BAŞ SƏHİFƏ
KONSTİTUTSİYA
QANUNLAR
FƏRMANLAR
SƏRƏNCAMLAR
QƏRARLAR
ÇIXARIŞLAR
BEYNƏLXALQ SƏNƏDLƏR
KİTABXANA
LİNKLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQDA

 

TƏQVİM

 

 
 
 

 

Veteranlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edir. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirir.
Maddə 1. Veteranlar barəsində dövlət siyasəti
Veteranlar barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:
sosial və hüquqi müdafiənin təmin edilməsi;
əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi;
fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması;
yaşayış sahəsi ilə təminat;
hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;
əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması;
veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi,
Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Müharibə veteranları
Aşağıdakılar müharibə veteranları sayılırlar:
İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri;
1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə.
Maddə 4. Silahlı Qüvvələrin veteranları
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında «(SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfmi ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar.
Maddə 5. Əmək veteranları
Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar.
Maddə 6. Veteranların pensiya təminatı
Veteranlara pensiyalar “Vətəndaşların. pensiya təminatı haqqında” və “hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunları əsasında təyin edilir.
Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi
Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Müharibə və silahlı qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədlərini uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları verirlər.
Əmək veteranlarına veteran adını və sənədlərini müvafiq icra hakimiyyəti orqanları verirlər.
Maddə 8. Veteran təşkilatlarının yaradılması
Veteran təşkilatları müvafiq qanunvericilik aktlarına əsasən yaradılır, dövlət qeydiyyatından keçirilir və fəaliyyət göstərirlər.
Veteran təşkilatı qeydiyyata alındığı andan hüquqi şəxs hesab edilir.
Dövlət orqanları veteran təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər.
Maddə 9. Əmək fəaliyyətinin davam etdirilməsi
Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər.
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.
Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər.
Maddə 10. Veteran təşkilatlarının istehsal fəaliyyətinə təminat verilməsi
Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.
Veteran təşkilatları müəssisələrinin xammal, texnika və tikinti materialları ilə təmin edilməsinə üstünlük verilir.
Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması
Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər.
Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.
Maddə 12. Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi
İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.
Maddə 13. Tibbi xidmət
İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar.
Maddə 14. Dərman və müalicə vasitələri ilə təminat
İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir.
Maddə 15. Geriatriya yardımı
Müvafiq icra hakimiyyəti orqanları daimi qulluğa ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri, pansionatları, xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirirlər.
Maddə 16. Protezləşdirmə
İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər.
Maddə 17. İctimai nəqliyyatdan istifadə sahəsində veteranlara güzəştlər
İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.
Maddə 18. Müvafiq icra hakimiyyəti orqanlarının və müəssisələrin veteranlara əlavə güzəşt vermək hüququ

Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların pensiyalarına əlavələr edə bilərlər və bu əlavələrin məbləğini dolanacaq xərclərinin səviyyəsi ilə əlaqədar dəyişdirə bilər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.
Maddə 19. Evdə sosial-məişət xidməti, pansionatlar və internat evlər
Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar, idarələr, kəndli və fermer təsərrüfatları, kolxozlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədilə sosial-məişət xidməti evləri, pansionatlar, habelə onlara evdə sosial-məişət xidməti təşkil edirlər. Başqasının daimi qulluğuna ehtiyacı olan veteranlar üçün internat evlər təşkil olunur.
Maddə 20. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi
Veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika dövlət büdcəsinin, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.
Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır.
Maddə 21. Veteran təşkilatlarının beynəlxalq əlaqələri
Veteranların ictimai təşkilatları öz nizamnamələrinə uyğun olaraq qeyri-hökumət xarakterli beynəlxalq birliklərə daxil ola bilər, onlarla bilavasitə əlaqə saxlaya və müqavilələr bağlaya bilərlər.
Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.
Maddə 22. Mərasim xidməti
Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 28 iyun 1994-cü il. № 841.



 

 



The Constitution of the Republic
of Azerbaijan.



FORUM

 
İstifadəçi adı:
Şifrə:

Qeydiyyatdan keçin

 

İNTERNET STATİSTİKA



 

 

  Ünvan: Azərbaycan Respublikası ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ)
AZ1138, Bakı ş., Əhməd Cavad küç 7a
Tel: (+994 12) 434 48 36; Qaynar xətt: 434 93 29
Email: info@qanunlar.az; union-dpo@baku.az - Veb: www.qanunlar.az