| |
Sosial
müavinətlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Bu Qanun Azərbaycan Respublikasında
sosial müavinətlərin təyin olunması
və verilməsinin hüquqi əsaslarını
müəyyən edir və bu sahədə yaranan
digər münasibətləri tənzimləyir.
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün
aşağıdakı əsas anlayışlardan istifadə
edilir:
1.0.1. sosial müavinətlər (bundan
sonra - müavinətlər) - bu Qanunla
müəyyən edilmiş qaydada ayrı-ayrı
kateqoriya şəxslərə sosial yardım
göstərilməsi məqsədilə aylıq və
ya birdəfəlik ödənilən pul vəsaiti;
1.0.2. əmək qabiliyyəti olmayan
şəxslər - əlillər, o cümlədən
16 yaşadək əlil uşaqlar, 62 yaşına
çatmış qadınlar, 67 yaşına çatmış
kişilər, 3 və daha çox uşaq doğub
8 yaşınadək tərbiyə etmiş, yaxud
uşaqlıqdan əlil övladını 8 yaşınadək
tərbiyə etmiş 57 yaşına çatmış
qadınlar, ana vəfat etdiyinə,
yaxud analıq hüququndan məhrum
edildiyinə görə 3 və daha çox
uşağı və ya uşaqlıqdan əlil övladını
növbəti nikah bağlamadan təkbaşına
8 yaşınadək böyüdən 62 yaşına
çatmış kişilər, vəfat etmiş şəxsin
18 yaşına çatmamış, yaxud 18 yaşına
çatanadək əlil olmuş 18 yaşından
yuxarı uşaqları (əyani təhsil
alanlar təhsili bitirənədək, lakin
23 yaşdan çox olmamaqla).
Maddə 2. Sosial müavinətlər haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Sosial müavinətlər haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən,
bu Qanundan və Azərbaycan Respublikasının
digər qanunvericilik aktlarından
ibarətdir.
2.2. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
bu Qanunda müəyyən edilmiş qaydalardan
fərqli qaydalar olduqda, beynəlxalq
müqavilələrdə nəzərdə tutulan
qaydalar tətbiq edilir.
2.3. Bu Qanunla nəzərdə tutulmamış
bəzi kateqoriya şəxslərə verilən
digər sosial müavinətlər müvafiq
qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 3. Müavinət almaq hüququ
olan şəxslər
3.1. Azərbaycan Respublikasının
vətəndaşları bu Qanunla müəyyən
olunmuş şərtlərlə və qaydada aylıq
və birdəfəlik müavinət almaq hüququna
malikdirlər.
3.2. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
başqa hal nəzərdə tutulmamışdırsa,
Azərbaycan Respublikasının ərazisində
daimi yaşayan vətəndaşlığı olmayan
şəxslər və əcnəbilər, bu Qanunun
4.0.1.1-ci maddəsində nəzərdə
tutulan müavinət istisna olmaqla,
bu Qanunla Azərbaycan Respublikası
vətəndaşları üçün müəyyən edilmiş
şərtlərlə və qaydada aylıq və
birdəfəlik müavinət almaq hüququna
malikdirlər.
Maddə 4. Müavinətlərin növləri
4.0. Bu Qanunla aşağıdakı müavinətlər
təyin edilir:
4.0.1. aylıq müavinətlər:
4.0.1.1. dövlət qulluqçularına
ömürlük müavinət;
4.0.1.2. yaşa görə müavinət;
4.0.1.3. əlilliyə görə müavinət;
4.0.1.4. 16 yaşadək əlil uşaqlara
müavinət;
4.0.1.5. ailə başçısını itirməyə
görə müavinət;
4.0.1.6. müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
bəzi kateqoriya şəxslərə kommunal,
nəqliyyat və digər xidmətlərə
görə müavinət;
4.0.1.7. üç yaşınadək uşağa qulluğa
görə müavinət;
4.0.1.8. müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
bəzi kateqoriya şəxslərin 16 yaşadək
(ümumtəhsil müəssisələrində əyani
təhsil alanlar üçün 18 yaşadək)
uşaqlarına müavinət;
4.0.1.9. valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)
müavinət;
4.0.1.10. bir yaşınadək uşağı
olan aztəminatlı ailələrə müavinət.
4.0.2. Birdəfəlik müavinətlər:
4.0.2.1. radiasiya qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkərək əlil olmuş şəxslərə
hər il müalicə üçün müavinət;
4.0.2.2. uşağın anadan olmasına
görə müavinət;
4.0.2.3. dəfn üçün müavinət.
Maddə 5. Müavinət seçmək hüququ
Bu Qanunun 4.0.1.1–4.0.1.6-cı
maddələrində nəzərdə tutulan aylıq
müavinətlərdən bir neçəsini almaq
hüququ olan şəxslər öz arzusuna
əsasən bir növ aylıq müavinət
seçə bilərlər.
Maddə 6. Müavinətlərin maliyyə
mənbəyi
6.1. Bu Qanunun 4-cü maddəsi ilə
müəyyən edilmiş aylıq və birdəfəlik
müavinətlər (bu Qanunun 6.2-ci
maddəsi ilə nəzərdə tutulan hallar
istisna olmaqla) dövlət büdcəsinin
vəsaiti hesabına ödənilir.
6.2. “Sosial sığorta haqqında”
Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq sığorta olunan şəxslərə
üç yaşınadək uşağa qulluğa, uşağın
anadan olmasına görə və dəfn üçün
müavinətlər məcburi dövlət sosial
sığorta vəsaitləri hesabına ödənilir.
Maddə 7. Müavinətlərin təyin olunması
şərtləri
7.0. Müavinətlər aşağıdakı hallarda
təyin edilir:
7.0.1. dövlət qulluqçularına ömürlük
müavinət - «Dövlət qulluğu haqqında»
Azərbaycan Respublikası Qanununa
əsasən inzibati və yardımçı vəzifələri
tutan dövlət qulluqçuları pensiya
yaşına çatmasına və ya əlilliyinə
görə könüllü işdən çıxdıqda və
dövlət qulluğunda xidmət illərinin
minimum həddinə (5 il) malik olmadıqda;
7.0.2. yaşa görə müavinət - əmək
qabiliyyəti olmayan şəxsin əmək
pensiyası hüququ olmadıqda və
işləmədikdə;
7.0.3. əlilliyə görə (16 yaşadək
əlil uşaqlar daxil olmaqla) müavinət
- əmək qabiliyyəti olmayan şəxsin
əmək pensiyası hüququ olmadıqda;
7.0.4. ailə başçısını itirməyə
görə müavinət:
7.0.4.1. əmək qabiliyyəti olmayan
şəxsin əmək pensiyası hüququ olmadıqda;
7.0.4.2. yaşından və əmək qabiliyyətindən
asılı olmayaraq valideynlərdən,
qardaş, bacı, baba və nənələrdən
biri vəfat etmiş şəxsin 8 yaşınadək
uşaqlarına baxdıqda və işləmədikdə;
7.0.5. müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
bəzi kateqoriya şəxslərə kommunal,
nəqliyyat və digər xidmətlərə
görə müavinət – onu almaq hüququ
müəyyən edilmiş şəxslərin əmək
pensiyası hüququ olmadıqda;
7.0.6. 3 yaşınadək uşağa qulluğa
görə müavinət - 3 yaşınadək uşağa
qulluq göstərən, müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən şəxs qismən ödənişli
sosial məzuniyyətdə olduqda;
7.0.7. müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
bəzi kateqoriya şəxslərin 16 yaşadək
(ümumtəhsil müəssisələrində əyani
təhsil alanlar üçün 18 yaşadək)
uşaqlarına müavinət - bəzi kateqoriya
şəxslərin müvafiq icra hakimiyyəti
orqanı tərəfindən onu almaq hüququ
müəyyən edildikdə;
7.0.8. valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)
müavinət - müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qəyyumluq (himayəçilik)
müəyyən edildikdə;
7.0.9. bir yaşınadək uşağı olan
aztəminatlı ailələrə müavinət
– ailənin «Ünvanlı dövlət sosial
yardımı haqqında» Azərbaycan Respublikası
Qanununa əsasən ünvanlı sosial
yardım almaq hüququ olduqda;
7.0.10. radiasiya qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş şəxslərə hər il müalicə
üçün müavinət – şəxsin radiasiya
qəzasının ləğvində iştirak etməsi
ilə əlaqədar əlil olduğunu təsdiq
edən Tibbi Sosial Ekspert Komissiyasının
arayışı təqdim edildikdə;
7.0.11. uşağın anadan olmasına
görə müavinət – müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilmiş arayış
təqdim edildikdə;
7.0.12. dəfn üçün müavinət - bu
Qanunun 4.0.1.1–4.0.1.5-ci maddələrində
nəzərdə tutulan müavinətlərdən
biri təyin edilmiş şəxs vəfat
etdikdə.
Maddə 8. Müavinətlərin məbləği
Müavinətlərin məbləği müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir və ildə bir dəfədən
az olmamaq şərti ilə indeksləşdirilir.
Maddə 9. Müavinətlərin təyin edilməsi
müddəti
9.1. Aylıq müavinətlər müraciət
edilmə vaxtından asılı olmayaraq
onu almaq hüququ yaranan gündən
aşağıdakı müddətlərə təyin edilir:
9.1.1. dövlət qulluqçularına ömürlük
müavinət, yaşa görə müavinət -
ömürlük;
9.1.2 əlilliyə görə (16 yaşadək
əlil uşaqlar daxil olmaqla) müavinət
- əlillik müddətinə;
9.1.3. ailə başçısını itirməyə
görə müavinət:
9.1.3.1. vəfat etmiş şəxsin uşaqlarına
- 18 yaşına çatanadək (əyani təhsil
alanlara təhsili bitirənədək,
lakin 23 yaşdan çox olmamaqla);
9.1.3.2. vəfat etmiş şəxsin 18
yaşına çatanadək əlil olmuş 18
yaşından yuxarı uşaqlarına - əlillik
müddətinə;
9.1.3.3. vəfat etmiş şəxsin 8
yaşınadək uşaqlarına baxan və
işləməyən (yaşından və əmək qabiliyyətindən
asılı olmayaraq) valideynlərdən,
qardaş, bacı, baba və nənələrdən
birinə - uşağın 8 yaşınadək;
9.1.4. müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
bəzi kateqoriya şəxslərə kommunal,
nəqliyyat və digər xidmətlərə
görə müavinət – onu almaq hüququ
olan şəxs qanunvericiliklə müəyyən
edilmiş hallarda bu hüququ itirənədək;
9.1.5. üç yaşınadək uşağa qulluğa
görə müavinət – müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
şəxs qismən ödənişli sosial məzuniyyətə
çıxdığı gündən məzuniyyət müddətinə;
9.1.6. müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
bəzi kateqoriya şəxslərin 16 yaşadək
(ümumtəhsil müəssisələrində əyani
təhsil alanlar üçün 18 yaşadək)
uşaqlarına müavinət:
9.1.6.1. uşağın 16 yaşı tamam
olan ayın sonunadək;
9.1.6.2. ümumtəhsil məktəblərində
əyani təhsil alanlara - 18 yaşı
tamam olan ayın sonunadək (təhsil
müddətindən çox olmamaqla);
9.1.7. valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)
müavinət - müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qəyyumluq (himayəçilik)
müəyyən edildiyi müddətə;
9.1.8. bir yaşınadək uşağı olan
aztəminatlı ailələrə müavinət
– uşağın bir yaşı tamam olan ayın
sonunadək.
9.2. Radiasiya qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş şəxslərə hər il müalicə
üçün müavinət müraciət edilən
aydan sonrakı ayın 1-dən ildə
bir dəfə ödənilməklə əlillik müddətinə
təyin edilir.
9.3. Uşağın anadan olmasına görə
və dəfn üçün birdəfəlik müavinətlər
müraciət etmə müddətindən asılı
olmayaraq təyin edilir.
Maddə 10. Müavinətlərin təyin
edilməsi və ödənilməsi qaydaları
10.1. Müavinətlər şəxsin yaşayış
yeri üzrə müvafiq icra hakimiyyəti
orqanları tərəfindən təyin edilir
və ödənilir.
10.2. Bu Qanunun 7.0.11-ci, 9.1.3.1-ci,
9.1.3.2-ci, 9.1.5-ci, 9.1.6.-cı
və 9.1.8-ci maddələrində nəzərdə
tutulmuş müavinətlər hər bir uşaq
üçün təyin edilir.
10.3. Müvafiq icra hakimiyyəti
orqanlarına zəruri sənədlərlə
(yaşı, əlilliyi, ailə başçısının
itirilməsini və sairə təsdiq edən
sənədlər) birlikdə ərizənin təqdim
edildiyi gün müavinət təyin olunması
üçün müraciət edilən gün hesab
olunur.
10.4. Müavinət təyinatı barədə
qərar müvafiq icra hakimiyyəti
orqanları tərəfindən müraciət
edilən gündən 10 gün müddətində
çıxarılır.
10.5. Müavinət təyin olunmasından
imtina edilməsi barədə qərar qəbul
edildikdə müvafiq icra hakimiyyəti
orqanları səbəblər göstərilməklə
müraciət edən şəxsə 5 gün müddətində
rəsmi məlumat verir.
10.6. Müavinət təyinatından imtina
edilməsi barədə qərardan məhkəmə
qaydasında şikayət verilə bilər.
10.7. Müavinət alan şəxsin ölümü
ilə əlaqədar dəfn üçün müavinət
onun dəfni ilə bağlı xərcləri
çəkmiş şəxslərə ödənilir.
Maddə 11. Müavinətlərin ödənişinin
dayandırılması
11.1. Müavinətlərin ödənişi bu
Qanunun 9-cu maddəsində müəyyən
edilmiş müddətlər başa çatdıqda,
müavinət alan şəxs vəfat etdikdə
(qanunvericiliklə müəyyən olunmuş
qaydada itkin düşmüş və ya ölmüş
elan edildikdə) və yaxud aşağıdakı
hallardan biri baş verdikdə dayandırılır:
11.1.1. dövlət qulluqçularına
ömürlük müavinət - dövlət qulluqçusu
yenidən dövlət qulluğuna qəbul
edildikdə;
11.1.2. yaşa görə müavinət - şəxs
əmək fəaliyyətinə başladıqda;
11.1.3. əlilliyə görə (16 yaşadək
əlil uşaqlar daxil olmaqla) müavinət
- şəxs əmək pensiyası hüququ qazandıqda;
11.1.4. . müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
bəzi kateqoriya şəxslərə kommunal,
nəqliyyat və digər xidmətlərə
görə müavinət – onu almaq hüququ
olan şəxs əmək pensiyası hüququ
qazandıqda;
11.1.5. 3 yaşınadək uşağa qulluğa
görə müavinət – müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
şəxs qismən ödənişli sosial məzuniyyətdən
qayıtdıqda;
11.1.6. valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)
müavinət - müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qəyyumluq (himayəçilik)
ləğv edildikdə.
11.2. Müavinət alan şəxs vəfat
etdikdə (qanunvericiliklə müəyyən
edilmiş qaydada itkin düşmüş və
ya ölmüş elan edildikdə) və bu
Qanunun 11.1.1–11.1.6-cı maddələrində
göstərilən hallarda müavinətlərin
ödənişi qanunvericiliyə uyğun
olaraq həmin halın yarandığı gündən,
digər hallarda isə növbəti ayın
1-dən dayandırılır.
Maddə 12. Müavinətlərin ödənişinin
dayandırılmasına səbəb olan hallar
baş verdikdə müavinət alan şəxsin
məlumat vermək vəzifəsi
12.1. Bu Qanunun 11-ci maddəsində
göstərilən müavinətlərin ödənişinin
dayandırılmasına səbəb olan hallar
baş verdikdə müavinət alan şəxs
və ya onun ailə üzvləri bu barədə
müavinət təyin edən orqana 5 gün
müddətində məlumat verməyə borcludur.
12.2. Müavinətlərin ödənişinin
dayandırılmasına səbəb olan hallar
barədə məlumatların verilməməsi
nəticəsində artıq müavinət ödənildiyi
hallarda müavinət alan şəxs artıq
ödənilmiş müavinəti müvafiq icra
hakimiyyəti orqanlarına qaytarmalıdır.
Artıq ödənilmiş məbləğin qaytarılmasından
imtina edilərsə, bu barədə mübahisəyə
məhkəmə qaydasında baxılır.
Maddə 13. Qanunun pozulmasına
görə məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirkar
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 14. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2006-cı il yanvarın 1-dən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2006-cı
il
№ 55-IIIQ
|
|