| |
UŞAQ
HÜQUQLARI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan
Respublikasının Konstitusiyasına,
Uşaq hüquqları Bəyannaməsinə, Uşaq
üquqlarına dair Konvensiyaya və
digər beynəlxalq hüquq normalarına
uyğun olaraq Azərbaycan Respublikasında
uşaqların hüquqlarını və azadlıqlarını,
uşaqlar barəsində dövlət siyasətinin
əsas prinsiplərini, onların müdafiəsi
sahəsində dövlət orqanlarının, digər
hüquqi və fiziki şəxslərin vəzifələrini
müəyyən edir.
I FƏSİL. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun təsir dairəsi
Uşaqların bu Qanunda nəzərdə tutulmuş
hüquqları və vəzifələri 18 yaşına
çatmamış hər bir şəxsə aid edilir.
Maddə 2. Uşaq hüquqları barəsində
qanunvericilik
Uşaq hüquqları barəsində qanunvericilik
bu Qanundan və Azərbaycan Respublikasının
digər normativ hüquqi aktlarından
ibarətdir. Digər normativ hüquqi
aktların normaları uşaqların bu
Qanunla müəyyən edilmiş hüquq və
azadlıqlarını məhdudlaşdırma bilməz.
Maddə 3. Uşaqlar barəsində dövlət
siyasəti
Uşaqlar barəsində dövlət siyasəti
hər bir uşağın zəruri maddi və məişət
şəraitində böyüyüb tərbiyə olunmasının,
mütərəqqi tələblər əsasında təhsil
almasının, layiqli vətəndaş kimi
formalaşmasının tə'min edilməsinə
yönəldilir. Dövlət siyasəti millli
və yerli xüsusiyyətlər nəzərə alınmaqla
yaradılmış məqsədli uşaq sosial
proqramları əsasında həyata keçirilir.
Bu proqramların yerinə yetirilməsində
dövlət orqanları ilə yanaşı digər
hüquqi və fiziki şəxslər də iştirak
edə bilərlər.
Maddə 4. Uşaq hüquqlarını müdafiə
edən orqanlar, birliklər və təşkilatlar
Azərbaycan Respublikasında uşaq
hüquqlarının müdafiəsini müvafiq
icra hakimiyyəti, məhkəmə və prokurorluq
orqanları, bələdiyyələr, habelə
ictimai birliklər, həmkarlar ittifaqı
təşkilatları tə'min etməlidirlər.
Bu orqanlar, birliklər və təşkilatlar
fəaliyyətlərində uşaq hüquqlarının
üstün mühafizəsi prinsipini əsas
tutmalıdırlar.
Maddə 5. Uşaq mənafelərinin üstünlüyü
Dövlət orqanları, bütün fiziki və
hüquqi şəxslər öz fəaliyyətində
uşaqların mənafelərini üstün tutmalı,
onların hüquqlarının tə'min olunmasına
şərait yaratmalıdırlar. Azərbaycan
Respublikasının normativ hüquqi
aktları və müvafiq orqanların qərarları
uşaq mənafelərinə zidd olmamalı
və onların icrası uşaqların həyatına,
inkişafına və tərbiyəsinə zərər
gətirməməlidir. Uşağın hüquq və
mənafelərini məhdudlaşdıran hər
hansı əqd e'tibarsızdır.
Maddə 6. Uşaqların hüquq bərabərliyi
Bütün uşaqlar bərabər hüquqlara
malikdirlər. Uşaqların, onların
valideynlərinin və ya onları əvəz
edən şəxslərin social və əmlak vəziyyətindən,
sağlamlığından, irqi və milli mənsubiyyətindən,
dilindən, təhsilindən, dinindən,
siyasi baxışlarından, yaşayış yerindən
asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə
mə'ruz qala bilməzlər.Uşaqlar valideynlərinin
və ya onları əvəz edən digər şəxslərin
hərəkətlərinə görə məs'uliyyət daşımır
və valideynləri ilə bağlı səbəblərə
görə onların hüquqlarının məhdudlaşdırılmasına
yol verilmir. Nikahda və ya nikahdankənar
doğulmasından asılı olmayaraq uşaqların
valideynləri barəsində eyni hüquqları
vardır.
Maddə 7. Uşağın nümayəndələri
Uşağın valideynləri, eləcə də övladlığa
götürənlər, qəyyumlar, himayəçilər,
uşaq evlərinin müdiriyyəti uşaqların
hüquq və mənafelərini müdafiə edən
nümayəndələridir.
Maddə 8. Uşağın yaşamaq və inkişaf
etmək hüququ
Hər bir uşağın yaşamaq, normal şəraitdə
fiziki, əqli və mə'nəvi cəhətdən
inkişaf etmək hüququ vardır. Dövlət
bu şəraiti tə'min edən iqtisadi,
sosial-hüquqi və digər tədbirlər
görməyi, sağlam və təhlükəsiz mühit
yaratmağı öz öhdəsinə götürür.
Maddə 9. Uşağın həyatı və sağlamlığının
mühafizəsi hüququ
Hər bir uşağın həyat və sağlamlığının
mühafizə edilməsi hüququ vardır.
Dövllət uşaqların həyatının mühafizəsi
və sağlam inkişafını tə'min edir,
ekoloji təhlükəsizliyini tə'min
edən şərait yaradır, onların keyfiyyətli
yeməklə, içməli təmiz su ilə təchizi
üçün müvafiq tədbirlər görür. Alkoqol
və tütün mə'mulatlarının uşaqlara
satılması, habelə onların istehsalında
və satışında uşaq əməyindən istifadə
edilməsi qadağandır.
Maddə 10. Uşağın ad və vətəndaşlıq
almaq hüququ
Hər bir uşaq doğulduqdan sonra Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq qeydiyyata alınır və
vətəndaşlıq əldə edir Uşağa ad valideynlərinin
qarşılıqlı razılığı ilə valideynləri
olmadıqda isə qəyyumluq orqanlarının
razılığı və ya göstərişi əsasında
verilir.
Maddə 11. Uşağın tərbiyə almaq hüququ
Hər bir uşağın hərtərəfli inkişaf
etmək, milli və ümumbəşəri dəyərlərə
uyğun, humanizm və əxlaqi prinsiplər
əsasında tərbiyə almaq hüququ vardır
Uşağın tərbiyəsi ailədə, məktəbdə,
məktəbəqədər və məktəbdənkənar uşaq
tə'lim-tərbiyə müəssisələrində aparılır.
Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin,
estetik tərbiyəsinin inkişafı üçün
müxtəlif müəssisələr yaradır, habelə
belə müəssisələrin yaradılmasında
ictimai təşkilatlara köməklikgöstərir.
Zorakılıq, qəddarlıq təbliğ edən
və ya erotika və pornoqrafiya mövzusunda
olan, habelə uşaqların psixi və
mə'nəvi inkişafına zərərli tə'sir
göstərən filmlərin, ədəbiyyatların
və digər vəsaitlərin uşaqlar arasında
yayılması və nümayişi, habelə bunların
hazırlanmasına uşaqların cəlb edilməsi
qadağandır.
Maddə 12. Uşağın azadlıq və şəxsi
toxunulmazlıq hüququ
Uşaq azadlıq və şəxsi toxunulmazlıq
hüququna malikdir. Müstəsna hal
kimi uşağın tutulmasına, həbs edilməsinə
yalnız Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş
əsaslar mövcud olduqda yol verilə
bilər. Uşaq tutulduqda və ya həbs
edidikdə bu barədə onun valideynlərinə
və ya digər qanuni nümayəndələrinə
dərhal mə'lumat verilməlidir. Uşaq,
valideynləri və ya onları əvəz edən
şəxslər tərəfindən qəddar rəftara
mə'ruz qaldıqda müvafiq icra hakimiyyəti
və prokurorluq orqanları, ictimai
təşkilatlar vasitəsilə müdafiə olunmaq
hüququna malikdir. İstənilən fiziki
və ya hüquqi şəxs uşaqlarla qəddar
rəftar hallarını müşahidə etdikdə
belə rəftarın qarşısının alınması
üçün müvafiq orqanlara müraciət
edə bilər. Valideynlərin və ya digər
şəxslərin uşaqlarla qəddar rəftara
yol verməsi, onlara qarşı psixi
və fiziki zor tətbiq etməsi, uşaqların
hüquqlarını pozması Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada valideynlik hüquqlarından
məhrum edilməyə, habelə inzibati
və ya cinayət məs'uliyyətinə səbəb
olur.
Maddə 13. Uşağın zəruri maddi tə'minat
hüququ
Uşağın Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
minimum dolanacaq xərclərindən az
olmayan maddi tə'minat almaq hüququ
vardır.
Maddə 14. Uşağın vicdan, fikir və
söz azadlığı
Hər bir uşağın vicdan, fikir və
söz azadlığı vardır. Valideynlər,
digər şəxslər və dövlət orqanları
uşağın vicdan, fikir və söz azadlığına
hörmətlə yanaşmalıdırlar. Uşağın
səhhətinə zərərli tə'sir göstərən
dini ayinlərin icrasına cəlb edilməsi
qadağandır.
Maddə 15. Uşağın mə'lumat azadlığı
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq hər bir uşağın əqli
və fiziki inkişafı üçün zəruri olan
istənilən mə'lumatı axtarmaq, əldə
etmək, ötürmək və yaymaq hüququ
vardır.
Maddə 16. Uşağın əsas vəzifələri
Cəmiyyətdə davranış qaydalarına
əməl etmək, Azərbaycan Respublikasının
dövlət rəmzlərinə bələd olmaq, biliklərə
yiyələnmək, özünü faydalı fəaliyyətə
hazırlamaq, valideynlərə,digər vətəndaşların
hüquq və mənafelərinə, öz xalqının
və başqa xalqların ən'ənələrinə
və mədəni sərvətlərinə hörmətlə
yanaşmaq,
tarix və mədəniyyət abidələrini,
ətraf mühiti qorumaq və Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək uşağın borcudur.
Bu vəzifələrin uşaq tərəfindən dərk
edilməsinə və icrasına valideynlərin,
müvafiq orqanların və təhsil müəssisələrinin
uşaqlar arasında izahat və təbliğat
aparmaları yolu ilə nail olunur.
II FƏSİL. UŞAQ VƏ AİLƏ
Maddə 17. Uşağın ailədə yaşamaq
hüququ
Uşağın ailədə valideynləri ilə birgə
yaşamaq, onlardan qayğı görmək hüququ
vardır. Qanunvericiliklə nəzərdə
tutulmuş hallardan başqa valideynlərin
istəyinə zidd olaraq uşağı onlardan
ayırmaq qadağandır.
Maddə 18. Valideynlərindən ayrı
yaşayan uşağın hüququ
Valideynlərinin hər ikisindən və
ya birindən ayrı yaşayan uşağın
onları tanımaq, habelə bu ona mənfi
tə'sir göstərmirsə, valideynləri
ilə ünsiyyətdə olmaq hüququ vardır.
Maddə 19. Valideynlərin hüquq və
vəzifələri
Valideynlərin uşağın tərbiyəsində
bərabər hüquq və vəzifələri vardır.
Onlar uşağı sağlam böyütməli, ümumbəşəri
və milli dəyərlər əsasında tərbiyə
etməli, müstəqil həyata hazırlamalıdırlar.
Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,
onun maddi və mə'nəvi tələbatlarının
tə'min edilməsi, hüquq və mənafelərinin
mühafizəsi alideynlərin əsas vəzifələridir.
Valideynlərin uşaqlar barəsində
hüquq və vəzifələrinin həyata keçirilməsinə
dövlət orqanlarının qarışmasına
yalnız qanunla nəzərdə tutulmuş
hallarda və uşağın maraqları naminə
yol verilə bilər. Uşaqların vurduğu
maddi ziyana görə onun valideynləri,
övladlığa götürənlər, qəyyumlar
və ya himayəçilər Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş
qaydada məs'uliyyət daşıyırlar.
Maddə 20. Uşağın mənzil hüququ
Hər bir uşağın mənzil hüququ vardır.
Uşaqların yaşadıqları mənzil sahəsinə
ailənin digər üzvləri ilə bərabər
hüquqları vardır. Valideyn himayəsindən
məhrum olmuş uşaqlar tərbiyə olunmaq
üçün dövlət uşaq müəssisəsinə, qohumlarına
və ya qəyyumlara (himayəçilərə)
verildikdə əvvəl yaşamış olduqları
mənzilə hüquqlarını saxlayırlar.
Bu mənzilə köçmək mümkün olmadıqda
həmin uşaqlar, habelə əvvəllər mənzil
sahəsi olmayan valideyn himayəsindən
məhrum uşaqlar mənzillə növbədənkənar
tə'min edilməlidirlər. Həmin mənzillərlə
əlaqədar müqavilələrin bağlanması
Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq həyata keçirilir.
Maddə 21. Uşağın vərəsəlik və valideynlərinin
əmlakı hesabına saxlanma hüququ
Hər bir uşağın valideynlərinin,
övladlığa götürülənlərin əmlakına
dair vərəsəlik, məhkəmənin qərarı
ilə valideynlərdən hər ikisi və
ya biri xəbərsiz itkin düşmüş e'lan
edildikdə isə onların əmlakı hesabına
saxlanmaq hüququ vardır.
III FƏSİL. UŞAQ
VƏ CƏMİYYƏT
Maddə 22. Uşağın təhsil almaq hüququ
Hər bir uşağın Azərbaycan Respublikasının
təhsil qanunvericiliyinə uyğun olaraq
təhsil almaq hüququ ardır. Dövlətin
təhsil sistemi uşağın şəxsiyyətinin
inkişafına, zəruri bilik və bacarıqları
tam həcmdə əldə etməsinə şərait
yaratmalıdır. Uşaqların icbari ümumi
orta təhsildən yayındırılması qadağandır.
Maddə 23. Fitri iste'dada malik
uşaqlara dövlət qayğısı
Dövlət fitri iste'dada malik uşaqların
erkən yaşdan üzə çıxarılması və
onların qabiliyyətinin qiymətləndirilməsi
üçün tədbirlər görür, onlar üçün
adlı və xüsusi təqaüdlər müəyyən
eir, xüsusi təhsil müəssisələrinin
sistemini yaradır və maliyyələşdirir,
bu sahədə beynəlxalq əlaqələri inkişaf
etdirir.
Maddə 24. Uşağın əmək hüquqları
Uşaqların yaşına, səhhətinə, ümumtəhsil
və peşə hazırlığı səviyyəsinə uyğun
olaraq əmək hüququ vardır. Uşaqların
əmək hüququnun yaranmasının və həyata
keçirilməsinin şərtləri Azərbaycan
Respubllikasının əmək qanunvericiliyi
ilə müəyyən edilir.
Maddə 25. Uşağın istirahət hüququ
Hər bir uşağın istirahət və asudə
vaxtdan istifadə etmək hüququ vardır.
Uşaq öz maraqlarına və qabiliyyətinə
uyğun olaraq məktəbdənkənar istirahət
və məşğuliyyət növü seçməkdə müstəqildir.
Valideynlər (onları əvəz edən digər
şəxslər) və müvafiq dövlət orqanları
uşaqların istirahət və asudə vaxtlarında
mənfi tə'sirlərə mə'ruz qalmasının
qarşısını alan tədbirlər görməlidirlər.
Dövlət uşaqların istirahət və asudə
vaxtını səmərəli təşkil etmək, mədəni
həyata və yaradıcılıq fəaliyyətinə
qovuşmasını
tə'min etmək məqsədilə məktəbdənkənar
müəssisələrin, uşaq və gənclər idman,
mədəniyyət və sağlamlıq ocaqlarının
və digər istirahət yerlərinin geniş
şəbəkəsini yaradır və inkişaf etdirir,
bu obyektlərdən pulsuz və güzəştli
istifadə qaydalarını müəyyən edir.
Xüsusi dövlət əhəmiyyətli işlərin
görülməsi ilə bağlı hallar istisna
olmaqla uşaqların məktəbdənkənar
istirahət və asudə vaxtlarının təşkili
ilə bağlı yerlərin ləğvi və başqa
məqsədlər üçün istifadə olunması
qadağandır.
Maddə 26. Uşaqların ictimai təşkilatlarda
birləşmək hüququ
Uşaqların təhsil və ya yaşayış yerlərində
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada ictimai
birliklər və ictimai özfəaliyyət
orqanları yaratmaq və onlarda birləşmək
hüququ vardır. Uşaqların və uşaq
ictimai birliklərinin və ictimai
özfəaliyyət orqanlarının siyasi
fəaliyyətə cəlb edilməsinə yol verilmir.
Maddə 27. Uşağın şərəf və ləyaqətinin
müdafiəsi hüququ
Hər bir uşağın şərəf və ləyaqətini
müdafiə etmək hüququ vardır. Təhsil
müəssisələrində, məktəbəqədər və
məktəbdənkənar müəssisələrdə intizam
qaydaları ədalət prinsipinə əsaslanmalı,
tərbiyəedici və qarşılıqlı hörmət
ruhunda olmalıdır. Uşaqların təhqir
edilməsi, şəxsiyyətlərinin alçaldılması
yolverilməzdir. Uşaqların şərəf
və ləyaqətinə qəsd edilməsi Azərbaycan
Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş məs'uliyyətə səbəb
olur.
Maddə 28. Uşağın istismardan və
zərərli tə'sirlərdən mühafizəsi
Dövlət sosial, hüquqi, iqtisadi,
tibbi və tərbiyəvi vasitələrlə uşaqları
istismarın bütün növlərindən, ağır,
zərərli və təhlükəli əməkdən mühafizə
edir. Uşaqlara qarşı fiziki və psixi
zorakılıq, uşaqların cinsi istismarı,
onların alkoqolizmə, dilənçiliyə,
qumara, fahişəliyə, narkomaniyaya,
toksikomaniyaya cəlb edilməsi, cinayətkar
məqsədlər üçün onlardan istifadə
edilməsi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş
müvafiq məs'uliyyətə səbəb olur.
Maddə 29. Uşaqlara sosial yardımlar
Dövlət uşaqlara birdəfəlik ödəmələr,
aylıq müavinətlər, kompensasiyalar
formasında sosial yardımlar verir.
Ehtiyacı olan uşaqlara müvafiq icra
hakimiyyəti orqanları əlavə yardım
və imtiyazlar tətbiq edə bilər.
Sosial yardımlar uşaqların mənafelərinə
uyğun sərf olunmalıdır.
IV FƏSİL. ƏLVERİŞSİZ
ŞƏRAİTƏ DÜŞMÜŞ UŞAQLARIN MÜDAFİƏSİ
Maddə 30. Əlverişsiz şəraitdə yaşayan
uşaqların müdafiəsi üzrə dövlət
proqramları
Dövlət hərbi əməliyyatlar, epidemiya,
təbii və ekoloji fəlakətlər zonasında
yaşayan və ya onların tə'sirinə
mə'ruz qalan, habelə yetim uşaqların,
natamam (valideynlərdən biri olmayan),
aztə'minatlı ailələrin uşaqlarının,
şəhid uşaqlarının müdafiəsini xüsusi
proqramlar əsasında tə'min edir.
Maddə 31. Valideyn himayəsindən
məhrum olmuş uşaqların müdafiəsi
tədbirləri
Valideyn himayəsindən məhrum olmuş
uşaqların müdafiəsi onların övladlığa,
qəyyumluğa, himayəçiliyə, digər
ailəyə verilməsi, bunlar mümkün
olmadıqda isə uşaqlara baxan müvafiq
müəssisələrdə yerləşdirilməsi üsulu
ilə tə'min edilir. Müdafiə üsulu
müəyyən edilərkən uşağın etnik mənşəyi,
dini və mədəni mənsubiyyəti, dili,
tərbiyəsinin varisliyi nəzərə alınmalıdır.
Uşaq müəssisələrində saxlanan valideyn
himayəsindən məhrum olmuş uşaqlar
tam dövlət tə'minatdadırlar. Onlar
Azərbaycan
Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş güzəşt və imtiyazlardan
istifadə edirlər.
Maddə 32. Övladlığa götürmə
Uşağın övladlığa götürülməsinə onun
mənafeyi naminə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada yol verilir. Övladlığa götürən
şəxs uşağın normal inkişafı və tərbiyəsi
üçün müvafiq imkanlara malik olmalıdır.
Şəxsi mənfəət əldə etmək məqsədilə
uşağın övladlığa götürülməsi qadağandır.
Övladlığa götürənin sirri dövlət
tərəfindən qorunur. Azərbaycan Respublikasının
vətəndaşı olan uşağın əcnəbilər
tərəfindən övladlığa götürülməsinin,
habelə Azərbaycan Respublikası vətəndaşının
əcnəbi uşağı övladlığa götürməsinin
qaydaları dövlətlərarası müqavilələr
və Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilir.
Maddə 33. İnternat müəssisələrində
uşaqların saxlanmasının və tərbiyəsinin
şərtləri
Uşaq evlərində, internat tipli uşaq
müəssisələrində uşaqların tə'lim-tərbiyəsinin
təşkili və keyfiyyətinə görə həmin
müəssisələrin rəhbərləri məs'uliyyət
daşıyırlar. Antipedaqoji və əxlaqsız
hərəktlərə yol vermiş şəxslərin
uşaq müəssisələrində işləməsinə
yol verilmir. Uşaq evlərində və
uşaq internat müəssisələrində uşaqların
hərtərəfli fiziki və mə'nəvi inkişafı,
şəxsiyyətinin formalaşması məqsədilə
ailə şəraitinə yaxınlaşan zəruri
maddi və mə'nəvi-psixoloji şərait
yaradılır.
Maddə 34. İnternat müəssisələri
mə'zunlarının müdafiəsi
İnternat müəssisələrinin valideyn
himayəsindən məhrum olmuş mə'zunlarının
hüquq və mənafelərinin müdafiəsi
bu müəssisələrin rəhbərləri və himayə
orqanları tərəfindən həyata keçirilir.
Təhsilini davam etdirməyə gedən
və ya işə düzələn internat müəssisələrinin
mə'zunlarının Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş
miqdarda tə'minat almaq hüququ vardır.
Yaşayış sahəsi olmayan mə'zunların
yetkinlik yaşına çatana qədər bu
müəssisələrdə qalmasına icazə verilir.
Maddə 35. Əlil, əqli və fiziki çatışmazlıqları
olan uşaqların müdafiəsi
Əlil, əqli və ya fiziki çatışmazlıqları
olan uşaqların növbədənkənar, pulsuz
və ya güzəştlə tibbi, defektoloji
və psixoloji yardım almaq hüququ
vardır. Dövlət bu uşaqların sosial
və psixoloji reabilitasiyasına,
imkanlarına uyğun təhsil almalarına,
peşə seçmələrinə, əməyə cəlb olunmalarına
köməklik göstərir, uşaq əlilliyinin
qarşısını almaq üçün müvafiq tədbirlər
görür.
Maddə 36. Əlil uşağa qulluq edən
şəxslərə verilən güzəştlər
16 yaşınadək əlil uşağa qulluq dövrü
pensiya hüququ verən iş stajına
daxil edilir və uşağa qulluq edən
şəxsə Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən edilmiş
məbləğdə müavinət ödənilir.
Maddə 37. Hərbi münaqişələr dövründə
uşaqların müdafiəsi
Azərbaycan dövləti onun hərbi münaqişələrə
cəlb edildiyi ərazidə olan uşaqların
müdafiəsini beynəlxalq hüquqi normalara
uyğun olaraq tə'min etməyi öz üzərinə
götürür. Hərbi idarələr döyüş əməliyyatları
zonasında olan uşaqların təhlükəsiz
yerlərə köçürülməsi, onların həyatının
və sağlamlığının mühafizəsi üçün
bütün mümkün imkanlardan istifadə
etməlidirlər. 15 yaşına çatmamış
uşaqların hərbi əməliyyatlarda birbaşa
iştirakı qadağan edilir. Uşaqların
hərbi-təhsil məktəblərinə cəlb edilməsi
qaydaları Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə müəyyən
edilir.
Maddə 38. Təbii fəlakətlər, bədbəxt
hadisələr və qəzalarnəticəsində
zərər çəkmiş uşaqların müdafiəsi
Dövlət təbii fəlakətlər, bədbəxt
hadisə və qəzalar nəticəsində əlverişsiz
şəraitə düşmüş və ya zərər çəkmiş
uşaqlara tə'cili əvəzsiz kömək göstərir,
onların təhlükəsiz yerlərə köçürülməsi
üçün tə'xirəsalınmaz tədbirlər görür.
Belə uşaqlar valideynlərini itirdikdə
onlar valideyn himayəsindən məhrum
olmuş digər uşaqlar üçün nəzərdə
tutulmuş qaydada dövlət tərəfindən
müdafiə olunurlar.
Maddə 39. Qaçqın və ya məcburi köçkün
uşaqların müdafiəsi
Qaçqın və ya məcburi köçkün olan
uşaqların müvafiq status almaq hüququ
var. Dövlət onları lazımi müdafiə
və humanitar yardımla tə'min etmək
üçün tə'cili müvafiq tədbirlər görür,
belə uşaqların valideynlərinin axtarılmasını
təşkil edir, bu məqsədlə beynəlxalq
təşkilatlarla əməkdaşlıq edir, qeyri-dövlət
təşkilatlarının fəaliyyətinə zəruri
köməklik göstərir.
Maddə 40. İnzibati hüquq pozuntusu
törətmiş uşaqların işlərinə baxılmasının
xüsusiyyətləri
İnzibati hüquq pozuntusu törətmiş
uşaqların işlərinə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada və orqanlar tərəfindən baxılır.
Həmin uşaqlar barəsində qərar çıxarılarkən
uşağa humanist mövqedən yanaşılmalıdır.
Tənbeh tədbirləri seçilərkən işin
halları, uşağın yaşı, həyat şəraiti,
səhhəti, psixi inkişafı və təhsili
nəzərə alınmalıdır.
Maddə 41. Xüsusi tərbiyə müəssisələrində
olan uşaqların hüquqları
Uşaqların xüsusi tə'lim-tərbiyə,
yaxud ixtisaslaşdırılmış tibb müəssisələrinə
göndərilməsinə yalnız Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada yol
verilir. Xüsusi tə'lim-tərbiyə və
ya ixtisaslaşdırılmış tibb müəssisələrində
olan uşaqların onlarla humanist
davranması, səhhətinin mühafizəsi,
zəruri təhsil və peşə hazırlığı
almaq, mə'zuniyyət, yazışma, valideynləri
və qohumları ilə görüşmək hüququ
vardır.
Maddə 42. Cinayət icraatı qaydalarının
uşaqlara tətbiqinin xüsusiyyətləri
Uşaqlar barəsində istintaq hərəkətləri
onların ləyaqət və mənliyini qoruyan,
yaşını və fərdi xüsusiyyətlərini
nəzərə alan xüsusi metodika əsasında
aparılmalıdır. Uşaq şübhə edilən
şəxs, müttəhim qismində cəlb edildiyi
və ya tutulduğu andan müdafiəçi
ilə tə'min olunur. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
hallarda istintaq hərəkətləri uşağın
valideynlərinin digər qanuni nümayəndələrinin
və ya müəlliminin iştirakı ilə aparılır.
Uşağa psixi və fiziki tə'sir göstərmək,
onu şahid ifadəsi verməyə və ya
təqsirli olmasını boynuna almağa
məcbur etmək qadağandır. Uşağa azadlıqdan
məhrumetmə cəzası tətbiq edilərkən
işin hallarından asılı olaraq azadlıqdan
məhrumetmə cəzasının qanunda nəzərdə
tutulmuş aşağı həddi tə'yin edilə
bilər. Həbs və ya məhkum edilmiş
uşağı onun mənafeyinin tələb etdiyi
hallardan başqa yaşlılarla bir yerdə
saxlamaq qadağan edilir. Uşaqların
saxlandığı azadlıqdan məhrumetmə
yerlərinin müdiriyyəti onların vicdanlı
və layiqli vətəndaş kimi yetişməsi,
müvafiq təhsil və peşə vərdişləri
əldə etməsi üçün müvafiq şərait
yaratmalıdırlar.
V FƏSİL. YEKUN MÜDDƏALAR
Maddə 43. Uşaq hüquqlarına əməl
edilməsi üzərində nəzarətin və uşaq
baxımsızlığına qarşı mübarizənin
təşkili
Uşaq hüquqlarına əməl edilməsi üzərində
nəzarətin və uşaq baxımsızlığına
qarşı mübarizənin təşkili müvafiq
icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilir.
Maddə 44. Bu Qanunun pozulmasına
görə məs'uliyyət
Bu Qanunun tələblərinin pozulmasında
təqsirkar olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq məs'uliyyət daşıyırlar.
Maddə 45. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələrlə
bu Qanun arasında ziddiyyət yaranarsa,
həmin beynəlxalq müqavilələr tətbiq
edilir.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 1998-ci il
|
|