-nin yayılması səviyyəsinin azaldılması.
Tədbirlər:
a) İİV/AİDS və CYKİ-nin profilaktikası üzrə, o cümlədən "bərabər-bərabərə" və "populyar ictimai lider" (PİL) prinsiplərinin işlənməsi və tətbiqi;
b) seks-bizneslə məşğul olanlar və kişilərlə cinsi əlaqələri olan kişilər arasında İİV infeksiyasının yayılması üzərində kəşfiyyatçı epidemioloji nəzarətin tətbiqi.
Vəzifə 4. CYKİ-nin pulsuz diaqnostikası və müalicəsi imkanlarının əldə edilməsinin təmin edilməsi.
Tədbirlər:
a) əhalinin bütün qruplarına CYKİ-dən pulsuz müalicə üçün anonim müraciət kabinetləri və məntəqələri şəbəkəsinin inkişafı;
b) sindromlar prinsipi əsasında müasir diaqnostika və müalicə üsullarının və texnologiyalarının tətbiqi;
c) əhalinin yoluxma risqinə məruz qalan aciz prupları üçün tibbi yardım imkanının yaradılması və konfidensiallığın təmin edilməsi.

STRATEGİYA VIII. İİV/AİDS-li insanlara və onların ailə üzvlərinə tibbi və sosial yardımın göstərilməsi

Məqsəd. İİV/AİDS-li insanlara və onların ailə üzvlərinə tibbi, sosial, psixoloji yardımın göstərilməsində dövlət qayğısının artırılması. İİV/AİDS-li insanların ömrünün maksimum uzadılması, İİV/AİDS-lə yaşayan insanların (İAYİ) hüquqlarının qorunması.
Vəzifə 1. İİV/AİDS-li insanların müalicəsinin və sosial müdafiəsinin təşkili.
Tədbirlər:
a) İİV-lə infeksiyalaşmış və AİDS xəstəsi olan böyüklərin və uşaqların müalicəsi üzrə tövsiyələrin işlənilməsi və tətbiqi;
b) opportunistik infeksiyaların, o cümlədən vərəmin müalicəsi üzrə tövsiyələrin işlənilməsi və tətbiqi;
c) İİV/AİDS-li insanların pulsuz müalicəsi və dərman preparatlarının alınması;
ç) İİV/AİDS-li insanların ailə üzvlərinə tibbi, sosial, mənəvi və psixoloji yardımın göstərilməsi;
d) İİV-lə infeksiyalaşmış insanlara əlillik qruplarının və müvafiq müavinətlərin verilməsi;
e) İİV-lə infeksiyalaşmış insanlar üçün klubların və iş yerlərinin yaradılması;
ə) İAYİ-nin diskriminasiya və stiqmatizasiyasının azaldılmasına dair kütləvi informasiya vasitələri ilə iş aparılması;
f) İİV/AİDS-li insanların və onların ailə üzvlərinin respublikada AİDS əleyhinə həyata keçirilən tədbirlərdə iştirakının təmin edilməsi;
g) ailələr üçün İAYİ-lərə evdə qulluq üzrə tövsiyələrin işlənilməsi və yayılması;
ğ) İAYİ-nin müalicəyə daha geniş cəlb olunması üçün əczaçılıq kompaniyaları ilə antiretrovirus (ARV) preparatlarının qiymətlərinin azaldılması üçün danışıqların aparılması;
h) ARV preparatlarının qeydiyyatı və əsas dərman preparatları siyahısına daxil edilməsi;
x) danışıqların aparılması üsulu ilə İAYİ-lərin ARV müalicəsinə geniş cəlb olunması üçün ARV preparatlarından idxal vergisinin və ƏDV-nin, o cümlədən ölkədə mövcud digər vergilərin götürülməsi;
ı) xeyriyyəçilik məqsədi ilə mədəni-kütləvi tədbirlərin təşkil edilməsi;
i) insan hüquqları üzrə İAYİ və onların ailələri üçün seminarların keçirilməsi.

STRATEGİYA IX. İİV/AİDS üzərində tətbiq edilən epidemioloji müşahidə və dövlət nəzarəti metodlarının təkmilləşdirilməsi

Məqsəd. real epidemioloji vəziyyətin öyrənilməsi, İİV infeksiyasına təsirli nəzarət və dövlət tərəfindən ona qarşı adekvat tədbirlərin həyata keçirilməsi.
Vəzifə 1. İİV/AİDS üzərində tətbiq edilən epidemioloji müşahidə və dövlət nəzarətinin təşkili.
Tədbirlər:
a) ərazilərdə ayrı-ayrı əhali qrupları, o cümlədən aciz qruplar arasında, kəşfiyyatçı epidnəzarət əsasında İİV-in yayılma səviyyəsi və miqyasını öyrənməklə adekvat tədbirlərin həyata keçirilməsi;
b) İAYİ arasında vərəm üzrə kəşfiyyatçı epidnəzarətin həyata keçirilməsi;
c) DST-nin tövsiyələri əsasında ikinci nəsil üzərində epidemioloji nəzarətin aparılması üzrə milli prinsiplərin işlənilməsi və tətbiqi;
ç) dövlət və özəl tibb müəssisələrində, gözəllik salonlarında və sairə müəssisələrdə İİV infeksiyasının yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirlərə dair beynəlxalq və respublika qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətinin təkmilləşdirilməsi və gücləndirilməsi;
d)qanın ikiqat müayinəsi üçün AİDS-lə MMM və regional İİV-in diaqnostik laboratoriyalarına test sistemlərinin alınması üçün maliyyələşdirilməsinin təmin olunması, respublikanın 15-45 yaşlı 50% şəhər və kənd əhalisinin, hamilələrin, o cümlədən əhalinin aciz qrupları arasında narkomanların, fahişələrin, miqrantların, qaçqın və məcburi köçkünlərin İİV-ə könüllü, pulsuz və konfidensial müayinə ilə əhatə olunması;
İİV-ə müayinələrin konfidensiallığının, anonimliyinin və pulsuz həyata keçirilməsinin təmin olunması.

II. MİLLİ PLANIN GERÇƏKLƏŞDİRİLMƏSİNİN MONİTORİNQİ

Məqsəd. Cari vəziyyətin müəyyən edilməsi. Dəyişikliklərin qiymətləndirilməsi və tədbirlərə lazımi düzəlişlərin edilməsi.
Tədbirlər:
a) əhalinin müxtəlif qrupları arasında İİV infeksiyasının yayılması üzərində kəşfiyyat xarakterli epidemioloji nəzarət sisteminin inkişafı;
b) rəsmi göstəricilər, davranışların tədqiqatı, kəşfiyyat xarakterli epidemioloji nəzarət, anonim, konfidensial testləşdirmə, testqabağı və testdən sonrakı məsləhətləşmələr əsasında vəziyyətin ekspress qiymətləndirilməsinin keçirilməsi;
c) meyarlar əsasında Milli Planın inkişafının qiymətləndirilməsi (fəsil 4);
ç) bu Planın yerinə yetirilməsinin gedişatı hər il KİV və ictimaiyyətin iştirakı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iclasında müzakirə ediləcək.

III. İİV/AİDS İNFEKSİYASI İLƏ VƏ CİNSİ YOLLA ÖTÜRÜLƏN İNFEKSİYALARLA MÜBARİZƏ VƏ PROFİLAKTİKA ÜZRƏ MİLLİ PLANIN GERÇƏKLƏŞDİRİLMƏSİNDƏ NAZİRLİK VƏ DEPARTAMENTLƏRİN ƏSAS VƏZİFƏLƏRİ

Azərbaycan Hökuməti, yerli özünü idarəetmə orqanları

İİV/AİDS infeksiyası və cinsi yolla ötürülən, infeksiyaların profilaktikası üzrə Milli Sektorlararası Şuranın və inzibati sektorlararası şuraların yaradılması.
İİV/AİDS infeksiyası və cinsi yolla ötürülən, infeksiyaların profilaktikası üzrə Milli Strateji Planın və inzibati proqramların yerinə yetirilməsinin monitorinqi.
Yüksək risq qruplarının problemləri üzrə qanunvericilik aktlarının layihələrinin işlənməsi.
AİDS və cinsi yolla ötürülən infeksiyaların problemi üzrə tədbirlərin (qemotransfuziyanın təhlükəsizliyi, diaqnostik, müalicə, tərbiyə proqramları, tərbiyə materiallarının hazırlanması və nəşr edilməsi, avadanlıq və tibb alətləri, diaqnostika preparatları və s.) və strategiyanın maliyyələşdirilməsi üçün tələb olunan vəsaitdən istifadənin Azərbaycan Hökumətinin payının dövlət büdcəsində səhiyyə xərclərinə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilməsi.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

İİV/AİDS infeksiyası və cinsi yolla ötürülən infeksiyalar problemi üzrə tibbi personalın hazırlanması və təlimi.
İİV/AİDS infeksiyası və cinsi yolla ötürülən infeksiyalar problemi üzrə layihələrin, standartların, təlimatların və tövsiyələrin hazırlanması.
İİV/AİDS infeksiyası və cinsi yolla ötürülən infeksiyalar üzərində epidemioloji nəzarət, profilaktiki və epidemiya əleyhinə tədbirlərin keçirilməsi.
İİV-lə infeksiyalaşmış, AİDS-li və CYKİ-li xəstələrə tibbi yardımın göstərilməsi.
Qemotransfuziyanın, tibbi müdaxilələrin və əməliyyatların təhlükəsizliyinin təmin edilməsi.
İİV/AİDS infeksiyası və cinsi yolla ötürülən infeksiyaların profilaktikası aspektləri üzrə əhalinin məlumatlandırılması, maarifləndirilməsi və tərbiyəsi.
İİV/AİDS infeksiyası və cinsi yolla ötürülən infeksiyaların profilaktikası probleminə cəlb edilmiş qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, məsləhətləşmə və yardım.
BMT AİDS, DST, İİV/AİDS infeksiyası üzərində Avropa Epidemioloji Nəzarət Mərkəzi, Azərbaycan Respublikası BMT-nin AİDS Qrupu, UNICEF, Soros Fondu, UNESCO və s. beynəlxalq təşkilatlarla əməkdaşlıq.
İİV/AİDS infeksiyası və cinsi yolla ötürülən infeksiyalar sahəsində profilaktiki və tərbiyəvi tədbirlərin gerçəkləşdirilməsinə maliyyə və texniki yardım layihələrinin hazırlanması və potensial donor olan beynəlxalq təşkilatlara təqdim edilməsi.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Təhsil alan gənclərin və yeniyetmələrin seksuallıq, İİV/AİDS infeksiyası və cinsi yolla keçən infeksiyaların profilaktikası üzrə fasiləsiz təhsil və tərbiyə sisteminin fəaliyyət göstərməsinin təmin olunması.
Ali və ümumtəhsil məktəblərinin proqramlarına "Seksuallıq, İİV/AİDS infeksiyası və cinsi yolla keçən infeksiyaların profilaktikası" bölməsinin salınması.
Mütəmadi olaraq pedaqoji kadrların İİV/AİDS mövzusu üzrə hazırlanması və təkmilləşdirilməsi.
Müəllimlər, şagirdlər və tələbələr üçün metodiki, dərs və yardımçı ləvazimatların işlənilməsi və nəşri.
Ali məktəblərin və kolleclərin tələbələrinin sağlam həyat tərzinin təbliği, seksual tərbiyə, İİV/AİDS infeksiyası və cinsi yolla keçən infeksiyaların və narkomaniyanın profilaktikasına cəlb edilməsi.
Gənclərdə təhlükəsiz seksual davranış vərdişlərinin və biliyinin formalaşdırılması.
Valideynlərlə iş. Valideynlərdən ibarət dəstəkləyici qrupların yaradılması.

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, təhlükəsiz seksual davranış vərdişlərinin formalaşdırılması, bu sahədə biliyin artırılması, sosioloji tədqiqatların keçirilməsi.
Gənclər arasında "AİDS əleyhinə" şüarı altında kütləvi idman tədbirlərinin keçirilməsi və mükafatlandırılması.
Qaçqın və məcburi köçkün, sosial müdafiəyə ehtiyacı olan gənclər və yeniyetmələr arasında İİV/AİDS profilaktikası sahəsində maariflənmə işinin gücləndirilməsi.
Respublikaya gələn və Respublikadan gedən turistlər arasında İİV-in profilaktikasını təmin edən tədbirlərin həyata keçirilməsi, o cümlədən onların arasında kəşfiyyatçı epidmüşahidələrin keçirilməsinə yardım göstərilməsi.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə.
İİV/AİDS infeksiyası və cinsi yolla ötürülən infeksiyalardan şəxsi heyətin qorunma yolları barədə metodiki tövsiyələrin və yaddaş vərəqələrinin paylanması.
Şəxsi heyətin peşə hazırlığı və təkmilləşdirilməsi proqramlarına "İİV/AİDS infeksiyası, cinsi yolla keçən infeksiyalar və narkomaniyanın profilaktikası" üzrə xüsusi mövzuların daxil edilməsi.
Daxili İşlər Nazirliyinin tabeliyində olan tibb müəssisələrində tibbi müdaxilələrin və əməliyyatların təhlükəsizliyinin təmin edilməsi.
Əhali arasında, daxili işlər orqanlarının əməkdaşlarının, xüsusilə də sahə inspektorlarının imkanlarından istifadə edərək, gənclər və risk qrupuna aid olunan kontingentlər arasında İİV/AİDS-in profilaktikasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi.
Pornoqrafiya, zorlama, seks-biznes, seks-turizm və narkomaniyanın təbliğinin qadağan olunmasına dair qanunvericiliyə riayət edilməsi üzrə nəzarətin gücləndirilməsi.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İİV/AİDS-lə yaşayan insanlara və onların ailə üzvlərinə zəmanət verən minimum sosial yardımın və dəstəyin işlənilməsi və tətbiqi.
Sosial yardım göstərilməsi üzrə yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsi və bu işə nəzarət.
İİV/AİDS-lə yaşayan insanların iş yerlərində əmək hüquqlarının qorunmasına nəzarət və sosial dəstəyin təşkili.
İş yerlərində İİV/AİDS-in yayılmasının qarşısını ala biləcək kompleks tədbirlərin həmkarlar və işəgötürən təşkilatlarla birgə hazırlanması və onların həyata keçirilməsinə nəzarət.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

İİV/AİDS infeksiyası və cinsi yolla keçən infeksiyaların profilaktikası üzrə Milli Planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan vəsaitdən istifadə Azərbaycan Hökumətinin payı dövlət büdcəsində səhiyyə xərclərinə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçiriləcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xarici vətəndaşların viza açılması zamanı səfirlik və konsulluq qurumları tərəfindən İİV/AİDS infeksiyası barədə Azərbaycan Respublikasının qanunvericiliyi və qaydaları barədə məlumatlandırılması.
Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının İİV/AİDS infeksiyası cəhətdən hüquqlarının və maraqlarının müdafiəsi.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

İİV/AİDS infeksiyası və cinsi yolla keçən infeksiyaların profilaktikası problemi üzrə qanunvericilik aktlarının beynəlxalq normalara uyğunluq baxımından ekspertizası.
Cəzaçəkmə müəssisələrində və təcridxanalarında saxlanılan İİV-lə infeksiyalaşmış və AİDS-li xəstələrin hüquqlarının qorunması.
İİV-lə infeksiyalaşmış şəxslərin penitensiar müəssisələrdə saxlanılma şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi.
Penitensiar idarələrdə çalışan əməkdaşlar arasında İİV/AİDS infeksiyası və cinsi yolla keçən infeksiyaların mübarizə işinə cəlb edilməsi və onların profilaktikası sisteminin həyata keçirilməsinin təmini.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Narkotik vasitələrin və psixotrop maddələrin respublikanın gömrük sərhədlərindən qanunsuz keçirilməsinin qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsi məqsədi ilə texniki imkanların artırılması.
Qanunvericilikdə qadağan edilmiş pornoqrafik, zorakılıq və narkomanlığı təbliğ edən audio, video və çap materiallarının qanunsuz yollarla respublikaya gətirilməsinin və aparılmasının qarşısının alınması.
İİV/AİDS infeksiyası və CYKİ-dən qorunma yolları barədə şəxsi heyət arasında təbliğat işinin və skrininq müayinələrin təşkili.
Bir sıra ölkələrin tələblərinə uyğun olaraq İİV-ə müayinə barədə beynəlxalq standartlara uyğun sertifikatların səlahiyyətli təşkilatlar tərəfindən qanuna uyğun verilməsinə nəzarətin gücləndirilməsi.
Ölkəyə gətirilən qan və qanəvəzedici preparatların, İİV-i aşkar edən test-sistemlərin keyfiyyətlərini müəyyənləşdirən müvafiq respublika təşkilatlarının sınaq müayinələrindən keçirildikdən sonra idxalına icazə verilməsi.

Qeyri-hökumət təşkilatları

İİV/AİDS-li xəstələrə xidmətlərin göstərilməsi, maarifləndirmə proqramlarının işlənməsi və gerçəkləşdirilməsi.
Yüksək yoluxma risqi olan kontingentlər və şəxslər (fahişələr, narkomanlar, homo - və biseksuallar) arasında profilaktiki işlərin aparılması.
İnfeksiyalaşmış insanlar, narkomanlar, fahişələr, miqrantlar, qaçqınlar və sürücülər arasında profilaktiki, məlumatlandırma işlərinin "bərabər-bərabərə" və "populyar ictimai lider" (PİL) prinsipləri ilə aparılması və bu məqsədlə könüllülər və digər qrupların təşkili və hazırlanması.

Kütləvi informasiya vasitələri

İİV/AİDS infeksiyası, cinsi yolla keçən infeksiyalar və narkomaniya problemi üzrə radio və TV-də xüsusi silsilə verilişlərin hazırlanması və problemin mətbuatda işıqlandırılması.
İİV/AİDS infeksiyalı şəxslərin diskriminasiyası və sosial təcridinə qarşı xəbərdarlıq kampaniyasının təşkili.
Bu Planın həyata keçirilməsinin işıqlandırılması.

 


 

 



The Constitution of the Republic
of Azerbaijan



FORUM

 
İstifadəçi adı:
Şifrə:

Qeydiyyatdan keçin

 

İNTERNET STATİSTİKA



 

 

  Ünvan: Azərbaycan Respublikası ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ)
AZ1138, Bakı ş., Əhməd Cavad küç 7a
Tel: (+994 12) 434 48 36; Qaynar xətt: 434 93 29
Email: info@qanunlar.az; union-dpo@baku.az - Veb: www.qanunlar.az