| |
YOLUXUCU
XƏSTƏLİKLƏRİN İMMUNOPROFİLAKTİKASI
HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun Azərbaycan
Respublikası əhalisinin sağlamlığının
qorunması və sanitariya-epidemioloji
salamatlığının təmin edil-məsi məqsədi
ilə yoluxucu xəstəliklərin immunoprofilaktikası
sahəsində həyata keçirilən dövlət
siyasətinin hüquqi və iqtisadi əsaslarını
müəyyən edir.
I FƏSİL Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
yoluxucu xəstəliklərin immunoprofilaktikası
(bundan sonra – immunoprofilaktika)
– profilaktik peyvəndlər vasitəsi
ilə yoluxucu xəstəliklərin qarşısının
alınması, yayılmasının məhdudlaşdırılması
və ya ləğv edilməsi;
profilaktik peyvəndlər – yoluxucu
xəstəliklərə qarşı spesifik immunitetin
yaradılması üçün insan orqanizminə
tibbi immunobioloji preparatların
yeridilməsi;
tibbi immunobioloji preparatlar
– yoluxucu xəstəliklərin inkişafının
və yayılmasının qarşısının alınması
üçün tətbiq edilən vaksinlər, immunoqlobulinlər
və digər preparatlar; postvaksinal
fəsadlar – profilaktik peyvəndlər
nəticəsində sağlamlığın müxtəlif
dərəcədə pozulması;
profilaktik peyvəndlərin sertifikatı
– profilaktik peyvəndlərin qeydiyyat
sənədi.
Maddə 2. İmmunoprofilaktika haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
İmmunoprofilaktika haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
bu Qanundan, digər normativ hüquqi
aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdən ibarətdir.
Maddə 3. İmmunoprofilaktika sahəsində
dövlət siyasətinin əsas prinsipləri
İmmunoprofilaktika sahəsində dövlət
siyasəti yoluxucu xəstəliklərin
yayılmasının məhdudlaşdırılmasına
və aradan qaldırılmasına yönəldilmişdir.
İmmunoprofilaktika sahəsində dövlət
siyasətinin əsas prinsipləri aşağıdakılardır:
bütün vətəndaşlar üçün profilaktik
peyvəndlərin zəruriliyi;
dövlət və bələdiyyə tibb müəssisələrində
profilaktik peyvəndlərin əhaliyə
pulsuz aparılması;
məqsədli dövlət proqramlarının və
regional proqramların həyata keçirilməsi;
immunoprofilaktikanın aparılması
üçün səmərəli tibbi immunobioloji
preparatlardan istifadə olunması;
tibbi immunobioloji preparatların
keyfiyyətinə, təhlükəsizliyinə,
saxlanılmasına və daşınmasına dövlət
nəzarəti;
yeni tibbi immunobioloji preparatların
işlənib hazırlanması sahəsində aparılan
elmi tədqiqatlara dövlət qayğısı,
tibbi immunobioloji preparatların
müasir tələblərə cavab verən istehsalatının
təmin edilməsi;
tibbi immunobioloji preparatların
yerli istehsalatçılarına dövlət
qayğısı;
immunoprofilaktika sahəsində tibb
işçilərinin hazırlanması;
postvaksinal fəsadlar baş verdikdə
vətəndaşların sosial müdafiəsi;
statistik müşahidə sisteminin təkmilləşdirilməsi;
immunoprofilaktika sahəsində humanitar
təşkilatların iştirakına şərait
yaradılması;
beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi.
II FƏSİL İmmunoprofilaktikanın təşkilatı
əsasları və müəyyələşdirilməsi
Maddə 4. İmmunoprofilaktikanın təşkilati
əsasları
İmmunoprofilaktikanın həyata keçirilməsini
müvafiq icra hakimiyyəti orqanı
təmin edir. Azərbaycan Respublikasının
silahlı qüvvələrində, qanunvericilikdə
nəzərdə tutulmuş digər hərbi birləşmələrdə
immunoprofilaktikanın həyata keçirilməsi
müvafiq icra hakimiyyəti orqanları
tərəfindən təmin edir.
Maddə 5. Epidemik göstərişlərə görə
profilaktik peyvəndlər
Siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
yoluxucu xəstəliklərin baş verməsi
təhlükəsi olduqda epidemik göstərişlərə
görə profilaktik peyvəndlər məcburi
aparılır. Epidemik göstərişlərə
görə profilaktik peyvəndlərin aparılma
müddəti və qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 6. Profilaktik peyvəndlər
üçün tələblər
Profilaktik peyvəndlər dövlət və
bələdiyyə tibb müəssisələrində və
ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə
müəyyən olunmuş qaydada xüsusi razılıq
alan hüquqi və fiziki şəxslər tərəfindən
aparılır. Profilaktik peyvəndlər
vətəndaşların razılığı əsasında
aparılır. Qanunvericiliklə müəyyən
olunmuş qaydada fəaliyyət qabiliyyəti
olmayan hesab edilən və ya yetkinlik
yaşına çatmayan şəxslərə profilaktik
peyvəndlər valideynlərinin və ya
digər qanuni nümayəndələrinin razılığı
əsasında aparılır. Profilaktik peyvəndlər
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş tibbi-sanitariya
qaydalarına və tələblərinə əməl
etməklə tibbi əks göstərişləri olmayan
vətəndaşlara aparılır. Profilaktik
peyvəndlərin aparılmasına tibbi
əks göstərişlər müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Profilaktik peyvəndlərin aparılmaması:
beynəlxalq tibbi-sanitariya qaydalarına
və ya Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrə uyğun olaraq profilaktik
peyvəndlər tələb olunan ölkələrə
gediş-gəlişin dayandırılması və
ya məhdudlaşdırılması;
kütləvi yoluxucu xəstəliklər baş
verdikdə və ya epidemiya təhlükəsi
olduqda qanunvericiliklə müəyyən
olunmuş qaydada təhsil və sağlamlıq
müəssisələrinə şəxslərin qəbul edilməsinin
müvəqqəti dayandırılması ilə nəticələnir.
Yoluxucu xəstəliklərin baş verməsinin
yüksək riski ilə əlaqədar və profilaktik
peyvəndlərin məcburi aparılması
tələb olunan işlərin siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 7. Profilaktik peyvəndlərin
təqvimi
Profilaktik peyvəndlərin təqvimi
(bundan sonra - təqvim) - vətəndaşlara
profilaktik peyvəndlərin aparılması
qaydasını, müddətlərini, peyvənd
aparılması zəruri olan xəstəliklərin
siyahısını müəyyən edən və müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunan sənəddir. Təqvimə
daxil edilmiş profilaktik peyvəndlər
müəyyən edilmiş müddətlərdə Azərbaycan
Respublikasının vətəndaşlarına,
Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslərə
və əcnəbilərə aparılır.
Maddə 8. Tibbi immunobioloji preparatlar
üçün tələblər
İmmunoprofilaktika üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada qeydiyyatdan
keçən və sertifikatlandırılan tibbi
immunobioloji preparatlardan istifadə
olunur. Tibbi immunobioloji preparatların
buraxılışı həkim resepti əsasında
ixtisaslaşdırılmış tibb müəssisələri
tərəfindən həyata keçirilir.
Maddə 9. Tibbi immunobioloji preparatların
saxlanılması və daşınması
Tibbi immunobioloji preparatların
saxlanılması və daşınması sanitariya
qaydalarına əməl olunmaqla həyata
keçirilir.
Maddə 10. Tibbi immunobioloji preparatlara
dövlət nəzarəti
Tibbi immunobioloji preparatların
keyfiyyətinə, təhlükəsizliyinə,
saxlanılmasına və daşınmasına dövlət
nəzarəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
Maddə 11. İmmunoprofilaktikanın
maliyyələşdirilməsi
İmmunoprofilaktikanın maliyyələşdirilməsi
dövlət büdcəsi və qanunvericiliklə
qadağan olunmayan digər mənbələr
hesabına həyata keçirilir.
Maddə 12. Tibbi immunobioloji preparatlarla
təchizat
Təqvimə daxil edilən və epidemik
göstərişlərə görə müəyyən edilən
tibbi immunobioloji preparatlarla
tibb müəssisələrinin təchizatı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Maddə 13. İmmunoprofilaktika sahəsində
dövlət statistika müşahidəsi
Profilaktik peyvəndlər, postvaksinal
fəsadlar, epidemik göstərişlərə
görə profilaktik peyvəndlərdən imtina
halları haqqında məlumatlar tibbi
sənədlərdə qeyd olunur və onların
dövlət statistik uçotu aparılır.
Profilaktik peyvəndlərin, postvaksinal
fəsadların qeydiyyatı qaydaları,
epidemik göstərişlərə görə profilaktik
peyvəndlərdən imtinaların əsaslandırılması,
habelə tibbi sənədlərin və profilaktik
peyvəndlərin sertifikatlarının forması
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur. Profilaktik
peyvəndlərin nəticəsinin keyfiyyətli
olması üçün mütləq və müvəqqəti
əks göstərişlər nəzərə alınmalıdır.
Müvəqqəti əks göstərişlər nəticəsində
peyvənddən kənarlaşdırılmış şəxslər
nəzarət altında saxlanılmalı, mümkün
olduqda, onlara profilaktik peyvəndlər
aparılmalıdır.
III FƏSİL İmmunoprofilaktika sahəsində
vətəndaşların hüquq və vəzifələri
Maddə 14. İmmunoprofilaktika sahəsində
vətəndaşların hüquq və vəzifələri
İmmunoprofilaktika sahəsində vətəndaşların:
profilaktik peyvəndlərin aparılmasının
zəruriliyi, onlardan imtina edilməsinin
nəticələri, mümkün postvaksinal
fəsadlar haqqında tibb işçilərindən
tam və obyektiv məlumat almaq;
mülkiyyət formasından asılı olmayaraq
tibb müəssisələrini və ya özəl tibb
fəaliyyəti ilə məşğul şəxsləri seçmək;
dövlət və bələdiyyə tibb müəssisələrində
profilaktik peyvəndlərdən əvvəl
büdcə vəsaitləri hesabına tibbi
baxışdan keçmək və müayinə olunmaq,
epidemik göstərişlərə görə profilaktik
peyvənd olunmaq, postvaksinal fəsadlar
baş verdikdə müalicə olunmaq;
real əks göstərişlər olduqda epidemik
göstərişlərə görə profilaktik peyvəndlərdən
imtina etmək hüququ vardır.
İmmunoprofilaktika sahəsində vətəndaşların
vəzifələri aşağıdakılardır:
tibb işçilərinin immunoprofilaktika
ilə bağlı göstərişlərini yerinə
yetirmək;
epidemik göstərişlərə görə aparılan
və ya təqvimdə nəzərdə tutulan profilaktik
peyvəndlərdən imtina etməsinin səbəbini
yazılı şəkildə bildirmək.
Maddə 15. Əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə müavinət
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə
görə müavinət almaq hüququ verən
postvaksinal fəsadların siyahısı
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir. Əmək
qabiliyyətinin müvəqqəti itirilməsi
postvaksinal fəsadla əlaqədar olduqda
vətəndaş fasiləsiz iş stajından
asılı olmayaraq aldığı orta əmək
haqqının 100 faizi miqdarında müavinət
almaq hüququna malikdir. Yetkinlik
yaşına çatmayan şəxs postvaksinal
fəsadla əlaqədar xəstəliyə tutulduqda
ona qanunvericilikdə müəyyən edilən
qaydada əlillik qrupu verilənədək
onun valideynlərindən biri və ya
qanuni nümayəndəsi fasiləsiz iş
stajından asılı olmayaraq orta əmək
haqqının 100 faizi miqdarında müavinət
almaq hüququna malikdir. Ölümə səbəb
olan postvaksinal fəsadlara görə
birdəfəlik müavinət almaq hüququ
olan ailə üzvlərinin siyahısı və
həmin müavinətin həcmi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
IV FƏSİL Yekun müddəaları
Maddə 16. Bu Qanunun pozulmasına
görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki
şəxslər Azərbaycan Respublikası
qanunvericiliyində müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 17. Beynəlxalq əməkdaşlıq
İmmunoprofilaktika sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrə əsasən həyata keçirilir.
Bu Qanunla Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət olarsa,
həmin beynəlxalq müqavilələr tətbiq
edilir.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 aprel 2000-ci il
|
|