| |
Əhalinin
sağlamlığının qorunması haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Əhalinin sağlamlığının
qorunması hər bir insanın fiziki
və ruhi sağlamlığının mühafizəsinə,
onun fəal uzun ömürlüyünün artırılmasına,
tibbi yardımla təminatına yönəldilmiş
siyasi, iqtisadi, hüquqi, elmi,
tibbi, sanitariya-gigiyena xarakterli
tədbirlərin məcmusundan ibarətdir.
Bu Qanun əhalinin sağlamlığının
qorunması sahəsində vətəndaşlarla
dövlət orqanları, eləcə də dövlət
və qeyri-dövlət səhiyyə sistemlərinin
subyektləri arasında yaranan münasibətləri
tənzimləyir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əhalinin sağlamlığının
qorunmasının əsas prinsipləri
Əhalinin sağlamlığının qorunmasının
əsas prinsipləri aşağıdakılardır:
Əhalinin sağlamlığının qorunması
sahəsində insan və vətəndaş hüquqlarına
dövlət təminatı və bu təminatla
bağlı hüquqi və fiziki şəxslərin
məsuliyyəti;
əhalinin sağlamlığının qorunması
sahəsində profilaktik tədbirlərin
həyata keçirilməsi;
tibbi-sosial yardımın hamı üçün
mümkünlüyü;
sağlamlığın itirilməsi zamanı vətəndaşların
sosial müdafiəsi.
Maddə 2. Əhalinin sağlamlığının
qorunması sahəsində Azərbaycan Respublikasının
qanunvericiliyi
Əhalinin sağlamlığının qorunması
sahəsində Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan,
Azərbaycan Respublikasının digər
müvafiq qanunvericilik aktlarından
və Azərbaycan Respublikasının iştirakçısı
olduğu beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 3. Əhalinin sağlamlığının
qorunması sahəsində dövlətin vəzifələri
Əhalinin sağlamlığının qorunması
sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
əhalinin sağlamlığının qorunması
sahəsində dövlət siyasətinin əsaslarının
müəyyən edilməsi, insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsi;
sağlamlığın qorunması sahəsində
dövlət proqramlarının hazırlanması
və həyata keçirilməsi;
səhiyyə sisteminin təşkili qaydalarının
və fəaliyyətinin müəyyənləşdirilməsi;
dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi;
ətraf mühitin qorunmasının, ekoloji
təhlükəsizliyin təmin edilməsi;
məcburi sığorta üzrə sığorta məbləğinin
və sığorta haqqının ödənilməsi qaydasının
müəyyənləşdirilməsi;
əhalinin xüsusi qrupları üçün tibbi-sosial
yardım göstərilməsinə təminat verilməsi;
dövlət və qeyri-dövlət səhiyyə sistemi
müəssisələri arasında sağlam rəqabətə
təminat verilməsi;
ailənin, valideynlərin və uşaqların
mühafizəsi;
səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın
həyata keçirilməsi.
II fəsil
ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASININ
TƏŞKİLİ
Maddə 4. Dövlət səhiyyə sistemi
Dövlət səhiyyə sisteminə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanı, dövlət tabeçiliyindəki müalicə-profilaktika,
elmi-tədqiqat, tədris, əczaçılıq,
sanitariya-profilaktika müəssisələri,
eləcə də səhiyyənin maddi-texniki
təchizatı ilə məşğul olan, tibbi
texnika və dərman vasitələri istehsal
edən müəssisələr, sanitariya-epidemiologiya
xidməti, məhkəmə-tibb ekspertizası
daxildir.
Maddə 5. Qeyri-dövlət səhiyyə sistemi
Qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə
müəyyən olunmuş qaydada fəaliyyət
göstərən və əmlakı xüsusi mülkiyyətə,
yaxud icarə müqaviləsi əsasında
istifadə olunan mülkiyyətə əsaslanan
özəl tibb müəssisələri, o cümlədən
əmlakını bələdiyyə mülkiyyəti təşkil
edən tibb və əczaçılıq müəssisələri,
özəl tibbi praktika və əczaçılıq
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər daxildir.
Maddə 6. Tibb müəssisələrinin özəlləşdirilməsi
və icarəyə verilməsi
Tibb müəssisələri qanunvericilikdə
müəyyən olunmuş qaydada özəlləşdirilə
və icarəyə verilə bilər.
Maddə 7. Səhiyyə müəssisələrinin
dövlət qeydiyyatı
Səhiyyə müəssisələrinin dövlət qeydiyyatı
qanunvericiliklə müəyyən olunmuş
qaydada aparılır.
Maddə 8. Əhalinin sanitariya-epidemioloji
salamatlığı
Əhalinin sanitariya-epidemioloji
salamatlığı dövlət sanitariya-epidemioloji
xidmətinin nəzarəti altında bütün
hüquqi və fiziki şəxslər tərəfindən
gigiyenik, əksepidemik tədbirlər
kompleksini həyata keçirməklə, müvafiq
qanunvericiliyə uyğun olaraq təmin
edilir.
Maddə 9. Dövlət səhiyyə sisteminin
maliyyələşdirilməsi
Dövlət səhiyyə sistemi əsasən dövlət
büdcəsi, eləcə də icbari tibbi sığorta
vəsaitləri, müəssisə, idarə və təşkilatların
gəlirlərindən könüllü ayırmalar,
hüquqi və fiziki şəxslərin ianələri
və istifadəsi qanunvericiliyə zidd
olmayan digər mənbələr hesabına
maliyyələşdirilir.
Dövlət səhiyyə sisteminin vəsaitləri:
səhiyyənin məqsədli kompleks proqramlarının
işlənib hazırlanmasına və yerinə
yetirilməsinə;
dövlət səhiyyə müəssisələrinin maddi-texniki
bazasının inkişafına;
müalicə-profilaktika və sanitariya-epidemioloji
müəssisələrin saxlanmasına;
güzəştli tibbi xidmətin göstərilməsinə;
tibb və əczaçılıq işçilərinin hazırlanmasına
və ixtisaslarının artırılmasına;
tibb elminin inkişafına və tətbiqinə;
emidemiyaların aradan qaldırılmasına
yönəldilir.
III fəsil
SAĞLAMLIĞIN QORUNMASI SAHƏSİNDƏ
VƏTƏNDAŞLARIN, ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI
OLMAYAN ŞƏXSLƏRİN HÜQUQLARI
Maddə 10. Vətəndaşların, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
sağlamlığının qorunması hüququ
Azərbaycan Respublikası vətəndaşlarının
sağlamlığını qorunmaq və tibbi yardım
almaq hüququ vardır.
Dövlət tibb müəssisələrində tibbi
xidmət pulsuzdur, yalnız bu Qanunda
nəzərdə tutulan hallar istisna olmaqla
pullu ixtisaslaşdırılmış tibbi yardımın
növləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Dövlət ətraf mühitin qorunmasına,
vətəndaşların əmək və istirahəti
üçün əlverişli şərait yaradılmasına,
eləcə də tibbi-sanitariya və tibbi-sosial
yardıma təminat verir.
Xaricdə olan Azərbaycan Respublikası
vətəndaşlarının sağlamlığının qorunması
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinə uyğun olaraq həyata
keçirilir.
Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslərin
əhalinin sağlamlığının qorunması
sahəsində Azərbaycan Respublikasının
vətəndaşları ilə bərabər hüquqları
vardır.
Azərbaycan Respublikasının iştirakçısı
olduğu beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş qaydada əcnəbilərin
sağlamlığının qorunması hüququ vardır.
Maddə 11. Sağlamlığa təsir göstərən
amillər haqqında vətəndaşların məlumat
almaq hüququ
Vətəndaşların sağlamlığa təsir göstərən
amillər haqqında müntəzəm və düzgün
məlumat almaq hüququ vardır və bu
məlumatlar vətəndaşlara kütləvi
informasiya vasitələri ilə, yaxud
bilavasitə onların sorğularına əsasən
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilir.
İnsanların həyat və sağlamlığı üçün
təhlükə törədən faktları və halları
gizlədən vəzifəli şəxslər qanunvericilikdə
müəyyən edilmiş qaydada məsuliyyətə
cəlb edilirlər.
Maddə 12. Vətəndaşların tibbi-sosial
yardım almaq hüququ
Xəstələndikdə, əmək qabiliyyətini
itirdikdə və digər hallarda vətəndaşların
tibbi-sosial yardım almaq hüququ
vardır.
Tibbi-sosial yardım dövlət və qeyri-dövlət
səhiyyə sistemi, eləcə də sosial
müdafiə sistemi müəssisələrində
göstərilir.
Vətəndaşlar tibbi sığorta sistemindəki
tibb müəssisələrində qanunvericiliyə
uyğun olaraq icbari tibbi sığorta
əsasında tibbi yardımla təmin edilirlər.
Vətəndaşların könüllü tibbi sığorta
əsasında, eləcə də müəssisələrin,
təşkilatların ayrı-ayrı şəxslərin
vəsaitləri və qanunvericilikdə qadağan
edilməyən digər mənbələr hesabına
tibbi yardım almaq və digər əlavə
tibbi xidmət növləri ilə təmin olunmaq
hüququ vardır.
Güzəştli şərtlərlə protez-ortopedik
məmulatlar, eşitmə aparatları, hərəkətetmə
və digər reabilitasiya vasitələri
ilə təmin olunmaq hüququ olan vətəndaşların
kateqoriyaları və güzəştlərlə təminat
qaydaları qanunvericilikdə müəyyən
edilir.
Vətəndaşların ixtisaslaşdırılmış
müəssisələrdə tibbi-sosial ekspertizadan
keçmək hüququ vardır.
İdmanla məşğul olan uşaqların, yeniyetmələrin,
tələbələrin, əlillərin və pensiyaçıların,
məcburi köçkünlərin və onlara bərabər
tutulan şəxslərin dövlət tibb müəssisələrində
pulsuz tibbi nəzarət olunmaq hüququ
vardır.
Müvafiq icra hakimiyyəti orqanları
təhsil müəssisələrinin vəsaiti hesabına
əyani təhsil alan tələbələrin hər
il kompleks tibbi müayinədən keçirilməsini
təmin edirlər.
Yoluxucu xəstəliklər aşkar edildikdə,
ətrafdakıları xəstələnməkdən qorumaq
məqsədilə işdən kənarlaşdırılmış
şəxslərin, karantinlə əlaqədar müavinət
almaq hüququ vardır.
Maddə 13. Vətəndaşların tibbi sığortası
Vətəndaşların tibbi sığortası (icbari
və könüllü) Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən edilmiş
qaydada həyata keçirilir.
Maddə 14. Dərman vasitələri ilə
təminat
Əhalinin dərman vasitələri ilə təminatı
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 15. Peşə fəaliyyətinin bəzi
növləri ilə məşğul olan vətəndaşların,
yaşı 18-dən az olan işçilərin sağlamlığının
qorunması hüququ
Yoluxucu və peşə xəstəliklərinin
qarşısının alınması məqsədilə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş siyahı əsasında bəzi
peşə sahibləri işə qəbul edilərkən
və işlədiyi müddətdə işə götürənin
vəsaiti hesabına məcburi dövri tibbi
müayinədən keçirlər.
Əhalinin hüquqlarının, qanuni mənafelərinin
və dövlətin təhlükəsizliyinin müdafiəsi
məqsədi ilə peşə fəaliyyətinin ayrı-ayrı
növləri və yüksək təhlükə mənbəyi
ilə bağlı olan fəaliyyətlə məşğul
olan şəxslər işə qəbul olduqda,
işlədiyi müddətdə isə ildə bir dəfədən
az olmayaraq dövlət narkoloji tibb
müəssisəsində tibbi müayinədən (tibbi
yoxlamadan) keçməlidirlər.
Yaşı 18-dən az olan şəxslər işə
yalnız tibbi müayinə keçirildikdən
sonra qəbul edilirlər və onlar 18
yaşına çatanadək hər il işəgötürənin
vəsaiti hesabına hökmən tibbi müayinədən
keçirilməlidirlər.
Maddə 16. Əhalinin sağlamlığının
qorunması sahəsində ailənin hüquqları
Dövlət ailə üzvlərinin sağlamlığını
qorumaq qayğısını öz öhdəsinə götürür.
Hər bir vətəndaş ailənin planlaşdırılması,
ətrafdakılar üçün təhlükə törədən
xəstəliklərin mövcudluğu məsələlərinə
və ailə-nigah münasibətlərinin tibbi-psixoloji
cəhətlərinə dair, habelə nəsildə
mümkün olan irsi xəstəliklərə yol
verməmək məqsədilə yaşayış yerindəki
dövlət və bələdiyyə tibb müəssisələrində
pulsuz məsləhətlər almaq , müayinədən
keçmək və dispanser nəzarətində
olmaq hüququna malikdir.
Uşaqlı ailələrin (ilk növbədə əlil
uşaqları və valideyn himayəsindən
məhrum uşaqları böyüdən natamam
ailələrin) əhalinin sağlamlığının
qorunması sahəsində qanunvericilikdə
müəyyən edilmiş güzəştlərdən istifadə
etmək hüququ vardır.
14 yaşına çatmayan xəstə uşağa qulluq
edilməsinə görə istər ambulator,
istərsə də stasionar müalicə zamanı
uşağın qulluğa ehtiyacı olan müddətədək
valideynlərdən birinə və ya ailənin
başqa bir üzvünə qanunvericilikdə
müəyyən edilmiş müavinət verilir.
Yetkinlik yaşına çatmayan şəxs postvaksinal
fəsadla əlaqədar xəstəliyə tutulduqda
ona qanunvericilikdə müəyyən edilən
qaydada əlillik qrupu verilənədək
onun valideynlərindən biri və ya
qanuni nümayəndəsi fasiləsiz iş
stajından asılı olmayaraq, orta
əmək haqqının 100 faizi miqdarında
müavinət almaq hüququna malikdir.
Maddə 17. Əhalinin sağlamlığının
qorunması sahəsində hamilə qadınların
və anaların hüquqları
Hər bir qadın hamilələk dövründə,
doğuş və doğuşdan sonrakı dövrdə
dövlət səhiyyə sisteminin müəssisələrində
ixtisaslaşdırılmış tibbi yardımla
pulsuz təmin olunur.
Maddə 18. Əhalinin sağlamlığının
qorunması sahəsində yetkinlik yaşına
çatmayanların hüquqları
Yetkinlik yaşına çatmayanların:
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada dövlət səhiyyə
sisteminin uşaq və yeniyetmə tibb
xidməti müəssisələrində pulsuz dispanser
nəzarətində olmaq və müalicə olunmaq;
sanitariya-gigiyena tələblərinə
cavab verən şəraitdə təhsil almaq
və əməklə məşğul olmaq;
peşə yararlığı müəyyənləşdirilərkən
pulsuz tibbi məsləhətlər almaq;
büdcə vəsaitləri hesabına müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada güzəştli şərtlərlə
qidalanmaq və tibbi sosial yardım
almaq hüququ vardır.
Fiziki və ya ruhi çatışmazlıqları
olan yetkinlik yaşına çatmayanlar
valideynlərinin və ya qanuni nümayəndələrinin
müraciəti ilə sosial müdafiə sistemi
müəssisələrində saxlanıla bilərlər.
Maddə 19. Əhalinin sağlamlığının
qorunması sahəsində hərbi qulluqçuların,
hərbi xidmətə çağırılanların və
müqavilə (kontrakt) üzrə hərbi xidmətə
daxil olanların hüquqları
Hərbi qulluqçuların, hərbi xidmətə
çağırılanların və müqavilə (kontrakt)
üzrə hərbi xidmətə daxil olanların
hərbi xidmətə yararlı (yararsız)
olmalarının müəyyənləşdirilməsi
məqsədilə tibbi müayinədən keçmək,
yaxud hərbi həkim komissiyasının
rəyi əsasında vaxtından əvvəl hərbi
xidmətdən azad olmaq hüququ vardır.
Hərbi-həkim komissiyasının rəyi
ilə razılaşmadıqda hərbi qulluqçuların,
hərbi xidmətə çağırılanların və
müqavilə (kontrakt) üzrə hərbi xidmətə
daxil olanların qanunvericilikdə
müəyyən edilmiş qaydada məhkəməyə
müraciət etmək hüququ vardır.
Hərbi xidmətə çağırılanların və
müqavilə (kontrakt) üzrə hərbi xidmətə
daxil olanların tibbi müayinədən
və şəhadətləndirilmədən keçib, hərbi
qulluğa yararlıq, yaxud çağırışın
təxirə salınması, ondan azad olunmaq
üçün tibbi göstərişlər və əksgöstərişlər
haqqında tam məlumat almaq hüququ
vardır.
Hərbi qulluqçuların, xidmətə çağırılanların
və müqavilə (kontrakt) üzrə hərbi
xidmətə daxil olanların dövlət səhiyyə
sisteminin müəssisələrində tibbi
yardım almaq hüququ vardır və onların
tibbi təminatı qanunvericiliklə
müəyyən edilir.
Hərbi qulluqçuların ailə üzvlərinin
tibbi təminatı başqa vətəndaşlarla
ümumi əsaslarda həyata keçirilir.
Mülki səhiyyə müəssisələrində tibbi
yardım almaq mümkün olmadıqda onlar
hərbi-tibb hissə və müəssisələrində
tibbi yardımın bütün növləri ilə
təmin edilirlər.
Maddə 20. Əhalinin sağlamlığının
qorunması sahəsində pensiyaçıların
hüquqları
Pensiyaçıların evdə, dövlət səhiyyə
sistemi müəssisələrində tibbi yardımla,
eləcə də sosial müdafiə sistemi
müəssisələrində tibbi-sosial yardımla
pulsuz təmin olunmaq, tibbi rəy
əsasında sosial sığorta və ya sosial-müdafiə
orqanlarının vəsaitləri hesabına
güzəştli şərtlərlə sanatoriya-kurort
müalicəsi almaq və reabilitasiya
olunmaq hüquqları vardır.
Maddə 21. Əlillərin tibbi-sosial
yardım almaq hüququ
Əlillərə tibbi-sosial yardımın göstərilməsi
qaydaları və bu sahədəki güzəştlər
qanunvericilikdə müəyyənləşdirilir.
Maddə 22. Fövqəladə hallarda ziyan
çəkmiş və ekoloji şəraitin əlverişsiz
olduğu ərazilərdə yaşayan vətəndaşların
sağlamlığının qorunması sahəsində
hüquqları
Fövqəladə vəziyyət elan olunmuş
yerlərdə ziyan çəkmiş və ekoloji
şəraitin əlverişsiz olduğu ərazilərdə
yaşayan vətəndaşların qanunvericilikdə
müəyyən edilmiş qaydada pulsuz tibbi
yardım, sanatoriya-kurort, bərpa
müalicəsi almaq, dərman vasitələri,
immunbioloji preparatlar və tibbi
məmulatlarla təmin olunmaq, eləcə
də həyat və sağlamlıq üçün təhlükəli
amillərin aradan qaldırılması məqsədilə
gigiyenik və əksepidemik tədbirlərdən
istifadə etmək hüquqları vardır.
Fövqəladə hallarda insanların xilas
edilməsində və tibbi yardım göstərilməsində
iştirak edərkən ziyan çəkmiş vətəndaşların
pulsuz müalicə, o cümlədən sanatoriya-kurort
müalicəsi və reabilitasiyanın bütün
növləri ilə təmin olunmaq, qanunvericilikdə
müəyyən edilmiş qaydada müavinət
almaq hüquqları vardır.
Maddə 22-1. Məcburi köçkünlərin
və onlara bərabər tutulan şəxslərin
tibbi təminatı [12]
Məcburi köçkünlərin və onlara bərabər
tutulan şəxslərə tibbi xidmət göstərilməsi
qaydası və onlara bu sahədə verilən
güzəştlər qanunvericiliklə müəyyən
edilir.
Maddə 23. Tutulmuş, həbs edilmiş
vətəndaşların, cəzaçəkmə müəssisələrində
məhkumların tibbi yardım almaq hüququ
[13]
Tutulmuş, həbs edilmiş vətəndaşların,
cəzaların çəkilməsi zamanı məhkumların
büdcə vəsaitləri hesabına ilk tibbi
yardım daxil olmaqla, tibbi rəydən
asılı olaraq ambulator və ya stasionar
şəraitdə tibbi yardım almaq hüququ
vardır. [14]
Bu kateqoriyadan olan qadınların
hamiləlik dövründə, doğuş zamanı
və doğuşdan sonrakı dövrdə ixtisaslaşdırılmış
tibbi yardım almaq hüququ vardır.
Cəzaçəkmə müəssisələrində məhkum
qadınların üç yaşına çatmayan uşaqlarının
yerləşdirilməsi üçün uşaq evləri
təşkil edilir. [15]
Tutulmuş, həbs edilmiş vətəndaşların,
cəzaların çəkilməsi zamanı məhkumların
obyekt şəklində hər hansı biotibbi
tədqiqata cəlb edilməsi qadağandır.
Tutulmuş, həbs edilmiş vətəndaşlara,
cəzaların çəkilməsi zamanı məhkumlara
tibbi yardımın göstərilməsi qaydaları
qanunvericilikdə müəyyən edilir.
[16]
Cəzaçəkmə müəssisələrində məhkumlar
tibbi məsləhət və müalicə almaq
üçün pullu xidmət göstərən tibb
müəssisələrinə müraciət etmək hüququna
malikdirlər. Bu növ xidmətlərin,
dərmanların ödəniş haqqı məhkum
və ya onun qohumları tərəfindən
həyata keçirilir. [17]
IV fəsil
TİBB-SOSİAL YARDIM SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN
HÜQUQLARI
Maddə 24. Pasiyentin hüquqları
Pasiyentin:
təxirəsalınmaz tibbi yardım göstərilməsi
halları istisna olmaqla həkimin
öz razılığı ilə həkimi, o cümlədən
müalicə həkimini və müalicə-profilaktika
müəssisəsini seçmək;
sanitariya-gigiyena tələblərinə
uyğun olan şəraitdə müayinə və müalicə
olunmaq;
stasionar müalicə olunduğu tibb
müəssisəsinin mütəxəssislərinin
iştirakı ilə konsilium və məsləhətləşmələr
aparılmasını tələb etmək;
tibbi yardım üçün müraciət faktını,
müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin
diaqnozu barəsində, eləcə də müayinə
və müalicə zamanı əldə edilən digər
məlumatları ətrafdakılardan gizli
saxlamaq;
tibbi müdaxiləyə şifahi və ya yazılı
könüllü razılıq vermək;
tibbi müdaxilədən imtina etmək;
hüquq və vəzifələri haqqında, sağlamlığının
vəziyyəti barədə məlumat almaq və
öz mənafeyi baxımından bu məlumatı
vermək mümkün olan şəxsi seçmək;
daxili qaydalar pozulmamaq şərtilə
xəstəxanada dini mərasimin icra
edilməsi üçün ayrıca yerlə təmin
olunmaq hüququ vardır.
Pasiyentin hüquqları pozulduqda,
o, müalicə-profilaktika müəssisəsinin
rəhbərliyinə, müvafiq icra hakimiyyəti
orqanına və ya qanunvericilikdə
müəyyən edilmiş qaydada məhkəməyə
müraciət edə bilər.
Maddə 25. Sağlamlığının vəziyyəti
barədə vətəndaşların məlumat almaq
hüququ
Hər bir vətəndaş müayinənin nəticəsi,
xəstəliyin diaqnoz və proqnozu,
müalicə üsulları və bununla bağlı
risk dərəcələri, aparılmış müalicənin
nəticəsi haqqında məlumatlar da
daxil olmaqla sağlamlığının vəziyyəti
barədə özü üçün səmərəli formada
məlumat almaq hüququna malikdir.
Vətəndaşın sağlamlığının vəziyyəti
barədə məlumat onun özünə, qanunvericilikdə
müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilən
şəxslərin və ay yetkinlik yaşına
çatmayanların sağlamlıqlarının vəziyyəti
barədə məlumat isə onların valideynlərinə
və ya qanuni nümayəndələrinə müayinə
və müalicədə bilavasitə iştirak
edən mütəxəssislər tərəfindən verilir.
Xəstəliyin inkişaf proqnozu mənfi
olduqda bu barədə məlumat xəstənin
yaxın qohumlarına və ya qanuni nümayəndələrinə,
xəstə tələb etdikdə isə bu məlumat
ehtiyatlı formada onun özünə çatdırıla
bilər.
Vətəndaş onun sağlamlığının vəziyyətini
əks etdirən tibbi sənədlərlə bilavasitə
tanış olmaq və onlarla bağlı başqa
mütəxəssislərdən məsləhət almaq
hüququna malikdir.
Vətəndaşın tələbi ilə ona sağlamlığının
vəziyyətini əks etdirən tibbi sənədlərin
surətləri təqdim olunur.
Maddə 26. Təxirəsalınmaz hallarda
tibbi müdaxilə şərtləri
Tibbi müdaxilə həyati göstərişlər
əsasında təxirəsalınmaz hesab edildikdə
və ya xəstə vəziyyəti ilə əlaqədar
öz qərarını bildirmək iqtidarında
olmadıqda məsələ konsilium tərəfindən
həll olunur. Konsilium mümkün olmayan
hallarda tibbi müdaxilə haqqında
qərar müalicə-profilaktika müəssisəsinin
rəhbərlərinə məlumat verməklə və
ya bilavasitə müalicə (növbətçi)
həkimi tərəfindən qəbul edilir.
Qanunvericilikdə müəyyən edilmiş
qaydada fəaliyyət qabiliyyəti olmayan
hesab edilən şəxslərə və yetkinlik
yaşına çatmayanlara tibbi müdaxilənin
aparılması zəruri olduqda onların
valideynlərinin və ya qanuni nümayəndələrinin
bu barədə razılığı olmalıdır.
Maddə 27. Tibbi müdaxilədən imtina
edilməsi
Qanunvericilikdə nəzərdə tutulan
hallar (təcili və təxirəsalınmaz
tibbi yardımın zəruri olduğu hallar)
istisna olmaqla, vətəndaşın və ya
onun qanuni nümayəndəsinin tibbi
müdaxilədən imtina etmək, yaxud
onun dayandırılmasını tələb etmək
hüququ vardır.
Tibbi müdaxilədən imtina etdikdə
vətəndaşa, yaxud onun qanuni nümayəndəsinə
mümkün olan nəticələr barədə izahat
verilməlidir. Tibbi müdaxilədən
imtina edilməsi və onun gələcək
nəticələri barədə izahat vətəndaşın
tibbi sənədlərində qeyd olunur və
onun özü, yaxud qanuni nümayəndəsi,
eləcə də tibb işçisi tərəfindən
imzalanır.
Qanunvericiliklə müəyyən edilmiş
qaydada fəaliyyət qabiliyyəti olmayan
hesab edilən şəxslərin və ya yetkinlik
yaşına çatmayanların valideynləri
və ya qanuni nümayəndələri göstərilən
şəxslərin həyatı üçün zəruri tibbi
müdaxilədən imtina etdikdə, onların
sağlamlığının qorunması üçün səhiyyə
müəssisələri məhkəməyə müraciət
edə bilərlər.
Maddə 28. Razılığı tələb olunmadan
vətəndaşa tibbi yardım göstərilməsi
Özünün və ya qanuni nümayəndəsinin
razılığı tələb olunmadan vətəndaşa
qanunvericilikdə müəyyən edilmiş
qaydada tibbi yardım (tibbi müayinə,
hospitalizasiya, nəzarət etmək,
izolyasiya etmək) göstərilməsi ətrafdakılar
üçün təhlükəli xəstəliklərə tutulan,
ağır ruhi pozuntulardan əzab çəkən,
yaxud ruhi xəstəlik nəticəsində
ictimai təhlükəli əməl törədən şəxslərə
aid edilir. Həmin şəxslərə tibbi
yardım göstərilməsi haqqında qərar
həkim tərəfindən qəbul edilir.
Vətəndaşın razılığı olmadıqda, qanuni
nümayəndələrin isə razılığı olduqda,
əksepidemik tədbirlərin həyata keçirilməsi
ilə bağlı tibbi yardımın göstərilməsi
qanunvericiliklə tənzimlənir.
Ağır ruhi pozuntulara düçar olmuş
şəxslərin müayinəsi və hospitalizasiyası
qanunvericilikdə müəyyən edilmiş
qaydada aparılır.
Xəstəlik nəticəsində ictimai təhlükəli
əməl törədən şəxslər habelə ətrafdakılar
üçün epidemioloji baxımdan ciddi
təhlükə yaradan və hospitalizasiyadan
imtina edən vərəmli xəstələr barədə
qanunvericilikdə müəyyən edilmiş
qaydada məcburi tibbi tədbirlər
tətbiq oluna bilər. [18]
Vətəndaşın, yaxud qanuni nümayəndənin
razılığı tələb olunmayan və ya məhkəmənin
qərarı ilə müəyyən olunan hallarda
hospitalizasiyanın səbəbləri aradan
qaldırılanadək vətəndaş müalicə-profilaktika
müəssisəsində saxlanılır.
V fəsil
AİLƏNİN PLANLAŞDIRILMASI VƏ İNSANIN
REPRODUKTİV FUNKSİYALARININ TƏNZİMLƏNMƏSİ
Maddə 29. Süni mayalanma və embrionun
implantasiyası
Yetkinlik yaşına çatan hər bir qadının
süni mayalanma və ona embrionun
implantasiyası hüququ vardır.
Süni mayalanma və embrionun implantasiyası
ər və arvadın (tənha qadının) rəsmi
razılığı olduqda aparılır. Süni
mayalanma, embrionun implantasiyası,
eləcə də donorun şəxsiyyəti həkim
sirridir.
Qadın süni mayalanmanın, embrionun
implantasiyasının tibbi və hüquqi
nəticələri, tibbi-genetik müayinə,
donorun milliyyəti, xarici görkəmi
barədə məlumat almaq hüququna malikdir
və bu məlumat tibbi müdaxilə aparan
həkim tərəfindən verilir.
Qanunsuz süni mayalanmada və embrionun
implantasiyasında təqsiri olan şəxslər
qanunvericilikdə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 30. Hamiləliyin süni surətdə
pozulması
Hər bir qadının analıq barədə məsələni
təkbaşına həll etmək hüququ vardır.
Hamiləliyin süni surətdə pozulması
qadının arzusu ilə hamiləliyin 12
həftəlik müddətinədək aparılır.
Sosial göstərişlər üzrə süni pozulma
hamiləliyin 22 həftəliyinədək aparıla
bilər.
Tibbi göstərişlərə əsasən və qadının
razılığı olduqda hamiləlik müddətindən
asılı olmayaraq, süni surətdə pozula
bilər.
Hamiləliyin süni surətdə pozulması
dövlət və qeyri-dövlət tibb müəssisələrində
ixtisaslı həkimlər tərəfindən aparılır.
Hamiləliyin süni surətdə pozulmasına
dair tibbi və sosial göstərişlərin
siyahıları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilir.
Həkim tərəfindən xəstəxanalardan
və ya başqa tibb müəssisələrindən
kənarda hamiləliyin süni surətdə
pozulması qadağandır.
Maddə 31. Tibbi sterilizasiya
Tibbi sterilizasiya insanı nəsil
artımı vermək qabiliyyətindən məhrum
etmək, yaxud qadını hamiləlikdən
qorumaq məqsədilə tətbiq edilir.
Tibbi sterilizasiya yalnız müdaxilə
olunan şəxsin yazılı ərizəsinə və
tibbi göstərişlərə əsasən həyata
keçirilir.
Tibbi sterilizasiyaya dair göstərişlər
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir və dövlət,
yaxud qeyri-dövlət tibbi müəssisələrində
aparılır.
Tibbi sterilizasiyanın qeyri-qanuni
aparılmasına görə təqsirli olan
şəxslər qanunvericilikdə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
VI fəsil
VƏTƏNDAŞLARA TİBBİ-SOSİAL YARDIMIN
HƏYATA KEÇİRİLMƏSİNƏ ZƏMANƏTLƏR
Maddə 32. İlkin tibbi-sanitariya
yardımı
İlkin tibbi-sanitariya yardımı hər
vətəndaş üçün pulsuz göstərilən
tibbi xidmət növüdür.
Bu xidmətə:
geniş yayılmış xəstəliklərin, eləcə
də travmaların, zəhərlənmələrin
və digər təxirəsalınmaz yardım tələb
edən xəstəliklərin müalicəsi;
sanitariya-gigiyenik və əksepidemik
tədbirlərin keçirilməsi, ictimai
təhlükəli xəstəliklərin tibbi profilaktikası;
ailənin, valideynlərin, uşaqların
mühafizəsi və yaşayış yerində tibbi-sanitariya
yardımının göstərilməsinə dair digər
tədbirlər daxildir.
İlkin tibbi-sanitariya yardımı dövlət
səhiyyə sisteminin müəssisələri,
eləcə də sanitariya-epidemioloji
xidmət müəssisələri tərəfindən təmin
olunur.
Özəl tibb fəaliyyətinin subyektləri
tibbi sığorta təşkilatları ilə,
eləcə də xəstələrlə bağlanmış müqavilələr
əsasında ilkin tibb-sanitariya yardımı
göstərirlər. [19]
Lakin tibbi-sanitariya yardımının
göstərilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 33. Təcili və təxirəsalınmaz
tibbi yardım
Vətəndaşlara təcili və təxirəsalınmaz
tibbi yardım təcili tibbi müdaxilə
tələb edən hallarda (bədbəxt hadisələr,
travmalar, zəhərlənmələr və digər
xəstəliklər) mülkiyyət formasından
asılı olmayaq təcili yardım tibb
müəssisələri, eləcə də qanunvericilikdə
müəyyən edilmiş qaydada ilkin tibbi
yardım etməyə borclu olan şəxslər
tərəfindən göstərilir.
Dövlət tibb müəssisələrində təcili
və təxirəsalınmaz tibbi yardım pulsuzdur.
Özəl tibb fəaliyyəti subyektlərinin
icbari tibb sığorta proqramlarında
iştirakından asılı olmayaraq, icbari
tibbi sığorta qaydalarına əsasən
əhaliyə təcili tibbi yardım göstərən
özəl tibb fəaliyyətinin subyektlərinə
ödəniş bu şəxslərin sığortalandığı
tibbi sığorta təşkilatları tərəfindən
həyata keçirilir.
Özəl tibbi praktika ilə məşğul olan
şəxslər təxirəsalınmaz tibbi yardıma
ehtiyacı olan şəxslərə pulsuz tibbi
yardım göstərirlər. [20]
Narkoloji xəstəliklə əlaqədar göstərilən
təxirəsalınmaz tibbi tədbirlər dövlət
büdcəsinin vəsaiti hesabına həyata
keçirilir. [21]
İxtisaslı təcili və təxirəsalınmaz
tibbi yardım təcili yardım və sanitar-aviasiya
xidməti tərəfindən təşkil edilir.
Təcili və təxirəsalınmaz tibbi yardımın
göstərilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Vətəndaşın həyatı üçün təhlükə yarandıqda
onu yaxınlıqdakı tibb müəssisəsinə
çatdırmaq üçün tibb işçisi hər hansı
nəqliyyat vasitəsindən pulsuz istifadə
etmək hüququna malikdir. Vətəndaşın
tibb müəssisəsinə çatdırılması barəsində
tibb işçisinin qanuni tələbindən
imtina edən nəqliyyat vasitəsinin
sahibləri, yaxud digər vəzifəli
şəxslər qanunvericilikdə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Yol-nəqliyyat hadisələri zamanı
müvafiq polis xidməti əməkdaşları
zərərçəkənlərə təcili və təxirəsalınmaz
tibbi yardım göstərməyə və onları
tibb müəssisələrinə çatdırmağa borcludurlar.
Maddə 34. İxtisaslaşdırılmış tibbi
yardım
İxtisaslaşdırılmış tibbi yardım
vətəndaşın xəstəliyi xüsusi müayinə,
müalicə və mürəkkəb tibb texnologiyalarının
tətbiqini tələb etdiyi hallarda
dövlət və qeyri-dövlət tibb müəssisələrində
ixtisaslı həkimlər tərəfindən göstərilir.
İxtisaslaşdırılmış tibbi yardımın
növləri, həcmi, keyfiyyət standartları
və göstərilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 35. İctimai təhlükəli xəstəliklərə
tutulmuş vətəndaşlara tibbi-sosial
yardım
Siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
ictimai təhlükəli xəstəliklərə tutulmuş
vətəndaşlara dövlət səhiyyə sisteminin
müalicə-profilaktika müəssisələrində
pulsuz tibbi-sosial yardım göstərilir,
onlar qanunvericiliklə müəyyən edilmiş
qaydada stasionar müalicə və dispanser
müşahidəsi ilə təmin olunurlar.
İctimai təhlükəli xəstəliklərə tutulmuş
vətəndaşların bəzi kateqoriyaları
üçün əmək qabiliyyətinin müvəqqəti
itirilməsi müddətində iş yerləri
saxlanılır və qanunvericilikdə müəyyən
edilmiş digər güzəştlər nəzərdə
tutulur.
Göstərilən tibbi-sosial yardımın
növləri və həcmi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 36. Yeni profilaktik, diaqnostika
və müalicə üsullarının, dərman və
dezinfeksiya vasitələrinin, immunobioloji
preparatların tətbiqi
Səhiyyədə tətbiq edilən profilaktika,
diaqnostika və müalicə üsullarından,
tibbi texnologiyalardan, dərman
və dezinfeksiya vasitələrindən,
immunobioloji preparatlardan qanunvericilikdə
müəyyən edilmiş qaydada istifadə
edilir.
Tətbiqinə icazə verilməyən, lakin
müəyyən edilmiş qaydada baxılmaqda
olan diaqnostika və müalicə üsullarından,
dərman vasitələrindən pasiyentin
yazılı razılığı ilə, eləcə də yetkinlik
yaşına çatmayanların və qanunvericilikdə
müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilən
şəxslərin həyatı təhlükədə olduqda
onların valideynlərinin və ya qanuni
nümayəndələrinin yazılı razılığı
ilə istifadə edilə bilər.
Maddə 37. Biotibbi tədqiqatların
aparılması qaydaları
Keçirilmiş laboratoriya eksperimentinin
nəticələrinə əsaslanaraq dövlət
və qeyri-dövlət səhiyyə müəssisələrində
biotibbi tədqiqatların aparılmasına
icazə verilir.
İnsanın obyekt şəklində hər hansı
biotibbi tədqiqata cəlb olunması
yalnız onun razılığı ilə aparıla
bilər.
Biotibbi tədqiqata razılıq alındıqda
müayinənin məqsədləri, kənar təsirləri,
baş verə biləcək risk dərəcəsi,
müddəti və nəticəsi barədə vətəndaşa
məlumat verilməlidir. Tədqiqatın
mərhələsindən asılı olmayaraq vətəndaşın
istənilən vaxt ondan imtina etmək
hüququ vardır.
Müəyyən edilmiş qaydada yoxlamadan
keçməmiş profilaktika, diaqnostika
və müalicə üsullarının, dərman vasitələrinin
kütləvi informasiya vasitələri ilə
təbliği qadağandır.
Maddə 38. Evtanaziyanın qadağan
olunması
Evtanaziya, yəni xəstənin xahişi
ilə onun ölümünü hər hansı vasitə,
yaxud hərəkətlə tezləşdirmək, həyatın
davam etməsinə kömək edən süni tədbirlərin
dayandırılması qadağandır.
Xəstəni bilərəkdən evtanaziyaya
meyl etdirən və ya evtanaziya edən
şəxs qanunvericilikdə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyır.
Maddə 39. İnsanın ölüm anının müəyyən
edilməsi
İnsanın ölüm anını tibb işçisi (həkim,
feldşer) təsdiq edir.
İnsanın ölüm anının müəyyən edilməsi,
reanimasiya tədbirlərinin dayandırılması
meyarları və qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 40. Transplantasiya məqsədilə
insan orqan və (və ya) toxumalarının
götürülməsi [22]
Tibbi göstərişlər əsasında transplantasiya
məqsədilə insan orqan və (və ya)
toxumalarının götürülməsinə icazə
verilir.
Transplantasiya məqsədi ilə insanı,
onun orqan və (və ya) toxumalarının
götürülməsinə məcbur etmək qadağandır.
Toxuma komponentlərindən hazırlanmış
köçürmə materialları və preparatları
istisna olmaqla insan orqan və (və
ya) toxumaları alqı-satqı obyekti
ola bilməz və onların alqı-satqısında
iştirak edən şəxslər qanunvericilikdə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar. [23]
Maddə 41. Patoloji-anatomik yarma
Patoloji-anatomik yarma ölümün səbəbləri
və xəstəliyin diaqnozu haqqında
məlumat əldə etmək məqsədilə həkim
tərəfindən aparılır və onun aparılması
qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Patoloji-anatomik yarmanın aparılmasının
məcburi hesab edildiyi hallar (hamiləlik
və doğuşla əlaqədar baş vermiş ana
ölümləri, infeksion xəstəliklər
və onlar barəsində şübhə hallarında,
tibbi müayinə və müdaxilə zamanı
baş verən və səbəbləri araşdırıla
bilməyən ölüm hallarında), zorakı
ölüm barəsində şübhə və qanunvericilikdə
nəzərdə tutulmuş digər hallar olmadıqda
ölənin ailə üzvlərinin, qohumlarının
və ya qanuni nümayəndələrinin rəsmi
xahişi ilə patoloji-anatomik müayinə
aparılmaya bilər.
Ölümün səbəbləri və xəstəliyin diaqnozu
haqqında rəy ölənin ailə üzvlərinə,
onlar olmadıqda isə yaxın qohumlarına
və ya qanuni nümayəndələrinə, eləcə
də zəruri hallarda hüquq mühafizə
orqanlarına verilir. Ölənin ailə
üzvləri, onlar olmadıqda isə yaxın
qohumları və ya qanuni nümayəndələri
müvafiq profilli mütəxəssisi onun
razılığı ilə patoloji-anatomik yarmanın
aparılmasında iştirak etmək üçün
dəvət edə bilərlər. Onların tələbi
ilə qanunvericilikdə müəyyən edilmiş
qaydada məhkəmə-tibb ekspertizası
keçirilə bilər.
VII fəsil
TİBBİ EKSPERTİZA
Maddə 42. Əmək qabiliyyətinin müvəqqəti
itirilməsinin ekspertizası
Xəstəlik, zədələnmələr, hamiləlik,
doğuş, xəstə ailə üzvünə qulluq,
protezləşdirmə, sanatoriya-kurort
müalicəsi zamanı və digər hallarda
dövlət və qeyri-dövlət tibb müəssisələrinin
müalicə həkimləri tərəfindən qanunvericilikdə
müəyyən edilmiş qaydada əmək qabiliyyətinin
müvəqqəti itirilməsinin ekspertizası
aparılır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin
ekspertizasında işçinin başqa işə
müvəqqəti, yaxud daimi keçirilməsinin
zəruriliyi və müddəti müəyyənləşdirilir,
eləcə də vətəndaşın tibbi-sosial
ekspert komissiyasına göndərilməsi
barədə qərar qəbul edilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin
ekspertizasını aparan müəssisənin
qərarı ilə razılaşmadıqda vətəndaş
və ya onun qanuni nümayəndəsi qanunvericilikdə
müəyyən edilmiş qaydada məhkəməyə
müraciət edə bilər.
Maddə 43. Tibbi-sosial ekspertiza
Tibbi-sosial ekspertiza orqanizmin
funksiyalarının davamlı pozulmaları
nəticəsində həyat fəaliyyətinin
məhdudlaşdırılmasının qiymətləndirilməsi
əsasında vətəndaşın sosial müdafiə
tədbirlərinə olan ehtiyaclarının
müəyyən edilməsidir.
Vətəndaşların işə düzəlməsinə dair
tibbi-sosial ekspertizanın rəyini
nəzərə almaq mülkiyyət formasından
asılı olmayaraq bütün idarə, müəssisə
və təşkilat rəhbərləri üçün məcburidir.
Tibbi-sosial ekspertizanın təşkili
və aparılma qaydaları qanunvericilikdə
müəyyən edilir.
Vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin
tibbi-sosial ekspertizada iştirak
etmək üçün hər hansı mütəxəssisi
onun razılığı ilə dəvət etmək hüququ
vardır.
Tibbi-sosial ekspertiza aparan müəssisənin
qərarı ilə razılaşmadıqda vətəndaş,
yaxud onun qanuni nümayəndəsi qanunvericilikdə
müəyyən edilmiş qaydada müvafiq
icra hakimiyyəti orqanına və ya
məhkəməyə müraciət edə bilər.
Maddə 43-1. Psixoloji-tibbi-pedaqoji
komissiya [24]
Uşaqlarda fiziki çatışmazlıqların,
əqli və (və ya) psixi ləngimələrin
diaqnostikasının aparılmasını, bunun
əsasında onların xüsusi təhsilə
cəlb olunması barədə qərar qəbul
edilməsini, valideynlərinə və ya
digər qanuni nümayəndələrinə müvafiq
məsləhətlər verilməsini, mübahisəli
məsələlərə baxılmasını müvafiq icra
hakimiyyəti orqanı tərəfindən yaradılan
və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji
komissiya həyata keçirir.
Sağlamlıq imkanları məhdud şəxslərin
valideynlərinin və ya digər qanuni
nümayəndələrinin psixoloji-tibbi-pedaqoji
komissiya tərəfindən aparılan müayinədə
və müayinə nəticələrinin müzakirəsində
iştirak etmək hüquqları vardır.
Maddə 44. Hərbi-həkim ekspertizası
Hərbi-həkim ekspertizası hərbi xidmətə
çağırılanların, müqavilə (kontrakt)
üzrə hərbi xidmətə daxil olanların,
silahlı qüvvələrin və sərhəd qoşunlarının,
habelə daxili qoşunların ehtiyatlarında
olan vətəndaşların və hərbi qulluqçuların
sağlamlığının vəziyyəti ilə bağlı
hərbi xidmətə yararlılığını müəyyən
edir. [25]
Hərbi-həkim ekspertizası hərbi qulluqçularda
(hərbi toplantı keçən vətəndaşlarda),
hərbi qulluqdan azad olunanlarda
hərbi xidmət (hərbi toplantı) zamanı
baş verən xəstəliklərin, yaralanmaların,
travmaların səbəb əlaqəsini təyin
edir və hərbi qulluqçulara lazımi
tibbi-sosial yardımın, bərpa müalicəsinin
növlərini, həcmini və müddətini
müəyyənləşdirir.
Hərbi-həkim ekspertizasının təşkilinə
və aparılmasına dair qaydalar, eləcə
də hərbi qulluqçuların, hərbi xidmətə
çağırılanların, müqavilə (kontrakt)
üzrə hərbi qulluğa daxil olanların
sağlamlığının vəziyyətinə dair tələblər
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Hərbi-həkim ekspertizası rəyinin
icrası vəzifəli şəxslər üçün məcburidir.
Maddə 45. Məhkəmə-tibb ekspertizası
Məhkəmə-tibb ekspertizası qanunvericilikdə
müəyyən edilmiş qaydada təyin edilir
və müvafiq icra hakimiyyəti orqanının
xüsusi tibbi ekspertiza müəssisəsində
aparılır.
Vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin
ekspertizada iştirak etmək məqsədilə
müvafiq mütəxəssisin onun razılığı
ilə ekspert komissiyasına əlavə
olaraq daxil olması üçün ekspertizanı
təyin edən təşkilat qarşısında vəsatət
qaldırmaq hüququ vardır.
Məhkəmə-tibb ekspertizasının təşkili
və aparılması qaydaları qanunvericilikdə
müəyyən edilir.
Vətəndaş və ya onun qanuni nümayəndəsi
məhkəmə-tibb ekspertizası aparan
müəssisənin rəyi ilə razılaşmadıqda
qanunvericilikdə müəyyən edilmiş
qaydada məhkəməyə müraciət edə bilər.
VIII fəsil
TİBB VƏ ƏCZAÇILIQ İŞÇİLƏRİNİN HÜQUQLARI
VƏ SOSİAL MÜDAFİƏSİ
Maddə 46. Tibb və əczaçılıq fəaliyyəti
ilə məşğul olmaq hüququ
Azərbaycan Respublikasında ali və
ya orta ixtisas tibb məktəblərində
təhsil almış şəxslər, müvafiq diploma,
yaxud xüsusi rütbəyə malik olan
mütəxəssislər tibb və əczaçılıq
fəaliyyəti ilə məşğul olmaq hüququna
malikdirlər.
Ali tibb və əczaçılıq təhsilini
başa vurmamış şəxslər müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi
qaydada orta tibb təhsilli işçi
vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti
ilə məşğul ola bilərlər.
Fasiləsiz olaraq ixtisasları üzrə
beş ildən çox işləməmiş həkimlər
və əczaçılar müvafiq tədris müəssisələrində
hazırlıq keçdikdən sonra, yaxud
yoxlama imtahanlarının nəticələri
əsasında praktik tibb və ya əczaçılıq
fəaliyyəti ilə məşğul ola bilərlər.
İxtisasları üzrə beş ildən çox işləməmiş
orta tibb və ya əczaçılıq təhsili
olan işçilər dövlət səhiyyə sisteminin
müvafiq müəssisələrində ixtisaslarının
təsdiq olunmasından sonra praktiki
tibb və əcəzaçılıq fəaliyyəti ilə
məşğul ola bilərlər.
Azərbaycan Respublikasının iştirakçısı
olduğu beynəlxalq müqavilələrdə
digər qaydalar nəzərdə tutulmadıqda,
xarici ölkələrdə hazırlıq keçmiş
tibb və əczaçılıq işçiləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasında tibb və əczaçılıq
fəaliyyəti ilə məşğul olmağa buraxıla
bilərlər.
Maddə 47. Səhiyyə mütəxəssislərinin
peşə seçmə hüququ
Azərbaycan Respublikasının ali məktəblərində
tibb və əczaçılıq ixtisasları üzrə
təhsil almış şəxslər könüllülük
əsasında seçdikləri peşə üzrə ixtisasartırma
və kadrların yenidən hazırlığı müəssisələrinə
qəbul edilərək müvafiq peşə hazırlıqlarını
artıra bilərlər. [26]
Maddə 48. Səhiyyə mütəxəssislərinin
peşə, bilik və bacarığının təkmilləşdirilməsi
Səhiyyə müəssisələrinin və orqanlarının
rəhbərləri səhiyyə mütəxəssislərinin
peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin
təşkili üçün məsuliyyət daşıyırlar.
Dövlət səhiyyə sistemi mütəxəssislərinin
ixtisasartırma xərcləri dövlət büdcəsi,
qeyri-dövlət səhiyyə sisteminin
mütəxəssisləri üçün öz vəsaitləri
hesabına ödənilir.
Səhiyyə mütəxəssislərinin peşə,
bilik və bacarıqlarının dövlət standartları,
tibb və əczaçılıq peşələrinin nomenklaturasına
uyğun fəaliyyət üçün vacib olan
diaqnostika, müalicə, profilaktika
və sağlamlığı möhkəmləndirmə metodlarının
məcmusu müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Mülkiyyət formasından asılı olmayaraq
səhiyyə müəssisələrinin mütəxəssisləri
peşə seçdikdə, peşələrini dəyişdikdə
və fəaliyyət göstərdiyi peşə üzrə
beş ildə bir dəfədən az olmayaraq
ixtisasartırma və kadrların hazırlığı
müəssisələrində müəyyən proqram
üzrə təhsil almalıdırlar. [27]
Maddə 49. Özəl tibbi praktika və
özəl tibbi fəaliyyət [28]
Özəl tibbi praktika və özəl tibbi
fəaliyyət qanunvericiliyə uyğun
olaraq həyata keçirilir.
Maddə 50. Xalq təbabəti ilə məşğul
olmaq hüququ
Xalq təbabəti qanunvericilikdə müəyyən
olunmuş qaydada qeydiyyatdan keçməmiş,
lakin xalq ənənələrində təsdiqini
tapmış sağaltma, profilaktika, müayinə
və müalicə üsullarıdır.
Xalq təbabətindən istifadə qaydaları
qanunvericilikdə müəyyən edilmiş
qaydada yalnız qeyri-dövlət səhiyyə
sistemində tətbiq edilə bilər.
Təbiblik fəaliyyəti üçün xüsusi
razılıq qanunvericiliklə müəyyən
olunmuş qaydada özəl tibbi praktika
ilə məşğul olmaq istəyən şəxsin
ərizəsi və ya özəl tibb müəssisəsinin
vəsatəti əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilir. [29]
Kütləvi təbiblik seanslarının keçirilməsi,
o cümlədən kütləvi informasiya vasitələrinin
bu işlərə cəlb olunması qadağandır.
Müvafiq icra hakimiyyəti orqanının
rəyi olmadan kütləvi müalicəvi seansların,
hipnoz metodlarının, psixi və bioenerji
təsirlərin müalicəvi xassələrinin
reklam yayımına yol verilmir. [30]
Təbiblik fəaliyyətinin dayandırılması
haqqında qərar, bu fəaliyyətə icazə
verən orqan tərəfindən qəbul edilir
və bu qərarla razılaşmadıqda qanunvericilikdə
müəyyən edilmiş qaydada məhkəməyə
müraciət edilə bilər.
Təbiblik fəaliyyəti ilə qanunsuz
məşğul olan şəxslər qanunvericilikdə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 51. Müalicə həkimi
Müalicə həkimi ambulator-poliklinika
müəssisəsində, yaxud xəstəxanada
müşahidə və müalicə müddətində pasiyentə
tibbi yardım göstərən həkimdir.
Müalicə həkimi pasiyentin istəyi
ilə müəssisə (bölmə) rəhbəri tərəfindən
təyin edilir. Pasiyent müalicə həkiminin
dəyişdirilməsini tələb etdiyi hallarda,
müəssisə rəhbəri bu tələbi yerinə
yetirməlidir.
Müalicə həkimi pasiyentin vaxtında
ixtisaslı müayinə və müalicəsini
təşkil edir, səhhəti barədə ona
məlumat verir, xəstənin, yaxud onun
qanuni nümayəndəsinin təkidi ilə
məsləhətçi mütəxəssisləri dəvət
edir və konsilium təşkil edir. Xəstənin
həyatı təhlükə altında olduğu hallar
və təxirəsalınmaz vəziyyətlər istisna
edilməklə, digər hallarda konsilium
tərəfindən verilən məsləhətlər yalnız
müalicə həkimi ilə razılaşdırıldıqdan
sonra həyata keçirilir.
Pasiyentin həyatı təhlükə altında
olmadıqda və o, həkim təyinatını
yerinə yetirmədikdə, yaxud müəssisənin
daxili qaydalarını pozduqda müvafiq
rəhbər şəxslə razılıq əsasında müalicə
həkimi pasiyenti müşahidə və müalicə
etməkdən imtina edə bilər.
Peşə vəzifələrinin lazımi səviyyədə
yerinə yetirilməməsinə görə müalicə
həkimi qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyır.
Maddə 52. Həkim andı
Azərbaycan Respublikasının ali tibb
təhsili müəssisələrini bitirmiş
və həkim diplomu almış şəxslər “Hippokrat
andı” içirlər.
Həkim andını pozan həkimlər qanunvericilikdə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 53. Həkim sirri
Vətəndaşın tibbi yardım üçün müraciət
etməsi faktı, onun xəstəliyinin
diaqnozu, sağlamlığının vəziyyəti
müayinə və müalicə vaxtı əldə edilən
digər məlumatlar barədə informasiya
həkim sirrini təşkil edir. Vətəndaşın
verəcəyi məlumatın gizli saxlanılması
haqqında ona zəmanət verilir.
Vətəndaşın və ya onun qanuni nümayəndəsinin
razılığı ilə həkim sirrini təşkil
edən məlumat pasiyentin müayinə
və müalicəsinin mənafeyi naminə,
elmi tədqiqatların aparılması, elmi
ədəbiyyatda nəşr edilməsi, tədris
və digər məqsədlərlə istifadə olunması
üçün başqa vətəndaşlara, vəzifəli
şəxslərə verilə bilər.
Həkim sirrini təşkil edən məlumat
vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin
razılığı olmadan aşağıdakı hallarda
verilə bilər:
vətəndaş öz vəziyyətini izah etmək
qabiliyyətinə malik olmadıqda, vətəndaşı
müayinə və müalicə etmək məqsədilə;
yoluxucu xəstəliklərin yayılması
təhlükəsi olduqda, kütləvi zəhərlənmələr
və zədələnmələr baş verdikdə;
istintaq və təhqiqat orqanlarının,
prokurorun və məhkəmənin sorğusu
ilə;
yetkinlik yaşına çatmayanların valideynlərinə,
yaxud qanuni nümayəndələrinə məlumat
vermək məqsədilə;
hüquqa zidd hərəkətlər və vətəndaşın
sağlamlığına vurulan zərər barədə
şübhə olduqda.
Həkim sirrinə qanuni qaydada yiyələnən
şəxslər onun yayılmasına və bununla
əlaqədar vətəndaşa dəyən zərərə
görə qanunvericiliyə uyğun olaraq
tibb və əczaçılıq işçilərinə bərabər
məsuliyyət daşıyırlar.
Maddə 54. Tibb və əczaçılıq peşəsi
üzrə birliklər
Tibb və əczaçılıq işçilərinin müvafiq
qanunvericiliyə uyğun olaraq peşə
üzrə birliklər yaratmaq hüququ vardır.
Onlar tibb və əczaçılıq təcrübəsinin
inkişaf etdirilməsi, elmi tədqaqatların
aparılmasına köməklik göstərilməsi
və tibbi etika normalarının işlənib
hazırlanması məqsədilə könüllülük
əsasında yaradılır.
Maddə 55. Tibb və əczaçılıq işçilərinin
sosial və hüquqi müdafiəsi
Tibb və əczaçılıq işçilərinin:
əməyin mühafizəsi tələblərinə uyğun
olaraq onların fəaliyyəti üçün iş
şəraitinin təmin edilməsi;
əmək müqaviləsi üzrə fəaliyyət göstərmək;
şərəf və ləyaqətinin qorunması;
nəzəri və praktik hazırlıq səviyyəsinə
uyğun ixtisas kateqoriyasına yiyələnmək;
peşə biliklərini təkmilləşdirmək
hüquqları vardır.
Maddə 56. Əmək haqqı və kompensasiyalar
Tibb və əczaçılıq işçilərinin, habelə
elmi işçilərin, ali və orta tibb
və əczaçılıq təhsili müəssisələrinin,
universitetlərin tibb fakültələrinin
professor-müəllim heyətinin əmək
haqqı onların ixtisas dərəcəsinə,
stajına və yerinə yetirdikləri vəzifələrə
uyğun olaraq ödənilir və bu, əmək
müqaviləsində (kontraktda) nəzərdə
tutulur. [31]
Tibb və əczaçılıq işçilərinin əmək
şəraitləri təhlükəli, zərərli amillərlə
bağlı olduqda onlar vəzifə maaşlarına
əlavə olaraq kompensasiya almaq,
eləcə də qanunvericilikdə müəyyən
edilmiş digər güzəştlərdən istifadə
etmək hüququna malikdirlər.
Əmək haqqının artırılmasına, əlavə
ödəmələrin verilməsinə, digər kompensasiyalar
və güzəştlər almaq hüququna malik
olan tibb işçilərinin siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Həyat və sağlamlıq üçün təhlükəli
şəraitdə dövlət səhiyyə sistemində
fəaliyyət göstərən mütəxəssislər
qanunvericilikdə müəyyən edilmiş
qaydada dövlət vəsaiti hesabına
məcburi sığorta olunurlar.
Dövlət səhiyyə müəssisələrində xidməti
vəzifələrini yerinə yetirərkən həlak
olmuş tibb və əczaçılıq işçilərinin
ailələrinə miqdarı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən birdəfəlik müavinət verilir.
IX fəsil
VƏTƏNDAŞLARIN SAĞLAMLIĞINA VURULAN
ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT
Maddə 57. Vətəndaşların sağlamlığına
vurulan ziyanın ödənilməsi
Vətəndaşların sağlamlığına zərər
vurulduqda təqsirkar şəxslər qanunvericilikdə
müəyyən edilmiş qaydada və həcmdə
ziyanı ödəməyə borcludurlar.
Vurulan ziyanın ödənilməsi tibb
və əczaçılıq işçilərini qanunvericilikdə
nəzərdə tutulmuş intizam, inzibati,
yaxud cinayət məsuliyyətindən azad
etmir.
Vətəndaşların sağlamlığına zərər
vurulmasında təqsirkar olan yetkinlik
yaşına çatmayanlar, yaxud qanunvericilikdə
müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilən
şəxslər tərəfindən ziyanın ödənilməsi
qanunvericiliyə uyğun olaraq həyata
keçirilir.
Ətraf mühitin çirklənməsi nəticəsində
vətəndaşların sağlamlığına vurulan
ziyan qanunvericilikdə müəyyən edilmiş
qaydada ziyan vuran hüquqi və fiziki
şəxslər tərəfindən ödənilir.
Maddə 58. Hüquqa zidd hərəkətlər
nəticəsində zərər çəkmiş vətəndaşlara
tibbi yardım göstərilməsi üzrə xərclərin
ödənilməsi
Hüquqa zidd hərəkətlər nəticəsində
zərər çəkmiş vətəndaşlara göstərilən
tibbi yardımın xərcləri təqsirkar
idarə, müəssisə və təşkilatlar tərəfindən
xərc çəkən dövlət və qeyri-dövlət
səhiyyə sistemlərinin müəssisələrinə
ödənilir.
Vətəndaşların sağlamlığına birlikdə
ziyan vuran şəxslər qanunvericilikdə
müəyyən edilmiş qaydada ziyanın
ödənilməsi ilə əlaqədar birgə məsuliyyət
daşıyırlar.
Maddə 59. Sağlamlığın qorunması
sahəsində vətəndaşların hüquqlarının
pozulmasına görə tibb və əczaçılıq
işçilərinin məsuliyyəti
Tibb və əczaçılıq işçiləri öz peşə
vəzifələrini lazımi səviyyədə yerinə
yetirmədikdə, sağlamlığın qorunması
sahəsində vətəndaşların hüquqlarının
pozulması hallarında qanunvericiliyə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 60. Dövlət orqanlarının və
vəzifəli şəxslərin sağlamlığın qorunması
sahəsində vətəndaşların hüquq və
azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən
şikayət etmək hüququ
Dövlət orqanlarının və vəzifəli
şəxslərin sağlamlığın qorunması
sahəsində vətəndaşların hüquq və
azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən
qanunvericilikdə müəyyən edilmiş
qaydada yuxarı orqanlara və məhkəməyə
müraciət edilə bilər.
X fəsil
YEKUN MÜDDƏALARI
Maddə 61. Keçid müddəaları
Bu Qanunun tibbi sığortaya aid müddəaları
tibbi sığortanın hüquqi tənzimlənməsi
məsələləri üzrə müvafiq qanunvericilik
aktı qəbul edildikdən sonra qüvvəyə
minir.
Maddə 62. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 26 iyun 1997-ci il
№ 360-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 2 aprel 1999-cu
il tarixli 647-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu,
1999-cu il, № 5, maddə 285)
2. 20 fevral 2001-ci il tarixli
86-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci
il, № 3, maddə 141)
3. 20 fevral 2001-ci il tarixli
87-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci
il, № 3, maddə 142)
4. 20 fevral 2001-ci il tarixli
88-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci
il, № 3, maddə 143)
5. 20 fevral 2001-ci il tarixli
89-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci
il, № 3, maddə 144)
6. 5 oktyabr 2001-ci il tarixli
178-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci
il, № 11, maddə 672)
7. 12 oktyabr 2001-ci il tarixli
194-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci
il, № 11, maddə 687)
8. 12 oktyabr 2001-ci il tarixli
201-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci
il, № 11, maddə 693)
9. 19 aprel 2002-ci il tarixli 310-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci
il, № 5, maddə 240)
10. 30 aprel 2002-ci il tarixli
314-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci
il, № 5, maddə 244)
11. 24 may 2002-ci il tarixli 333-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci
il, № 6, maddə 328)
12. 25 mart 2003-cü il tarixli 426-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü
il, № 6, maddə 256)
13. 5 mart 2004-cü il tarixli 597-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü
il, № 4, maddə 199)
14. 20 aprel 2004-cü il tarixli
641-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü
il, № 6, maddə 396)
15. 18 may 2004-cü il tarixli 652-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü
il, № 7, maddə 507)
16. 23 dekabr 2005-ci il tarixli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 16 fevral
2006-cı il)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
|
|