| |
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNLARI
Dövlət qulluqçularinin pensiya təminati
haqqinda
Azərbaycan Respublikasinin Qanunu
Bu qanun dövlət
qulluqçularının pensiya təminatının
əsaslarını və qaydasını tənzimləyir.
Maddə 1. Dövlət qulluqçularının
pensiya təminatı haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Dövlət qulluqçularının pensiya təminatı
haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, "Dövlət
qulluğu haqqında", "Vətəndaşların
pensiya təminatı haqqında"
Azərbaycan Respublikasının qanunlarından,
prokurorluq, ədliyyə, milli təhlükəsizlik,
sərhəd xidməti, daxili işlər, gömrük,
vergi, xarici işlər, feldyeger rabitəsi
orqanlarında və Azərbaycan Respublikasının
Milli Bankında dövlət qulluğunda
çalışan şəxslərin dövlət qulluğu
keçməsi haqqında müvafiq qanunlardan,
bu qanundan və digər normativ hüquqi
aktlardan ibarətdir.
Maddə 2. Dövlət pensiyası
almaq hüququ olan şəxslər
2.1. Bu qanunda nəzərdə tutulmuş
şərtlərə əməl olunmaqla aşağıdakı
şəxslərin dövlət pensiyası (bundan
sonra - pensiya) almaq hüququ vardır:
2.1.1. "Dövlət qulluğu haqqında"
Azərbaycan Respublikası Qanununun
qüvvəyə mindiyi gün icra hakimiyyəti
orqanlarında, qanunvericilik və
məhkəmə hakimiyyəti orqanlarının
aparatlarında çalışmış dövlət qulluqçuları;
2.1.2. "Dövlət qulluğu haqqında"
Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq inzibati və yardımçı
vəzifələr tutan Azərbaycan Respublikasının
vətəndaşları;
2.1.3. Dövlət qulluqçusu, yaxud
pensiyaçı öldükdən sonra onun dul
arvadı (əri), anası (atası), ölənin
himayəsində olmuş və 22 yaşına çatmamış
işləməyən qızı (oğlu).
2.2. Bu qanun Azərbaycan Respublikasının
baş naziri və onun müavinləri, Naxçıvan
Muxtar Respublikasının baş naziri
və onun müavinləri, Azərbaycan Respublikası
mərkəzi icra hakimiyyəti orqanının
rəhbəri və onun müavinləri, Naxçıvan
Muxtar Respublikası mərkəzi icra
hakimiyyəti orqanının rəhbəri, yerli
icra hakimiyyəti orqanının rəhbəri
(başçısı) vəzifələrini tutan şəxslərə
də şamil olunur.
2.3. Azərbaycan Respublikasının
vətəndaşlığından çıxması və ya dövlət
qulluqçusu andını pozması ilə əlaqədar
işdən azad edilmiş dövlət qulluqçularına
və onların ailə üzvlərinə bu qanunla
pensiya təyin olunmur.
Maddə 3. Pensiya seçmək
hüququ
3.1. "Vətəndaşların pensiya
təminatı haqqında", "Hərbi
qulluqçuların pensiya təminatı haqqında"
Azərbaycan Respublikasının qanunları,
prokurorluq, ədliyyə, milli təhlükəsizlik,
sərhəd xidməti, daxili işlər, gömrük,
vergi, xarici işlər, feldyeger rabitəsi
orqanlarında və Azərbaycan Respublikasının
Milli Bankında dövlət qulluğunda
çalışan şəxslərin dövlət qulluğu
keçməsi haqqında müvafiq qanunlar
və bu qanun ilə müəyyən edilmiş
pensiyaları almaq hüququna malik
olan dövlət qulluqçularına öz arzuları
ilə bir pensiya təyin edilir.
3.2. Dövlət qulluqçuları bu qanunla
müəyyən edilmiş pensiya ilə yanaşı,
könüllü (əlavə) sosial sığorta hesabına
digər pensiyalar almaq hüququna
malikdirlər.
Maddə 4. Pensiya ödənilməsinin
maliyyə mənbələri
Bu qanuna əsasən təyin edilmiş pensiya
məcburi dövlət sosial sığorta ayırmaları
hesabına ödənilir.
Maddə 5. Pensiyanın təyin
olunması şərtləri
5.1. Bu qanunun 2.3-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna
olmaqla, pensiya təyin edilməsi
üçün müraciət etdiyi zaman dövlət
qulluğunda olmayan və dövlət qulluğunda
azı 5 il çalışmış dövlət qulluqçusunun
müvafiq qanunvericiliyə əsasən pensiya
yaşına çatdıqda və ya əlil olduqda,
bu qanunla pensiya almaq hüququ
vardır.
5.2. Pensiya almaq üçün dövlət qulluqçusunun
qulluq stajına aşağıdakılar daxil
edilir:
5.2.1. "Dövlət qulluğu haqqında"
Azərbaycan Respublikasının Qanunu
qüvvəyə mindikdən sonra dövlət qulluğu
vəzifəsində qulluq stajı;
5.2.2. 1991-ci il oktyabrın 18-dən
"Dövlət qulluğu haqqında"
Azərbaycan Respublikası Qanununun
qüvvəyə mindiyi günədək qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarında
iş stajı;
5.2.3. 1991-ci il oktyabrın 18-dək
dövlət, sovet və partiya orqanlarında
iş müddəti.
5.3. Dövlət qulluqçusunun qulluq
stajı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
hesablanır.
5.4. Müvafiq qanunvericiliyə uyğun
olaraq pensiya yaşına çatmasına
və ya əlilliyinə görə işdən çıxmış
və dövlət qulluğunda xidmət illərinin
minimum həddinə malik olmayan dövlət
qulluqçusunun müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
miqdarda və qaydada müavinət almaq
hüququ vardır.
Maddə 6. Pensiyanın miqdarı
6.1. Pensiya dövlət qulluğunda,
habelə 1991-ci il oktyabrın 18-dək
dövlət, sovet və partiya orqanlarında
xidmət illərindən asılı olaraq aşağıdakı
miqdarda təyin edilir:
6.1.1. dövlət qulluğu vəzifəsində
azı 5 il qulluq stajı olan şəxsə
onun dövlət məvacibinin 45 faizi
miqdarında;
6.1.2 dövlət qulluğu vəzifəsində
5 ildən 10 ilə qədər qulluq stajı
olan şəxsə dövlət məvacibinin 45
faizi miqdarında, 5 ildən yuxarı
qulluq stajının hər ili üçün dövlət
məvacibinin 2 faizi miqdarında əlavə
olunmaqla;
6.1.3. dövlət qulluğu vəzifəsində
10 ildən 15 ilə qədər qulluq stajı
olan şəxsə dövlət məvacibinin 55
faizi miqdarında, 10 ildən yuxarı
qulluq stajının hər ili üçün dövlət
məvacibinin 5 faizi miqdarında əlavə
olunmaqla, lakin dövlət məvacibinin
80 faizi miqdarından çox olmamaqla.
6.2. Bu qanunun 2.1.3-cü maddəsində
nəzərdə tutulmuş ailə üzvlərinin
sayından asılı olmayaraq onlara
pensiya aşağıdakı miqdarda təyin
edilir:
6.2.1. vəfat etmiş dövlət qulluqçusunun
qulluq stajına görə almalı olduğu
pensiyanın 80 faizi miqdarında;
6.2.2. vəfat etmiş pensiyaçının
pensiyasının 80 faizi miqdarında.
6.3. Bu qanunun 6.2-ci maddəsində
nəzərdə tutulan pensiyanın məbləği
dövlət qulluqçusunun, yaxud pensiyaçının
bu qanunun 2.1.3-cü maddəsində nəzərdə
tutulmuş ailə üzvləri arasında müvafiq
qanunvericiliyə uyğun olaraq bərabər
bölünür.
Maddə 7. Pensiyanın hesablanması
üçün nəzərə alınan dövlət məvacibi
7.1. Pensiya almaq üçün müraciət
edənin arzusuna əsasən dövlət məvacibi
onun müraciət etdiyi gündən əvvəlki
dövlət qulluğunun 24 ayı və ya ardıcıl
gələn istənilən 60 ayı ərzində aldığı
dövlət məvacibindən, dövlət məvacibindəki
sonrakı artırmalar da nəzərə alınmaqla
hesablanır.
7.2. Pensiyanın təyin edilməsi üçün
dövlət məvacibinin hesablanması
qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Pensiyanın təyin edilməsi
qaydası
8.1. Bu qanunla müəyyən edilən pensiya
şəxsin yaşayış yeri üzrə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təyin olunur.
8.2. Pensiya almaq hüququ olan şəxs
müddət məhdudiyyəti olmadan istənilən
vaxt pensiyanın təyin edilməsi üçün
müvafiq icra hakimiyyəti orqanına
müraciət edə bilər.
8.3. Pensiya təyin edən orqan təqdim
edilmiş sənədlərə onların daxil
olduğu vaxtdan ən geci 10 iş günü
müddətində baxır.
Maddə 9. Pensiyanın təyin edilməsi
müddətləri
9.1. Pensiya müraciət olunan gündən
ömürlük təyin edilir.
9.2. Pensiya bu qanunla nəzərdə
tutulmuş və onun ödənişinin dayandırılmasına
səbəb olan halların yarandığı günədək
ödənilir.
Maddə 10. Pensiya ödənişinin dayandırılmasına
səbəb olan hallar
10.0. Bu qanuna əsasən təyin edilmiş
pensiyanın ödənişi aşağıdakı halların
yarandığı gündən dayandırılır:
10.0.1. pensiyaçı vəfat etdikdə;
10.0.2. pensiyaçı Azərbaycan Respublikası
vətəndaşlığından çıxdıqda;
10.0.3. dövlət qulluğunda xidmət
müddətində;
10.0.4. dövlət qulluqçusu, yaxud
pensiyaçı öldükdən sonra onun bu
qanunun 2.1.3-cü maddəsində nəzərdə
tutulan ailə üzvü vəfat etdikdə;
10.0.5. dövlət qulluqçusunun, yaxud
pensiyaçının dul arvadı (əri) yeni
nikah bağladıqda;
10.0.6. dövlət qulluqçusunun, yaxud
pensiyaçının qızı (oğlu) 22 yaşına
çatanadək işləməyə başladıqda.
Maddə 11. Pensiya ödənişinin dayandırılmasına
səbəb olan hallar barəsində məlumat
vermək vəzifəsi
Pensiya alan şəxs pensiya ödənişinin
dayandırılmasına səbəb olan hallar
barəsində 15 gün müddətində müvafiq
icra hakimiyyəti orqanına məlumat
verməyə borcludur.
Maddə 12. Pensiyanın yenidən hesablanması
12.1. Dövlət qulluqçusunun pensiyasının
məbləği fəaliyyətdə olan dövlət
qulluqçusunun dövlət məvacibinin
məbləğində olan sonrakı artımlara
uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
qaydada yenidən hesablanır.
12.2. Dövlət qulluqçusunun, yaxud
pensiyaçının bu qanunun 2.1.3-cü
maddəsində nəzərdə tutulmuş ailə
üzvlərinə təyin edilmiş pensiya
aşağıdakı hallarda yenidən hesablanır:
12.2.1. dövlət qulluqçusu, yaxud
pensiyaçı öldükdən sonra onun uşağı
doğulduqda;
12.2.2. bu qanunun 10.0.4-cü, 10.0.5-ci
və 10.0.6-cı maddələrində nəzərdə
tutulmuş hallarda.
Maddə 13. Artıq ödənilmiş pensiya
məbləğinin tutulması
13.1. Pensiya alan şəxsə artıq ödənilmiş
pensiyanın məbləği (qəsdən düzgün
olmayan məlumat əks etdirən sənəd
təqdim etməsi və müvafiq qanunvericilikdə
nəzərdə tutulmuş digər hallarda)
müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə həmin şəxsdən tutulur.
13.2. Artıq ödənilmiş pensiya məbləğinin
tutulması məqsədi ilə hər dəfə pensiya
ödənilərkən tutulan bütün məbləğlərin
ümumi miqdarı verilməli olan pensiyanın
20 faizindən, müvafiq qanunvericilikdə
nəzərdə tutulmuş hallarda isə 50
faizindən çox ola bilməz.
Maddə 14. Şəxs vəfat etdikdə alınmamış
pensiyanın ödənilməsi və dəfn xərcinin
verilməsi
14.1. Pensiyaçının vəfatı ilə əlaqədar
alınmamış pensiyanın məbləği ailə
üzvlərinə ödənilir.
14.2. Pensiyaçı vəfat etdikdə təyin
olunmuş pensiyanın 6 aylıq məbləğində
dəfn xərci onun ailəsinə ödənilir.
14.3. Pensiyaçını ailə üzvlərinə
aid olmayan şəxslər dəfn etdikdə,
dəfn xərci həmin şəxslərə ödənilir.
Maddə 15. Xaricə köçmüş şəxslərə
pensiyanın ödənilməsi
Azərbaycan Respublikası vətəndaşının
xaricdə olduğu müddətdə pensiyası
öz arzusu ilə Azərbaycan Respublikasının
müvafiq bankındakı şəxsi hesabına
və ya yaşadığı dövlətdəki müvafiq
bank hesabına köçürülür. Bu halda
xidmət haqqı pensiyanın məbləğindən
tutulur.
Maddə 16. Qanunun qüvvəyə minməsi
Bu qanun
2005-ci il yanvarın 1-dən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 1 iyun 2004-cü il
№ 678-IIQ
|
|