| |
ƏHALİNİN
RADİASİYA TƏHLÜKƏSİZLİYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun radioaktiv
şüa mənbələri sahəsində qəzasız
fəaliyyətin, əhalinin radiasiya
təhlükəsindən qorunması və sağlamlığın
mühafizə edilməsinin hüquqi əsaslarını
müəyyən edir.
I FƏSİL ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əks anlayışlar:
radioaktiv maddə — kənar (xarici)
təsir olmadan atom nüvəsinin çevrilməsi
nəticəsində ionlaşdırıcı şüa buraxan
izotoplar (atomlar);
ionlaşdırıcı şüalanma-radioaktiv
çevrilmələr və nüvə parçalanması
zamanı ətraf mühitlə qarşılıqlı
təsir nəticəsində maddədə müxtəlif
işarəli ionlar yarada bilən şüalar;
radioaktiv maddələrin aktivliyi-radioaktiv
maddənin nüvə parçalanma sürətini
xarakterizə edən, vahid zamanda
baş verən parçalanmaların sayı,
vahidi – Bekkereldir (BK), küridir
(Kü); zivert (zv) - Ekvivalent dozanın
güc vahidi olub, 1 kq maddənin 1
saniyədə udduğu enerji;
rentgen – rentgen və qamma şüalarının
şüalanma doza vahidi olub, normal
şəraitdə 1 kub sm havada yaratdığı
elektrik yükünün miqdarı;
radioaktivliyə nəzarət-radiasiya
təhlükəsizliyi, radiaktiv maddələr
və digər ionlaşdırıcı şüa mənbələrinə
aid əsas sanitariya qaydaları və
normalarına riayət olunması;
əhalinin radiasiya təhlükəsizliyi
(bundan sonra radiasiya təhlükəsizliyi)
- indiki və gələcək nəsillərin sağlamlığının
ionlaşdırıcı şüalanmaların zərərli
təsirindən qorunması;
təbii radiasiya fonu-kosmik şüalanmaların
və təbii radionuklidlərin torpaqda,
suda, havada, biosferin digər elementlərində,
qida maddələrində, habelə insan
orqanizmində təbii yaratdığı şüalanma
dozası;
texnogen dəyişdirilmiş radiasiya
fonu-insan fəaliyyəti nəticəsində
təbii radiasiya fonunun dəyişdirilməsi;
yol verilən doza insan orqanizminin
və onun ayrı-ayrı orqanlarının radiahəssaslığını
nəzərə almaqla şüalanmanın gələcəkdə
orqanizmdə mənfi nəticələr törətməsi
ehtimalının inkar olunmasını təsdiqləyən
təqvim ili ərzində ionlaşdırıcı
şüalanmanın dozası:
sanitar-mühafizə zonası – ionlaşdırıcı
şüalanma mənbəyi ətrafında mənbənin
normal istismarı şəraitində əhalinin
effektiv (normal) şüalanma normasından
yüksək dozalı ərazi; müşahidə zonası
– sanitar-mühafizə zonasının hüdudları
xaricində radiasiya nəzarəti aparılan
ərazi;
işçi - bilavasitə ionlaşdırıcı şüa
mənbələri ilə daimi və ya müvəqqəti
işləyən şəxs;
radiasiya qəzası - texniki qurğuların
nasazlığı işçilərin (personalın)
səhvi, təbii fəlakətlər və digər
səbəblərdən ionlaşdırıcı şüa mənbələri
üzərində idarəetmənin itirilməsi
nəticəsində insanların müəyyən olunmuş
normadan artıq şüalanmasına və ya
ətraf mühitin radioaktiv çirklənməsinə
gətirən qəzalar.
Maddə 2. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində hüquqi
tənzimləmə
Radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində hüquqi tənzimləmə
bu Qanun və Azərbaycan Respublikasının
digər normativ hüquqi aktları ilə
həyata keçirilir. Azərbaycan Respublikasının
Qanunları və digər normativ hüquqi
aktları radiasiya təhlükəsizliyinə
və onun bu Qanunla müəyyən edilmiş
təminatına olan tələblərin səviyyəsini
azalda bilməz. Radiasiya təhlükəsizliyi
sahəsində Azərbaycan Respublikasının
qoşulduğu beynəlxalq müqavilələrin
nəzərdə tutduğu qaydalar Azərbaycan
Respublikası qanunvericiliyinin
mövcud müddəalarından fərqlidirsə,
onda beynəlxalq müqavilələrin qaydaları
tətbiq olunur.
Maddə 3. Radiasiya təhlükəsizliyinin
təmin olunmasının əsas prinsipləri
Radiasiya təhlükəsizliyinin təmin
olunmasının əsas prinsipləri aşağıdakılardır:
normalaşdırma prinsipi — əhalinin
bütün ionlaşdırıcı şüalanma mənbələrindən
aldıqları fərdi dozanın miqdarı
yol verilən dozadan yüksək olmaması;
əsaslandırma prinsipi — ionlaşdırıcı
şüa mənbələrindən istifadə zamanı
insan və cəmiyyətə veriləcək fayda
təbii radiasiya fonuna əlavə olunan
şüalanma dozası nəticəsində yarana
bilən zərərin riskindən artıq olmadıqda
belə istifadə ilə bağlı bütün fəaliyyət
növlərinin qadağan olunması;
optimallaşdırma prinsipi — ionlaşdırıcı
şüa mənbələrinin istifadəsi zamanı
iqtisadi və sosial amillər nəzərə
alınmaqla fərdi şüalanma dozasının
və şüalanmaya məruz qalan şəxslərin
sayının mümkün qədər aşağı səviyyədə
saxlanılması.
Radiasiya qəzası zamanı radiasiya
təhlükəsizliyinin təmin olunmasında
aşağıdakılar əsas götürülməlidir:
Radiasiya qəzasının nəticələrini
ləğv etmək üçün nəzərdə tutulan
tədbirlər zərərdən çox fayda verməlidirlər;
radiasiya qəzasının nəticələrinin
ləğvi üzrə fəaliyyətin növləri və
miqyası ionlaşdırıcı şüalanma dozasının
maksimum azalmasını təmin etməlidirlər.
Maddə 4. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi
Radiasiya təhlükəsizliyinin təmin
edilməsi üçün aşağıdakı tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur:
təşkilati-hüquqi, mühəndis-texniki,
sanitariya-gigiyena, tibbi-profilaktik,
təlimat və təhsil xarakterli tədbirlər
kompleksinin;
dövlət və yerli özünüidarə orqanları,
ictimai birliklər, hüquqi və fiziki
şəxslər tərəfindən radiasiya təhlükəsizliyi
sahəsində qayda, norma və normativlərə
əmələ olunma tədbirlərinin;
radiasiya şəraiti və radiasiya təhlükəsizliyi
tədbirləri haqqında əhaliyə məlumat
verilməsi.
II FƏSİL RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN
TƏMİN OLUNMASI SAHƏSİNDƏ DÖVLƏT
VƏ YERLİ ÖZÜNÜİDARƏ ORQANLARININ
SƏLAHİYYƏTLƏRİ
Maddə 5. Radiasiya təhlükəsizliyinin
təmin olunması sahəsində dövlət
orqanlarının səlahiyyətləri
Radiasiya təhlükəsizliyinin təmin
olunması sahəsində dövlət orqanlarının
səlahiyyətləri aşağıdakılardır:
dövlət siyasətinin müəyyənləşdirilməsi
və onun həyata keçirilməsi;
müvafiq qanunvericilik aktlarının,
digər normativ hüquqi aktların işlənib
hazırlanması, qəbul edilməsi və
onlara əməl olunmasına nəzarət;
dövlət proqramının hazırlanması
və həyata keçirilməsi;
radiasiya təsiri nəticəsində əhalinin
sağlamlığına və əmlakına dəyə bilən
zərərin yüksək riski ilə əlaqədar
kompensasiyanın növləri və miqdarının
təyin olunma qaydalarının müəyyənləşdirilməsi;
radiasiya qəzası baş vermə təhlükəsi
yaranarsa çevik tədbirlərin təşkili
və həyata keçirilməsi;
radiasiya qozası nəticəsində əhalinin
sağlamlığına və əmlakına dəyən zərərin
ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
əhalinin radiasiya təhlükəsizliyinin
təmin edilməsi, o cümlədən şüalanma
dozasının uçotu və ona nəzarət sahəsində
vahid dövlət idarəetmə sisteminin
yaradılması və onun fəaliyyətinin
təmin olunması;
radiasiya qəzası nəticəsində radioaktiv
çirklənmələrə məruz qalmış ərazilərdə
iş və yaşayışın xüsusi rejiminin
müəyyən edilməsi;
müvafiq ərazilərin radiasiya şəraiti
haqqına sakinlərə informasiya verilməsi;
radiasiya qəzası nəticəsində şüalanmaya
məruz qalmış əhaliyə kömək göstərilməsinin
təşkili və ona nəzarət;
radiasiya qəzası nəticəsində radioaktiv
çirklənməyə məruz qalmış ərazilərdə
təbii qoruqların nadir bitki və
heyvan növlərinin mühafizəsi üçün
tədbirlər görülməsi;
strateji nüvə materiallarının, radioaktiv
maddələrin və digər ionlaşdırıcı
şüa mənbələrinin idxal və ixracının,
onların tranzit ötürülməsinin, ölkə
ərazisində daşınmasının tənzimlənməsi
və fəaliyyət növlərinə nəzarətin
həyata keçirilməsi;
radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində Azərbaycan Respublikasının
beynəlxalq əməkdaşlığının həyata
keçirilməsi və beynəlxalq müqavilələr
üzrə öhdəliklərin yerinə yetirilməsi.
Maddə 6. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində yerli özünüidarə
orqanlarının səlahiyyət və vəzifələri
Radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində yerli özünüidarə
orqanlarının səlahiyyət və vəzifələri
Azərbaycan Respublikasının müvafiq
qanunvericilik aktları ilə müəyyən
edilir.
III FƏSİL RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN
TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ DÖVLƏT
İDARƏETMƏSİ VƏ NƏZARƏTİ
Maddə 7. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində dövlət
idarəetməsi və nəzarəti
Radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində dövlət idarəetməsinin
və nəzarətini öz səlahiyyətləri
çərçivəsində müvafiq icra hakimiyyəti
orqanları həyata keçirirlər. Radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində dövlət idarəetməsini və
nəzarətini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanlarının fəaliyyəti
qanunvericiliklə tənzimlənir.
Maddə 8. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi sahə-sində dövlət
proqramları
Radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində tədbirləri həyata
keçirmək üçün dövlət proqramları,
o cümlədən ərazi (regional) proqramlar
hazırlanır. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində dövlət
proqramlarının yerinə yetirilməsi
tədbirlərinin maliyyələşdirilməsi
dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə
nəzərdə tutulmuş digər mənbələr
hesabına həyata keçirilir.
Maddə 9. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində dövlət
normalaşdırılması
Radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində dövlət normalaşdırılması
sanitariya-gigiyena norma, qayda
və normativlərinin, radiasiya təhlükəsizliyi
qaydalarının, dövlət standartlarının,
əməyin mühafizəsi, tikinti norma
və qaydalarının radiasiya təhlükəsizliyi
haqqında sərəncamverici, təlimat
və başqa sənədlərin qəbul edilməsi
ilə həyata keçirilir. Radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində sanitariya norma və qaydaları,
gigiyena normativləri Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş qaydada müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir. İonlaşdırıcı şüa
mənbələrindən istifadə edildikdə
Azərbaycan Respublikası hüdudlarında
şüalanmanın aşağıdakı əsas gigiyena
normativləri müəyyənləşdirilir:
əhali üçün orta illik yol verilən
doza 0,001 zivertə bərabərdir və
ya insanın bütün həyati dövründə
(70 il) yol verilən doza 0,07 zivert
(zv) qəbul olunur. Ardıcıl beş il
ərzində orta illik yol verilən doza
0,001 zivertdən artıq olmamalıdır;
radiasiya qurğularında işləyənlər
üçün yol verilən orta illik doza
0,02 zivertə və ya həyatının müəyyən
fəaliyyəti dövründə (50 il) yol
verilən doza 1 zivertə bərabər götürülür.
Əgər ardıcıl beş il ərzində orta
illik yol verilən doza 0,02 zivertdən
böyük olmazsa, onda bu beş ilin
ayrı-ayn illərində orta illik yol
verilən doza 0,05 zivertə çata bilər.
Bu Qanunla müəyyən olunmuş yol verilən
şüalanma doza-sının həddinə təbii
radiasiya fonunun və ya texnogen
təsirlə dəyişilmiş radiasiya fonunun
yaratdığı dozalar, habelə vətəndaşların
(xəstələrin) diaqnostika və müalicəsi
zamanı rentgen-radioloji və digər
mənbələrdən aldıqları dozalar daxil
deyil. Şüalanma dozalarının qəbul
olunmuş hədləri insan orqanizminin
və onun ayrı-ayrı orqanlarının şüalanmaya
məruz qalması zamanı yol verilə
bilən dozaların müəyyənləşdirilməsi
üçün ilkin hədlər kimi qəbul edilə
bilər. Radiasiya qəzası şəraitində
məhdud zaman intervalında sanitariya-gigiyena
norma və qaydaları ilə müəyyənləşdirilmiş
dozadan artıq dozalara da yol verilə
bilər. Əhali şüalanmaya məruz qaldıqda
bu maddədə müəyyənləşdirilmiş şüalanmanın
əsas gigiyena normativləri (dozanın
yol verilə bilən həddi) ölkənin
müxtəlif əraziləri üçün müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
konkret sanitariya-gigiyena və ekoloji
şəraitin əhalinin sağlamlıq vəziyyətini,
ətraf mühitin başqa amillərinin
insana təsir səviyyəsini nəzərə
almaqla azaldıla bilər. Radioaktiv
maddələr və digər ionlaşdırıcı şüa
mənbələri ilə iş vaxtı radioaktiv
şüalanmadan mühafizə üzrə texniki
təhlükəsizlik haqqında təlimat qanunvericilikdə
müəyyən olunmuş qaydada müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir. Radiasiya təhlükəsizliyi
məsələləri üzrə dövlət standartları,
tikinti norma və qaydaları, əməyin
mühafizəsi qaydaları, sərəncam,
təlimat metodiki və digər sənədlər
səlahiyyətli dövlət orqanları tərəfindən
təsdiq edilir.
Maddə 10. İonlaşdırıcı şüa mənbələrindən
istifadə ilə əlaqədar fəaliyyətin
həyata keçirilməsi İonlaşdırıcı
şüa mənbələrindən istifadə ilə əlaqədar
elmi-tədqiqat təcrübi-konstruktor
işləri, qurğuların tikilməsi, onlar
üçün texnoloji avadanlığın layihələşdirilməsi
və hazırlanması, radiasiya təhlükəsizliyi
vasitələrinin, həmçinin radioaktiv
maddələrin hasilatı, emalı (istehsalı),
daşınması, nəqli saxlanılması, istifadəsi,
məhv edilməsi və basdırılması sahəsindəki
işlər dövlət inhisarında olmaqla
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 11. Radiasiya təhlükəsizliyinin
təmin edilməsinə istehsalat nəzarəti
İonlaşdırıcı şüa mənbələrinin istifadəsi
ilə əlaqədar fəaliyyət göstərən
müəssisələr və təşkilatlar radiasiya
təhlükəsizliyinin təmin edilməsi
üçün müntəzəm istehsalat nəzarəti
keçirirlər. İstehsalat nəzarətinin
həyata keçirilməsi qaydası hər bir
müəssisə və ya təşkilat üçün onun
işinin xüsusiyyət və şəraiti nəzərə
alınmaqla təyin edilir və radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində müvafiq icra hakimiyyəti
orqanları ilə razılaşdırılır Radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində pozuntular aşkar edildikdə
istehsalat nəzarətini həyata keçirən
səlahiyyətli şəxslərin pozuntular
aradan qaldırılanadək ionlaşdırıcı
şüa mənbələri ilə aparılan işləri
dayandırmaq hüququ vardır.
Maddə 12. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq ictimai birliklər radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində fəaliyyət göstərən müəssisələrdə
və təşkilatlarda norma, qayda və
normativlərin yerinə yetirilməsinə
ictimai nəzarət etmək hüququna malikdirlər.
IV FƏSİL RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN
TƏMİN EDİLMƏSİNƏ TƏLƏBLƏR
Maddə 13. Radiasiya təhlükəsizliyi
şəraitinin qiymətlən-dirilməsi
Müvafiq icra hakimiyyəti orqanları
ionlaşdırıcı şüa mənbələrindən istifadə
ilə əlaqədar fəaliyyət göstərən
müəssisə və təşkilatlarda, habelə
radiasiya nəzarəti aparılan ərazilərdə
radiasiya təhlükəsizliyinin təmin
edilməsi tədbirlərini həyata keçirir,
onların effektivliyinin qiymətləndirilməsi
işini aparır. Radiasiya təhlükəsizliyinin
qiymətləndirilməsi aşağıdakılara
əsasən həyata keçirilir:
ətraf mühitin radioaktiv çirklənməsinin
xüsusiyyəti və dərəcəsi;
radiasiya təhlükəsizliyinin təmin
edilməsində norma, qayda və gigiyena
tədbirlərinə əməl olunmasının təhlili;
radiasiya qəzasının ehtimalı və
onun miqyası;
radiasiya qəzalarının qarşısının
alınması və onun nəticələrinin ləğv
edilməsinə hazırlıq;
ionlaşdırıcı şüa mənbələrindən əhalinin
ayrı-ayrı qruplarının məruz qaldıqdan
şüalanma dozalarının təhlili;
müəyyən olunmuş normadan artıq şüalanma
dozasına məruz qalmış şəxslərin
sayı. Ərazi, müəssisə və təşkilatların
radioaktiv təhlükəsizliyə hazırlığının
vəziyyəti hər il ərazi, müəssisə
və təşkilatların radioloji-gigiyenik
pasportlarında əks olunur. Ərazi,
müəssisə və təşkilatların radioloji-gigiyenik
pasportlarının forması və tərtib
edilməsinin qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir.
Maddə 14. İonlaşdırıcı şüa mənbələri
ilə iş zamanı radiasiya təhlükəsizliyinin
təmin edilməsinə dair tələblər
İonlaşdırıcı şüa mənbələrindən istifadə
ilə əlaqədar fəaliyyət göstərən
müəssisə və təşkilatlar aşağıdakı
tələbləri yerinə yetirməlidirlər:
radiasiya təhlükəsizliyinin təmin
edilməsinə aid bu Qanunda və digər
normativ hüquqi aktlarda müəyyən
edilmiş tələblərə, normalara, qaydalara,
normativlərə və təlimatlara əməl
edilməsi;
radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində tədbirlərin planlaşdırılıb
həyata keçirilməsi;
ionlaşdırıcı şüa mənbələri hesab
edilən yeni (modernləş-dirilmiş)
istehsalat, texnoloji proses, məhsul,
material və maddələrə dair insan
sağlamlığı üçün radiasiya təhlükəsizliyi
baxımından əsaslandırma işlərinin
aparılması;
radioloji şərait üzrə müəssisə və
təşkilatın ərazisində, otaqlarda
və iş yerlərində, həmçinin radioaktiv
maddələrin tullantıları üzərində
radiasiya təhlükəsizliyinin təmin
edilməsi ilə əlaqədar müntəzəm olaraq
istehsalat nəzarətinin həyata keçirilməsi;
işçilərin (personalın) fərdi şüalanma
dozalarına nəzarət və onların uçotu;
istehsalat nəzarəti xidməti mütəxəssislərinin,
iş icraçılarının, daimi və ya müvəqqəti
olaraq ionlaşdırıcı şüa mənbələri
ilə işləyən digər şəxslərin attestasiyasının
keçirilməsi;
işçilərin ilkin (işə qəbul olunarkən)
və dövri (müntəzəm) tibbi müayinələrdən
keçirilməsi;
işçilərin (personalın) iş yerində
məruz qaldığı ionlaşdırıcı şüalanmanın
səviyyəsi və onların aldıqları fərdi
şüalanma dozaları haqqında onlara
müntəzəm məlumat verilməsi;
radiasiya təhlükəsizliyi sahəsində
müvafiq icra hakimiyyəti orqanlarına
radiasiya təhlükəsizliyi üçün qorxu
yaradan qəza şəraiti və texnoloji
reqlament pozuntuları haqqında vaxtında
məlumat verilməsi;
radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində müvafiq icra
hakimiyyəti orqanlarının qərar və
sərəncamlarının, onların səlahiyyətli
nümayəndələrinin müvafiq göstərişlərinin
yerinə yetirilməsi;
radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində əhalinin hüquqlarının
həyata keçirilməsinin təmin edilməsi;
radioaktiv şüa mənbələri ilə işləyən
işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik
texnikası qaydaları ilə tanış edilməsi.
Maddə 15. Təbii radionuklidlərin
təsirindən əhalinin təhlükəsizliyinin
təmin edilməsi
İşçilərin və əhalinin yaşayış və
istehsalat binalarında radon, onun
parçalanma məhsulları, habelə digər
təbii radionuklidlərin yaratdığı
şüalanma normativlərlə müəyyən olunmuş
dozadan artıq olmamalıdır. Əhali
və işçilərin təbii radionuklidlərin
təsirindən mühafizəsi məqsədilə
aşağıdakı tədbirlər həyata keçirilməlidir:
qamma-şüalanmaın və torpaqdan ayrılan
radonun səviyyə-sini nəzərə almaqla
binaların və qurğuların tikilməsi
üçün zərərsiz (təhlükəsiz) torpaq
sahələrinin ayrılması;
radonun binaya daxil olmasının qarşısının
alınması tədbirləri nəzərə alınmaqla
bina və qurğuların layihələşdirilməsi
və tikilməsi;
yaşayış bina və sənaye (istehsal)
qurğularının istismara qəbul edilməsi
zamanı binaların daxilindəki havada
radonun, təbii radionuklidlərdən
və digər radioaktiv maddələrdən
qamma-şüalanmanın dozasının intensivliyinin
nəzərə alınması, tikinti materiallarında
radiasiya təhlükəsizliyi üzrə istehsalat
nəzarətinin keçirilməsi;
bina və qurğuların istismarı zamanı
otaqlarda radonun və təbii radionuklidlərdə
qamma və digər radioaktiv şüalanmanın
səviyyəsinin nəzərə alınması.
Bina və qurğularda təbii radionuklidlər,
qamma-şüalanmanın və radonun miqdarının
normativlərə uyğun olmadığı halda
bu bina və qurğunun istifadə məqsədi
dəyişdirilir. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi tələblərinə cavab
verməyən tikinti materialları və
məmulatlarından istifadə etmək qadağan
edilir.
Maddə 16. Qida məhsulları istehsalı
və istifadəsi zamanı radiasiya təhlükəsizliyinin
təmin edilməsinə
tələblər Ərzaq, qida məhsulları,
onlar üçün xammallar, içməli su,
onların emalı, istehsalı, saxlanması,
daşınması, satışı (paylanması) və
istifadəsi zamanı onlarla təmasda
olan material və məmulatlar radiasiya
təhlükəsizliyi tələblərinə cavab
verməli və bu Qanuna uyğun olaraq
istehsalat nəzarətində olmalıdır.
Radiasiya təhlükəsizliyi normalarına
cavab verməyən sənaye və ərzaq məhsullarının
ölkəyə gətirilməsinə yol verilmir.
Maddə 17. Tibbi rentgen-radioloji
proseduralar keçirilən zaman əhalinin
radiasiya təhlükəsizliyinin təmin
edilməsi
Əhali (xəstələr) tibbi rentgen-radioloji
müayinədən keçirilən zaman qoruyucu
vasitələrdən istifadə olunmalıdır.
Əhalinin tibbi rentgen-radioloji
müayinəsindən keçirilməsi zamanı
şüalanma dozaları radiasiya təhlükəsizliyi
sahəsindəki qayda, norma və normativlərə
uyğun olmalıdır. Tibbi rentgen-radioloji
müayinəsi və müalicəsi zamanı xəstənin
tələbi ilə ona göstərilən və ya
aldığı şüalanma dozası və şüalanmanın
mümkün nəticəsi barədə tam məlumat
verilməlidir. Epidemioloji nöqteyi-nəzərdən
təhlükəli xəstəliklərin aşkar. edilməsi
məqsədilə aparılan profilaktiki
müayinələr, habelə rentgen müayinəsi
yeganə diaqnostik vasitə olduğu
hallar istisna olmaqla xəstə tibbi
rentgen-radioloji müayinəsindən
keçməkdən imtina edə bilər.
Maddə 18. Fərdi şüalanma dozasının
uçotu və ona nəzarət
Əhalinin ionlaşdırıcı şüa mənbələrindən
istifadə, tibbi rentgen-radioloji
müayinə zamanı aldığı, habelə təbii
radiasiya fonu və ya texnogen təsirlə
dəyişmiş radiasiya fonu ilə yaranan
fərdi şüalanma dozalarının uçotu
və ona nəzarət müvafiq icra hakimiyyəti
orqanının müəyyənləşdirdiyi qaydada
aparılır.
V FƏSİL RADİASİYA QƏZASI ZAMANI
RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN
EDİLMƏSİ
Maddə 19. Əhalinin və işçilərin
(personalın) radiasiya qəzasından
mühafizə tədbirləri
Radiasiya qəzası baş vermə ehtimalı
olan müəssisə və təşkilatlar aşağıdakılara
malik olmalıdırlar:
potensial radiasiya qəzalarının
siyahısına;
radiasiya qəzası baş verdikdə qəbul
edilməsi zəruri olan qərarların
meyarlarına;
işçilərin (personalın) və əhalinin
radiasiya qəzasından və qəzanın
nəticələrindən mühafizənin təmin
edilməsi tədbirlərinin radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində dövlət nəzarətini həyata
keçirən müvafiq icra hakimiyyəti
orqanları ilə razılaşdırılmış tədbirlər
planına;
radiasiya qəzası haqqında məlumat
vermək və onun nəticələrini ləğv
etmək üçün vasitələrə;
radiasiya qəzasına məruz qalan şəxslərin
profilaktikası və radiasiya qəzasından
zərər çəkənlərə pulsuz ixtisaslaşdırılmış
tibbi yardım göstərilməsi üçün vasitələrə;
işçilərdən (personaldan) təşkil
olunmuş qəza-xilasetmə dəstələrinə.
Maddə 20. İonlaşdırıcı şüa mənbələrindən
istifadə ilə əlaqədar fəaliyyət
göstərən müəssisə və təşkilatların
radiasiya qəzasından əhalinin təhlükəsizliyinin
təmin olunması sahəsində vəzifələri
İonlaşdırıcı şüa mənbələrindən istifadə
ilə əlaqədar fəaliyyət göstərən
müəssisə və təşkilatların radiasiya
qəzası zamanı vəzifələri:
radiasiya qəzası və onun nəticələrindən
işçiləri (personalı) və əhalini
mühafizə sahəsində tədbirlərin yerinə
yetirilməsini təmin etmək;
radiasiya qəzası baş verdikdə radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində dövlət nəzarətini həyata
keçirən müvafiq icra hakimiyyəti
orqanlarına, yüksək şüalanma gözlənilən
ərazinin yerli özünüidarə orqanlarına
və əhaliyə məlumat vermək;
radiasiya qəzasından zərər çəkənlərə
ilkin tibbi yardım göstərilməsini
həyata keçirmək;
radioaktiv çirklənmə mənbələrini
təcrid etmək və radioaktiv maddələrin
ətraf mühitə yayılmasının qarşısını
almaq;
radiasiya qəzası zamanı radiasiya
şəraitinin dəyişməsi və radiasiya
qozasının genişlənməsinin operativ
təhlilini aparmaq;
radiasiya qəzası ləğv edildikdən
sonra ionlaşdırıcı şüa mənbələri
ilə əlaqədar fəaliyyət göstərən
müəssisə və təşkilatların ərazisində
radiasiya şəraitinin normalaşdırılması
sahəsində əməli tədbirlər görməkdir.
Maddə 21. Radiasiya qəzasının nəticələrini
ləğv etmək üçün cəlb olunmuş şəxslərin
əvvəlcədən nə-zərdə tutulmuş yüksək
dozada şüalanmasına tələblər
Radiasiya qəzasının nəticələrinin
ləğv olunması, qəza-xilasetmə və
dezaktivasiya işləri ilə əlaqədar
cəlb olunmuş şəxslərin əvvəlcədən
nəzərdə tutulmuş, yüksək dozalı
şüalanmaya məruz qalmasına səbəb
yalnız insanları xilas etmək və
ya onların daha yüksək şüalanma
dozasına məruz qalmasının qarşısını
almaq məqsədi ola bilər. Radiasiya
qəzası nəticələrini ləğv etmək üçün
cəlb olunmuş şəxslərin şüalanma
dozası bu Qanunun 9-cu maddəsində
işçilər (personal) üçün nəzərdə
tutulmuş orta illik normativ şüalanma
dozasından 10 dəfədən artıq ola
bilməz. Radiasiya qəzası nəticələrinin
ləğvi ilə əlaqədar cəlb olunmuş
şəxslərin əvvəlcədən nəzərdə tutulmuş
yüksək şüalanmaya məruz qalmasına
həmin şəxslərin bütün həyatı dövründə
ala biləcəyi şüalanmaya qədər dozanı
bir dəfə almaq və sağlamlığı üçün
risk haqqında əvvəlcədən məlumat
vermək şərti ilə və könüllülük əsasında
yol verilə bilər. Radiasiya qəzasının
nəticələrinin ləğvi üçün cəlb olunmuş
şəxsə yüksək şüalanma dozası alması
nəticəsində sağlamlığına dəyən zərərə
görə verilən ödənişin növləri və
miqdarı qanun-vericiliklə müəyyən
edilir.
Maddə 22. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi tələblərinin yerinə
yetirilməsi və ya pozulması üçün
məsuliyyət
Radiasiya təhlükəsizliyinin təmin
olunmasında tələbləri yeri-nə yetirməyən
və pozan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq inzibati, mülki-hüquqi
və cinayət məsuliyyətinə cəlb olunurlar.
VI FƏSİL RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN
TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ ƏHALİNİN
VƏ İCTİMAİ BİRLİKLƏRİN HÜQUQ VƏ
VƏZİFƏLƏRİ
Maddə 23. Radiasiya təhlükəsizliyi
sahəsində əhalinin hüquqları
Azərbaycan Respublikası vətəndaşlarının,
əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin radiasiya təhlükəsizliyi
hüququ vardır.
Maddə 24. Əhalinin və ictimai birliklərin
məlumat almaq hüququ
Əhali və ictimai birliklər ionlaşdırıcı
şüa mənbələrindən istifadə ilə əlaqədar
fəaliyyət göstərən müəssisə və təşkilatlardan
onların səlahiyyətləri dairəsində
radiasiya şəraiti və radiasiya təhlükəsizliyinin
təmin olunması üçün görülən tədbirlər
haqqında, alınması məhdudlaşdırılan
informasiya istisna edilməklə, obyektiv
məlumat almaq hüququna malikdirlər.
Maddə 25. İonlaşdırıcı şüa mənbələrindən
istifadə ilə əlaqədar fəaliyyət
göstərən müəssisə və təşkilatların
ərazisinə daxil olma hüququ
İctimai birlik nümayəndələri Azərbaycan
Respublikası qanunvericiliyinin
müəyyənləşdirdiyi qayda və şərtlər
daxilində ionlaşdırıcı şüa mənbələrindən
istifadə ilə əlaqədar fəaliyyət
göstərən müəssisə və təşkilatların
ərazisinə daxil ola bilərlər.
Maddə 26. İonlaşdırıcı şüa mənbələrindən
istifadə ilə əlaqədar fəaliyyət
göstərən müəssisə və təşkilatlarda
işləyənlərin, yaxın ərazilərdə yaşa-yan
əhalinin sosial müdafiəsi
İonlaşdırıcı şüa mənbələrindən istifadə
ilə əlaqədar fəaliyyət göstərən
müəssisə və təşkilatlarda işləyənlər
və yaxın ərazilərdə yaşayan əhali
müəyyən olunmuş təbii şüalanma dozası
səviyyəsindən artıq dozaya məruz
qaldıqda qanunvericiliklə müəyyən
olunmuş qaydada sosial müdafiə hüququna
malikdirlər.
Maddə 27. İonlaşdırıcı şüalanmanın
təsiri və radiasiya qəzası nəticəsində
əhalinin həyatına, sağlam-lığına
və əmlakına dəymiş zərərə görə ödəniş
almaq hüququ
Əhalinin bu Qanunla müəyyən olmuş
dozadan artıq şüalanma, həmçinin
radiasiya qəzası ilə əlaqədar onların
sağlamlığına, əmlakına və həyatına
dəyən zərərə görə maddi ödəniş almaq
hüququ vardır.
Maddə 28. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində əhalinin
vəzifələri
Radiasiya təhlükəsizliyinin təmin
edilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının vətəndaşlarının,
Azərbaycan Respublikasında yaşayan
əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin vəzifələri:
radiasiya təhlükəsizliyinin təmin
olunması tələblərinə əməl etmək;
radiasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində tədbirlərin yerinə
yetirilməsində iştirak etmək.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 dekabr 1997-ci il
|
|