| |
Məcburi
köçkünlərin və onlara bərabər tutulan
şəxslərin sosial müdafiəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Bu Qanunun məqsədi
Bu Qanun Azərbaycan Respublikasında
məcburi köçkünlərin və onlara bərabər
tutulan şəxslərin məskunlaşdırılması,
sosial müdafiəsi tədbirlərini və
bununla əlaqədar dövlət orqanlarının
vəzifələrini müəyyən edir.
Maddə 2. Məcburi köçkünlər və onlara
bərabər tutulan şəxslər
Xarici hərbi təcavüz, müəyyən ərazilərin
işğalı və ya mütəmadi atəş altında
saxlanması nəticəsində Azərbaycan
Respublikası ərazisində daimi yaşayış
yerlərini tərk etməyə məcbur olub
ölkə hüdudlarında başqa yerə köçmüş
şəxslər bu Qanunun məqsədləri üçün
məcburi köçkün hesab olunurlar.
Ermənistan Respublikasında və başqa
dövlətlərdə aparılan etnik təmizləmə
nəticəsində daimi yaşayış yerlərini
tərk edib Azərbaycan Respublikasına
gəlmiş və daimi məskunlaşmamış şəxslər
məcburi köçkünlərə bərabər tutulurlar.
Maddə 3. Bu Qanunun qüvvəsi
Bu Qanun 1988-ci il yanvarın 1-dən
bu Qanunun qüvvəyə mindiyi vaxtadək
məcburi köçkün olmuş və bu Qanunun
2-ci maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş səbəbdən Azərbaycan
Respublikasına gəlmiş şəxslərə şamil
edilir.
Bu Qanunda nəzərdə tutulmuş sosial
müdafiə tədbirləri məcburi köçkünlərin
əvvəlki yaşayış yerlərinə qayıtması
üçün şəraitin yarandığı vaxtdan
üç il müddətində, məcburi köçkünlərə
bərabər tutulan şəxslərin isə əvvəlki
yaşayış yerlərinə qayıtması üçün
şəraitin yarandığı və ya daimi məskunlaşdıqları
vaxtadək qüvvədədir.
Məcburi köçkünlərə bərabər tutulan
şəxslərin mənzil qanunvericiliyinə
və ya mülki hüquqi əqdlərə əsasən
ayrıca mənzil sahəsi əldə etməsi
onların daimi məskunlaşması hesab
olunur.
Maddə 4. Məcburi köçkünlərin və
onlara bərabər tutulan şəxslərin
sosial müdafiəsi tədbirləri
Məcburi köçkünlər və onlara bərabər
tutulan şəxslər (bundan sonra -
“məcburi köçkünlər” adlandırılacaq)
barəsində aşağıdakı sosial müdafiə
tədbirləri tətbiq edilir:
müvəqqəti yaşayış sahəsi ilə təmin
edilməsi;
məşğulluğun təmin edilməsi;
sosial təminat;
tibbi təminat;
təhsil hüququnun təmin edilməsi;
nəqliyyat və mənzil-kommunal və
digər güzəştləri; [1]
(Çıxarılıb) [2]
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə məcburi köçkünlərə digər sosial
müdafiə tədbirləri də müəyyən edilə
bilər.
Maddə 5. Məcburi köçkünlərin yaşayış
sahəsi ilə təminatı
Məcburi köçkünlərin məskunlaşdırılması
müvafiq icra hakimiyyəti orqanları
tərəfindən həyata keçirilir. Məskunlaşdırma
məqsədilə yaşayış üçün yararlı olan
və ya yararlı hala salınması mümkün
olan yaşayış, inzibati və yardımçı
binalardan, habelə digər binalardan
istifadə edilir. Məcburi köçkünləri
belə binalarda məskunlaşdırmaq mümkün
olmadıqda və ya müəyyən yaşayış
məntəqələrində əhali sıxlığı buna
imkan vermədikdə onlar məcburi köçkünlər
üçün xüsusi olaraq təşkil edilmiş
düşərgələrdə məskunlaşdırılırlar.
Düşərgələr yaşayış üçün zəruri tələblərə
cavab verməlidir.
Məcburi köçkünlərin müstəqil olaraq
müvəqqəti məskunlaşmasına o halda
yol verilə bilər ki, bu digər şəxslərin
hüquqlarını və qanuni maraqlarını
pozmasın. Belə hallar mövcud olduqda
müvafiq icra hakimiyyəti orqanları
məcburi köçkünlərin həmin yaşayış
məntəqəsi daxilində başqa yaşayış
sahəsinə köçürülməsini təmin etməlidirlər.
Maddə 6. Məcburi köçkünlərə torpaq
sahələri ayrılması, kreditlər verilməsi
və texniki yardımlar göstərilməsi
Məcburi köçkünlərə məskunlaşdıqları
rayonlarda kənd təsərrüfatı ilə
məşğul olmaları üçün dövlət proqramına
uyğun olaraq dövlət və bələdiyyə
torpaq fondu hesabına müvəqqəti
olaraq torpaq sahələri ayrılır,
onlara güzəştli kreditlər verilir,
texniki və digər yardımlar göstərilir.
Torpaq sahələrinin ayrılması, kreditlərin
verilməsi və yardımların göstərilməsi
qaydaları və şərtləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 7. Məcburi köçkünlərin məşğulluğunun
təmin edilməsi
Məcburi köçkünlərin məşğulluğu dövlət
proqramına uyğun olaraq müvafiq
icra hakimiyyəti orqanları tərəfindən
təmin edilir. Dövlət məcburi köçkünlərin
müstəqil olaraq işə düzəlmələri,
onların kommersiya və sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaları üçün
zəruri şərait yaradır.
Məcburi köçkünlərin məşğulluğunun
təmin edilməsi dövlət idarə, müəssisə
və təşkilatlarında kvota müəyyən
edilməsi, yeni iş yerlərinin açılması
və digər tədbirlərin görülməsi ilə
həyata keçirilir.
Məcburi köçkünləri daimi işlə təmin
etmək mümkün olmadıqda müvafiq icra
hakimiyyəti orqanları onların müvəqqəti
və mövsümi işlərə cəlb edilməsini
təşkil edirlər.
Məcburi köçkünlərin işə qəbulu zamanı
əmək kitabçasının təqdim edilməsi
məcburi deyil. İdarə, müəssisə və
təşkilatlarda ştatların və işçilərin
sayının ixtisarı zamanı bu şəxslər
işdə saxlanmaq üçün üstünlük hüququna
malikdirlər.
Kommersiya və sahibkarlıq fəaliyyəti
ilə məşğul olan məcburi köçkünlərə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada bank kreditləri
verilə bilər.
Maddə 8. Məcburi köçkünlərin sosial
təminatı
Məcburi köçkünlərin iş stajı və
əmək haqqı barədə sənədləri olmadıqda
onlara pensiya “Vətəndaşların pensiya
təminatı haqqında” Azərbaycan Respublikasının
Qanununda müəyyən edilmiş qaydada
təyin edilir.
Məcburi köçkünlərə əmək qabiliyyətini
müvəqqəti itirməyə görə Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin
74-cü maddəsinə uyğun olaraq müavinət
iş stajından asılı olmayaraq əmək
haqlarının tam həcmində ödənilir.
[3]
Maddə 9. Məcburi köçkünlərə maddi
yardımlar
Məcburi köçkünlərin birdəfəlik və
mütəmadi pul yardımları, ərzaq və
sənaye məhsulları ilə təmin edilmələri
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada həyata keçirilir.
Hüquqi və fiziki şəxslər, beynəlxalq
təşkilatlar məcburi köçkünlərə maddi
və digər humanitar yardımların göstərilməsində
müstəqildirlər. Bu şəxslərin humanitar
fəaliyyəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən əlaqələndirilir.
Maddə 10. Məcburi köçkünlərin tibbi
təminatı [4]
Məcburi köçkünlərə tibbi xidmət
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada dövlət tibb
müəssisələri tərəfindən göstərilir.
Məcburi köçkünlərə dərman preparatları
almaq üçün müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada və məbləğdə müavinət verilir.
Maddə 11. Məcburi köçkünlərin təhsil
hüquqlarının təmin edilməsi
Yaşayış məntəqələrindən kənarda
yaradılmış düşərgələrdə məskunlaşmış
məcburi köçkün uşaqlarının məktəbəqədər
və ümumi orta təhsili müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təhsil
standartlarına uyğun olaraq təşkil
edilir. Ümumtəhsil məktəblərində
oxuyan məcburi köçkün uşaqları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada dərsliklərlə
və dərs ləvazimatları ilə təmin
olunurlar. [5]
Qeyri-dövlət ali və orta peşə-ixtisas
təhsil müəssisələri məcburi köçkün
tələbələrin normal təhsili üçün
müəyyən güzəştlər edə bilərlər.
[6]
Maddə 12. Məcburi köçkünlərə nəqliyyat
xidməti
Yaşayış məntəqələrindən kənarda
yaradılmış düşərgələrdə məskunlaşmış
məcburi köçkünlərin yaxınlıqdakı
yaşayış məntəqəsinə gedib-gəlmələrinin
təşkili üçün müvafiq icra hakimiyyəti
orqanları nəqliyyat vasitələri ayırırlar.
Məcburi köçkünlər müvafiq icra hakimiyyəti
orqanının qərarına əsasən məskunlaşma
yerini dəyişdikdə onların əmlakının
daşınma xərcləri dövlət hesabına
ödənilir.
Maddə 13. Mənzil və kommunal xidməti
güzəştləri
Məcburi köçkünlərə mənzil-kommunal
xidmətlərindən və telefondan (şəhərlərarası
və beynəlxalq danışıqlar istisna
olmaqla) istifadə haqqını ödəmək
üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
və məbləğdə müavinət verilir. [7]
Maddə 14. Məcburi köçkünlərə dövlət
rüsumu ödəməkdə güzəştlər [8]
Məcburi köçkünlər şəxsiyyət vəsiqəsinin
verilməsinə görə, habelə 1994-cü
il iyunun 1-dək mülkiyyət hüququ
əsasında əldə etdikləri şəxsi minik
avtomobillərinin texniki baxışı,
texniki pasportlarının, dövlət nömrə
nişanlarının, sürücülük vəsiqələrinin
dəyişdirilməsi zamanı bu əməliyyatlar
üçün nəzərdə tutulmuş dövlət rüsumu
ödəməkdən azaddırlar. [9]
Maddə 15. Beynəlxalq müqavilələr
Bu Qanunla Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa,
həmin beynəlxalq müqavilələr tətbiq
edilir.
Azərbaycan Respublikasının
Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 21 may 1999-cu il
№ 669-IQ
|
|