| |
Əmək
pensiyaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Bu Qanun Azərbaycan
Respublikasında vətəndaşların əmək
pensiyası hüquqlarının yaranmasının
əsaslarını, bu hüquqların həyata
keçirilməsi qaydalarını və əmək
pensiyası təminatı sistemini müəyyən
edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan
istifadə olunur:
1.0.1. əmək pensiyası – bu Qanunla
nəzərdə tutulmuş qayda və şərtlərlə
müəyyən edilən və məcburi dövlət
sosial sığorta olunan (bundan sonra
– sığorta olunan) şəxslərin onlara
əmək pensiyası təyin olunduqdan
əvvəl aldıqları əmək haqqı və digər
gəlirlərin, yaxud sığorta olunan
şəxslərin ölümü ilə əlaqədar onların
ailə üzvlərinin itirdikləri gəlirlərin
kompensasiyası məqsədi ilə vətəndaşlara
aylıq pul ödənişidir;
1.0.2. sosial sığorta stajı (bundan
sonra – sığorta stajı) – əmək pensiyası
hüququnun müəyyən edilməsi zamanı
nəzərə alınan iş və ya digər fəaliyyət
dövrlərinin (müvafiq icra hakimiyyəti
orqanına məcburi dövlət sosial sığorta
haqları ödəmək şərti ilə) və eləcə
də müvafiq qanunvericiliklə sığorta
stajına daxil edilən digər dövrlərin
məcmusudur;
1.0.3. fərdi uçot – sığorta olunanların
qanunvericiliklə nəzərdə tutulan
sosial müdafiə hüquqlarının təminatı
üçün zəruri məlumatların fərdi qaydada
qeydiyyatının və uçotunun təşkilidir;
1.0.4. fərdi hesab – dövlət sosial
sığorta sistemində fərdi uçotu həyata
keçirən müvafiq icra hakimiyyəti
orqanı tərəfindən hər bir sığorta
olunan şəxsə uçot dövründə daimi
(dəyişməz) sosial sığorta nömrəsi
ilə açılmış şəxsi hesabdır;
1.0.5. fərdi hesabın sığorta hissəsi
– müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş nisbətlərə
uyğun olaraq sığorta olunan şəxslər
üzrə ödənilmiş və əmək pensiyasının
sığorta hissəsinin hesablanması
üçün nəzərə alınan məcburi dövlət
sosial sığorta haqlarının qeydə
alındığı subhesabdır;
1.0.6. fərdi hesabın yığım hissəsi
- müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş nisbətlərə
uyğun olaraq sığorta olunan şəxslər
üzrə ödənilmiş və əmək pensiyasının
yığım hissəsinin hesablanması üçün
nəzərə alınan məcburi dövlət sosial
sığorta haqlarının, eləcə də bu
vəsaitlərin dövriyyəsindən əldə
edilən gəlirlərin toplandığı subhesabdır;
1.0.7. pensiya kapitalı – müvafiq
olaraq fərdi hesabın sığorta hissəsində
qeydə alınan və fərdi hesabın yığım
hissəsində toplanan vəsaitlərin
məbləğidir;
1.0.8. əmək pensiyasının baza hissəsi
- əmək pensiyalarının birinci pilləsi
olmaqla əmək pensiyaçılarının sosial
müdafiəsinin dövlət təminatıdır;
1.0.9. əmək pensiyasının sığorta
hissəsi – əmək pensiyalarının ikinci
pilləsi olmaqla, fərdi hesabın sığorta
hissəsində qeydə alınmış pensiya
kapitalının gözlənilən pensiya ödənişi
müddətinin aylarının sayına nisbəti
şəklində hesablanan məbləğdir;
1.0.10. əmək pensiyasının yığım
hissəsi – əmək pensiyalarının üçüncü
pilləsi olmaqla, fərdi hesabın yığım
hissəsində toplanan pensiya kapitalının
gözlənilən pensiya ödənişi müddətinin
aylarının sayına nisbəti şəklində
hesablanan məbləğdir;
1.0.11. gözlənilən pensiya ödənişi
müddəti - bu Qanunun məqsədləri
üçün müəyyən edilən və əmək pensiyasının
sığorta və yığım hissələrinin hesablanmasında
istifadə olunan göstəricidir;
1.0.12. əmək pensiyasının müəyyən
edilməsi – əmək pensiyasının təyin
edilməsi, onun məbləğinin yenidən
hesablanması və əmək pensiyasının
bir növündən digərinə keçiddir.
Maddə 2. Əmək pensiyaları haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Əmək pensiyaları haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən,
bu Qanundan və Azərbaycan Respublikasının
digər normativ hüquqi aktlarından
ibarətdir.
2.2. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
bu Qanunda müəyyən edilmiş qaydalardan
fərqli qaydalar olduqda, beynəlxalq
müqavilələrdə nəzərdə tutulan qaydalar
tətbiq edilir.
Maddə 3. Əmək pensiyası təminatı
hüququ
3.1. Azərbaycan Respublikasının
vətəndaşları bu Qanunda göstərilən
hallarda əmək pensiyası təminatı
hüququna malikdirlər.
3.2. Azərbaycan Respublikası ərazisində
daimi yaşayan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin bu Qanunla nəzərdə
tutulmuş şərtlərlə Azərbaycan Respublikasının
vətəndaşları ilə bərabər əsaslarla
əmək pensiyası təminatı hüququ vardır.
Maddə 4. Əmək pensiyasının növləri
və tərkibi
4.1. Bu Qanuna uyğun olaraq əmək
pensiyasının aşağıdakı növləri müəyyən
edilir:
4.1.1. yaşa görə əmək pensiyası;
4.1.2. əlilliyə görə əmək pensiyası;
4.1.3. ailə başçısını itirməyə görə
əmək pensiyası.
4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan
ibarətdir:
4.2.1. baza hissəsindən;
4.2.2. sığorta hissəsindən;
4.2.3. yığım hissəsindən.
4.3. Əlilliyə görə əmək pensiyası
aşağıdakılardan ibarətdir:
4.3.1. baza hissəsindən;
4.3.2. sığorta hissəsindən;
4.3.3. yığım hissəsindən.
4.4. Ailə başçısını itirməyə görə
əmək pensiyası aşağıdakılardan ibarətdir:
4.4.1. baza hissəsindən;
4.4.2. sığorta hissəsindən.
Maddə 5. Pensiya seçmək hüququ
5.1. Azərbaycan Respublikasının
qanunları ilə müxtəlif pensiya hüququ
olan şəxslərə öz arzuları ilə yalnız
bir pensiya təyin edilir.
5.2. Sığorta olunanların qanunvericiliklə
onlara təyin olunmuş əmək pensiyası
ilə yanaşı qeyri-dövlət pensiyası
hüququ vardır.
Maddə 6. Əmək pensiyası ödənişinin
maliyyə mənbələri
6.1. Əmək pensiyasının baza hissəsi
və bu Qanunun 19-cu maddəsi ilə
müəyyən olunan baza hissəsinə əlavələr
məcburi dövlət sosial sığortası
vəsaitləri, dövlət büdcəsinin transfertləri
və qanunvericiliyə uyğun digər mənbələr
hesabına maliyyələşdirilir.
6.2. Əmək pensiyasının sığorta və
yığım hissələri, bu Qanunun 20-ci
maddəsi ilə müəyyən olunan qulluq
stajına görə əmək pensiyasına əlavələr
məcburi dövlət sosial sığortası
vəsaitləri hesabına maliyyələşdirilir.
6.3. Əmək pensiyasının yığım hissəsinin
müəyyən edilməsi və ödənilməsi sığorta
olunanın fərdi hesabının yığım hissəsində
müvafiq vəsait olduğu halda həyata
keçirilir.
II fəsil
Yaşa görə əmək pensiyası
Maddə 7. Yaşa görə əmək pensiyasının
təyin edilməsi şərtləri
62 yaşına çatmış kişilərin və 57
yaşına çatmış qadınların azı 5 il
sığorta stajı olduqda (bu Qanunun
qüvvəyə mindiyi günədək yaşa görə
əmək pensiyası təyin edilmiş şəxslər
istisna olmaqla) yaşa görə əmək
pensiyası hüququ vardır.
Maddə 8. Çoxuşaqlı qadınların, əlil
uşağı olan anaların, uşaqlarını
təkbaşına böyüdən ataların və qəyyumların
yaşa görə əmək pensiyası
8.1. Üç və daha çox uşaq doğub onları
səkkiz yaşınadək tərbiyə etmiş və
azı 5 il sığorta stajı olan qadınların
aşağıdakı şərtlər əsasında yaşa
görə əmək pensiyası hüququ vardır:
3 uşağı olanlar - 51 yaşına çatdıqda;
4 uşağı olanlar - 50 yaşına çatdıqda;
5 uşağı olanlar - 49 yaşına çatdıqda;
6 uşağı olanlar - 48 yaşına çatdıqda;
7 uşağı olanlar - 47 yaşına çatdıqda;
8 uşağı olanlar - 46 yaşına çatdıqda;
9 uşağı olanlar - 45 yaşına çatdıqda;
10 və daha çox uşağı olanlar - 44
yaşına çatdıqda və ya 10 il sığorta
stajı olduqda yaşından asılı olmayaraq.
8.2. Uşaqlıqdan əlil olmuş övladını
səkkiz yaşınadək tərbiyə etmiş anaların
50 yaşına çatdıqda və azı 5 il sığorta
stajı olduqda, yaşa görə əmək pensiyası
hüququ vardır.
8.3. Ananın vəfat etdiyinə və ya
ana ilə nikaha xitam verildiyinə,
yaxud ananın valideynlik hüququndan
məhrum edildiyinə görə 3 və daha
çox uşağı növbəti nikah bağlamadan,
təkbaşına səkkiz yaşınadək böyüdən
ataların, həmçinin 3 və daha çox
uşağı övladlığa götürüb təkbaşına
səkkiz yaşınadək böyüdən ataların,
həmçinin 3 və daha çox uşağı səkkiz
yaşınadək böyüdən qəyyum kişilərin
55 yaşına çatdıqda və azı 5 il sığorta
stajı olduqda, yaşa görə əmək pensiyası
hüququ vardır.
Maddə 9. Güzəştli şərtlərlə əmək
pensiyası hüququ olan digər şəxslər
9.1. Axırıncı iş yerindən asılı
olmayaraq yeraltı işlərdə, incəsənətin
xüsusi sahələrində, həmçinin əmək
şəraiti xüsusilə zərərli və ağır
olan işlərdə (istehsalatların, peşələrin,
vəzifələrin və göstəricilərin müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunan siyahısı üzrə) çalışan
sığorta olunanların: kişilər - 57
yaşına çatdıqda, azı 25 il sığorta
stajına malik olduqda və bu müddətin
azı 12 il 6 ayını həmin işlərdə,
qadınlar - 52 yaşına çatdıqda, azı
20 il sığorta stajına malik olduqda
və bu müddətin azı 10 ilini həmin
işlərdə çalışmışlarsa, əmək şəraitinə
görə güzəştli şərtlərlə yaşa görə
əmək pensiyası hüququ vardır.
9.2. Hipovizqanizm xəstəliyinə tutulan
şəxslər (liliputlar) və mütənasibliyi
pozulmuş cırtdanboylar – kişilər
47, qadınlar 42 yaşına çatdıqda
və həmin şəxslərin azı 5 il sığorta
stajı olduqda yaşa görə əmək pensiyası
hüququ vardır.
9.3. Mülki aviasiya uçuş və uçuş-sınaq
heyətində işlə əlaqədar vəzifələrdə
kişilərin azı 25 il, qadınların
azı 20 il sığorta stajı olduqda,
səhhətinə görə uçuş işindən azad
olunmuş kişilərin həmin işlər üzrə
azı 20 il, qadınların isə azı 15
il sığorta stajı olduqda yaşa görə
əmək pensiyası hüququ vardır.
9.4. Prokurorluq orqanlarında azı
25 il qulluq etmiş prokurorluq işçilərinin
yaşa görə əmək pensiyası hüququ
vardır.
9.5. Bu Qanun qüvvəyə mindiyi günədək
bu Qanunun 9-cu maddəsində göstərilən
işlərdə güzəştli şərtlərlə pensiya
hüququ verən tam əmək stajı olan
şəxslərə pensiyalar yaşa və staja
görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə
müəyyən edilmiş tələblərə müvafiq
surətdə təyin edilir.
Maddə 10. Yaşa görə əmək pensiyasının
məbləği
10.1. Yaşa görə əmək pensiyasının
baza hissəsinin məbləği müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
10.2. Yaşa görə əmək pensiyasının
sığorta hissəsinin məbləği aşağıdakı
düsturla müəyyən edilir:
SH = PS +(PSK/ T), burada:
SH – yaşa görə əmək pensiyasının
sığorta hissəsidir;
PS – bu Qanunun 27-ci maddəsinə
uyğun hesablanmış əmək pensiyasının
sığorta hissəsidir;
PSK – sığorta olunanın fərdi hesabının
sığorta hissəsində yaşa görə əmək
pensiyasının təyin olunduğu tarixə
qeydə alınmış pensiya kapitalıdır;
T – gözlənilən pensiya ödənişi müddətinin
aylarının sayıdır.
10.3. Yaşa görə əmək pensiyasının
yığım hissəsinin məbləği bütün hallarda
bu Qanunun 7-ci maddəsində göstərilmiş
yaş həddinə uyğun olaraq aşağıdakı
düsturla müəyyən edilir:
YH=PYK/T, burada:
YH – yaşa görə əmək pensiyasının
yığım hissəsidir;
PYK- sığorta olunanın fərdi hesabının
yığım hissəsində yaşa görə əmək
pensiyasının təyin olunduğu tarixə
toplanmış pensiya kapitalıdır;
T – gözlənilən pensiya ödənişi müddətinin
aylarının sayıdır.
10.4. Yaşa görə əmək pensiyasının
məbləği aşağıdakı düsturla müəyyən
edilir:
P=BH+SH+YH, burada:
P- yaşa görə əmək pensiyasıdır;
BH- yaşa görə əmək pensiyasının
baza hissəsidir;
SH- yaşa görə əmək pensiyasının
sığorta hissəsidir;
YH- yaşa görə əmək pensiyasının
yığım hissəsidir.
III fəsil
Əlilliyə görə əmək pensiyası
Maddə 11. Əlilliyə görə əmək pensiyası
11.1. Əlilliyə görə əmək pensiyası
sığorta olunanın xəstəlik və ya
xəsarət nəticəsində yaranan əqli
və ya fiziki qüsurlara görə əmək
qabiliyyətinin məhdudlaşması ilə
əlaqədar təyin edilir. Əlillik qrupları
və əlilliyin səbəbləri, habelə onun
başvermə müddəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qanunvericiliyə
uyğun olaraq müəyyən olunur.
11.2. Müddətli həqiqi hərbi (alternativ)
xidmətdə olan şəxslərin əlilliyi
həqiqi hərbi və ya alternativ xidmət
vəzifələrini yerinə yetirərkən yaralanma,
kontuziya, zədələnmə nəticəsində,
yaxud cəbhədə olmaqla və ya döyüş
əməliyyatı aparan ölkədə hərbi xidmət
borcunun yerinə yetirilməsi ilə
bağlı xəstəlik nəticəsində üz verərsə,
onlar müharibə əlili hesab edilirlər.
Maddə 12. Əlilliyə görə əmək pensiyasının
təyin edilməsi şərtləri
Əlilliyə görə əmək pensiyası (bu
Qanunun qüvvəyə mindiyi günədək
əlilliyə görə əmək pensiyası təyin
edilmiş şəxslər istisna olmaqla)
19 yaşınadək əlil olmuş sığorta
olunana bir il sığorta stajı olduqda,
19 yaşından sonra əlil olmuş sığorta
olunana isə 1 il sığorta stajı və
əlavə olaraq yaşın üstünə gələn
hər tam il üçün 4 ay sığorta stajı
olduqda təyin edilir.
Maddə 13. Əlilliyə görə əmək pensiyasının
məbləği
13.1. Əlilliyə görə əmək pensiyasının
baza hissəsinin məbləği yaşa görə
əmək pensiyasının baza hissəsinin
məbləğinin I qrup əlillərə 120 faizi
(I qrup gözdən əlillərə 200 faizi),
II qrup əlillərə 100 faizi, III
qrup əlillərə isə 55 faizi həcmində
müəyyən edilir.
13.2. Əlilliyə görə əmək pensiyasının
sığorta və yığım hissələrinin hesablanmasında
gözlənilən pensiya ödənişi müddətinin
aylarının sayı sığorta davamiyyəti
əmsalına vurulur. Sığorta davamiyyəti
əmsalı əlilliyə görə əmək pensiyası
üçün tələb olunan sığorta stajı
aylarının sayının 184-ə olan nisbəti
şəklində müəyyənləşdirilir.
13.3. Əlilliyə görə əmək pensiyasının
sığorta hissəsinin məbləği aşağıdakı
düsturla müəyyən edilir:
SH= PS + (PSK / (TxK), burada:
SH – əlilliyə görə əmək pensiyasının
sığorta hissəsidir;
PS – bu Qanunun 27-ci maddəsinə
uyğun hesablanmış əmək pensiyasının
sığorta hissəsidir;
PSK – sığorta olunanın fərdi hesabının
sığorta hissəsində əlilliyə görə
əmək pensiyasının təyin olunduğu
tarixə qeydə alınmış pensiya kapitalıdır;
T – gözlənilən pensiya ödənişi müddətinin
aylarının sayıdır;
K – sığorta davamiyyəti əmsalıdır.
13.4. Əlilliyə görə əmək pensiyasının
yığım hissəsi bu Qanunun 10.3. maddəsində
göstərilən qaydada müəyyən edilir.
13.5. Əlilliyə görə əmək pensiyasının
məbləği aşağıdakı düsturla müəyyən
edilir:
P = BH+SH+YH, burada:
P – əlilliyə görə əmək pensiyasıdır;
BH – əlilliyə görə əmək pensiyasının
baza hissəsidir;
SH – əlilliyə görə əmək pensiyasının
sığorta hissəsidir;
YH – əlilliyə görə əmək pensiyasının
yığım hissəsidir.
IV fəsil
Ailə başçısını itirməyə görə əmək
pensiyası
Maddə 14. Ailə başçısını itirməyə
görə əmək pensiyası hüququ olan
ailə üzvləri
14.1. Vəfat etmiş və ya həlak olmuş
ailə başçısının öhdəsində olan (vəfat
edənin tam təminatında olan və ya
ondan özlərinin yaşayışı üçün daimi
və əsas vəsait mənbəyi kimi kömək
alan) aşağıdakı ailə üzvlərinin
ailə başçısını itirməyə görə əmək
pensiyası hüququ vardır:
14.1.1. vəfat etmiş və ya həlak
olmuş şəxslərin övladları:
14.1.1.1. 18 yaşına çatmamış;
14.1.1.2. 18 yaşına çatanadək I
və ya II qrup əlil olmuş 18 yaşdan
yuxarı;
14.1.1.3. təhsil müəssisələrinin
əyani şöbəsində təhsil alanlar,
lakin ən çoxu 23 yaşına çatanadək;
14.1.2. ata, ana, ər (arvad) pensiya
yaşına - kişilər 62 yaşa, qadınlar
57 yaşa çatmışdırsa, yaxud I və
ya II qrup əlildirsə;
14.1.3. yaşından və əmək qabiliyyətindən
asılı olmayaraq valideynlərdən biri
və ya ər (arvad), yaxud baba, nənə,
qardaş, bacı vəfat etmiş və ya həlak
olmuş ailə başçısının 8 yaşına çatmamış
uşaqlarına, qardaşlarına, bacılarına,
nəvələrinə baxırsa və işləmirsə.
14.2. Sığorta olunan qanunvericilikdə
nəzərdə tutulmuş qaydada xəbərsiz
itkin düşmüş və ya ölmüş elan edildiyi
halda, onun ailə üzvləri vəfat etmiş
və ya həlak olmuş ailə başçısının
ailə üzvləri ilə bərabər əsaslarla
ailə başçısını itirməyə görə əmək
pensiyası hüququna malikdirlər.
14.3. Xəbərsiz itkin düşmüş və ya
ölmüş elan edilən sığorta olunan
qayıtdıqda və ya onun olduğu yer
aşkar edildikdə, onun ailə üzvlərinə
ödənilən ailə başçısını itirməyə
görə əmək pensiyası dayandırılır.
Maddə 15. Ögey atanın, ögey ananın,
ögey oğulun və ögey qızın əmək pensiyası
hüququ
15.1. Ögey ata və ögey ana vəfat
etmiş ögey oğlunu və ya ögey qızını
azı beş il tərbiyə etmiş və saxlamışdırsa,
doğma valideynlərlə bir səviyyədə
əmək pensiyası hüququna malikdirlər.
15.2. Ögey oğulun, ögey qızın doğma
övladlarla bir səviyyədə ailə başçısını
itirməyə görə əmək pensiyası hüququ
vardır.
Maddə 16. Övladlığa götürənlərin
və övladlığa götürülənlərin əmək
pensiyası hüququ
16.1. Övladlığa götürənlərin doğma
valideynlərlə, övladlığa götürülənlərin
isə doğma uşaqlarla bir səviyyədə
əmək pensiyası hüququ vardır.
16.2. Ailə başçısını itirməyə görə
əmək pensiyası hüququ olan bu Qanunun
14.1.1-ci maddəsində nəzərdə tutulmuş
şəxslər övladlığa götürüldükdə də
bu hüququ saxlayırlar.
Maddə 17. Ailə başçısını itirməyə
görə əmək pensiyası təyinatının
şərtləri
Ailə başçısını itirməyə görə əmək
pensiyası ölüm gününədək ailə başçısının
bu Qanunun 12-ci maddəsində tələb
edilən sığorta stajı olduqda (bu
Qanunun qüvvəyə mindiyi günədək
ailə başçısını itirməyə görə əmək
pensiyası təyin edilmiş şəxslər
istisna olmaqla) təyin olunur.
Maddə 18. Ailə başçısını itirməyə
görə əmək pensiyasının məbləği
18.1. Ailə başçısını itirməyə görə
əmək pensiyasının baza hissəsinin
məbləği hər iki valideynini itirmiş
uşaqların və vəfat etmiş tənha ananın
uşaqlarının hər biri üçün, habelə
vəfat etmiş ailə başçısının bir
övladı olduqda həmin şəxs üçün yaşa
görə əmək pensiyasının baza hissəsinin
100 faizi məbləğində, digər ailə
üzvlərinin hər biri üçün isə yaşa
görə əmək pensiyasının baza hissəsinin
50 faizi məbləğində hesablanır.
18.2. Ailə başçısını itirməyə görə
əmək pensiyasının sığorta hissəsinin
əmək qabiliyyəti olmayan ailə üzvlərinin
hər birinə düşən məbləği bu Qanunun
13.3-cü maddəsində nəzərdə tutulmuş
əlilliyə görə əmək pensiyasının
sığorta hissəsinin hesablanması
mexanizminə uyğun olaraq hesablanmış
məbləğin əmək qabiliyyəti olmayan
ailə üzvlərinin sayına bölünməsi
yolu ilə müəyyənləşdirilir.
18.3. Vəfat etmiş ailə başçısı yaşa
və ya əlilliyə görə əmək pensiyaçısı
olmuşdursa, ailə üzvləri üçün ailə
başçısını itirməyə görə əmək pensiyasının
sığorta hissəsinin məbləği vəfat
etmiş ailə başçısına təyin edilmiş
yaşa və ya əlilliyə görə əmək pensiyasının
sığorta hissəsinin əmək qabiliyyətli
olmayan ailə üzvlərinin sayına nisbəti
şəklində müəyyənləşdirilir.
18.4. Ailə başçısını itirməyə görə
əmək pensiyasının məbləği bu Qanunun
18.1-18.3-cü maddələrinə uyğun olaraq
hesablanmış ailə başçısını itirməyə
görə əmək pensiyasının baza hissəsinin
və ailə başçısını itirməyə görə
əmək pensiyasının sığorta hissəsinin
məbləğlərinin cəminə bərabərdir.
18.5. Vəfat etmiş sığorta olunanın
və əmək pensiyasının yığım hissəsi
təyin olunmamış əmək pensiyaçısının
fərdi hesabının yığım hissəsində
olan vəsaitlər qanunvericiliyə uyğun
qaydada onun varisləri arasında
bərabər bölünür.
18.6. Sığorta olunanın və ya əmək
pensiyasının yığım hissəsi təyin
olunmamış əmək pensiyaçısının varisləri
olmadıqda, onun fərdi hesabının
yığım hissəsində olan vəsaitlər
və əmək pensiyasının yığım hissəsi
üzrə alınmamış vəsaitlər müvafiq
icra hakimiyyəti orqanının büdcəsinin
gəlirlərinə aid edilir.
V fəsil
Əmək pensiyasına əlavələr
Maddə 19. Əmək pensiyasının baza
hissəsinə əlavələr
19.1. Azərbaycanın Milli Qəhrəmanlarının
ailə üzvlərinin (bu Qanunun 14-16-cı
maddələrinə uyğun olaraq) əmək pensiyasının
baza hissəsinin üzərinə yaşa görə
əmək pensiyasının baza hissəsinin
100 faizi, şəhidlərin ailə üzvlərinin
(bu Qanunun 14-16-cı maddələrinə
uyğun olaraq) əmək pensiyasının
baza hissəsinin üzərinə yaşa görə
əmək pensiyasının baza hissəsinin
30 faizi məbləğində əlavə hesablanır.
19.2. Əmək pensiyasının baza hissəsinin
üzərinə müvafiq hallarda aşağıdakı
əlavələr hesablanır:
19.2.1. öhdəsində əmək qabiliyyəti
olmayan ailə üzvləri olan işləməyən
I və II qrup əlillərə – ailənin
əmək qabiliyyəti olmayan hər üzvü
üçün yaşa görə əmək pensiyasının
baza hissəsinin 5 faizi məbləğində;
19.2.2. I qrup əlillərə qulluq üçün
– yaşa görə əmək pensiyasının baza
hissəsinin 10 faizi məbləğində;
19.2.3. siyasi repressiyalara məruz
qalaraq sonradan bəraət qazanmış
şəxslərə – yaşa görə əmək pensiyasının
baza hissəsinin 10 faizi məbləğində;
19.2.4. döyüşən ordunun tərkibində
xidmət etmiş müharibə iştirakçılarına,
habelə döyüş əməliyyatı aparılan
ölkədə hərbi xidmət borcunu yerinə
yetirmiş hərbi qulluqçulara – yaşa
görə əmək pensiyasının baza hissəsinin
10 faizi məbləğində;
19.2.5. müharibə əlillərinin yaşa
görə əmək pensiyalarına:
I qrup əlillərə – yaşa görə əmək
pensiyasının baza hissəsinin 100
faizi məbləğində;
II qrup əlillərə – yaşa görə əmək
pensiyasının baza hissəsinin 70
faizi məbləğində;
III qrup əlillərə – yaşa görə əmək
pensiyasının baza hissəsinin 50
faizi məbləğində.
19.2.6. Bu Qanunun 19.2.4–19.2.5-ci
maddələrində nəzərdə tutulmuş əlavələrdən
əmək pensiyaçısına yalnız biri -
daha yüksəyi verilir.
Maddə 20. Qulluq stajına görə əmək
pensiyasına əlavələr
20.1. Qulluq stajına görə əmək pensiyasına
əlavələr aşağıdakı sığorta olunanlara
təyin edilir:
20.1.1. əmək pensiyası yaşına çatmış
sabiq deputatlar (məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü əsasında deputat
mandatından məhrum edilmiş və Azərbaycan
Respublikası Milli Məclisinin, Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin
iclaslarında üzürsüz səbəbdən iştirak
etmədiyinə görə deputat səlahiyyətlərini
itirmiş deputatlar istisna olmaqla);
20.1.2. Azərbaycan Respublikası
Milli Məclisinin deputatı və Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin
deputatı səlahiyyəti müddətində
vəfat etdikdə, eləcə də pensiyaya
çıxmış Azərbaycan Respublikası Milli
Məclisinin deputatı və Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin
deputatı vəfat etdikdə, onun ailə
başçısını itirməyə görə əmək pensiyası
almaq hüququ olan ailə üzvləri;
20.1.3. Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının üzvü
və Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının üzvü
olmuş şəxs əmək pensiyasına çıxdıqda;
20.1.4. əmək pensiyası yaşına çatmış
sabiq hakimlər;
20.1.5. prokurorluq işçiləri;
20.1.6. vaxtından asılı olmayaraq
Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili (ombudsman)
vəzifəsində işləmiş şəxslər.
20.2. Bu Qanunun 20.1.1-ci maddəsində
nəzərdə tutulmuş şəxslərin əmək
pensiyasına Azərbaycan Respublikası
Milli Məclisinin fəaliyyətdə olan
deputatının və Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin fəaliyyətdə olan
deputatının əmək haqqının əmək haqqındakı
sonrakı artımlar da nəzərə alınmaqla,
80 faizi miqdarı ilə bu Qanunla
təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.
20.3. Əmək pensiyası yaşına çatmış
sabiq deputat səlahiyyət müddəti
ərzində Azərbaycan Respublikası
Milli Məclisinin sədri, sədrin birinci
müavini, sədrin müavini, komissiya
sədri və ya komissiya sədrinin müavini,
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri, sədrin birinci
müavini, sədrin müavini, komissiya
sədri və ya komissiya sədrinin müavini
vəzifəsinə seçilmişdirsə, onun əmək
pensiyasına Azərbaycan Respublikası
Milli Məclisinin sədrinin, sədrin
birinci müavininin, sədrin müavininin,
komissiya sədrinin və ya komissiya
sədrinin müavininin, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədrinin,
sədrin birinci müavininin, sədrin
müavininin, komissiya sədrinin və
ya komissiya sədrinin müavininin
əmək haqqının, əmək haqqındakı sonrakı
artımlar da nəzərə alınmaqla, 80
faizi miqdarı ilə bu Qanunla təyin
edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.
20.4. Bu Qanunun 20.1.2-ci maddəsində
nəzərdə tutulmuş, səlahiyyəti müddətində
vəfat etmiş Azərbaycan Respublikası
Milli Məclisinin deputatının və
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatının hər bir ailə
üzvü üçün həmin deputatın əmək haqqının
80 faizi miqdarının ailə üzvlərinin
sayına olan nisbəti şəklində müəyyən
edilmiş məbləğlə bu Qanunla təyin
edilən ailə başçısını itirməyə görə
əmək pensiyasının məbləği arasındakı
fərq qədər əmək pensiyasına əlavə
ödənilir.
20.5. Əmək pensiyasına çıxmış vəfat
etmiş Azərbaycan Respublikası Milli
Məclisinin sabiq deputatının və
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sabiq deputatının ailə
üzvləri üçün onun əmək pensiyasının
(qulluq stajına görə əlavələrlə
birlikdə) tam məbləğinin ailə üzvlərinin
sayına olan nisbəti şəklində müəyyən
edilmiş məbləğlə bu Qanunla təyin
edilən ailə başçısını itirməyə görə
əmək pensiyasının məbləği arasındakı
fərq qədər əmək pensiyasına əlavə
ödənilir.
20.6. Bu Qanunun 20.1.3-cü maddəsində
nəzərdə tutulmuş şəxslərin əmək
pensiyasına Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə
olan üzvünün və Naxçıvan Muxtar
Respublikası Mərkəzi Seçki Komissiyasının
fəaliyyətdə olan üzvünün əmək haqqının
80 faizi miqdarı ilə bu Qanunla
təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.
20.7. Bu Qanunun 20.1.4-cü maddəsində
nəzərdə tutulan şəxslərin əmək pensiyasına
əmək haqqındakı sonrakı artımlar
da nəzərə alınmaqla:
20.7.1. 5 il hakim işləmiş sabiq
hakimlərə - hakim vəzifəsində aldıqları
5 ilin orta aylıq əmək haqqının
45 faizi miqdarında;
20.7.2. 5 ildən 10 ilə qədər hakim
işləmiş sabiq hakimlərə - hakim
vəzifəsində aldıqları istənilən
5 ilin orta aylıq əmək haqqının
45 faizi miqdarında, 5 ildən yuxarı
hakimlik stajının hər ili üçün həmin
orta aylıq əmək haqqının 2 faizi
miqdarında əlavə olunmaqla;
20.7.3. 10 ildən yuxarı hakim işləmiş
sabiq hakimlərə - hakim vəzifəsində
aldıqları istənilən 5 ilin orta
aylıq əmək haqqının 55 faizi miqdarında,
10 ildən yuxarı hakimlik stajının
hər ili üçün həmin orta aylıq əmək
haqqının 5 faizi miqdarında əlavə
olunmaqla, lakin həmin orta aylıq
əmək haqqının 80 faizi miqdarından
çox olmamaq şərti ilə müəyyən olunan
məbləğlə bu Qanunla təyin edilən
əmək pensiyasının məbləği arasındakı
fərq qədər əlavə ödənilir.
20.8. Bu Qanunun 20.1.5-ci maddəsində
nəzərdə tutulan şəxslərin əmək pensiyasına
əmək haqqındakı sonrakı artımlar
da nəzərə alınmaqla:
20.8.1. prokurorluq orqanlarında
5 il qulluq etmiş prokurorluq işçilərinə
- prokurorluq işçisi kimi aldıqları
5 ilin orta aylıq əmək haqqının
45 faizi miqdarında;
20.8.2. prokurorluq orqanlarında
5 ildən 10 ilə qədər qulluq etmiş
prokurorluq işçilərinə - prokurorluq
işçisi kimi aldıqları istənilən
5 ilin orta aylıq əmək haqqının
45 faizi miqdarında, 5 ildən yuxarı
prokurorluq işçisi stajının hər
ili üçün həmin orta aylıq əmək haqqının
2 faizi miqdarında əlavə olunmaqla;
20.8.3. prokurorluq orqanlarında
10 ildən yuxarı qulluq etmiş prokurorluq
işçilərinə - prokurorluq işçisi
kimi aldıqları istənilən 5 ilin
orta aylıq əmək haqqının 55 faizi
miqdarında, 10 ildən yuxarı prokurorluq
işçisi stajının hər ili üçün həmin
orta aylıq əmək haqqının 5 faizi
miqdarında əlavə olunmaqla, lakin
həmin orta aylıq əmək haqqının 80
faizi miqdarından çox olmamaq şərti
ilə müəyyən olunan məbləğlə bu Qanunla
təyin edilən əmək pensiyasının məbləği
arasındakı fərq qədər əlavə ödənilir.
20.9. Bu Qanunun 20.1.6-cı maddəsində
nəzərdə tutulmuş şəxslərin əmək
pensiyasına fəaliyyətdə olan müvəkkil
(ombudsman) üçün müəyyən edilmiş
vəzifə maaşının 80 faizi miqdarı
ilə bu Qanunla təyin edilən əmək
pensiyasının məbləği arasındakı
fərq qədər əlavə ödənilir.
20.10. Bu Qanunun 20.1.1 - 20.1.2-ci
maddələrində nəzərdə tutulmuş şəxslərin
qulluq stajına görə əmək pensiyasına
əlavələr Azərbaycan Respublikası
Milli Məclisinin deputatının və
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatının orta aylıq
əmək haqqı, onun son 12 ay ərzində
müvafiq olaraq Azərbaycan Respublikası
Milli Məclisindən aldığı vəzifə
maaşının və Naxçıvan Muxtar Respublikasının
Ali Məclisindən aldığı vəzifə maaşının
və məcburi dövlət sosial sığortasına
cəlb edilən bütün ödənişlərin cəminin
12-yə nisbəti yolu ilə müəyyən edilir.
VI fəsil
Sığorta stajı
Maddə 21. Sığorta stajına daxil
edilən iş və ya digər fəaliyyət
müddətləri
21.1. Qanunvericiliklə müəyyən edilmiş
qaydada məcburi dövlət sosial sığorta
haqlarının ödənilməsi şərtilə mülkiyyət
formasından, əmək fəaliyyətinin
xarakterindən və müddətindən asılı
olmayaraq müəssisə, idarə və təşkilatlarda
əmək müqaviləsi (kontraktı) əsasında
işləyənlərin, eləcə də hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərin,
vəzifəyə seçilmiş və ya təyin edilmiş
şəxslərin iş və ya digər fəaliyyət
müddətləri sığorta stajına daxil
edilir.
21.2. Sığorta olunanın sığorta stajına
bu Qanunun 21.1-ci maddəsində qeyd
olunan müddətlərdən əlavə aşağıdakı
müddətlər daxil edilir:
21.2.1. işçinin işəgötürən tərəfindən
hesablanmış əmək haqqına məcburi
dövlət sosial sığorta haqqı ödənilən
hər hansı işinin müddəti;
21.2.2. yaradıcılıq ittifaqlarının
və peşəkar birliklərin üzvlərinin
yaradıcılıq fəaliyyətinə başladıqdan
sonrakı dövr, 1991-ci il yanvarın
1-dən isə müvafiq icra hakimiyyəti
orqanına məcburi dövlət sosial sığorta
haqları ödədikləri müddət;
21.2.3. müddətli həqiqi hərbi (alternativ)
xidmət və müvafiq icra hakimiyyəti
orqanında qeydiyyatdan keçmiş özünümüdafiə
dəstələrində və birləşmələrində
olduğu müddət, müvafiq icra hakimiyyəti
orqanlarında xidmət müddəti;
21.2.4. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada
hesablanan I qrup əlilə və ya 16
yaşınadək əlil uşağa, habelə 70
yaşına çatmış qocalara qulluq edilməsi
müddəti;
21.2.5. işsizlik müavinətinin verildiyi
müddət, yaxud işsizin yenidən peşə
hazırlığı keçdiyi və ya təhsil aldığı
müddət;
21.2.6. əmək vəzifələrini yerinə
yetirərkən xəsarət alıb şikəst olmuş
və bu səbəbdən, eləcə də peşə xəstəliyi
nəticəsində işləməyən I və II qrup
əlillərin yaşa görə pensiya hüququ
çatanadək pensiyada olduqları müddət;
21.2.7. zabit heyəti, gizir, miçman
və müddətindən artıq qulluqda olan
hərbi qulluqçuların arvadlarının
öz ixtisası üzrə işə düzəlmək imkanı
olmadığı yerlərdə ərləri ilə yaşadıqları
müddət;
21.2.8. şəxsin qanunsuz tutulma,
həbsdə olma və cəzaçəkmə müddətləri,
eləcə də qeyri-qanuni olaraq işdən
(vəzifədən) kənarlaşdırılması ilə
əlaqədar işləmədiyi müddət;
21.2.9. əmək qabiliyyətinin müvəqqəti
itirilməsi müddəti ərzində həm işəgötürənin
vəsaiti, həm də məcburi dövlət sosial
sığortası vəsaitləri hesabına müavinət
alındığı müddət;
21.2.10. mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq sahəsi olan şəxslərin
həmin torpaq sahəsinə görə qanunvericiliklə
müəyyən olunmuş qaydada məcburi
dövlət sosial sığorta haqları ödədiyi
müddət.
Maddə 22. Sığorta stajının hesablanması
qaydası
22.1. Əmək pensiyası hüququ verən
sığorta stajının hesablanması təqvim
(illər, aylar, günlər) əsasında
həyata keçirilir.
22.2. Sığorta olunanın ayrı-ayrı
fəaliyyət dövrlərinin hər hansı
biri digəri ilə üst-üstə düşdükdə,
onun seçimi əsasında həmin müddətlərdən
biri hesablanır.
22.3. Mülki aviasiya uçuş və uçuş-sınaq
heyətində işləyənlərin sığorta stajlarının
hesablanması qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 23. Vətəndaşların başqa dövlətlərin
ərazisində fəaliyyət dövrünün sığorta
stajına daxil edilməsi şərtləri
23.1. Vətəndaşların başqa dövlətlərin
ərazisində iş dövrü Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
və ya həmin dövlətlərlə bağlanmış
dövlətlərarası müqavilələrdə başqa
hal nəzərdə tutulmayıbsa, müvafiq
icra hakimiyyəti orqanına məcburi
dövlət sosial sığorta haqları ödənildikdə,
sığorta stajına daxil edilir.
23.2. 1992-ci ilin yanvarın 1-dək
keçmiş SSRİ-nin ərazisində qazanılmış
əmək stajı bu maddədə göstərilən
şərt nəzərə alınmadan ümumi qaydada
sığorta stajına daxil edilir.
Maddə 24. Sığorta stajının hesablamasında
güzəştlər
24.0. Əmək pensiyası hüququ verən
sığorta stajına aşağıdakı dövrlər
güzəştli şərtlərlə daxil edilir:
24.0.1. döyüş əməliyyatları dövründə
döyüşən ordunun tərkibində xidmət
və muzdla iş dövrü, eləcə də müvafiq
icra hakimiyyəti orqanında qeydiyyatdan
keçmiş özünümüdafiə dəstələrində
və birləşmələrində olmaq müddəti
– ikiqat ölçüdə;
24.0.2. şəxsin qanunsuz saxlanılma,
həbsdə olma və cəzaçəkmə müddətləri
- ikiqat ölçüdə;
24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə
iş müddəti - ikiqat ölçüdə;
24.0.4. əməliyyat-axtarış fəaliyyəti
subyektləri ilə əməkdaşlıq edən
şəxslərin cinayətkar qruplara və
ya kriminogen obyektlərə daxil edilməsi
ilə əlaqədar vəzifələrinin yerinə
yetirilməsi müddəti – üçqat ölçüdə.
Maddə 25. Sığorta stajının təsdiq
edilməsi qaydası
Sığorta stajı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən məcburi dövlət
sosial sığorta haqlarının ödənilməsi
barədə verilən sənədlə təsdiq olunur.
VII fəsil
Əmək pensiyasının yenidən hesablanması
Maddə 26. Qanunun qüvvəyə mindiyi
günədək təyin edilmiş əmək pensiyasının
yenidən hesablanması
26.1. Bu Qanunun qüvvəyə mindiyi
günədək təyin edilmiş əmək pensiyasının
(bütün əlavələr, müxtəlif güzəştlərin
ləğvi ilə bağlı kompensasiyalar
və digər ödəmələrlə birlikdə) ümumi
məbləği dəyişdirilmədən bu Qanunun
müddəalarına uyğun şərti çevrilməsi
aparılır. Bu məqsədlə Qanun qüvvəyə
mindiyi günədək təyin olunmuş əmək
pensiyasının (bütün əlavələr, müxtəlif
güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar
və digər ödəmələrlə birlikdə) ümumi
məbləğindən əmək pensiyasının qanunvericiliklə
müəyyən edilmiş baza hissəsi çıxıldıqdan
sonra yerdə qalan məbləğ əmək pensiyasının
sığorta hissəsi kimi müəyyənləşdirilir.
26.2. Bu Qanun qüvvəyə mindiyi günədək
təyin olunmuş əmək pensiyasının
(bütün əlavələr, müxtəlif güzəştlərin
ləğvi ilə bağlı kompensasiyalar
və digər ödəmələrlə birlikdə) ümumi
məbləği əmək pensiyasının qanunvericiliklə
müəyyən edilmiş baza hissəsinin
məbləğindən aşağı olduqda, əmək
pensiyasının yeni məbləği əmək pensiyasının
qanunvericiliklə müəyyən edilmiş
baza hissəsinin məbləğinə bərabər
tutulur.
26.3. Bu Qanunun 20.1.1– 20.1.6-cı
maddələrində nəzərdə tutulmuş şəxslərin
bu Qanunun qüvvəyə mindiyi günədək
təyin edilmiş pensiyasının (bütün
əlavələr və digər ödəmələrlə birlikdə)
ümumi məbləğindən bu Qanunun qüvvəyə
mindiyi günədək ölkə üzrə pensiya
hesablanması üçün təsdiq olunmuş
orta aylıq əmək haqqının üçqat məbləği
çıxıldıqdan sonra yerdə qalan məbləğ
qulluq stajına görə əmək pensiyasına
əlavə kimi müəyyənləşdirilir.
26.4. Bu Qanunun qüvvəyə mindiyi
günədək ölkə üzrə pensiya hesablanması
üçün təsdiq olunmuş orta aylıq əmək
haqqının üçqat məbləğindən əmək
pensiyasının qanunvericiliklə müəyyən
edilən baza hissəsi çıxıldıqdan
sonra yerdə qalan məbləğ bu Qanunun
20.1.1–20.1.6-cı maddələrində nəzərdə
tutulmuş şəxslərin əmək pensiyasının
sığorta hissəsi kimi müəyyənləşdirilir.
26.5. Bu Qanunun qüvvəyə minməsi
ilə əlaqədar əmək pensiyasının baza
hissəsinin üzərinə bu Qanunun 19-cu
maddəsi ilə müəyyən olunmuş əlavələr
hesablanır.
Maddə 27. Qanunun qüvvəyə mindiyi
günədək sığorta olunanların qazanılmış
əmək pensiyası hüquqlarının nəzərə
alınması
27.1. Bu Qanunun qüvvəyə mindiyi
günədək qüvvədə olmuş qanunvericilik
üzrə hər bir sığorta olunanın bu
Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış
əmək pensiyası hüququnun (əmək stajı,
əmək haqqı və sosial sığorta göstəriciləri)
bu Qanunun müddəalarına uyğun şərti
çevrilməsi aparılır. Bu zaman bu
Qanun qüvvəyə mindiyi günədək qüvvədə
olmuş qanunvericiliyə uyğun şərti
qaydada hesablanan əmək pensiyasının
ümumi məbləğindən əmək pensiyasının
baza hissəsi çıxıldıqdan sonra yerdə
qalan məbləğ qanun qüvvəyə mindiyi
günədək qazanılmış əmək pensiyasının
sığorta hissəsi kimi müəyyənləşdirilir.
27.2. Bu Qanunun qüvvəyə mindiyi
günədək sığorta olunanların qazanılmış
əmək pensiyası hüquqlarının nəzərə
alınması qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 28. Əmək pensiyasının yenidən
hesablanması qaydaları
Bu Qanunun qüvvəyə mindiyi günədək
qüvvədə olmuş qanunvericilik üzrə
təyin edilmiş əmək pensiyasının
yenidən hesablanması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 29. Əmək pensiyalarının artırılması
və indeksləşdirilməsi
29.1. Yaşa görə əmək pensiyasının
baza hissəsi ildə bir dəfədən və
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunan istehlak
qiymətləri indeksinin illik səviyyəsindən
az olmamaqla artırılır.
29.2. Əmək pensiyasının sığorta
hissəsi (o cümlədən bu Qanun qüvvəyə
mindiyi günədək qazanılmış əmək
pensiyasının sığorta hissəsi) və
fərdi hesabın sığorta hissəsində
toplanan pensiya kapitalı ildə bir
dəfədən az olmamaqla və müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunan istehlak qiymətləri
indeksinin illik səviyyəsinə uyğun
indeksləşdirilir.
29.3. Bu Qanunun 20.1.1 – 20.1.6-cı
maddələrində nəzərdə tutulmuş şəxslərin
bu maddəyə uyğun olaraq əmək pensiyasının
baza hissəsi artırıldıqda və ya
sığorta hissəsi indeksləşdirildikdə,
qulluq stajına görə əmək pensiyasına
əlavələrin məbləği həmin artımlar
qədər azaldılmaqla yenidən hesablanır.
Həmin şəxslərin tutmuş olduqları
vəzifələr üzrə aylıq əmək haqqı
sonradan artırıldıqda, bu artımlar
nəzərə alınmaqla, qulluq stajına
görə əmək pensiyasına əlavələr yenidən
hesablanır.
29.4. Əmək pensiyasının artırılması
və indeksləşdirilməsi bu Qanunun
6-cı maddəsi ilə müəyyən edilmiş
əmək pensiyasının ödənişinin maliyyə
mənbələrinə uyğun olaraq müvafiq
qaydada nəzərdə tutulmuş vəsaitlər
dairəsində müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
VIII fəsil
Əmək pensiyasının təyin edilməsi
Maddə 30. Əmək pensiyasını təyin
edən orqan
30.1. Əmək pensiyası şəxsin (ərizəçinin)
daimi yaşadığı yer, qaçqın və məcburi
köçkünlərə isə məskunlaşdıqları
yer üzrə məcburi dövlət sosial sığortası,
pensiyalar və pensiyalara əlavələr
sahəsində idarəetməni həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təyin edilir.
30.2. Əmək pensiyasını təyin edən
orqanın qərarından məhkəməyə şikayət
edilə bilər.
Maddə 31. Əmək pensiyasının təyin
olunması üçün müraciət və əmək pensiyası
təyinatı üçün sənədlərə baxılması
müddətləri
31.1. Əmək pensiyası hüququ olan
şəxslər əmək pensiyası hüququnun
yarandığı gündən heç bir müddət
məhdudiyyəti olmadan istənilən vaxt
əmək pensiyasının təyin olunması
üçün müraciət edə bilərlər.
31.2. Əmək pensiyasının təyin edilməsi
barədə təqdim edilmiş ərizəyə və
siyahısı əmək pensiyasını təyin
edən orqan tərəfindən müəyyən edilmiş
sənədlərə onların əmək pensiyasını
təyin edən orqana daxil olduğu gündən
ən geci 10 gün müddətində baxılmaqla
təyinat aparılır.
31.3. Təyinat aparıldıqdan sonra
növbəti ayın 1-dən əmək pensiyaları
məbləğinin ödənilməsi üçün əmək
pensiyası təyin edən orqan tərəfindən
müvafiq tapşırıq verilir.
31.4. Müraciət edən şəxsin əmək
pensiyası hüququ olmadığı hallarda
əmək pensiyası təyin edən orqan
pensiya təyin olunmasından imtina
edilməsi barədə qərarı 5 gün ərzində
imtinanın səbəblərini göstərmək
şərtilə bütün sənədlərlə birlikdə
ərizəçiyə göndərir.
Maddə 32. Əmək pensiyasının təyin
edilməsi müddətləri
32.1. Yaşa görə əmək pensiyası,
buna hüququ olan şəxsin müraciəti
əsasında əmək pensiyası hüququnun
yarandığı gündən ömürlük təyin edilir.
32.2. Əlilliyə görə əmək pensiyası,
buna hüququ olan şəxsin müraciəti
əsasında əlilliyin müəyyən olunduğu
gündən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi bütün əlillik
dövrü üçün, 62 yaşından yuxarı əlil
kişilərə və 57 yaşından yuxarı əlil
qadınlara isə ömürlük təyin edilir.
32.3. Ailə başçısını itirməyə görə
əmək pensiyası, buna hüququ olan
şəxsin müraciəti əsasında ailə başçısını
itirməyə görə əmək pensiyası hüququnun
yarandığı gündən bu Qanunun 14-cü
maddəsində göstərilmiş şərtlərin
mövcud olduğu müddət üçün, 62 yaşına
çatmış kişilərə və 57 yaşına çatmış
qadınlara isə ömürlük təyin edilir.
Maddə 33. Əvvəllər təyin edilmiş
əmək pensiyasının bərpa olunması
və yenidən təyin edilməsi
33.1. Ümumi xəstəlik nəticəsində
əlilliyə görə təyin edilmiş əmək
pensiyası əlillik müddəti qurtardığına
görə əmək pensiyasının ödənilməsinin
kəsildiyi gündən beş ildən çox vaxt
keçmədikdə bərpa olunur.
33.2. 5 ildən artıq müddət keçdikdən
sonra yenidən əlillik baş verərsə,
əlilliyə görə əmək pensiyası ümumi
əsaslarla təyin edilir.
33.3. Əlilliyə görə əvvəllər təyin
edilmiş əmək pensiyasının başqa
səbəblər nəticəsində bərpası müddətlə
məhdudlaşdırılmır.
Maddə 34. Əmək pensiyasının bir
növündən başqa növünə keçirilmə
Əmək pensiyasının bir növündən başqa
növünə keçirilmə ərizəçi tərəfindən
müvafiq əmək pensiyasının təyin
edilməsi üçün zəruri sənədlər təqdim
edilməklə bu Qanunun 31.2-ci maddəsinə
uyğun aparılır.
Maddə 35. Əmək pensiyası üzrə payın
ayrılması
35.1. Ailənin hər bir üzvünün tələbi
ilə onun ailə başçısını itirməyə
görə əmək pensiyası payı ayrılır
və ona ayrıca ödənilir.
35.2. Ailə başçısını itirməyə görə
əmək pensiyası payı bu barədə ərizənin
qeydə alındığı aydan sonrakı ayın
1-dən ayrılır.
Maddə 36. Əlillik qrupu dəyişdikdə
və ya əmək qabiliyyəti bərpa olunduqda,
əmək pensiyasının verilməsi müddəti
36.1. Əlillik qrupu dəyişdikdə,
əmək pensiyasının məbləği əlillik
qrupunun dəyişdiyi aydan sonrakı
ayın 1-dən yenidən təyin edilir.
36.2. Təkrar müayinədən keçirilən
əmək pensiyaçısı əmək qabiliyyətli
hesab edildikdə, əmək pensiyasının
verilməsi əmək qabiliyyətli hesab
edildiyi aydan sonrakı ayın 1-dən
dayandırılır.
IX fəsil
Əmək pensiyasının ödənilməsi
Maddə 37. Əmək pensiyasının və əmək
pensiyasına əlavənin ödənilməsi
(çatdırılması) qaydaları
37.1. Əmək pensiyalarının əhaliyə
ödənilməsi (çatdırılması) qaydaları
əmək pensiyasını təyin edən orqan
tərəfindən müəyyən edilir. Əmək
pensiyalarının əhaliyə çatdırılması
ilə bağlı xidmət haqları və nağd
pul vəsaitinə görə haqqın məbləği
həmin orqanın bank və rabitə orqanları
ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir.
37.2. Əmək pensiyasına əlavənin
ödənilməsi əmək pensiyası ilə birlikdə
və əmək pensiyasının ödənilməsi
qaydalarına uyğun aparılır.
37.3. İşləyən əmək pensiyaçılarına:
37.3.1. yaşa görə əmək pensiyasının
yalnız baza hissəsi ödənilir, sığorta
və yığım hissələri üzrə pensiya
kapitalının toplanması davam etdirilir.
Həmin şəxslər işləməyən əmək pensiyaçısı
kateqoriyasına keçdikdən sonra əmək
pensiyalarının sığorta və yığım
hissələrinin hesablanmasında gözlənilən
pensiya ödənişi müddəti aylarının
sayı pensiyaçının pensiya yaşından
sonra işlədiyi ayların miqdarı qədər,
lakin 72 aydan artıq olmamaqla azaldılır.
Yaşa görə əmək pensiyasının baza
hissəsinin məbləği bu Qanun qüvvəyə
mindiyi günədək işləyən əmək pensiyaçılarına
ödənilən pensiya (bütün əlavələr,
müxtəlif güzəştlərin ləğvi ilə bağlı
kompensasiyalar və digər ödəmələrlə
birlikdə) məbləğindən az olduqda,
yaranmış fərq əmək pensiyasının
baza hissəsinə əlavə kimi (əmək
pensiyasının sığorta hissəsindən
azaldılmaqla) həmin şəxslərə ödənilir;
37.3.2. əlilliyə görə əmək pensiyası
himayədə olanlara görə verilən əlavə
nəzərə alınmadan yalnız baza hissəsindən
ibarət olmaqla ödənilir. Bu Qanun
qüvvəyə mindiyi günədək təyin olunmuş
əlilliyə görə əmək pensiyası himayədə
olanlara verilən əlavə nəzərə alınmadan
tam məbləğdə ödənilir;
37.3.3. ailə başçısını itirməyə
görə əmək pensiyası tam məbləğdə
ödənilir;
37.3.4. bu Qanunun 20.1.1–20.1.6-cı
maddələrində nəzərdə tutulmuş şəxslərə
qulluq stajına görə əmək pensiyasına
əlavələr 50 faiz həcmində ödənilir.
37.4. Əmək pensiyaçısının müalicə
müəssisələrində stasionar müalicədə,
habelə cüzam xəstəxanasında olduğu
dövrdə onun əmək pensiyası tam məbləğdə
ödənilir.
37.5. Qocalar və əlillər üçün internat
evlərində (pansionatlarda) yaşayan
əmək pensiyaçılarına təyin olunmuş
əmək pensiyası tam məbləğdə ödənilir.
37.6. Cəzaçəkmə müəssisələrində
və həbsdə saxlanılma yerlərində
məhkumlara əmək pensiyası məhkəmənin
fərqli qərarı yoxdursa tam məbləğdə
ödənilir.
37.7. Keçmiş müddət üçün alınmamış
əmək pensiyasının məbləği müddətindən
asılı olmayaraq ödənilir.
37.8. Bu Qanunla təyin edilmiş əmək
pensiyası və əmək pensiyasına əlavələrin
ödənişi aşağıdakı halların yarandığı
gündən dayandırılır:
37.8.1. əmək pensiyaçısı vəfat etdikdə;
37.8.2. əmək pensiyaçısının dul
arvadı (əri) yeni nikah bağladıqda;
37.8.3. bu Qanunla müəyyən edilən
əmək pensiyasına və əmək pensiyasına
əlavələrin verilməsi şərtlərinə
uyğun olmayan hallar yarandıqda.
Maddə 38. Əmək pensiyası və əmək
pensiyasına əlavənin verilməsi şərtlərinə
uyğun olmayan halların yaranması
barədə əmək pensiyaçısının və işəgötürənin
məlumat vermək vəzifəsi
38.1. Əmək pensiyasının və əmək
pensiyasına əlavənin məbləğinin
dəyişməsinə və ödənilməsinin dayandırılmasına
səbəb ola biləcək hallar yarandıqda,
əmək pensiyaçısı və işəgötürən əmək
pensiyasını təyin edən orqana məlumat
verməyə borcludur.
38.2. İşəgötürən əmək pensiyaçısını
işə qəbul edərkən bu barədə 5 gün
ərzində əmək pensiyasını təyin edən
orqana məlumat verməlidir.
Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının
və əmək pensiyasına əlavənin məbləğinin
tutulması
39.1. Artıq ödənilmiş əmək pensiyası
və əmək pensiyasına əlavənin məbləği
əmək pensiyaçısının razılığı ilə
əmək pensiyasını təyin edən orqanın
qərarı əsasında, razılığı olmadıqda
məhkəmə qaydasında tutulur.
39.2. Bu Qanunun 39.1-ci maddəsində
göstərilmiş əsaslarla əmək pensiyasından
və əmək pensiyasına əlavədən tutulan
məbləğ, başqa əsaslara görə tutulan
məbləğlər nəzərə alınmadan, əmək
pensiyaçısına ödənilməli olan məbləğin
20 faizindən artıq ola bilməz.
39.3. Bütün hallarda qanunvericiliklə
müəyyən edilmiş cəmi tutulan məbləğ
əmək pensiyaçısına veriləcək əmək
pensiyası və əmək pensiyasına əlavənin
məbləğinin 50 faizindən artıq olmamalıdır.
39.4. Borc ödənilib qurtarmamış
əmək pensiyasının və əmək pensiyasına
əlavənin verilməsi qanunvericiliyə
əsasən dayandırılarsa, borcun qalan
hissəsi könüllü və ya məhkəmə qaydasında
qaytarılır.
Maddə 40. Etibarnamə üzrə əmək pensiyasının
ödənilməsi və onun rəsmiləşdirilməsi
qaydası
40.1. Əmək pensiyası etibarnamə
üzrə də ödənilə bilər.
40.2. Etibarnamənin verilməsi qaydaları
və qüvvədə olması müddəti mülki
qanunvericiliklə tənzimlənir.
Maddə 41. Əlillərin təkrar müayinə
vaxtı ötürüldükdə, əmək pensiyasının
verilməsinin dayandırılması və bərpa
edilməsi
41.1. Əlil təkrar müayinə üçün təyin
edilmiş vaxtda müvafiq icra hakimiyyəti
orqanına gəlmədikdə, əmək pensiyasının
ödənilməsi dayandırılır.
41.2. O, yenidən əlil hesab edilərsə,
əmək pensiyasının verilməsi yenidən
əlil hesab edildiyi gündən bərpa
edilir.
41.3. Təkrar müayinə vaxtı üzürlü
səbəbdən ötürüldükdə, bu müddət
ərzində əmək pensiyası bir aydan
çox olmayan müddət üçün ödənilir.
41.4. Təkrar müayinə zamanı əlil
başqa əlillik qrupuna keçirildikdə,
bu Qanunun 41.3-cü maddəsində göstərilən
müddət üçün əmək pensiyası əvvəlki
qrup üzrə ödənilir.
Maddə 42. Əmək pensiyaçısı vəfat
etdikdə, alınmamış əmək pensiyasının
ödənilməsi və dəfn üçün müavinətin
verilməsi
42.1. Əmək pensiyaçısına verilməli
olan və onun vəfatı ilə əlaqədar
alınmamış əmək pensiyası məbləği
mülki qanunvericilikdə nəzərdə tutulan
qaydada ödənilir.
42.2. Əmək pensiyaçısı vəfat etdikdə,
onun ailəsinə vəfat etmiş pensiyaçının
əmək pensiyasının baza və sığorta
hissəsinin üç aylıq məbləğində dəfn
üçün müavinət verilir.
42.3. Əmək pensiyaçısını onun ailə
üzvlərinə aid olmayan şəxslər dəfn
etdikdə, dəfn üçün müavinət həmin
şəxslərə ödənilir.
42.4. Dəfn üçün müavinətin ödənişinin
maliyyələşdirilməsi əmək pensiyası
ödənişinin maliyyə mənbələrinə uyğun
qaydada həyata keçirilir.
Maddə 43. Xaricə köçmüş şəxslərə
əmək pensiyasının ödənilməsi
43.1. Azərbaycan Respublikasının
vətəndaşlığını saxlamış şəxslərin
xaricdə olduqları müddətdə onlara
Azərbaycan Respublikasında təyin
edilmiş əmək pensiyası arzularına
əsasən Azərbaycan Respublikasının
banklarında olan şəxsi hesablarına
və ya öz vəsaitləri hesabına yaşadıqları
digər dövlətlərə köçürülür.
43.2. Azərbaycan Respublikası vətəndaşlığından
çıxmış şəxslər xaricdə olduqları
müddətdə onlara yalnız əmək zədəsi
və ya peşə xəstəliyi nəticəsində
təyin edilmiş pensiyalar ödənilir.
Bu pensiyaların başqa dövlətlərə
köçürülməsi qaydası Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
X fəsil
Yekun müddəaları
Maddə 44. Naxçıvan Muxtar Respublikasının,
müvafiq icra hakimiyyəti orqanlarının,
işəgötürənlərin hüquqları
44.1. Naxçıvan Muxtar Respublikası
və müvafiq icra hakimiyyəti orqanları
öz səlahiyyətləri daxilində həmin
orqanların büdcələrinin vəsaiti
hesabına əmək pensiyaçılarının maddi
təminatının yaxşılaşdırılmasına
yönəldilmiş tədbirlər həyata keçirə
bilərlər.
44.2. İşəgötürənlər kollektiv müqavilə
və sazişlərə uyğun olaraq bağlanmış
əmək müqavilələrinə (kontraktlara)
əsasən əmək pensiyaçılarının maddi
təminatının yaxşılaşdırılması üçün
tədbirlər həyata keçirə bilərlər.
Maddə 45. Əmək pensiyasının gözlənilən
pensiya ödənişi müddəti
Bu Qanunun məqsədləri üçün gözlənilən
pensiya ödənişi müddəti müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 46. Qanunun pozulmasına görə
məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirkar
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 47. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2006-ci il yanvarın 1-dən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2006-cı il
№ 54-IIIQ
|
|