|
YAŞAYIŞ
MİNİMUMU HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
[03 Dekabr, 2004, 23:05:39]
Bu qanun Azərbaycan
Respublikasında yaşayış minimumunun
müəyyənləşdirilməsinin, ona dövlət
təminatının, ölkənin sosial-iqtisadi
inkişafına uyğun olaraq yaşayış
minimumunun yüksəldilməsinin
prinsiplərini və qaydalarını müəyyən
edir.
Maddə 1.
Əsas anlayışlar 1.0. Bu qanunun
məqsədləri üçün istifadə olunan
əsas anlayışlar aşağıdakılardır:
1.0.1. minimum
istehlak səbəti-insanın sağlamlığının
və həyat fəaliyyətinin minimum səviyyəsi
üçün zəruri olan ərzaq, qeyri-ərzaq
malları və xidmətlərin elmi normalar
əsasında müəyyən edilmiş toplusu;
1.0.2. yaşayış
minimumu-minimum istehlak səbətinin
dəyəri və icbari ödənişlərin cəmindən
ibarət sosial norma;
1.0.3. əhalinin
əsas sosial-demoqrafik qrupları--yaş-cins
əlamətlərinə, sosial vəziyyətlərinə
görə fərqlənən əhali qrupları (əmək
qabiliyyətli əhali, pensiyaçılar,
əlillər, uşaqlar və s);
1.0.4. ailə-qohumluq
və ya qanunvericiliklə müəyyən olunmuş
digər xüsusiyyətlərə görə bağlılığı
olan, birgə yaşayan, ümumi ev təsərüffatına
malik şəxslər və yaxud tənha yaşayan
şəxslər;
1.0.5. ailədə adambaşına
düşən orta gəlir-ailənin məcmu gəlirlərinin
ailə üzvlərinin sayına nisbəti;
1.0.6. əhalinin
aztəminatlı təbəqələri--qanunvericiliklə
müəyyən edilmiş minimum yaşayış
səviyyəsində olan ailələr;
1.0.7. ünvanlı
dövlət sosial yardımı--əhalinin
aztəminatlı təbəqələrinə dövlət
tərəfindən müxtəlif formalarda (sosial
ödənişlər, müavinətlər, icbari ödənişlərdən
güzəştlər və s.) göstərilən yardımlar;
1.0.8. minimum
əmək haqqı-qanunvericiliklə ixtisassız
əməyə və xidmətə görə aylıq əmək
haqqının ən aşağı səviyyəsini müəyyən
edən sosial normativ.
Maddə 2. Yaşayış
minimumunun təyinatı
2.0. Yaşayış minimumundan
aşağıdakı məqsədlər üçün istifadə
olunur;
2.0.1. əhalinin
aztəminatlı təbəqələrinə dövlət
tərəfindən ünvanlı sosial yardım
göstərilməsi sisteminin formalaşdırılmasında
və tətbiqində;
2.0.2. əhalinin
aztəminatı təbəqələrinin rifahının
yüksəldilməsi konsepsiyasının və
Dövlət Proqramlarının hazırlanmasında;
2.0.3. əhalinin
həyat səviyyəsinin qiymətləndirilməsində
və proqnozlaşdırılmasında;
2.0.4. fiziki şəxslərin
gəlirlərinin vergiyə və icbari ödənişlərə
cəlb edilməyən həddinin əsaslandırılmasında;
2.0.5. əhalinin
pul gəlirlərinin və əmanətlərinin
indeksləşdirilməsi üzrə tədbirlərin
işlənib hazırlanmasında və həyata
keçirilməsində;
2.0.6. dövlət büdcəsinin,
yerli büdcələrin, büdcədənkənar
dövlət fondlarının, qanunvericiliklə
tənzimlənən qiymət və tariflərin
formalaşdırılmasında.
Maddə 3. Minimum
istehlak səbətinin formalaşdırılması,
yenidən baxılması və təsdiqi
3.1. Minimum istehlak
səbəti əhalinin əsas sosial-demoqrafik
qrupları üzrə, bir nəfərin və ya
ailənin xərc maddələri üzrə aşağıdakı
tərkibdə formalaşdırılır:
3.1.1. ərzaq məhsullarının
minimum toplusu;
3.1.2. fərdi və
ailəvi istifadə olunan qeyri-ərzaq
mallarının minimum toplusu (geyim,
ayaqqabı və dəftərxana ləvazimatları,
təsərrüfat, mədəni-məişət, sanitariya
əşyaları, dərmanlar və s.);
3.1.3. xidmətlərin
minimum toplusu (mənzil-kommunal,
nəqliyyat, rabitə, məişət, təhsil,
mədəni-maarif, müalicə-istirahət
xidmətləri və s.).
3.2. Minimum istehlak
səbətinin tərkibi dövlət elmi idarə
və müəssisələrinin, qeyri-hökumət
təşkilatlarının iştirakı ilə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
üç ildə bir dəfədən az olmayaraq
müəyyənləşdirilir.
Maddə 4. Yaşayış
minimumunun hesablanması, yenidən
baxılması və təsdiqi
4.1. Yaşayış minimumu
əhalinin əsas sosial-demoqrafik
qrupları üzrə bu Qanunla nəzərdə
tutulmuş qaydada müəyyən edilir
və təsdiq olunur.
4.2. İstehlak səbətinə
daxil olan ərzaq məhsulları, qeyri-ərzaq
malları və xidmətlər orta bazar
qiymətləri (tarifləri) ilə, icbari
ödənişlər isə normalaşmış faktiki
məsrəflər əsasında hesablanır.
4.3. Əhalinin əsas
sosial-demoqrafik qrupları üzrə
yaşayış minimumu ildə bir dəfə yenidən
hesablanır və dövlət büdcəsi ilə
birgə təsdiq edilir.
4.4. Əhalinin əsas
sosial-demoqrafik qrupları üzrə
yaşayış minimumu aztəminatlılığın
həddini müəyyən edir və rəsmi dövlət
nəşrlərində dərc olunur.
Maddə 5. Əmək haqqının,
pensiyaların minimum məbləğinin,
müavinətlərin, təqaüdlərin və digər
sosial ödənişlərin müəyyənləşdirilməsi
zamanı yaşayış minimumunun nəzərə
alınması
5.1. Ölkə üzrə
təsdiq edilmiş yaşayış minimumu
əmək haqqının, pensiyaların minimum
məbləğinin, müavinətlərin, təqaüdlərin,
ünvanlı dövlət sosial yardımının
və digər ödənişlərin müəyyən edilməsinin
əsasını təşkil edir.
5.2. Mülkiyyət
formasından asılı olmayaraq müəssisə,
idarə və təşkilatlar ixtisassız
əməklə məşğul olan işçilərinə əmək
haqqını minimum əmək haqqı məbləğindən
az olmayaraq ödəməlidir.
5.3. Ölkə üzrə
əmək haqqının və pensiyaların minimum
məbləğinin, müavinətlərin, təqaüdlərin,
ünvanlı dövlət sosial yardımlarının
məbləğinin yaşayış minimumuna nisbəti
hər il müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
5.4. Azərbaycan
Respublikasında minimum əmək haqqı
və pensiyaların minimum məbləği
mərhələlərlə ölkə üzrə yaşayış minimumu
səviyyəsinə yüksəldilir.
Maddə 6. Yaşayış
minimumu haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət
Yaşayış minimumu
haqqında qanunvericiliyi pozan şəxslər
mövcud qanunvericiliklə müəyyən
olunmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 7. "Minimum
istehlak büdcəsi haqqında"
Azərbaycan Respublikası Qanununun
qüvvədən düşməsi haqqında
"Minimum istehlak
büdcəsi haqqında" Azərbaycan
Respublikasının 1992-ci il 14 oktyabr
tarixli 329 nömrəli Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı,
1992-ci il N 19, maddə 849) qüvvədən
düşmüş hesab edilsin.
Maddə 8. Qanunun
qüvvəyə minməsiBu Qanun dərc edildiyi
gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri, 5
oktyabr 2004-cü il
|