AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNLARI
"Vətəndaşların pensiya təminatı
haqqında"
Azərbaycan Respublikasının qanunu
Bu Qanun vətəndaşlar qocaldıqda,
əmək qabiliyyətini tamamilə və
ya qismən itirdikdə, habelə ailə
başçısını itirdikdə onların Azərbaycan
Respublikası Konstitusiyasında
təsbit olunmuş maddi təminat hüququna
zəmanət verməklə vahid dövlət
pensiya sistemini müəyyən edir.
Qanunla Azərbaycan Respublikası
vətəndaşlarının, eləcə də digər
dövlətlərin Azərbaycan Respublikası
ərazisində daimi yaşayan vətəndaşlarının
və vətəndaşlığı olmayan şəxslərin
pensiya təminatı məsələləri tənzimlənir.
Qanunla fəhlələrin, qulluqçuların,
kolxozçuların, fərdi əmək fəaliyyəti
və sahibkarlıqla məşğul olan şəxslərin
və digər kateqoriyalardan olan
zəhmətkeşlərin pensiya təminatı
üçün bərabər normalara və şərtlərə
zəmanət verilir, əmək qabiliyyəti
olmayan vətəndaşların sosial pensiya
almaq hüququ təmin edilir.
Qanun dolanacaq xərcləri dəyişdikcə
pensiya məbləğlərinin də müntəzəm
surətdə dəyişdirilməsi yolu ilə
pensiyaçıların sosial müdafiəsinə
təminat verir.
Azərbaycan Respublikasının ərazisində
dövlət pensiya təminatı ilə yanaşı,
müxtəlif ictimai və şəxsi pensiya
təminatı sistemləri də mövcud
ola bilər. Bu sistemlərin fəaliyyəti
müvafiq qanunvericilik aktları
ilə tənzimlənir.
I. Ümumi müddəalar
Maddə 1. Dövlət pensiya
təminatı hüququ
Azərbaycan Respublikasının vətəndaşları
bu Qanunda göstərilən hallarda
dövlət pensiya təminatı hüququna
malikdirlər.
Respublika ərazisində daimi yaşayan
və pensiya təminatı üçün tələb
olunan iş stajının üçdə ikisini
Azərbaycan Respublikasının ərazisində
toplamış olan digər dövlətlərin
vətəndaşlarının və vətəndaşlığı
olmayan şəxslərin də pensiya təminatı
hüququ vardır. Bu halda keçmiş
SSRİ ərazisində 1992-ci il yanvarın
1-dək olan iş müddəti tam nəzərə
alınır. Digər hallarda həmin vətəndaşlar
bu Qanunda nəzərdə tutulmuş şərtlərlə
sosial pensiya almaq hüququna
malikdirlər.
Azərbaycan Respublikasının digər
dövlətlərlə bağladığı müqavilələrdə
başqa şərtlər nəzərdə tutulduqda
həmin şərtlər tətbiq olunur.
Maddə 2. Dövlət pensiyalarının
növləri
Bu Qanunla vətəndaşlara aşağıdakı
pensiyalar təyin edilir:
a) əmək(sosial sığorta) pensiyaları:
yaşa (qocalığa) görə,
əlilliyə görə,
ailə başçısını itirməyə görə,
xidmət illərinə görə;
b) sosial pensiyalar.
Maddə 3. Əmək pensiyası
hüququ olan şəxslər
Qanunla nəzərdə tutulmuş başqa
şərtlərə əməl etməklə ictimai
faydalı əməklə məşğul olan aşağıdakı
şəxslərin əmək pensiyası almaq
hüququ vardır:
a) mülkiyyət və təsərrüfatçılıq
formalarından asılı olmayaraq
müəssisələrdə, idarələrdə, təşkilatlarda,
kooperativlərdə əmək müqaviləsi
əsasında, yaxud kolxozlarda və
digər kooperativlərdə üzvlük əsasında
işləyənlər - Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fonduna
sığorta haqları keçirmək şərti
ilə;
b) fərdi əmək və sahibkarlıq fəaliyyəti,
o cümlədən fərdi icarə (qrup icarəsi)
ilə və ya kəndli (fermer) təsərrüfatında
məşğul olanlar - Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fonduna
sığorta haqları keçirmək şərti
ilə;
v) yaradıcılıq ittifaqlarının
(birliklərinin) üzvləri, habelə
yaradıcılıq ittifaqlarının üzvü
olmayan digər yaradıcı işçilər-
Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fonduna sığorta
haqları keçirmək şərti ilə;
q) dövlət sosial sığortasına düşən
digər şəxslər;
ğ) hərbiləşdirilmiş dəstələrin
dövlət tərəfindən sosial sığorta
edilməyən işçiləri, xüsusi rabitə
xidmətinin sıravi və rəis heyətindən
olan şəxslər;
d) müddətli xidmət hərbi qulluqçuları
və onların ailə üzvləri;
e) ali məktəblərdə və orta ixtisas,
texniki peşə məktəblərində, kadrlar
hazırlayan kurslarda təhsil alanlar,
aspirantlar, klinika ordinatorları,
doktorantlar;
ə) dövlət vəzifələrini yerinə
yetirməklə, insan həyatını xilas
etməklə, mülkiyyətin bütün formalarını
və hüquq qaydalarını qorumaqla
əlaqədar vətəndaşlıq borcunu yerinə
yetirərkən əlil olmuş şəxslər;
j) 1 qrup əlilə və ya 16 yaşına
çatmamış əlil uşağa, habelə 70
yaşına çatmış qocalara qulluq
edən şəxslər;
z) bu maddədə göstərilmiş şəxslərin
və bu şəxslər sırasından olan
pensiyaçıların ailə üzvləri -
ailə başçısını itirdikdə.
"Qəhrəman ana" fəxri
adına layiq görülmüş qadınlar
əmək pensiyası almaq hüququna
malikdirlər.
Maddə 4. Hərbi qulluqçuların
və onların ailə üzvlərinin pensiya
təminatı
Müddətli xidmət hərbi qulluqçularının
və onların ailə üzvlərinin pensiya
təminatı bu Qanuna uyğun olaraq
sosial təminat orqanları tərəfindən
həyata keçirilir.
Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanlarının
zabit heyətinin, praporşiklərinin,
miçmanlarının və müddətdən artıq
xidmət hərbi qulluqçularının,
habelə müvafiq icra hakimiyyəti
orqanlarının sıravi və rəis heyətinin
və onların ailə üzvlərinin pensiya
təminatı "Hərbi qulluqçuların
pensiya təminatı haqqında"
Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilir. Həmin şəxslərə
onların arzusu ilə "Vətəndaşların
pensiya təminatı haqqında"
Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş şərtlərlə
və normalar üzrə pensiya təyin
edilə bilər.
Bu halda hərbi qulluqçuların pul
təminatının bütün növləri fəhlə
və qulluqçuların əmək haqqı ilə
bərabər nəzərə alınır.
Maddə 5. Müddətli xidmət
hərbi qulluqçuları və onların
ailə üzvləri ilə bərabər pensiya
almaq hüququna malik olan şəxslər
Müddətli xidmət hərbi qulluqçuları
və onların ailə üzvləri üçün bu
Qanunla müəyyən edilmiş pensiya
təminatı şərtləri, normaları və
qaydaları aşağıdakı şəxslərə də
aid edilir:
Azərbaycan Respublikası ərazisinin
toxunulmazlığını və xalqını müdafiə
etmək məqsədilə yaradılmış, Azərbaycan
Respublikasının Müdafiə Naziliyində
qeydiyyatdan keçmiş könüllü dəstələrin,
tağımların, taburların tərkibində
olanlar və onların ailə üzvləri;
təlim, xüsusi və ya yoxlama
toplanışlarına çağırılmış hərbi
vəzifəlilər və onların ailə üzvləri;
dövlət tərəfindən sosial sığorta
edilməyən hərbiləşdirilmiş mühafizə
dəstələrinin işçiləri, xüsusi
rabitə xidmətinin kiçik rəis və
sıravi heyətindən olan şəxslər
və onların ailə üzvləri.
Maddə 6. Pensiyalara Azərbaycan
Respublikası qarşısında xüsusi
xidmətlərə görə əlavələr
Azərbaycanın Milli Qəhrəmanı,
Sovet İttifaqı Qəhrəmanı adlarına
layiq görülmüş, Şöhrət ordeninin
hər üç dərəcəsi ilə, "İstiqlal"
ordeni ilə təltif olunmuş vətəndaşların
pensiyaları üzərinə yaşa görə
minimum pensiyanın 150 faizi məbləğində;
Sosialist Əməyi Qəhrəmanlarının,
"Əmək Şöhrəti" ordeninin
hər üç dərəcəsi ilə təltif olunanların,
"Qəhrəman ana"ların,
Olimpiya oyunlarının mükafatçılarının,
eləcə də iki dəfədən artıq olimpiya
növləri üzrə dünya və qitə çempionatlarının
qaliblərinin pensiyaları üzərinə
yaşa görə minimum pensiyanın 100
faizi məbləğində;
Azərbaycan Respublikası qarşısında
xidmətlərinə görə fəxri ada layiq
görülmüş vətəndaşların pensiyaları
üzərinə yaşa görə minimum pensiyanın
50 faizi məbləğində;
digər ordenlərlə təltif edilmiş
vətəndaşların pensiyaları üzərinə
yaşa görə minimum pensiyanın 25
faizi məbləğində;
əməyə görə medallarla ("Əmək
veteranı" istisna olmaqla)
və Azərbaycan Respublikasının
fəxri fərmanları ilə təltif olunmuş
vətəndaşların pensiyaları üzərinə
yaşa görə minimum pensiyanın 10
faizi məbləğində əlavə hesablanır.
Bu maddədə nəzərdə tutulan əlavələrin
bir neçəsini almaq hüququna malik
olan vətəndaşlara əlavələrdən
yalnız biri - ən yüksəyi verilir.
Maddə 7. Sosial pensiya
almaq hüququ olan şəxslər
Əmək pensiyası almaq hüququ və
əmək qabiliyyəti olmayan vətəndaşların
bu Qanunla müəyyən şərtlər əsasında
sosial pensiya almaq hüququ vardır.
Maddə 8. Pensiya seçmək
hüququ
Eyni zamanda müxtəlif dövlət pensiyaları
almaq hüququ olan şəxslərə öz
arzuları ilə bir pensiya təyin
edilir.
Vətəndaşlar dövlət pensiyası ilə
yanaşı sahibkarlardan pensiya,
könüllü sığorta üzrə və başqa
pensiyalar almaq hüququna da malikdirlər.
Maddə 9. Pensiya təyin
olunması üçün müraciət
Dövlət pensiyaları almaq hüququ
olan şəxslər pensiya almaq hüququ
yarandıqdan sonra heç bir müddət
məhdudiyyəti olmadan və fəaliyyət
xarakterindən asılı olmayaraq
istənilən vaxt pensiya təyin edilməsi
üçün müraciət edə bilərlər.
Maddə 10. Pensiyaların
ödənilməsi üçün vəsait.
Bu Qanunla təyin edilmiş dövlət
pensiyalarının ödənilməsi Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə
Fondunun vəsaiti hesabına həyata
keçirilir. Həmin vəsait aşağıdakılardan
əmələ gəlir:
mülkiyyət və təsərrüfatçılıq
formalarından asılı olmayaraq
müəssisə, idarə və təşkilatların
sosial sığorta ayırmaları;
işverənlərin və sahibkarların
öz işçiləri üçün sosial sığorta
ayırmaları;
işləyən vətəndaşların mütləq
sığortalanması haqları;
fərdi əmək fəaliyyəti ilə məşğul
olan şəxslərin, eləcə də fərdi
icarə (qrup icarəsi) ilə məşğul
olan və ya kəndli (fermer) təsərrüfatlarında
çalışan şəxslərin verdikləri sığorta
haqları;
büdcə təxsisatı;
dövlətlərarası müqavilələrə
uyğun olaraq xarici dövlətlərin
keçirdikləri vəsait;
kommersiya fəaliyyətindən əldə
edilən gəlir;
digər vəsait.
Sığorta haqlarının növləri Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyənləşdirilir.
Maddə 11. Zəhmətkeşlərin
pensiya təminatı üzərində həmkarlar
ittifaqlarının nəzarəti
Zəhmətkeşlərin mənafelərini müdafiə
etmək məqsədilə həmkarlar ittifaqları
bu Qanunun düzgün tətbiqinə ictimai
nəzarət edirlər.
II. Əmək pensiyaları
Yaşa görə pensiyalar
Maddə 12. Yaşa görə pensiya
təyin edilməsinin şərtləri
Yaşa görə pensiya hüququna aşağıdakılar
malikdir:
kişilər - 62(1) yaşına çatdıqda
və azı 25 il iş stajı olduqda;
qadınlar - 57(1) yaşına çatdıqda
və azı 20 il iş stajı olduqda.
Pensiya təyin edilməsi üçün qanunla
başqa yaş həddi də müəyyən edilə
bilər.
Maddə 13. Əmək şəraitinə
görə güzəştli pensiyalar
Axırıncı iş yerindən asılı olmayaraq
əmək şəraitinə görə güzəştli şərtlərlə
yaşa görə pensiya hüququna aşağıdakılar
malikdir:
a) yeraltı işlərdə, əmək şəraiti
xüsusilə zərərli və ağır olan
işlərdə çalışan işçilər, dənizdə
çalışan neftçilər - istehsalatların,
peşələrin, vəzifələrin və göstəricilərin
Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq olunan
1 nömrəli siyahısı üzrə:
kişilər - 62(1) yaşına çatdıqda
və azı 20 il iş stajı olduqda
bu müddətin azı 10 ilini həmin
işlərdə çalışarsa;
qadınlar - 47(1) yaşına çatdıqda
və azı 15 il iş stajı olduqda
bu müddətin azı 7 il 6 ayını həmin
işlərdə çalışarsa.
b) əmək şəraiti zərərli və ağır
olan digər işlərdə çalışan işçilər
- istehsalatların, peşələrin,
vəzifələrin və göstəricilərin
Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən təsdiq olunan
2 nömrəli siyahısı üzrə:
kişilər - 57(1) yaşına çatdıqda
və azı 25 il iş stajı olduqda
bu müddətin azı 12 il 6 ayını
həmin işlərdə çalışarsa;
qadınlar - 52(1) yaşına çatdıqda
və azı 20 il iş stajı olduqda
bu müddətin azı 10 ilini həmin
işlərdə çalışarsa.
v) Çernobıl AES-də qəzanın nəticələrinin
aradan qaldırılmasında köçürmə
zonasında iştirak etmiş şəxslər
və onlara bərabər tutulanlar:
kişilər - 52(1) yaşına çatdıqda
və ümumi iş stajı azı 20 il olduqda;
qadınlar - 47(1) yaşına çatdıqda
və ümumi iş stajı azı 15 il olduqda.
q) dispetçer şəhadətnaməsi olub
hava hərəkətini idarə edən şəxslər:
kişilər - 57(1) yaşına çatdıqda
və azı 25 il iş stajı olduqda
bu müddətin azı 12 il 6 ayını
bilavasitə hava gəmilərinin uçuşlarını
idarəetmə işlərində çalışarsa;
qadınlar - 52(1) yaşına çatdıqda
və azı 20 il iş stajı olduqda
bu müddətin azı 10 ilini bilavasitə
hava gəmilərinin uçuşlarını idarəetmə
işlərində çalışarsa.
Hava hərəkətini idarə edən işçilərin
uçuşu idarəetmə stajlarına bu
Qanunun 59-cu maddəsində göstərilən
iş müddətləri də daxil edilir;
ğ) hava gəmilərinə xidmət üzrə
mühəndis-texniki heyət - Azərbaycan
Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq olunan siyahı
üzrə:
kişilər - 57(1) yaşına çatdıqda
və mülki aviasiyada azı 25 il
ümumi iş stajı olduqda, bu müddətin
azı 20 ilini hava gəmilərinə xidmət
işlərində çalışarsa;
qadınlar - 52(1) yaşına çatdıqda
və mülki aviasiyada azı 20 il
ümumi iş stajı olduqda, bu müddətin
azı 15 ilini hava gəmilərinə xidmət
işlərində çalışarsa.
Mühəndis-texniki heyət işçilərinin
hava gəmilərinə xidmətetmə stajlarına
bu maddənin "q" hissəsində
və bu Qanunun 59-cu maddəsində
göstərilən iş müddətləri də daxil
edilir;
d) hava gəmilərində bələdçi işləyən
şəxslər:
kişilər - 57(1) yaşına çatdıqda
və azı 25 il ümumi iş stajı olduqda
bu müddətin azı 15 ilini bələdçi
vəzifəsində çalışarsa;
qadınlar - 52(1) yaşına çatdıqda
və azı 20 il ümumi iş stajı olduqda
bu müddətin azı 10 ilini bələdçi
vəzifəsində çalışarsa;
e) toxuculuq istehsalı dəzgahlarında
və maşınlarında çalışan qadınlar-Azərbaycan
Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq olunan istehsalatların
və peşələrin siyahısı üzrə - 52(1)
yaşına çatdıqda və həmin işlərdə
azı 20 il iş stajı olduqda;
ə) traktorçu-maşinist, traktor
və ekskavatorlar bazasında qurulmuş
tikinti, yol və yükvurma-yükboşaltma
maşınlarının maşinisti kimi işləmiş
qadınlar - 52(1) yaşına çatdıqda
və azı 20 il ümumi iş stajı olduqda
bu müddətin azı 15 ilini həmin
işlərdə çalışarsa;
j) limanlarda yükvurma - yükboşaltma
işlərində çalışan kompleks briqadaların
mexanizatorları (dokçu mexanizatorlar)
- 57(1) yaşına çatdıqda və azı
25 il ümumi iş stajı olduqda bu
müddətin azı 20 ilini həmin işlərdə
çalışarsa;
z) kolxozlarda, sovxozlarda və
digər dövlət aqrar-sənaye müəssisələrində:
bilavasitə kənd təsərrüfatı
məhsulları istehsalında çalışan
traktorçu-maşinistlər, köçəri
heyvandarlıq işçiləri, tütünün
becərilməsi, yığılması və yığımdan
sonrakı emalında, pambığın becərilməsi
və pambıq yığımında tam mövsüm
ərzində çalışanlar:
kişilər - 57(1) yaşına çatdıqda
və azı 25 il ümumi iş stajı olduqda
bu müddətin azı 20 ilini həmin
işlərdə çalışarsa;
qadınlar - 52(1) yaşına çatdıqda
və azı 20 il ümumi iş stajı olduqda
bu müddətin azı 15 ilini həmin
işlərdə çalışarsa;
sağıcı (maşınla sağım operatoru),
quşabaxan, donuzabaxan operator
işləyən qadınlar 52(1) yaşına
çatdıqda və həmin işlərdə azı
20 il iş stajı olduqda.
Maddə 14. Çoxuşaqlı, əlil
uşağı olan anaların və uşaqlarını
təkbaşına böyüdən ataların və
qəyyumların pensiyaları
Qəhrəman analar aşağıdakı şərtlərlə
tam pensiya almaq hüququna malikdirlər:
yaşından asılı olmayaraq azı
10 il iş stajı olduqda;
50 yaşına çatdıqda iş stajından
asılı olmayaraq.
Üç və daha çox uşaq doğub onları
səkkiz yaşınadək tərbiyə etmiş
qadınlar aşağıdakı şərtlərlə yaşa
görə pensiya almaq hüququna malikdirlər:
9 uşağı olanlar - 45 yaşına
çatdıqda və azı 10 il iş stajı
olduqda;
8 uşağı olanlar - 46 yaşına
çatdıqda və azı 11 il iş stajı
olduqda;
7 uşağı olanlar - 47 yaşına
çatdıqda və azı 12 il iş stajı
olduqda;
6 uşağı olanlar - 48 yaşına
çatdıqda və azı 13 il iş stajı
olduqda;
5 uşağı olanlar - 49 yaşına
çatdıqda və azı 14 il iş stajı
olduqda;
4 uşağı olanlar - 50 yaşına
çatdıqda və azı 15 il iş stajı
olduqda;
3 uşağı olanlar - 51 yaşınb
çatdıqda və azı 16 il iş stajı
olduqda.
Bu maddənin şərtləri ilə yaşa
görə pensiya təyin olunarkən vəfat
etmiş ananın övladlığa götürülməmiş
uşaqları təzə ailədə səkkiz yaşına
çatanadək faktik tərbiyə edilərsə,
ögey ananın doğma uşaqlarına bərabər
tutulur.
Uşaqlıqdan əlil olanların həmin
uşaqları səkkiz yaşınadək tərbiyə
etmiş anaları 50 yaşına çatdıqda
və azı 15 il iş stajı olduqda
yaşa görə pensiya almaq hüququna
malikdirlər.
Bu halda uşaqlıqdan əlillərə 16
yaşınadək əlil uşaqlar da aid
edilir.
Bu maddə ilə iş stajı uşaqlara
qulluq göstərilməsi müddəti də
daxil edilməklə müəyyən olunur.
Ana vəfat etdiyinə və ya boşandığına,
yaxud analıq hüququndan məhrum
edildiyinə görə 3 və daha çox
uşağı növbəti nikah bağlamadan
təkbaşına səkkiz yaşınadək böyüdən
atalar, həmçinin 3 və daha çox
uşağı övladlığa götürüb təkbaşına
səkkiz yaşınadək böyüdən qəyyum
kişilər 55 yaşına çatdıqda və
azı 20 il əmək stajı olduqda pensiyaya
çıxmaq hüququna malikdirlər.
Maddə 15. Korların, liliputların
və cırtdanboyların pensiyaları
Kor vətəndaşlar (1-ci qrup gözdən
əlillər), eləcə də hipofiz nanizmi
xəstəliyinə tutulan şəxslər (liliputlar)
və mütənasibliyi pozulmuş cırtdanboylar
aşağıdakı hallarda yaşa görə pensiya
hüququna malikdirlər:
kişilər - 47(1) yaşına çatdıqda
və azı 15 il iş stajı olduqda;
qadınlar - 42(1) yaşına çatdıqda
və azı 10 il iş stajı olduqda.
Maddə 16. Müharibə əlillərinin
yaşa görə pensiyaları
Müharibə zamanı və digər hərbi
xidmət vəzifələrinin yerinə yetirilməsi
zamanı yaralanma, kontuziya və
xəsarət nəticəsində, yaxud cəbhədə
olmaqla əlaqədar xəstələnmə nəticəsində
əlil olmuş hərbi qulluqçular aşağıdakı
hallarda yaşa görə pensiya hüququna
malikdirlər:
kişilər - 57(1) yaşına çatdıqda
və azı 25 il iş stajı olduğda;
qadınlar - 52(1) yaşına çatdıqda
və azı 20 il iş stajı olduda.
Maddə 17. Yaşa görə pensiyaların
məbləği
Yaşa görə pensiya, pensiya üçün
müraciət edənin orta aylıq əmək
haqqının (72-ci maddə) 60 faizi,
bu Qanunun 13-cü maddəsinin "a"
bəndində nəzərdə tutulan işlərdə
çalışan işçilərə 70 faizi, "b"
bəndində nəzərdə tutulan işlərdə
çalışan işçilərə isə 65 faizi,
lakin minimum pensiyadan az olmayan
məbləğdə təyin edilir.
Qaçqın və məcburi köçkünlərin
yaşa görə pensiyaları onların
orta aylıq əmək haqqı barədə sənədləri
təqdim etmək mümkün olmadıqda
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hər ilin əvvəlində
onların işlədikləri sahələr üzrə
təsdiq olunan orta aylıq əmək
haqqına görə hesablanır.
Yaşa görə pensiyaların əsas məbləği,
habelə minimum məbləğdə hesablanmış
pensiyalar tələb olunan iş stajından
artıq hər tam il üçün minimum
pensiyanın iki faizindən az olmamaq
şərti ilə, orta aylıq əmək haqqının
iki faizi qədər artırılır.
Bu Qanunun 13-cü maddəsinin "a"
bəndində nəzərdə tutulan işçilərin
pensiyası güzəştli şərtlərlə pensiya
almaq hüququ verən iş stajının
kişilərdə 10 ildən və qadınlarda
7 il 6 aydan hər tam ili üçün
orta aylıq əmək haqqının bir faizi
qədər artırılır.
Həmin maddə üzrə yaşa görə hesablanmış
pensiyanın məbləği tələb olunan
iş stajından artıq hər tam ilə
görə minimum pensiyanın üzərinə
hesablanmış əlavə istisna olmaqla,
orta əmək haqqının 85 faizindən,
13-cü maddənin "a" bəndində
nəzərdə tutulan işçilərin pensiyası
orta aylıq əmək haqqının 100 faizindən,
"b" bəndində nəzərdə
tutulan işçilərin pensiyası isə
orta aylıq əmək haqqının 90 faizindən
artıq ola bilməz.
Səlahiyyət müddətləri qurtardıqdan
sonra pensiya yaşına çatmış sabiq
hakimlərə axırıncı iş yerlərində
aldıqları istənilən beş ilin orta
aylıq əmək haqlarının 80 faizi
miqdarında pensiya verilir və
əmək haqqı artımındakı sonrakı
dəyişikliklər həmin məbləğə şamil
edilir. "Məhkəmələr və hakimlər
haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun keçirilmiş təyinatlardan
əvvəl işləmiş və həmin vaxt pensiya
yaşına çatmış sabiq hakimlərə
bu müddəalar şamil edilir.
Səlahiyyət müddəti qurtardıqdan
sonra pensiya yaşına çatmış Azərbaycan
Respublikası Milli Məclisinin
sabiq deputatı pensiya hesablanması
(yenidən hesablanması) zamanı
deputatın mövcud əmək haqqının
80 faizindən az olmayan məbləğdə
pensiya alır.
Vaxtından asılı olmayaraq Azərbaycan
Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (ombudsman) vəzifəsində
işləmiş şəxs pensiya yaşına çatdıqda,
hazırki dövrdə müvəkkil üçün müəyyən
edilmiş vəzifə maaşının 80 faizi
məbləğində pensiya alır.
Mərkəzi Seçki Komissiyasının üzvü
olmuş şəxs təqaüdə çıxdıqda, fəaliyyətdə
olan Mərkəzi Seçki Komissiyası
üzvünün əmək haqqının 80 faizi
məbləğində pensiya alır.
Pensiyaya çıxmış prokurorluq işçilərinə
axırıncı iş yerlərində aldıqları
istənilən beş ilin orta aylıq
əmək haqqlarının 80 faizi miqdarında
pensiya verilir və əmək haqqı
artımındakı sonrakı dəyişikliklər
həmin məbləğə şamil edilir.
Maddə 18. Yaşa görə pensiyaların
minimum məbləği
Yaşa görə pensiya üçün tələb edilən
tam ümumi iş stajı olduqda pensiyaların
minimum məbləği müvafiq icra hakimiyyəti
orqanı tərəfindən respublika üzrə
pensiya hesablanması üçün təsdiq
olunan orta aylıq əmək haqqının
30 faizi məbləğində təyin edilir.
Maddə 19. Tam iş stajı
olmadıqda pensiyaların təyin edilməsi
Pensiya almaq hüququ verən azı
5 il iş stajı olan:
kişilər - 62(1) yaşına çatdıqda;
qadınlar - 57(1) yaşına çatdıqda
natamam iş stajı ilə yaşa görə
pensiya almaq hüququna malikdirlər.
Üç və daha çox uşağı olan qadınlar,
eləcə də uşaqlıqdan əlillərin
anaları pensiya almaq hüququ verən
azı 5 il iş stajı olduqda bu Qanunun
14-cü maddəsində onlar üçün nəzərdə
tutulmuş yaşa çatdıqda natamam
iş stajı ilə əmək pensiyası almaq
hüququna malikdirlər.
Maddə 20. Tam iş stajı
olmadıqda pensiyaların məbləği
Natamam iş stajı ilə pensiyaların
məbləği tələb edilən tam iş stajına
mütənasib olaraq aşağıdakı qaydada
hesablanır: əvvəlcə müvafiq tam
pensiya hesablanır, bu pensiya
tələb edilən iş stajı aylarının
sayına bölünür, alınmış məbləğ
faktik iş stajı aylarının sayına
vurulur (bu stajda 15 gündən artıq
olan dövr tam ay kimi hesablanır,
15 günədək olan dövr isə hesaba
alınmır).
Natamam iş stajı ilə pensiyaların
məbləği sosial pensiyalardan az
ola bilməz.
Maddə 21. Yaşa görə pensiyalara
əlavələr
Yaşa görə pensiyalara, o cümlədən
minimum məbləğdə pensiyalara və
tam iş stajı olmadıqda təyin edilmiş
pensiyalara aşağıdakı əlavələr
hesablanır:
a) öhdəsində əmək qabiliyyəti
olmayan ailə üzvləri olan işləməyən
pensiyaçılara (40, 41, 42, 44-cü
maddələr) ailənin əmək qabiliyyəti
olmayan hər üzvünə yaşa görə minimum
pensiyanın 20 faizi məbləğində;
b) 70 yaşına çatmış tənha pensiyaçılara
- onlara qulluq üçün yaşa görə
minimum pensiyanın 20 faizi məbləğində;
v) müharibə əlillərinə və iştirakçılarına:
I qrup müharibə əlillərinə -
yaşa görə minimum pensiyanın 100
faizi məbləğində;
II qrup müharibə əlillərinə
- yaşa görə minimum pensiyanın
70 faizi məbləğində;
III qrup müharibə əlillərinə
- yaşa görə minimum pensiyanın
50 faizi məbləğində.
Döyüşən ordunun tərkibində xidmət
etmiş və ya muzdla işləmiş, partizan
dəstələrində xidmət etmiş müharibə
iştirakçılarına, habelə döyüş
əməliyyatı aparan ölkədə hərbi
xidmət borcunu yerinə yetirmiş
hərbi qulluqçulara - yaşa görə
minimum pensiyanın 30 faizi məbləğində;
q) siyasi repressiyalara məruz
qalaraq sonradan bəraət qazanmış
şəxslərə - yaşa görə minimum pensiyanın
50 faizi məbləğində;
ğ) I qrup əlillərə - onlara qulluq
üçün yaşa görə minimum pensiyanın
50 faizi məbləğində;
d) Çernobıl AES-də qəzanın nəticələrinin
aradan qaldırılmasında köçürmə
zonasında iştirak etmiş şəxslərə
- yaşa görə minimum pensiyanın
50 faizi məbləğində.
Bu maddənin "a", "b",
"v", "q",
"ğ", "d" bəndlərində
nəzərdə tutulmuş əlavələr eyni
vaxtda hesablana bilər.
Maddə 22. Pensiyaların
təyin olunması müddəti
Yaşa görə pensiyalar ömürlük təyin
edilir.
Maddə 23. İşləyən pensiyaçılara
yaşa görə pensiyaların ödənilməsi
qaydası
İşləyən pensiyaçılara pensiyalar
himayəsində olanlara və qulluğa
görə əlavələr nəzərə alınmadan
50 faiz məbləğində ödənilir.
Əlilliyə görə pensiyalar
Maddə 24. Pensiyaların
təyin edilməsi halları. Əlillik
qrupları
Əlilliyə görə pensiyalar, orqanizmin
funksiyalarının pozulması ilə
əlaqədar səhhətin pisləşməsi zamanı
əmək qabiliyyətinin tam və ya
qismən itirildiyi aşağıdakı hallarda
təyin edilir:
a) əmək zədəsi və ya peşə xəstəliyi;
b) ümumi xəstəlik (o cümlədən
işlə əlaqədar olmayan zədə);
v) müddətli hərbi və ya alternativ
xidmət vəzifələrini yerinə yetirərkən
yaralanma, kontuziya, zədələnmə
və ya cəbhədə olmaqla əlaqədar
xəstələnmə, həmçinin müddətli
hərbi xidmət və alternativ xidmət
zamanı xəstələnmə.
Əmək qabiliyyətinin itirilməsi
dərəcəsindən asılı olaraq əlillik
üç qrupa bölünür.
Əlillik qrupları və əlilliyin
səbəbləri, habelə onun baş verdiyi
vaxt həkim-əmək ekspert komissiyaları
haqqında Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş Əsasnaməyə müvafiq surətdə
fəaliyyət göstərən həkim-əmək
ekspert komissiyası tərəfindən
"Əlilliyin müəyyən edilməsinin
əsas meyarları haqqında"
təlimata uyğun müəyyən olunur.
Maddə 25. Pensiyaların
təyin edilməsi şərtləri
Əlilliyə görə pensiyalar əlillik
əmək zədəsi və ya peşə xəstəliyi,
hərbi zədə nəticəsində yaralanma,
zədələnmə və ya xəstələnmə, müddətli
hərbi və ya alternativ xidmət
dövründə xəstələnmə hallarında
iş stajından asılı olmayaraq təyin
edilir.
Ümumi xəstəlik nəticəsində əlilliyə
görə pensiyalar 21 yaşına çatanadək
əlil olmuş şəxslərə iş stajından
asılı olmayaraq, 23 yaşınadək
əlil olmuş şəxslərə bir il iş
stajı olduqda, 23 yaşından sonra
əlil olmuş şəxslərə isə bir il
iş stajı və əlavə olaraq yaşın
üstünə gələn hər növbəti il üçün
üç ay iş stajı olduqda təyin edilir.
Əgər müvafiq yaş qrupu üçün lazımi
iş stajı toplanmışdırsa və növbəti
yaş qrupuna keçərkən iş davam
etdirilmişdirsə, növbəti yaş qrupu
üçün qoyulmuş tələblərdən asılı
olmayaraq staj haqqında şərt yerinə
yetirilmiş sayılır.
Əmək zədəsi və ya peşə xəstəliyi
nəticəsində əlilliyə görə pensiyadan
ümumi xəstəlik nəticəsində əlilliyə
görə pensiyaya keçirilən şəxslərin
lazımi iş stajı əlilliyin əvvəlcə
müəyyən edildiyi vaxtadək olan
yaş üzrə müəyyənləşdirilir.
Maddə 26. Əmək zədəsi
nəticəsində əlillik
Əlillik bu Qanunun 67-ci maddəsində
göstərilən işləri yerinə yetirərkən
üz verdikdə aşağıdakı hallarda
əmək zədəsi nəticəsində baş vermiş
hesab edilir:
a) əmək vəzifələri yerinə yetirilərkən
(o cümlədən ezamiyyət vaxtı),
habelə xüsusi tapşırıq olmadıqda
belə, müəssisənin və ya təşkilatın
xeyrinə hər hansı iş görülərkən;
b) işə gedərkən və ya işdən qayıdarkən
yolda;
v) müəssisənin, təşkilatın ərazisində
və ya digər iş yerində iş vaxtı
ərzində (müəyyən edilmiş fasilələr
də daxil olmaqla), iş başlamazdan
və ya iş qurtardıqdan sonra istehsal
alətlərinin, pal-paltarın və s.
sahmana salınması üçün lazım olan
vaxt ərzində;
q) daxili əmək intizamı qaydalarına
zidd olmayan hallarda iş vaxtı
ərzində (müəyyən edilmiş fasilələr
də daxil olmaqla) müəssisənin,
təşkilatın və ya digər iş yerinin
yaxınlığında olarkən.
Əlillik sağlamlığın pozulmasına
səbəb olmuş aşağıdakı işdənkənar
səbəblərdən üz verdikdə də əmək
zədəsi nəticəsində baş vermiş
hesab olunur:
a) istehsalat təlimi, təcrübəsi
və ya praktik məşğələlər keçərkən;
b) Azərbaycan Respublikasının
Konstitusiyasına uyğun olaraq
fəaliyyət göstərən dövlət və ictimai
təşkilatların tapşırıqlarını yerinə
yetirərkən;
v) insan həyatının xilas edilməsində,
mülkiyyətin hər cür formalarının
və hüquq qaydalarının qorunmasında
vətəndaşlıq borcunu yerinə yetirərkən.
Maddə 27. Peşə xəstəliyi
nəticəsində əlillik
Əlillik o zaman peşə xəstəliyi
nəticəsində baş vermiş hesab olunur
ki, ona səbəb olmuş xəstəlik Azərbaycan
Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilmiş peşə
xəstəliklərinin siyahısına daxil
edilsin.
Maddə 28. Müddətli hərbi xidmət
zamanı əlillik
Müddətli hərbi və alternativ xidmətdə
olan şəxslərin əlilliyi hərbi
və ya alternativ xidmət vəzifələrini
yerinə yetirərkən yaralanma, kontuziya,
zədələnmə nəticəsində, yaxud cəbhədə
olmaqla və ya döyüş əməliyyatı
aparan ölkədə hərbi xidmət borcunun
yerinə yetirilməsi ilə bağlı xəstəlik
nəticəsində üz verərsə, onlar
müharibə əlili hesab edilirlər.
Müddətli hərbi və ya alternativ
xidmətdə olan şəxslərin əlilliyi
hərbi və alternativ xidmət vəzifələrini
yerinə yetirməklə bağlı olmayan
bədbəxt hadisə nəticəsində zədələnmə,
yaxud cəbhədə olmaqla bağlı olmayan
xəstəlik nəticəsində üz verərsə,
onlar hərbi xidmət dövründə xəstələnmək
nəticəsində əlil hesab edilirlər.
Müddətli və ya alternativ xidmət
hərbi qulluqçularına və onlarla
bərabər tutulmuş şəxslərə əlilliyə
görə pensiya əlillik xidmət müddətində
və ya xidmətdən buraxıldıqdan
ən geci 3 ay keçənədək, yaxud
bu müddətdən sonra lakin xidmət
müddətində yaralanma, kontuziya,
zədə və ya xəstələnmə nəticəsində
üz vermişsə təyin olunur.
Maddə 29. Əlilliyə görə
pensiyaların məbləği (müharibə
əlillərindən başqa)
Əlilliyə görə pensiyalar aşağıdakı
qaydada hesablanır:
I qrup əlillərə - pensiya üçün
müraciət edənin orta aylıq əmək
haqqının 70 faizi məbləğində;
II qrup əlillərə - pensiya üçün
müraciət edənin orta aylıq əmək
haqqının 50 faizi məbləğində;
III qrup əlillərə - pensiya
üçün müraciət edənin orta aylıq
əmək haqqının 30 faizi məbləğində.
Qaçqın və məcburi köçkünlərin
əlilliyə görə pensiyaları onların
orta aylıq əmək haqqı barədə sənədləri
təqdim etmək mümkün olmadıqda
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hər ilin əvvəlində
onların işlədikləri sahələr üzrə
müəyyən edilmiş orta aylıq əmək
haqqına görə hesablanır.
I və II qrup əlillərin yaşa görə,
o cümlədən güzəştli şərtlərlə
pensiya təyin edilməsi üçün tələb
edilən iş stajı olduqda əlilliyə
görə pensiya müvafiq iş stajına
uyğun olaraq yaşa görə pensiyanın
məbləğində təyin edilir.
Maddə 30. Əlilliyə görə
pensiyaların minimum məbləği (müharibə
əlillərindən başqa)
I qrup əlilliyə görə pensiyaların
minimum məbləği yaşa görə minimum
pensiyanın 150 faizi məbləğində
müəyyən edilir.
II qrup əlilliyə görə pensiyaların
minimum məbləği yaşa görə minimum
pensiyanın 100 faizi məbləğində
müəyyən edilir.
III qrup əlilliyə görə pensiyaların
minimum məbləği yaşa görə minimum
pensiyanın 70 faizi məbləğində
müəyyən edilir.
Maddə 31. Tam iş stajı
olmadıqda pensiyaların məbləği
Ümumi xəstəlik nəticəsində I və
II qrup əlillərə tam iş stajı
olmadıqda pensiyalar bu Qanunun
20-ci maddəsində müəyyən edilmiş
qaydada hesablanır.
Tam iş stajı olmadıqda pensiyaların
məbləği müvafiq əlillik qrupu
üçün müəyyən edilmiş sosial pensiyalardan
az ola bilməz.
Maddə 32. Müharibə əlillərinin
pensiyalarının məbləği
Müharibə əlillərinin pensiyaları
aşağıdakı qaydada hesablanır:
I qrup əlillərə - pensiya üçün
müraciət edənin orta aylıq əmək
haqqının 80 faizi məbləğində;
II qrup əlillərə - pensiya üçün
müraciət edənin orta aylıq əmək
haqqının 60 faizi məbləğində;
III qrup əlillərə - pensiya
üçün müraciət edənin orta aylıq
əmək haqqının 40 faizi məbləğində.
Azərbaycan Respublikasını müdafiə
edərkən, o cümlədən Azərbaycan
Respublikasının azadlığını, suverenliyini,
dövlətçiliyini və ərazi bütövlüyünü
qoruyarkən əlil olmuş şəxslərin
pensiyaları onların arzularına
əsasən müvafiq icra hakimiyyəti
orqanı tərəfindən respublika üzrə
pensiya hesablanması üçün təsdiq
olunan orta aylıq əmək haqqının
bir mislindən də hesablana bilər.
Maddə 33. Müharibə əlillərinin
pensiyalarının minimum məbləği
I qrup müharibə əlillərinin pensiyalarının
minimum məbləği yaşa görə minimum
pensiyanın 200 faizi məbləğində;
II qrup müharibə əlillərinin pensiyalarının
minimum məbləği yaşa görə minimum
pensiyanın 150 faizi məbləğində;
III qrup müharibə əlillərinin
pensiyalarının minimum məbləği
yaşa görə minimum pensiyanın 100
faizi məbləğində müəyyən edilir.
Maddə 34. Əlilliyə görə
pensiyalara əlavələr
Əlilliyə görə pensiyalara, o cümlədən
minimum məbləğdə hesablanmış pensiyalara,
eləcə də natamam stajla pensiyalara
aşağıdakı əlavələr müəyyən edilir:
öhdəsində əmək qabiliyyətsiz
ailə üzvləri olan işləməyən I
və II qrup əlillərə, ailənin əmək
qabiliyyəti olmayan hər ailə üzvünə
görə (40, 41, 42, 44-cü maddələr)
- yaşa görə minimum pensiyanın
20 faizi məbləğində;
I qrup əlillərə qulluq üçün
- yaşa görə minimum pensiyanın
50 faizi məbləğində;
müharibə iştirakçıları sırasından
olan bütün qrup əlillərə (o cümlədən
müharibə əlillərinə) - yaşa görə
minimum pensiyanın 50 faizi məbləğində.
Maddə 35. Əlilliyə görə
pensiyaların təyin edilməsi müddəti
Pensiyalar həkim-əmək ekspert
komissiyasının müəyyən etdiyi
bütün əlillik dövrü üçün, 62(1)
yaşından yuxarı əlil kişilərə
və 57(1) yaşından yuxarı əlil
qadınlara isə ömürlük təyin edilir
və onlar yalnız öz ərizələrinə
əsasən yenidən müayinədən keçirilir.
Maddə 36. Əlillik qrupu
dəyişdikdə və ya əmək qabiliyyəti
bərpa olunduqda pensiyaların verilməsi
müddəti
Əlillik qrupu dəyişdikdə yeni
məbləğdə pensiya əlillik qrupunun
dəyişdiyi aydan sonrakı ayın 1-dən
verilir.
Təkrar müayinədən keçirilən pensiyaçı
əmək qabiliyyətli hesab edildiyi
halda, ona pensiya əmək qabiliyyətli
hesab edildiyi ayın sonunadək
verilir.
Maddə 37. Təkrar müayinə
vaxtı ötürüldükdə pensiyaların
verilməsinin dayandırılması və
bərpa edilməsi
Əlil təkrar müayinə üçün təyin
edilmiş vaxtda həkim-əmək ekspert
komissiyasına gəlmədikdə, ona
pensiya verilməsi dayandırılır.
O yenidən əlil hesab edilərsə,
pensiyanın verilməsi yenidən əlil
hesab edildiyi gündən bərpa edilir.
Təkrar müayinə vaxtı sənədlərlə
təsdiq edilən üzürlü səbəbdən
ötürüldükdə və həkim-əmək ekspert
komissiyası həmin dövrdə onun
əlil olduğunu təsdiq etdikdə,
pensiyalar buraxılmış bütün dövr
üçün ödənilir. Təkrar müayinə
zamanı əlil başqa əlillik qrupuna
keçirildikdə, göstərilən müddət
üçün pensiya əvvəlki qrup üzrə
ödənilir.
Maddə 38. Əvvəllər təyin
edilmiş pensiyaların bərpa olunması
və yenidən təyin edilməsi
Ümumi xəstəlik nəticəsində əlilliyə
görə əvvəllər təyin edilmiş pensiya
bu şərtlə bərpa olunur ki, müəyyən
edilən əlillik müddəti qurtardığına
görə pensiya ödənilməsinin kəsildiyi
gündən beş ildən çox vaxt keçməsin.
Əlilliyə görə əvvəllər təyin edilmiş
pensiyanın başqa səbəblər nəticəsində
bərpası müddətlə məhdudlaşdırılmır.
Fasilədən sonra yenidən əlillik
üz verərsə, əlilliyə görə pensiya
(pensiyaçının istəyi ilə) ümumi
əsaslarla təyin edilə bilər.
Maddə 39. İşləyən pensiyaçılara
əlilliyə görə pensiyaların ödənilməsi
İşləyən pensiyaçılara əlilliyə
görə pensiyalar, himayədə olanlara
görə verilən əlavə nəzərə alınmadan
tam məbləğdə ödənilir.
Ailə başçısını itirməyə görə pensiyalar
Maddə 40. Pensiya almaq
hüququ olan ailə üzvləri
Vəfat etmiş ailə başçısının öhdəsində
olmuş (44-cü maddə) əmək qabiliyyəti
olmayan ailə üzvlərinin ailə başçısını
itirməyə görə pensiya almaq hüququ
vardır. Ailə başçısının öhdəsində
olub-olmamasından asılı olmayaraq
aşağıdakı əmək qabiliyyəti olmayan
ailə üzvləri pensiya almaq hüququna
malikdirlər:
müharibədə həlak olmuş vətəndaşların
uşaqları, valideynləri, dul arvadları;
vəfat etmiş vətəndaşların uşaqları,
eləcə də bu maddənin "v"
bəndində göstərilən şəxslərdən
biri.
Əmək qabiliyyəti olmayan ailə
üzvləri aşağıdakılar hesab edilirlər:
a) 18 yaşına çatmamış, yaxud 18
yaşına çatanadək əlil olmuş 18
yaşından yuxarı uşaqlar, qardaşlar,
bacılar, nəvələr;
Qardaşlar, bacılar və nəvələr
əmək qabiliyyətli valideynləri
olmadıqda pensiya almaq hüququna
malikdirlər;
Təhsil müəssisələrinin əyani şöbəsində
təhsil alanlar, ailə başçısını
itirməyə görə pensiya hüququna
təhsili bitirənədək, lakin ən
çoxu 23 yaşına çatanadək malikdirlər;
b) ata, ana, arvad pensiya yaşına
çatıblarsa (kişilər 62(1) yaşına,
qadınlar 57(1) yaşına çatıbsa),
yaxud əlildirlərsə;
v) yaşından və əmək qabiliyyətindən
asılı olmayaraq valideynlərdən
biri və ya ər (arvad), yaxud baba,
nənə, qardaş, bacı vəfat etmiş
və ya həlak olmuş ailə başçısının
8 yaşına çatmamış uşaqlarına,
qardaşlarına, bacılarına, nəvələrinə
baxırsa və işləmirsə;
q) baba və nənə, qanunla onları
saxlamalı şəxslər yoxdursa.
Vəfat edənin öhdəsində olmamış
valideynlər sonralar gəlir mənbəyini
itirdikdə, övladının ölümü ilə
əlaqədar pensiya almaq hüququna
malikdirlər.
Maddə 41. Ögey atanın,
ögey ananın, ögey oğulun və ögey
qızın pensiya almaq hüququ
Ögey ata və ögey ana vəfat etmiş
ögey oğulu və ya ögey qızı azı
beş il tərbiyə etmiş və ya saxlamışsa,
doğma valideynlərlə bir səviyyədə
pensiya almaq hüququna malikdirlər.
Ögey oğul və ögey qız doğma övladlarla
bir səviyyədə pensiya almaq hüququna
malikdirlər.
Maddə 42. Övladlığa götürənlərin
və götürülənlərin pensiya almaq
hüququ
Övladlığa götürənlər valideynlərlə
bir səviyyədə, övladlığa götürülənlər
isə doğma uşaqlarla bir səviyyədə
pensiya almaq hüququna malikdirlər.
Ailə başçısını itirməyə görə pensiya
almaq hüququna malik olan yetkinlik
yaşına çatmayanlar (40-cı maddənin
"a" bəndi) övladlığa
götürüldükdə də bu hüququ saxlayırlar.
Maddə 43. Yeni nikah bağlandıqda
pensiyanın dayandırılması
Ərin ölümü ilə əlaqədar təyin
edilmiş pensiya, pensiyaçı yeni
nikah bağlayanda dayandırılır.
Maddə 44. Öhdədə hesab
edilən ailə üzvləri
Vəfat edənin ailə üzvləri onun
tam təminatında olublarsa və ya
ondan özlərinin yaşayışı üçün
daimi və əsas vəsait mənbəyi olan
kömək alıblarsa, onun öhdəsində
olmuş ailə üzvləri sayılırlar.
Vəfat edənin köməyi yaşayışları
üçün daimi və əsas vəsait mənbəyi
olan, lakin özləri hər hansı pensiya
alan ailə üzvləri yeni pensiyaya
keçmək hüququna malikdirlər.
Maddə 45. İtkin düşmüş
vətəndaşların ailələri
Vətəndaşın itkin düşməsi müəyyən
edilmiş qaydada təsdiq olunmuşsa,
bu Qanunun vəfat edənlərin ailələrinə
aid olan bütün maddələri itkin
düşənlərin ailələrinə də şamil
edilir.
Maddə 46. Ailə başçısını
itirməyə görə ümumi əsaslarla
pensiya təminatının şərtləri
Ailə başçısı əmək zədəsi, peşə
xəstəliyi, bədbəxt hadisə və ya
ümumi xəstəlik nəticəsində vəfat
etmişsə, onun ailə üzvlərinə pensiya
ailə başçısının vəfat etdiyi vaxtdan
asılı olmayaraq ümumi əsaslarla
təyin edilir.
Əmək zədəsi və peşə xəstəliyi
nəticəsində vəfat etmiş ailə başçısının
ailə üzvlərinə pensiya ailə başçısının
iş stajından asılı olmayaraq təyin
edilir.
Ümumi xəstəlik nəticəsində vəfat
etmiş ailə başçısının itirilməsi
ilə əlaqədar pensiyalar o halda
təyin edilir ki, ölüm gününədək
ailə başçısının əlilliyə görə
pensiya təyin edilməsi üçün tələb
edilən iş stajı olsun (25-ci maddə).
Maddə 47. Ailə başçısını
itirməyə görə ümumi əsaslarla
pensiyaların məbləği
Pensiyalar ailənin əmək qabiliyyəti
olmayan (40-cı maddə) hər bir
üzvü üçün ailə başçısının orta
aylıq əmək haqqının 30 faizi məbləğində
hesablanır.
Hər iki valideyni itirmiş uşaqlara
pensiya hər iki valideynin orta
aylıq əmək haqqının ümumi məbləğinin
60 faizi məbləğində hesablanır.
Maddə 48. Tam iş stajı
olmadıqda pensiyaların məbləği
Ümumi xəstəlik nəticəsində vəfat
etmiş və əlilliyə görə tam pensiya
təyin edilməsi üçün (25-ci maddə)
tələb edilən iş stajı olmayan
şəxslərin ailə üzvlərinə pensiya
ailə başçısının faktik iş stajına
mütənasib məbləğdə təyin edilir.
Lakin hər ailə üzvünün payına
düşən pensiyanın məbləği müvafiq
kateqoriya üzrə vətəndaşlar üçün
müəyyən edilmiş sosial pensiyanın
məbləğindən az ola bilməz.
Maddə 49. Ailə başçısını
itirməyə görə ümumi əsaslarla
təyin edilmiş pensiyaların minimum
məbləği
Ailə başçısını itirməyə görə ümumi
əsaslarla təyin edilmiş pensiyaların
minimum məbləği ailənin əmək qabiliyyəti
olmayan hər üzvü üçün yaşa görə
minimum pensiyanın 80 faizi məbləğində
müəyyən edilir.
hər iki valideynini itirmiş uşağın,
vəfat etmiş tənha ananın uşağının
pensiyasının minimum məbləği yaşa
görə minimum pensiyanın 100 faizi
məbləğində müəyyən edilir.
Maddə 50. Müddətli xidmət
hərbi qulluqçularının ailə üzvləri
üçün pensiyaların təyin olunma
şərtləri
Müddətli xidmət (alternativ xidmət)
hərbi qulluqçularının ailə üzvlərinə
ailə başçısını itirməyə görə pensiyalar
ailə başçısı xidmət etdiyi dövrdə
və ya xidmətdən buraxıldıqdan
ən geci 3 ay keçənədək, yaxud
bu müddətdən sonra, lakin xidmət
etdiyi dövrdə aldığı yara, kontuziya,
zədə və ya xəstəlik nəticəsində
vəfat edibsə təyin edilir. Həm
də hərbi əməliyyatlar zamanı itkin
düşmüş müddətli xidmət hərbi qulluqçularının
ailələri cəbhədə həlak olanların
ailələrinə bərabər tutulur.
Müddətli xidmət hərbi qulluqçularının
ailə üzvləri üçün müəyyən edilmiş
əsaslar bu Qanunun 5-ci maddəsi
ilə hərbi qulluqçulara bərabər
tutulmuş şəxslərə o halda aid
edilir ki, ailə başçısı yuxarıda
göstərilmiş səbəblər nəticəsində
vəfat etmiş olsun.
Hərbi qulluqçular sırasından olan
əlil pensiyaçı vəfat etdikdə onun
ailəsinə pensiya, əlilliyin səbəbindən
asılı olaraq bu Qanunun 51-ci
maddəsinin müvafiq hissəsində
müəyyən edilmiş qaydada təyin
edilir.
Ailə başçısı pensiya aldığı dövrdə
və ya pensiya ödənilməsi kəsildikdən
sonra 5 il ərzində vəfat etmişsə,
onun ailəsinə pensiya vəfat etmiş
pensiyaçının ailəsi kimi təyin
edilir.
Maddə 51. Müddətli xidmət
hərbi qulluqçularının ailə üzvlərinə
pensiyaların təyin olunması
Müddətli xidmət hərbi qulluqçularının
ailə üzvlərinə ailə başçısını
itirməyə görə pensiyalar aşağıdakı
məbləğlərdə təyin edilir:
Azərbaycan Respublikasının müdafiəsi
zamanı, habelə başqa hərbi xidməti
vəzifələrini yerinə yetirərkən
alınmış yara, kontuziya və ya
zədə nəticəsində həlak olmuş,
yaxud cəbhədə olmaqla və ya döyüş
əməliyyatları aparan ölkələrdə
hərbi xidmət borcunu yerinə yetirməklə
bağlı xəstəlik nəticəsində vəfat
etmiş müddətli xidmət hərbi qulluqçularının
iş stajından və hərbi xidmət müddətindən
asılı olmayaraq hər bir ailə üzvünə
pensiya ailə başçısının orta aylıq
əmək haqqının 60 faizi hesablanır
və yaşa görə minimum pensiyanın
100 faizindən az olmamalıdır.
Hərbi xidmət vəzifələrinin yerinə
yetirilməsi ilə bağlı olmayan
bədbəxt hadisə zamanı alınmış
zədə nəticəsində, yaxud cəbhədə
olmaqla və ya döyüş əməliyyatları
aparan ölkədə hərbi xidmət borcunu
yerinə yetirməklə bağlı olmayan
xəstəlik nəticəsində vəfat etmiş
müddətli xidmət hərbi qulluqçularının
iş stajından və hərbi xidmət müddətindən
asılı olmayaraq hər bir ailə üzvünə
pensiya ailə başçısının orta aylıq
əmək haqqının 30 faizi hesablanır
və yaşa görə minimum pensiyanın
80 faizindən az olmamalıdır.
Maddə 52. Vəfat etmiş
pensiyaçıların ailələri üçün pensiyalar
Vəfat etmiş pensiyaçının ailə
üzvlərinə pensiya vəfat edənin
ümumi iş stajından asılı olmayaraq
ümumi əsaslarla təyin edilir.
Maddə 53. Pensiya təyin
edildiyi müddət
Pensiya ailə üzvünün əmək qabiliyyətli
olmadığı bütün müddət üçün, 62(1)
yaşına çatmış kişilərə, 57(1)
yaşına çatmış qadınlara isə ömürlük
təyin edilir.
Maddə 54. Pensiya məbləğinin
dəyişilməsi və onun ödənilməsinin
dayandırılması
Ailə başçısını itirməyə görə pensiya
təyin edilmiş ailənin tərkibində
ayrı-ayrı ailə üzvlərinin və ya
bütövlükdə ailənin pensiya almaq
hüququnu itirməsinə səbəb olan
dəyişiklik baş verərsə, dəyişikliyin
baş verdiyi aydan sonrakı ayın
1-dən pensiya yenidən hesablanır
və ya onun ödənməsi dayandırılır.
Maddə 55. Tam dövlət təminatında
olan uşaqlara pensiya verilməsi
Hər iki valideynini itirmiş uşaqlar,
eləcə də vəfat etmiş tənha ananın
uşaqları tam dövlət təminatında
olduqları müddət ərzində onlara
pensiyalar tam məbləğdə, digər
uşaqlara isə pensiyalar 50 faiz
məbləğində verilir.
Maddə 56. Pensiya payının
ayrılması
Ailənin hər bir üzvünün tələbi
ilə onun pensiya payı ayrılır
və ona ayrıca ödənilir. Hər iki
valideynini itirmiş uşaqlara və
ya tək ananın uşaqlarına pensiya
payı bu Qanunun 47-ci maddəsində
göstərilən məbləğdə ayrılır.
Həmin pay pensiyadan pay ayrılması
haqqında ərizənin verildiyi aydan
sonrakı ayın 1-dən ayrılır.
Maddə 57. İşləyən pensiyaçılara
ailə başçısını itirməyə görə pensiyaların
ödənilməsi
İşləyən pensiyaçılara ailə başçısını
itirməyə görə pensiya tam məbləğdə
ödənilir.
Xidmət illərinə görə pensiyalar
Maddə 58. Xidmət illərinə
görə pensiya təminatının əsasları
Xidmət illərinə görə pensiyalar
yaşa görə pensiya almaq hüququ
verən yaşa çatandan əvvəl əmək
qabiliyyətinin tam və ya qismən
itirilməsinə səbəb olan işlərdə
çalışan ayrı-ayrı peşə sahibləri
üçün bu Qanunun 59-64-cü maddələrində
müəyyən edilmiş şərtlərlə təyin
edilir.
Maddə 59. Mülki aviasiya
uçuş və uçuş-sınaq heyətinin pensiya
hüququnun müəyyən edilməsi şərtləri
Kişilər azı 25 il, qadınlar azı
20 il uçuş və uçuş-sınaq heyətində
işlə əlaqədar vəzifələrdə çalışdıqda,
səhhətinə görə uçuş işindən azad
olunmuş kişilər azı 20 il, qadınlar
azı 15 il bu vəzifələrdə çalışdıqda
xidmət illərinə görə pensiya hüququna
malikdirlər.
Uçuş və uçuş-sınaq heyətində işləyənlərin
iş stajlarının hesablanması qaydasını
Azərbaycan Respublikasının Nazirlər
Kabineti müəyyən edir.
Maddə 60. Təhsil və uşaq
tərbiyə müəssisələrində pedaqoji
fəaliyyət göstərənlərin pensiya
hüququnun müəyyən edilməsi şərtləri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi siyahı
üzrə təhsil və uşaq tərbiyə müəssisələrində
kişilər azı 25 il, qadınlar -
20 il pedaqoji fəaliyyət göstərdikdə
onlara xidmət illərinə görə pensiya
almaq hüququ verilir.
Maddə 61. Müalicə işlərinə
və əhalinin sağlamlığının mühafizəsi
ilə əlaqədar digər işlərə görə
pensiya hüququnun müəyyən edilməsi
şərtləri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi siyahı
üzrə kənd yerlərində və şəhər
tipli qəsəbələrdə (respublika
tabeli şəhərlərin qəsəbələri istisna
olmaqla) kişilər azı 25 il, qadınlar
azı 20 il müalicə işlərində və
əhalinin sağlamlığının mühafizəsi
ilə əlaqədar digər işlərdə çalışdıqda
xidmət illərinə görə pensiya almaq
hüququ qazanırlar.
Maddə 62. Teatr, kino
və digər teatr-tamaşa müəssisələrində
və kollektivlərində yaradıcılıq
fəaliyyəti ilə əlaqədar pensiya
hüququnun müəyyən edilməsi şərtləri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi siyahı
üzrə teatr, kino və digər teatr-tamaşa
müəssisələri və kollektivləri
artistlərinin ayrı-ayrı kateqoriyaları
müvafiq olaraq 20, 25, və 30 il
yaradıcılıq fəaliyyəti stajı topladıqda
xidmət illərinə görə pensiya almaq
hüququ qazanırlar.
Teatr, kino və digər teatr-tamaşa
müəssisələri və kollektivləri
artistlərinin ixtisas üzrə hərbi
qulluq müddəti onların yaradıcılıq
fəaliyyəti stajına daxil edilir.
Maddə 63. Dəniz və balıqçılıq
sənayesi donanması gəmiləri heyətinin
ayrı-ayrı vəzifələrində çalışan
işçilərin pensiya hüququnun müəyyən
edilməsi şərtləri
Dəniz və balıqçılıq sənayesi donanması
gəmiləri heyətinin ayrı-ayrı peşə
və vəzifələrində çalışan işçiləri
- Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən təsdiq edilmiş
siyahı üzrə kişilər - iş stajının
azı 25 ilini, qadınlar azı 20
ilini bu gəmilərdə həmin peşələr
və vəzifələr üzrə çalışdıqda xidmət
illərinö görə pensiya almaq hüququ
qazanırlar.
Maddə 63-1. Prokurorluq işçilərinin
pensiya hüququnun müəyyən edilməsi
şərtləri
Prokurorluq orqanlarında azı 25
il qulluq etmiş prokurorluq işçiləri
xidmət illərinə görə pensiya hüququna
malikdirlər.
Maddə 64. Yeraltı işlərdə
və açıq mədən işlərində çalışan
işçilərin pensiya hüququnun müəyyən
edilməsi şərtləri
Şaxtaların, tunellərin, mədənlərin
tikintisində, faydalı qazıntıların
çıxarılmasında bilavasitə yeraltı
və açıq mədən işlərində (mədən-xilasetmə
hissələrinin şəxsi heyəti də daxil
olmaqla) tam iş günü ərzində çalışan
işçilər bu işlərdə azı 25 il çalışdıqda,
həmin işlərdə aparıcı peşələrin
sahibi olanlar Azərbaycan Respublikası
Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş siyahı üzrə - bu işlərdə
azı 20 il çalışdıqda xidmət illərinə
görə pensiya almaq hüququ qazanırlar.
Maddə 65. Xidmət illərinə görə
pensiyaların məbləği
Xidmət illərinə görə pensiyaların
əsas məbləği pensiya üçün müraciət
edənin orta aylıq əmək haqqının
60 faizi məbləğində hesablanır.
Qaçqın və məcburi köçkünlərin
xidmət illərinə görə pensiyaları
onların orta aylıq əmək haqqı
barədə sənədləri təqdim etmək
mümkün olmadıqda müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
hər ilin əvvəlində onların işlədikləri
sahələr üzrə müəyyən edilmiş orta
aylıq əmək haqqına görə hesablanır.
Xidmət illərinə görə pensiyaların
əsas məbləği yaşa görə minimum
pensiyanın 100 faizindən az olmamalıdır.
Xidmət illərinə görə pensiyaların
maksimum məbləği pensiya üçün
müraciət edənin orta aylıq əmək
haqqının 80 faizindən artıq olmamalıdır.
Xidmət illərinə görə pensiyaların
əsas məbləği xidmət illərinə görə
tələb edilən xüsusi stajdan artıq
hər tam il üçün minimum pensiyanın
1 faizdən az olmamaq şərtilə orta
aylıq əmək haqqının 1 faizi qədər
artırılır.
Səhhətinə görə uçuş işindən azad
olmuş uçuş və uçuş-sınaq heyətindən
olan şəxslərə xidmət illərinə
görə pensiyalar təyin edilərkən
kişilərin 25 il, qadınların 20
il tələb olunan xüsusi iş stajının
çatışmayan hər ili üçün pensiyanın
əsas məbləği iki faiz azaldılır.
Maddə 66. İşləyən pensiyaçılara
xidmət illərinə görə pensiyaların
ödənilməsi
Bu Qanunun 59-cu, 63-cü və 64-cü
maddələrində göstərilən işlərdə
işləyən pensiyaçılar pensiya almaq
hüququ verən işlərdən başqa işə
keçdikdə onlara xidmət illərinə
görə pensiya 50 faiz məbləğində
ödənilir.
Bu Qanunun 60- 62-ci maddələrində
göstərilən pensiyaçılara pensiyalar
əmək fəaliyyətini dayandırdıqdan
sonra ödənilir.
III. Əmək pensiyaları təyin edildikdə
iş stajının hesablanması
Maddə 67. İş stajına daxil edilən
əmək fəaliyyətinin növləri
Mülkiyyət və təsərrüfatçılıq formalarından
asılı olmayaraq müəssisələrdə,
idarələrdə, təşkilatlarda və kooperativlərdə
əmək müqaviləsi və ya üzvlük əsasında
əmək fəaliyyəti xarakterindən
və müddətindən asılı olmayaraq
ümumi iş stajına daxil edilir.
Əgər kolxoz üzvü ictimai təsərrüfatda
müəyyən edilmiş əmək iştirakı
minimumunu üzürlü səbəb olmadan
yerinə yetirməyibsə, 1965-ci ildən
sonrakı dövr üçün kolxozda iş
stajı hesablanarkən iş vaxtı bu
dövrdə müəyyən olunmuş minimum
əmək iştirakı normasına görə faktik
müddət üzrə nəzərə alınır.
İş stajına bunlardan başqa aşağıdakılar
daxil edilir:
a) işçinin dövlət tərəfindən mütləq
sosial sığorta edilməli olan hər
hansı işinin müddəti;
b) yaradıcılıq ittifaqları və
peşəkar birlikləri üzvlərinin
yaradıcılıq fəaliyyətinə başladıqdan
sonrakı dövr, 1991-ci il yanvarın
1-dən isə respublika Pensiya Fonduna
sığorta haqqı keçirdikdə;
v) hərbi (alternativ) xidmət və
müvafiq icra hakimiyyəti orqanında,
qeydiyyatdan keçmiş özünümüdafiə
dəstələrində və birləşmələrində
olmaq, milli təhlükəsizlik, daxili
işlər, ədliyyə, Dövlət sərhədini
mühafizə və Prezidenti mühafizə
orqanlarında xidmət müddəti;
q) idarə tabeliyindən və xüsusi,
yaxud hərbi rütbənin olub-olmamasından
asılı olmayaraq hərbiləşdirilmiş
mühafizə və xilasetmə hissələrində,
xüsusi rabitə orqanlarında xidmət
müddəti;
ğ) ali, orta ixtisas, texniki
peşə məktəblərini bitirmiş şəxslərin
təhsil müddəti, habelə kadr hazırlayan
kurslarda, ixtisasartırma və yenidən
ixtisaskeçmə kurslarında, aspiranturada,
doktoranturada və klinik ordinaturada
təhsil müddəti;
d) 1 qrup əlilə və ya 16 yaşınadək
əlil uşağa, habelə 70 yaşına çatmış
qocalara qulluq edilməsi müddəti;
e) işləməyən ananın körpə uşaqlara
qulluq etdiyi müddət, lakin hər
uşaq 3 yaşına çatanadək və üst-üstə
6 ildən çox olmayaraq;
ə) işsizlik müavinətinin verildiyi
müddət, yaxud işsizin yenidən
peşə hazırlığı keçdiyi və ya təhsil
aldığı müddət;
j) iş dövründə başlanmış müvəqqəti
əmək iqtidarsızlığı müddəti;
z) əmək vəzifələrini yerinə yetirərkən
xəsarət alıb şikəst olmuş və bu
səbəbdən, eləcə də peşə xəstəliyi
nəticəsində əmək qabiliyyətini
itirən işləməyən 1 və 11 qrup
əlillərin pensiyada olduqları
müddət;
i) zabit heyəti, praporşik, miçman
və müddətindən artıq qulluqda
olan hərbi qulluqçu arvadlarının
öz ixtisası üzrə işə düzəlmək
imkanı olmadığı yerlərdə ərləri
ilə yaşadıqları dövr, lakin 10
ildən artıq olmamaq şərti ilə;
ı) müalicə-əmək müəssisələrində
məcburi müalicə dövründə iş müddəti;
k) azadlıqdan məhrumedilmə müddətində
məhkumların ödənişli əməyə cəlb
edildikləri vaxt;
g) şəxsin qanunsuz tutulma, həbsdə
olma və cəzaçəkmə müddətləri,
eləcə də işdən (vəzifədən) kənarlaşdırılması
ilə əlaqədar işləmədiyi müddət.
İşin hər ili üçün pensiyanın məbləği
artırılarkən bu maddənin "a"
- "z" və "g"
bəndlərində göstərilən dövrlər
nəzərə alınır.
Yaşa görə pensiya təyin olunandan
sonrakı əmək fəaliyyəti ümumi
əsaslarla iş stajına daxil edilir.
Güzəştli şərtlərlə yaşa görə pensiya
hüququ verən xüsusilə zərərli
və ağır iş sahələri üzrə iş stajı
hesablanarkən (13-cü maddənin
"a" bəndi) həmin işdə
alınmış əmək zədəsi və ya peşə
xəstəliyi nəticəsində əlillik
müddəti göstərilən staja daxil
edilir.
İşin hər ili üçün pensiyanın məbləği
artırılan zaman yaşa görə pensiya
təyin edildikdən sonrakı iş stajı
nəzərə alınmır.
Əmək (sosial sığorta) pensiyasının
təyin edilməsi üçün qanunla müəyyən
edilmiş hallar istisna olmaqla
1 yanvar 2002-ci il tarixdən əmək
stajına məcburi dövlət sosial
sığorta haqlarının ödənildiyi
əmək fəaliyyəti müddəti daxildir.
1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti
göstərən şəxslərə pensiya təyin
olunması üçün əmək stajı bu maddənin
birinci-yeddinci hissələrinə müvafiq
olaraq hesablanır.
Maddə 68. İş stajının
hesablanmasında güzəştlər
Pensiya almaq hüququ verən iş
stajına aşağıdakı dövrlər güzəştli
şərtlə daxil edilir:
döyüş əməliyyatları dövründə
döyüşən ordunun tərkibində xidmət
və muzdla iş dövrü, eləcə də Azərbaycan
Respublikasının Müdafiə Nazirliyində
qeydiyyatdan keçmiş özünümüdafiə
dəstələrində və birləşmələrində
olmaq müddəti - üçqat ölçüdə;
bəraət verilmiş vətəndaşların
həbsdə olmaq vaxtı, azadlıqdan
məhrum olunmaq və ya sürgün yerlərində
olmaq vaxtı - üçqat ölçüdə;
müharibə illərində arxa cəbhədə
iş müddəti - ikiqat ölçüdə;
cüzam və taun əleyhinə müəssisələrdə
iş müddəti - ikiqat ölçüdə;
bilavasitə islah-əmək müəssisələrində,
istintaq təcridxanalarında və
azadlıqdan məhrumetmə yerlərinin
müalicə idarələrində keçən qulluq
(iş) müddətinin hər üç iş günü
- dörd iş günü kimi; yoluxucu
xəstə məhkumların saxlanması və
müalicəsi üçün nəzərdə tutulmuş
islah-əmək koloniyalarında qulluq
(iş) müddətinin hər iki iş günü
- üç iş günü kimi; həmin müəssisə,
idarə və təşkilatlarda bilavasitə
qulluq edənlərin ali və orta təhsil
müəssisələrinin əyani şöbələrində
aldıqları təhsilin müddətinin
hər iki ayı bir ay qulluq müddəti
kimi hesablanır;
tam naviqasiya dövrü ərzində
su nəqliyyatında iş müddəti -
bir illik staj sayılır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi siyahı
üzrə sənayenin mövsümi sahələrinin
tabeliyindən asılı olmayaraq müəssisə
və təşkilatlarında tam mövsüm
ərzində iş müddəti bir illik staj
sayılır.
Əməliyyat-axtarış fəaliyyəti subyketləri
ilə əməkdaşlıq edən şəxslərin
cinayətkar qruplara və ya kriminogen
obyektlərə daxil edilməsi ilə
əlaqədar vəzifələrinin yerinə
yetirilməsi müddəti birin üçə
nisbəti ilə hesablanır və onların
iş stajına daxil edilir.
Digər mövsümi işlər iş stajına
faktik davamiyyət həcmində daxil
edilir.
Maddə 69. İş stajının
təsdiq edilməsi qaydası
İş stajı müəyyən edilmiş qaydada
idarə, müəssisə və təşkilatın
verdiyi sənədə əsasən təsdiq edilir.
İş stajını sübut edən əsas sənəd
əmək kitabçasıdır.
Əmək fəaliyyəti barəsində sənəd
olmadıqda və ya həmin sənədi bərpa
etmək mümkün olmadıqda iş stajı
iki və ya daha çox şahidin ifadələrinə
əsasən təsdiq edilir.
Əmək kitabçası və ya bu kitabçada
müvafiq qeydlər olmadıqda mövcud
iş stajını sübut etmək qaydasını
Azərbaycan Respublikasının Nazirlər
Kabineti müəyyənləşdirir.
Maddə 70. Vətəndaşların
başqa dövlətlərin ərazisində iş
dövrünün staja daxil edilməsi
şərtləri
Pensiya təyin edilməsi üçün müəyyən
stajın tələb olunduğu hallarda
vətəndaşların başqa dövlətlərin
ərazisində iş dövrü, həmin dövlətlərlə
bağlanmış sazişlərdə başqa hal
nəzərdə tutulmayıbsa, Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə
Fonduna sosial sığorta ayırmaları
keçirildikdə iş stajına daxil
edilir. Bu zaman 1992-ci ilin
yanvarın 1-dək keçmiş SSRİ-nin
ərazisində qazanılmış iş stajı
bu maddədə göstərilən şərt nəzərə
alınmadan ümumi qaydada iş stajına
daxil edilir.
IV. Pensiyaların hesablanması
Maddə 71. Pensiyaların
əmək haqqına görə hesablanması
Pensiyalar respublika üzrə müəyyən
edilmiş şərti maliyyə vahidi və
müraciət edənin orta aylıq əmək
haqqından faiz əsas götürülməklə
bu Qanunda müəyyən edilmiş normalarla
hesablanır.
Pensiya üçün müraciət edənin arzusuna
əsasən orta aylıq əmək haqqı onun
müraciət etdiyi aydan əvvəlki
əmək fəaliyyətinin axırıncı 24
ayına və ya əmək fəaliyyətinin
hər hansı ardıcıl gələn 60 ayına
aid əmək fəaliyyətində fasilələr
nəzərə alınmadan faktik orta aylıq
əmək haqqından hesablanır, pensiya
üçün müraciət edənin arzusuna
əsasən aşağıdakılar həmin aylardan
çıxılır:
işə qəbul olunduğu və işdən
azad edildiyi natamam aylar;
növbəti məzuniyyətlərə, o cümlədən
tam olmayan, eləcə də ödənişsiz
məzuniyyətlərə təsadüf edən aylar;
əlil olduğu müddət və ya sağlamlığına
zərər dəyməsi ilə əlaqədar zərərin
ödənilməsi müddəti;
uşağa qulluq üçün məzuniyyətdə
olma müddəti;
1 qrup əlilə, 16 yaşına qədər
əlil uşağa və 70 yaşına çatmış
qocalara qulluq müddəti;
ali, orta ixtisas, texniki peşə
məktəblərində, kadrlar hazırlayan
kurslarda, ixtisasartırma və yenidən
ixtisaskeçmə kurslarında, aspiranturada,
doktoranturada, klinik ordinaturada
əyani təhsil müddəti;
müddətli hərbi və ya alternativ
xidmət müddəti;
əmək qabiliyyətini müvəqqəti
itirməyə görə müavinət alma müddəti;
işsizlik müavinəti alma müddəti
və ya işsizin yenidən peşə hazırlığı
və təhsil müddəti.
Bu halda pensiyaçının arzusu ilə
çıxılmış aylar göstərilmiş 24
və 60 aylıq müddətdən əvvəlki
və ya sonra gələn aylarla əvəz
edilir. Pensiyaların məbləğləri
və onlara əlavə hesablanarkən
onların qəpik hissəsi manata qədər
yuvarlaqlaşdırılır.
Maddə 72. Orta aylıq əmək
haqqının müəyyən edilməsi
Orta aylıq əmək haqqı 24 və ya
60 təqvim ayı ərzində gəlirin
ümumi məbləğini müvafiq olaraq
24-ə və ya 60-a bölmək yolu ilə
müəyyən edilir.
Pensiya üçün müraciət edənin iş
stajı 24 aydan az olduqda orta
aylıq əmək haqqı işin tam təqvim
ayları ərzindəki gəlirin ümumi
məbləğini həmin ayların sayına
bölmək yolu ilə müəyyən edilir.
İş stajı bir təqvim ayından az
olduqda iş dövrü ərzindəki əmək
haqqı iş günlərinin sayına bölünür.
Alınan məbləğ ayın iş günlərinin
illik orta sayına (iş həftəsi
6 günlükdürsə 25,4-ə və iş həftəsi
5 günlükdürsə 21,2-ə) vurulur.
Maddə 73. Pensiyalar hesablanarkən
nəzərə alınan əmək haqqı növləri
Mövcud qaydalara görə sığorta
haqları hesablanan əmək haqqının
və mükafatın bütün növləri, o
cümlədən əvəzçiliyə, istirahət
və bayram günlərində işə, iş vaxtından
əlavə işə görə və mülki hüquq
müqavilələri üzrə verilən əmək
haqqı pensiya hesablanarkən gəlirin
ümumi məbləğinə daxil edilir.
Bu zaman birdəfəlik ödənclər (istifadə
edilməyən məzuniyyətə görə pul
əvəzi, işdənçıxma müavinəti və
s.) nəzərə alınmır.
Müraciət edənin arzusuna əsasən
pensiyanın hesablanması üçün gəlirə
əmək qabiliyyətini müvəqqəti itirməyə
görə müavinət, yaxud işçinin saxlanan
orta aylıq əmək haqqı, eləcə də
təhsil müddətində alınmış təqaüd
daxil edilir.
Verildiyi dövrdə qüvvədə olan
dövlət tarif dərəcələri üzrə hesablanmış
müəlliflik haqqı əmək haqqına
bərabər tutulur.
Fərdi əmək və sahibkarlıq fəaliyyəti
ilə, o cümlədən fərdi icarə (qrup
icarəsi) əsasında və ya kəndli
(fermer) təsərrüfatında məşğul
olanlara və muzdla işləyənlərə,
eləcə də kooperativ üzvlərinə
və kooperativdə müqavilə ilə işləyənlərə
pensiya sığorta haqqı keçirilən
faktik gəlirdən hesablanır.
Əmək haqqı pul ödənci ilə yanaşı
natura ilə ödənildikdə, pensiya
təyin olunması üçün orta aylıq
əmək haqqı müəyyən edilərkən əmək
haqqının sığorta haqqı hesablanmış
natura ilə ödənilən hissəsinin
dəyəri əmək haqqının ödənildiyi
dövrün dövlət pərakəndə qiymətləri
ilə hesablanaraq nəzərə alınır.
Maddə 74. Xaricdə işləyən
şəxslərin orta aylıq əmək haqqının
müəyyən edilməsi
Xaricdə işləyən şəxsin orta aylıq
əmək haqqı onun arzusu ilə ya
xaricə gedənədək aldığı əmək haqqından,
ya da Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fonduna
sığorta haqqı keçirdiyi xarici
valyutadan hesablanır.
Xarici valyuta ilə alınmış əmək
haqqı həmin valyutanın ödənildiyi
vaxt qüvvədə olan məzənnəyə əsasən
(həmin məzənnəni Azərbaycan Respublikası
Milli Bankı müəyyən edir) Azərbaycan
Respublikasının rəsmi pul vahidinə
çevirməklə müəyyənləşdirilir.
Maddə 75. Vəfat etmiş
pensiyaçıların ailə üzvlərinə
pensiyaların hesablanması
Vəfat etmiş pensiyaçıların ailə
üzvlərinə pensiyalar (pensiya
üçün müraciət edənin arzusuna
əsasən) ailə başçısının pensiyasının
hesablanması üçün əsas götürülən
gəlirdən və ya Qanunun bu bölməsinə
uyğun olaraq müəyyən edilmiş orta
aylıq əmək haqqından hesablanır.
Maddə 76. Bir pensiyadan
başqa pensiyaya keçərkən pensiyaların
hesablanması
Bir pensiyadan başqa pensiyaya
keçərkən gəlir Qanunun bu bölməsində
göstərilmiş ümumi əsaslarla müəyyən
edilir. Yeni pensiya pensiyaçının
arzusu ilə əvvəl təyin olunmuş
pensiya üçün götürülən əmək haqqından
hesablana bilər.
Maddə 77. Pensiyalara
əlavə hüququ olan ailə üzvləri
Öhdəsində əmək qabiliyyəti olmayan
ailə üzvləri olan işləməyən pensiyaçılar
üçün təyin edilmiş pensiyalara
əlavələr bu Qanunun 40, 41, 42
və 44-cü maddələrində göstərilmiş
ailə üzvlərinə hesablanır. Eyni
zamanda əmək pensiyası və ya sosial
pensiya və yaşa, yaxud əlilliyə
görə pensiyaya əlavə almaq hüququ
olduqda müraciət edənin arzusu
ilə ya pensiya, ya da əlavə təyin
edilir.
Ailədə iki və ya daha çox işləməyən
pensiyaçı olduqda onların ümumi
himayəsindəki hər bir əmək qabiliyyəti
olmayan ailə üzvü pensiyaçıların
ancaq birinin pensiyasına əlavə
hesablanması üçün nəzərə alınır.
Maddə 78. Pensiya hesablanarkən
orta aylıq əmək haqqının məhdudlaşdırılması
Pensiya hesablanarkən müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
respublika üzrə pensiya hesablanması
üçün təsdiq olunan orta əmək haqqının
üçqat məbləğindən artıq olmayan
orta aylıq əmək haqqı nəzərə alınır.
Maddə 79. Pensiyaların
məbləğlərinə əmsalların tətbiq
edilməsi
Fəhlə və qulluqçuların əmək haqqına
əmsalların müəyyən edildiyi yerlərdə,
o cümlədən Azərbaycan Respublikasının
yüksək dağlıq yerlərində yaşayan
pensiyaçılara həmin yerlərdə yaşadıqları
dövrdə bu Qanuna uyğun olaraq
təyin edilən pensiyalar (o cümlədən
minimum məbləğdə) həmin yerlərdə
tətbiq olunan əmsallar nəzərə
alınmaqla hesablanır. Bu maddə
pensiyalar təyin edilərkən əsas
götürülmüş gəlirə həmin əmsallar
daxil edilmədikdə tətbiq olunur.
V. Vətəndaşların bəzi kateqoriyaları
üçün pensiyalar
Maddə 80. Pensiya almaq
hüququ olan şəxslər
İş stajından asılı olmayaraq milli
münaqişə zəminində öz daimi yaşayış
yerlərini məcburi tərk edərkən,
sərhəd rayonlarında, Qarabağın
dağlıq hissəsində, 1990-cı ilin
yanvarında Bakı şəhərində, Lənkəran
və Neftçala rayonlarında faciəli
hadisələr zamanı yaralanma, zədələnmə,
kontuziya və digər bədən xəsarəti
almaq nəticəsində əlil olmuş vətəndaşlar,
həmin səbəblər üzündən başçısını
itirmiş əmək qabiliyyəti olmayan
ailə üzvləri, eləcə də bu maddədə
sadalanmış şəxslər sırasından
olan əlillər vəfat etdikdə, onların
ailələri.
İş stajından asılı olmayaraq Çernobıl
qəzası nəticəsində zərər çəkmiş
vətəndaşlar:
Çernobıl AES-də qəza nəticəsində
şüa xəstəliyinə tutulmuş şəxslər,
Çernobıl qəzası nəticəsində əlil
olduğu müəyyən edilmiş digər şəxslər;
köçürmə zonasında qəzanın nəticələrinin
aradan qaldırılması ilə əlaqədar
Çernobıl AES-in istismarında və
digər işlərdə iştirak etmiş şəxslər
(o cümlədən müvəqqəti göndərilənlər
və ezamiyyətdə olanlar);
köçürmə zonasında xidmət etmiş
müddətli xidmət hərbi qulluqçuları;
həmin qəzanın nəticələrinin
aradan qaldırılması ilə əlaqədar
xüsusi toplanışa çağırılmış və
köçürmə zonasında işə cəlb edilmiş
hərbi vəzifəlilər;
1987-ci ilin aprelin 21-dən
1990-cı ilin dekabrın 31-nə qədər
olan dövrdə Slavutiç şəhərinin
tikintisində iştirak etmiş şəxslər;
Çernobıl AES-də baş vermiş qəza
nəticəsində həlak olanların, eləcə
də bu maddənin ikinci hissəsində
sadalanmış şəxslər sırasından
olan vəfat etmiş əlillərin ailə
üzvləri.
Maddə 81. Əlilliyə görə
pensiyalar
Bu qanunun 80-ci maddəsində göstərilmiş
vətəndaşlara əlilliyə görə pensiyalar
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi Qaydalara
uyğun olaraq səhhətinə dəymiş
zərər müqabilində təyin edilir.
Əlilliyə görə hesablanmış pensiyaların
minimum məbləği aşağıdakı kimi
müəyyən edilir:
I qrup əlillərə - yaşa görə
minimum pensiyanın 200 faizi məbləğində;
II qrup əlillərə - yaşa görə
minimum pensiyanın 150 faizi məbləğində;
III qrup əlillərə - yaşa görə
minimum pensiyanın 100 faizi məbləğində.
Əlilliyə görə pensiyalara, o cümlədən
minimum məbləğdə hesablanmış pensiyalara
aşağıdakı əlavələr müəyyən edilir:
işləməyən I və II qrup əlillərə
öhdəsində olan hər bir əmək qabiliyyəti
olmayan ailə üzvü üçün (40-42,
44-cü maddələr) - yaşa görə minimum
pensiyanın 20 faizi məbləğində;
I qrup əlillərə - onlara qulluq
üçün - yaşa görə minimum pensiyanın
50 faizi məbləğində.
Maddə 82. Ailə başçısını
itirməyə görə pensiyalar
Bu Qanunun 80-ci maddəsində göstərilən
şəxslər sırasından vəfat etmiş
şəxslərin öhdəsində olan əmək
qabiliyyəti olmayan (40 - 42,
44-cü maddələr) ailə üzvlərinə
ailə başçısını itirməyə görə pensiya
bu Qanunun 83-cü maddəsində nəzərdə
tutulan əmək haqqını nəzərə almaqla,
vəfat edənin orta aylıq əmək haqqı
məbləğini pensiya almaq hüququna
malik olan ailə üzvlərinin sayına
bölmək yolu ilə təyin edilir.
Bu halda ailənin ayrılıqda hər
bir üzvü üçün pensiyanın məbləği
bu Qanunun 47, 83-cü maddələri
tətbiq edilməklə hesablanmış pensiya
məbləğindən az ola bilməz.
Vəfat edənin uşaqlarına və əmək
qabiliyyəti olmayan valideynlərinə
pensiyalar onların ailə başçısının
öhdəsində olub-olmadıqlarından
asılı olmayaraq təyin edilir.
Ailə başçısını itirməyə görə pensiyanın
minimum məbləği yaşa görə minimum
pensiyanın 100 faizi məbləğində
müəyyən edilir.
Vəfat edənin uşaqlarının ailə
başçısını itirməyə görə pensiyalarının
üzərinə, valideynlərinin, növündən
asılı olmayaraq aldıqları pensiyaların
üzərinə hər ay yaşa görə minimum
pensiyanın 50 faizi məbləğində
əlavə hesablanır.
Maddə 83. Pensiya hesablanarkən
nəzərə alınan əmək haqqı
Pensiya səhhətə zərər vurulandan,
əlillik və ya ölüm baş verəndən
əvvəlki 12 ayın əmək haqqından,
yaxud Azərbaycan Respublikası
Nazirlər Kabinetinin təsdiq etdiyi
Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş
əmək haqqından hesablanır.
Bu qanunun 80-ci maddəsində göstərilmiş
şəxslərin arzusu ilə onların pensiyası
müraciətləri əsasında müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş respublika üzrə
orta aylıq əmək haqqının bir mislindən
hesablana bilər.
Maddə 84. Pensiyaların
məbləğinə yenidən baxılması
Pensiyaların məbləğinə, o cümlədən
minimum pensiyaların məbləğinə
şərti maliyyə vahidinin məbləği
və dolanacaq xərclərinin indeksi
dəyişdikcə, yaxud səhhətə dəyən
zərərin ödənilməsi barədə Qaydalarda
göstərilən digər hallarda yenidən
baxılır.
Maddə 85. Pensiyaların
təyin edilməsi və ödənilməsi qaydası
Bu bölmədə göstərilən pensiyalar
təyin edilərkən və ödənilərkən
Qanunun 95-111-ci maddələri tətbiq
olunur.
VI. Pensiyaların yenidən hesablanması
Maddə 86.- Çıxarılıb
Maddə 87. Ümumi iş stajının
artmasına görə natamam stajla
pensiyaların yenidən hesablanması
Natamam stajla pensiyaların məbləği
müəyyən edilərkən nəzərə alınmış
ümumi iş stajı pensiyaçının işləməsi
ilə əlaqədar 2 il və daha çox
artarsa, pensiya yenidən hesablanır.
Natamam stajla pensiyanın hər
növbəti hesablanması pensiyaçı
əvvəlki hesablamadan sonra azı
2 il işlədikdə aparıla bilər.
Pensiyaçı işi davam etdirərək
tam pensiya təyin edilməsi üçün
kifayət qədər staj topladıqda
pensiya təyin edildikdən sonra
keçmiş müddətdən asılı olmayaraq
onun ərizəsi üzrə pensiya yenidən
hesablanır.
Maddə 88. Ailə vəziyyətində
dəyişikliklə, işə qəbul olunmaqla
və ya işi dayandırmaqla əlaqədar
pensiyanın yenidən hesablanması
Pensiya təyin edildikdən sonra
ailə vəziyyətində dəyişikliklə,
işə qəbul olunmaqla və ya işi
dayandırmaqla əlaqədar pensiyaçı
ailənin əmək qabiliyyəti olmayan
üzvləri üçün əlavə almaq hüququ
əldə etdikdə və ya itirdikdə,
yaxud bu əlavənin məbləği dəyişdirilməli
olduqda pensiya yenidən hesablanır.
Maddə 89. Pensiyaların
məbləğinin gəlirin yüksəlməsi
ilə əlaqədar artırılması
Pensiyaların məbləği respublikada
orta aylıq əmək haqqının yüksəlməsi
ilə əlaqədar olaraq müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə
qanunvericilikdə müəyyən edilmiş
qaydada artırılır.
Qaçqın və məcburi köçkünlərin
orta aylıq əmək haqqı barədə sənədləri
təqdim etmək mümkün olmadıqda
onların pensiyaları işləmiş olduqları
xalq təsərrüfatının sahələri üzrə
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş hər
ilin yekununa görə müəyyən edilən
orta aylıq əmək haqqından yenidən
hesablanır.
VII. Sosial pensiyalar
Maddə 90. Sosial pensiya
almaq hüququ olan vətəndaşlar
Sosial pensiyalar aşağıdakı əmək
qabiliyyəti olmayan işləməyən
vətəndaşlara onların əmək pensiyası
almaq hüququ olmadıqda təyin edilir
və ödənilir:
ümumi xəstəlik nəticəsində I,
II və III qrup əlillərə;
67(1) yaşına çatmış kişilərə,
62(1) yaşına çatmış qadınlara;
57(1) yaşına çatmış, 3 və daha
çox uşaq doğub 8 yaşınadək tərbiyə
etmiş analara;
uşaqlıqdan əlil olanların 57(1)
yaşına çatmış analarına, onlar
həmin uşaqları 8 yaşınadək tərbiyə
etmişlərsə;
ailə başçısını itirmiş uşaqlara
(40-cı maddənin bəndi);
vəfat etmiş ailə başçısının
8 yaşına çatmamış uşaqlarına,
qardaşlarına, bacılarına, nəvələrinə
qulluq edən və işləməyən valideynlərdən
birinə və ya ərə (arvada), yaxud
babaya, nənəyə, qardaşa, bacıya
yaşından və əmək qabiliyyətindən
asılı olmayaraq.
Sosial pensiya əmək pensiyası
almaq hüququ olmayan I, II və
III qrup uşaqlıqdan əlillərə və
eləcə də 16 yaşına çatmamış əlil
uşaqlara da təyin olunur.
Maddə 91. Sosial pensiyaların
məbləği
Sosial pensiyalar aşağıdakı məbləğdə
təyin edilir:
a) I qrup əlillərə, II qrup uşaqlıqdan
əlillərə, eləcə də 16 yaşına çatmamış
əlil uşaqlara - yaşa görə minimum
pensiyanın 100 faizi məbləğində;
b) II qrup əlillərə (uşaqlıqdan
əlillərdən başqa), ailə başçısını
itirmiş uşaqlara, habelə 90-cı
maddənin üçüncü, dördüncü və beşinci
abzaslarında nəzərdə tutulmuş
şəxslərə - yaşa görə minimum pensiyanın
80 faizi məbləğində;
c) III qrup əlillərə - yaşa görə
minimum pensiyanın 50 faizi məbləğində.
Maddə 92. Sosial pensiyalara
əlavələr
16 yaşına çatmamış əlil uşaqlara
və I qrup uşaqlıqdan və ümumi
səbəbdən əlillərə qulluq üçün
onlara təyin olunmuş sosial pensiyanın
50 faizi məbləğində əlavə verilir.
Maddə 93. Sosial pensiyaları
və ya əmək pensiyalarına əlavəni
seçmək hüququ
Eyni zamanda sosial pensiya və
ya əmək qabiliyyəti olmayan ailə
üzvləri üçün əmək pensiyasına
əlavə almaq hüququ olduqda müraciət
edənin arzusu ilə sosial pensiya
təyin edilir və ya əmək pensiyasına
əlavə verilir.
Maddə 94. Sosial pensiyanın
təyin edilməsi və ödənilməsi qaydası
Sosial pensiyalar təyin edilərkən
və ödənilərkən müvafiq olaraq
bu Qanunun 95-101, 103-114-cü
maddələri tətbiq edilir.
VIII. Pensiyaların təyin edilməsi
Maddə 95. Pensiyaların
təyin edilməsi üçün müraciət
İşləyən vətəndaşlara və onların
ailə üzvlərinə (ailə başçısı itirildikdə)
pensiya təyin edilməsi haqqında
ərizə axırıncı iş yerinin müdiriyyətinə
(idarə heyətinə) verilir.
Müdiriyyət (idarə heyəti) həmkarlar
ittifaqı komitəsi ilə birlikdə
ərizənin alındığı vaxtdan etibarən
10 gün müddətində iş stajı və
gəlir haqqında lazımi sənədləri
hazırlayır və rəsmiləşdirir, verilmiş
ərizə və öz təqdimatı ilə birlikdə
onları ərizəçinin yaşayış yeri
üzrə rayon (şəhər) sosial təminat
şöbəsinə göndərir.
Pensiya üçün müraciət etmiş şəxs
onu pensiya təyin olunmasına təqdim
etməkdən imtina edilməsi haqqında
müdiriyyətin (idarə heyətinin)
və həmkarlar ittifaqı komitəsinin
qərarı ilə razılaşmadıqda bilavasitə
rayon (şəhər) sosial təminat şöbəsinə
pensiya təyin edilməsi haqqında
ərizə verə bilər.
Digər şəxslərə və onların ailə
üzvlərinə pensiya təyin edilməsi
haqqında ərizə bilavasitə ərizəçinin
yaşayış yeri üzrə rayon (şəhər)
sosial təminat şöbəsinə verilir.
Sosial təminat şöbələri pensiyaların
təyin edilməsi məsələləri barəsində
izahat və arayış verməyə, habelə
lazımi sənədlərin alınmasında
ərizəçiyə köməklik göstərməyə
borcludurlar.
Sosial təminat şöbələrinin müəssisələrdən,
təşkilatlardan və ayrı-ayrı şəxslərdən
müvafiq sənədlər tələb etmək,
habelə zəruri hallarda onların
verilməsinin əsaslılığını yoxlamaq
hüququ vardır.
Maddə 96. Pensiya təyin
edən orqanlar
Pensiyalar ərizəçinin daimi yaşayış
yeri üzrə rayon (şəhər) sosial
təminat orqanları tərəfindən təyin
edilir.
Pensiya təyin edən orqanların
qərarından rayon (şəhər) icra
hakimiyyətinə və ya xalq məhkəməsinə
şikayət edilə bilər.
Maddə 97. Sənədlərə baxılması
müddətləri
Pensiyaların təyin edilməsi haqqında
sənədlərə pensiya təyin edən orqanlar
onların daxil olduğu vaxtdan ən
geci 10 gün keçənədək baxırlar.
Sosial təminat şöbəsi pensiya
təyin olunmasının rədd edilməsi
barədə qərarı 5 gün ərzində rədd
cavabının səbəblərini göstərərək
bütün sənədlərlə birlikdə idarəyə,
müəssisəyə, təşkilata və ya ərizəçiyə
göndərir.
Maddə 98. Pensiyaların
təyin edilməsi müddətləri
Yaşa və əlilliyə görə pensiyalar,
pensiya yaşının çatdığı və ya
əlilliyin müəyyən olunduğu gündən
ən geci 3 ay müddətində pensiya
üçün müraciət edildikdə pensiya
yaşının çatdığı gündən və ya müvafiq
surətdə həkim-əmək ekspert komissiyası
tərəfindən əlilliyin müəyyən olunduğu
gündən təyin edilir.
Müddətli xidmət hərbi qulluqçularına
əlilliyə görə pensiyalar onların
qospitaldan çıxdıqları gündən,
lakin hərbi xidmətdən buraxıldıqları
gündən tez olmayaraq bu şərtlə
təyin edilir ki, qospitaldan çıxdıqları
gündən ən geci 3 ay keçənədək
həkim-əmək ekspert komissiyası
tərəfindən onların əlilliyi müəyyən
edilsin və onlar pensiya almaq
üçün müraciət etsinlər.
Ailə başçısı itirildikdə pensiyalar
pensiya almaq hüququnun yarandığı
gündən tez olmamaq şərti ilə pensiya
üçün müraciətdə əvvəlki 12 aydan
çox olmayan müddət üçün təyin
edilir.
Digər hallarda pensiyalar müraciət
edildiyi gündən təyin edilir.
Maddə 99. Təyin olunmuş
pensiyaların yenidən hesablanması
müddətləri
Təyin olunmuş pensiyalar aşağıdakı
müddətlərdə yenidən hesablanır:
pensiyanın artırılması hüququ
yarandıqda, ərizə bütün lazımi
sənədlərlə birlikdə ayın 15-dək
verilmişdirsə - müraciət edilən
ayın 1-dən, ayın 15-dən gec təqdim
edilmişdirsə - növbəti ayın 1-dən;
pensiyanın azaldılmasına səbəb
olduqda - bu səbəbin baş verdiyi
aydan sonrakı ayın 1-dən.
Maddə 100. Bir pensiyadan
başqa pensiyaya keçirilmə
Bir pensiyadan başqa pensiyaya
keçirilmə lazımi əlavə sənədlər
təqdim edilməklə müvafiq ərizənin
verildiyi gündən aparılır.
IX. Pensiyaların ödənilməsi
Maddə 101. Pensiyaların
yaşayış yerində ödənilməsi
İşləməyən pensiyaçıların pensiyaları
pasport qeydiyyatından asılı olmayaraq
faktik yaşayış yeri üzrə ödənilir.
Maddə 102. Pensiyaların
iş yeri üzrə ödənilməsi
İşləyən pensiyaçılara pensiyalar
sosial sığorta vəsaiti hesabına
iş yerində ödənilir. Pensiyalar
ayın ikinci yarısının əmək haqqı
ilə bir vaxtda keçən ay üçün verilir.
Maddə 103. Pensiya verilməsinə
təsir edən şərtlərin dəyişdiyi
barədə pensiyaçıların, eləcə də
idarə, müəssisə və təşkilat rəhbərlərinin
sosial təminat orqanlarına məlumat
vermək vəzifəsi
Pensiyaların məbləğinin dəyişməsinə
və ödənilməsinin dayandırılmasına
səbəb ola biləcək hallar yarandıqda
pensiyaçı bu barədə sosial təminat
orqanlarına məlumat verməyə borcludur.
İdarənin, müəssisənin və təşkilatın
rəhbərliyi pensiyaçıları işə qəbul
edərkən bu barədə 5 gün ərzində
müvafiq sosial təminat orqanlarına
məlumat verməlidir.
Bu vəzifələrin yerinə yetirilmədiyi
və həmin səbəbdən pensiyaçıya
artıq pul verildiyi hallarda idarə
(təşkilat) və ya pensiyaçı dəymiş
zərəri sosial təminat orqanlarına
ödəməlidir.
Maddə 104. Pensiyaçının
sui-istifadə etməsi nəticəsində
artıq ödənilmiş pensiya məbləğinin
tutulması
Pensiyaçının sui-istifadəyə əl
atması (qəsdən düzgün məlumat
yazılmayan sənədlər təqdim etməsi,
əmək haqqını və ya başqa gəlirini
gizlətməsi, ailə üzvlərinin tərkibindəki
dəyişikliklər haqqında məlumat
verməməsi) nəticəsində artıq ödənilmiş
pensiya məbləği sosial təminat
orqanlarının qərarı ilə tutulur.
Başqa əsaslara görə tutulan məbləğlərdən
əlavə, bu halda pensiyadan tutulan
məbləğ pensiyaçıya ödənilməli
olan məbləğin 20 faizindən artıq
ola bilməz. Qanunvericilikdə müəyyən
edilmiş bütün tutulan məbləğ pensiyaçıya
veriləcək pensiya məbləğinin 50
faizindən artıq ola bilməz.
Borc ödənilib qurtarmamış pensiya
verilməsi dayandırılarsa borcun
qalan hissəsi könüllü və ya məhkəmə
qaydasında qaytarılır.
Maddə 105. Etibarnamə
üzrə pensiya ödənilməsi və onun
rəsmiləşdirilməsi qaydası
Pensiyalar etibarnamə üzrə də
ödənilə bilər. Etibarnamə üç il
müddətinədək verilə bilər.
Etibarnamədə vaxt göstərilmədikdə
o, verildiyi gündən bir il ərzində
qüvvədə qalır. Etibarnamə notarius
qaydasında və ya evlər idarəsi,
yaxud pensiyaçının yaşadığı yerdəki
digər mənzil təsərrüfatı təşkilatı
və ya pensiyaçının stasionar müalicədə
olduğu müalicə müəssisəsi tərəfindən
təsdiq edilir.
Maddə 106. Keçmiş müddət
üçün pensiyaların ödənilməsi
Pensiyanı təyin edən və ya ödəyən
orqanın təqsiri üzündən vaxtında
alınmamış pensiyanın məbləği heç
bir müddət məhdudiyyəti qoyulmadan
bütün dövr üçün ödənilir.
Maddə 107. Qocalar və
əlillər üçün internat evlərdə
yaşayan pensiyaçılara pensiya
ödənilməsi
Qocalar və əlillər üçün internat
evlərdə (pansionatlarda) yaşayan
tənha pensiyaçılara təyin olunmuş
pensiyanın 50 faizi ödənilir,
lakin bu məbləğ yaşa görə minimum
pensiyanın 100 faizindən az olmamalıdır.
Qocalar və əlillər üçün internat
evlərdə (pansionatlarda) yaşayan
pensiyaçının öhdəsində əmək qabiliyyəti
olmayan ailə üzvləri olduqda həmin
ailə üzvləri üçün hesablanmış
əlavələr tam məbləğdə ödənilir.
Gənc əlillər üçün təşkil olunmuş
əmək və istirahət evlərində yaşayan
əlillərin pensiyası tam məbləğdə
ödənilir.
Stasionar sosial xidmət müəssisələrində
yaşayan ahılların pensiyalarının
verilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 108. Pensiyaçının
stasionar müalicədə olduğu dövrdə
pensiyanın ödənilməsi
Pensiyaçının müalicə müəssisələrində
stasionar müalicədə, habelə cüzam
xəstəxanasında olduğu dövrdə onun
pensiyası tam ödənilir.
Maddə 109. Azadlıqdan
məhrumetmə müddətində pensiya
ödənilməsi
Ailə üzvləri üçün əlavə almaq
hüququ olan pensiyaçı azadlıqdan
məhrum edildikdə onun əmək qabiliyyəti
olmayan ailə üzvlərinə düşən əlavələr
tam məbləğdə ödənilir. Həmin əlavələr
pensiyadan ayrı hesablanır və
ailə üzvlərinə verilir.
Maddə 110. Pensiyaçı vəfat
etdikdə alınmamış pensiyanın ödənilməsi
və dəfn xərci verilməsi
Pensiyaçıya verilməli olan və
onun vəfatı ilə əlaqədar alınmamış
pensiya məbləğləri mirasın tərkibinə
daxil edilmədən onun ailə başçısını
itirməyə görə pensiya almalı olan
şəxslərə aid edilən ailə üzvlərinə
ödənilir.
Pensiyaçının valideynləri, əri
(arvadı), vəfat etdiyi günədək
onunla birgə yaşayan digər ailə
üzvləri, o cümlədən ailə başçısını
itirməyə görə pensiya almalı olan
şəxslərə aid edilməyən ailə üzvləri
də həmin məbləğləri almaq hüququna
malikdirlər.
Bir neçə ailə üzvü müraciət etdikdə
ödənilməli məbləğ onların arasında
bərabər bölünür.
Yuxarıda göstərilən məbləğlər
pensiyaçının ölümündən ən geci
1 il keçənədək müraciət olunubsa
ödənilir.
Pensiyaçı vəfat etdikdə onun ailəsinə
üç aylıq pensiya məbləğində dəfn
xərci verilir.
Pensiyaçını onun ailə üzvlərinə
aid olmayan şəxslər dəfn edibsə,
həmin məbləğdən artıq olmamaqla
dəfn üçün faktik çəkilmiş xərc
ödənilir.
Maddə 111. Xaricə köçmüş
vətəndaşlara pensiya ödənilməsi
Azərbaycan Respublikasından digər
dövlətlərə daimi yaşamaq üçün
köçmüş vətəndaşlara pensiya təyin
edilmir.
Azərbaycan Respublikası vətəndaşlığını
saxlamış şəxslərin xaricdə olduqları
müddətdə onlara Azərbaycan Respublikasında
təyin edilmiş pensiyalar arzularına
görə Azərbaycan Respublikası banklarında
olan şəxsi hesablarına və ya öz
vəsaitləri hesabına yaşadıqları
ölkələrə köçürülür.
Pensiyaçı daimi yaşamaq üçün xaricə
köçdükdə getməzdən əvvəl ona Azərbaycan
Respublikasında təyin edilmiş
pensiyanın 6 aylıq məbləği qabaqcadan
ödənilir. Azərbaycan Respublikası
vətəndaşlığından çıxmış şəxslər
xaricdə olduqları müddətdə onlara
ancaq əmək zədəsi və ya peşə xəstəliyi
nəticəsində təyin edilmiş pensiyalar
ödənilir. Bu pensiyaların başqa
dövlətlərə keçirilməsi qaydası
Azərbaycan Respublikası qanunvericiliyi
ilə müəyyən edilir.
Azərbaycan Respublikası ilə başqa
dövlətlər arasında sosial təminat
haqqında sazişlərdə (müqavilələrdə)
bu Qanundan fərqli qaydalar nəzərdə
tutulduqda həmin sazişlərdə (müqavilələrdə)
müəyyən edilmiş qaydalar tətbiq
olunur.
X. Qanunun qüvvəyə minməsi ilə
əlaqədar əvvəl təyin edilmiş
pensiyaların yenidən hesablanması
Maddə 112. Əvvəllər təyin
edilmiş pensiyaların yenidən hesablanması
Vətəndaşların əvvəllər təyin edilmiş
pensiyaları bu Qanunun qüvvəyə
minməsi ilə əlaqədar olaraq pensiya
işində olan yaşa, staja, gəlirə
dair və digər sənədlər əsasında
yenidən hesablanır.
Pensiyaçı sonralar bu Qanunun
qüvvəyə minməsi ilə əlaqədar olaraq
pensiyanın artırılmasına hüquq
verən əlavə sənədlər (iş stajı,
gəlir, ailə vəziyyəti və s. haqqında)
təqdim edərsə, keçmiş müddət üçün
əlavə sənədlərin təqdim edildiyi
gündən əvvəlki 12 aydan çox və
Qanunun qüvvəyə mindiyi gündən
tez olmayaraq pensiya bu Qanunun
normaları əsasında yenidən hesablanır.
Bu Qanunla yenidən hesablanmış
pensiyanın məbləği əvvəllər təyin
edilmiş pensiyanın məbləğindən
az olarsa, pensiya əvvəlki məbləğdə
ödənilir.
Maddə 113. Pensiyalar
yenidən hesablanarkən nəzərə alınan
gəlir
Əvvəllər qüvvədə olmuş qanunvericilik
üzrə təyin edilmiş pensiyalar
pensiyaçıların arzusu ilə onların
bu Qanun qüvvəyə minənədək, yaxud
onlara pensiya təyin ediləndən
əvvəlki 2 ilin və ya 5 ilin orta
aylıq əmək haqqından, yaxud əvvəllər
pensiyanın hesablanması üçün əsas
götürülmüş əmək haqqından bu Qanunun
71-74, 78, 79-cu maddələri tətbiq
edilməklə yenidən hesablanır.
1 yanvar 1993-cü il tarixdən əvvəlki
dövrdə pensiya hesablanması üçün
əsas götürülmüş əmək haqqı 1996-cı
ilin yekununa görə respublika
üzrə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş
orta aylıq əmək haqqı məbləğinin
pensiya hesablanması üçün nəzərə
alınmış əmək haqqının ödənildiyi
ildə mövcud olmuş orta aylıq əmək
haqqının məbləğinə olan nisbəti
dəfə artırılır. Bu zaman rublla
hesablanmış əmək haqqı bu Qanun
qüvvəyə minən tarixə olan vəziyyətə
elan edilmiş manata nisbətdə rəsmi
kurs üzrə nəzərə alınır.
Maddə 114. Qanunun qüvvəyə
minməsi ilə əlaqədar güzəştli
şərtlərlə pensiya təyin edilməsi
Bu Qanun qüvvəyə minənədək qüvvədə
olan qanunvericilikdə nəzərdə
tutulmuş zərərli və ağır işlərdə
çalışan şəxslərə yaşa görə pensiyalar
aşağıdakı şərtlərlə təyin edilir:
a) bu Qanunun qüvvəyə mindiyi
günədək göstərilən işlərdə güzəştli
şərtlərlə pensiya almaq hüququ
verən tam stajı olan şəxslərə
pensiyalar yaşa və staja görə
əvvəllər qüvvədə olan qanunvericilikdə
müəyyən edilmiş tələblərə müvafiq
surətdə bu Qanunda nəzərdə tutulan
məbləğlərdə təyin edilir.
b) zərərli və ağır əmək şəraitində
tam iş stajına malik olmayan şəxslərə
güzəştli şərtlərlə pensiya təyin
olunması üçün bu Qanunun 12-ci
maddəsində müəyyənləşdirilmiş
yaş həddi 13-cü maddədə nəzərdə
tutulmuş qaydada mövcud staja
mütənasib surətdə azaldılır. Bu
zaman güzəştli şərtlərlə iş stajı
üçün əvvəlki qanunvericilikdə
müəyyən edilmiş tələblər əsas
götürülür.
XI. Naxçıvan Muxtar Respublikasının,
Respublika Pensiya Fondunun,
yerli hakimiyyət orqanlarının,
əmək kollektivlərinin pensiyaçıların
maddi təminatı sahəsində hüquqları
Maddə 115. Naxçıvan Muxtar
Respublikasının, Respublika Pensiya
Fondunun, yerli hakimiyyət orqanlarının
hüquqları
Naxçıvan Muxtar Respublikasının
qanunvericiliyi ilə, Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə
Fondu Heyətinin, habelə yerli
hakimiyyət orqanlarının qərarları
ilə onların hüquqları daxilində
müvafiq büdcələrin vəsaiti hesabına
pensiyaçılar və əlillər üçün aşağıdakılar
müəyyən edilə bilər:
respublikada minimum istehlak
xərclərinin dəyişməsinə və əmək
haqqının artmasına müvafiq surətdə
dövlət pensiyalarının bütün növlərinə
əlavələr;
qulluğa ehtiyacı olan kimsəsiz
pensiyaçıların pensiyalarına əlavələr;
işləyən pensiyaçılara pensiya
ödənilməsinin, habelə konkret
demoqrafik vəziyyət nəzərə alınmaqla
uşaqlı qadınların yaşa görə pensiyaya
çıxmasının bu Qanuna nisbətən
daha güzəştli şərtləri;
tibbi xidmət və sanatoriya-kurort
müalicəsi üzrə güzəştlər;
mənzil sahəsinin, kommunal xidmətlərin
haqqının ödənilməsi və ictimai
nəqliyyatdan istifadə üzrə güzəştlər;
fərdi nəqliyyat vasitələrinin
(avtomobillərin, avtoarabaların
və kreslo-arabaların), yanacağın,
ərzaq məhsullarının, paltarın,
ayaqqabının və pensiyaçılara zəruri
olan başqa malların ticarətinin
təşkili və dəyərində güzəştlər;
pensiyaçılar mədəni-maarif,
teatr-tamaşa müəssisələrinə gedərkən
biletlərin dəyərinin ödənilməsi
üzrə güzəştlər;
pensiyaçıların, ən əvvəl daha
aztəminatlıların, kimsəsizlərin,
azyaşlıların, ata-anadan yetimlərin
və əlillərin, müharibə iştirakçılarının
və arxa cəbhə əməkçilərinin həyat
şəraitinin yaxşılaşdırılmasına
yönəldilmiş başqa tədbirlər.
Maddə 116. Əmək kollektivlərinin
hüquqları
Müəssisə və təşkilat müdiriyyətinin
ixtiyarı var ki, həmkarlar ittifaqı
komitəsi və əmək kollektivi şurası
ilə birlikdə istehlak fondu hesabına
həmin kollektivdə işləmiş veteranların
və əlillərin, başqa pensiyaçıların
həyat şəraitinin yaxşılaşdırılması
ilə bağlı məsələləri həll etsin,
o cümlədən:
işçinin əmək töhfəsini, ümumi
və fasiləsiz iş stajını nəzərə
almaqla dövlət pensiyasına əlavə
müəyyən etsin;
əlverişsiz əmək şəraitində,
yaxud xüsusi iqlim şəraiti olan
rayonlarda çalışan işçilər bu
Qanuna müvafiq surətdə əmək şəraitinə
görə güzəştli pensiya almaq hüququna
malik deyildirsə, onlar üçün vaxtından
qabaq pensiyalar tətbiq etsin;
kənardan yardıma ehtiyacı olan
kimsəsiz pensiyaçılara qulluq
üçün pensiyalara əlavə müəyyən
etsin;
pensiyalara fərdi əlavə tətbiq
etsin, həmin əmək kollektivi qarşısında
xüsusi xidmətləri və ilk növbədə
yüksək əmək nailiyyətləri olan
işçilər pensiyaya çıxarkən onlara
birdəfəlik müavinət versinlər.
Müəssisə və təşkilatın ixtiyarı
var ki, sosial inkişaf üçün nəzərdə
tutulmuş vəsait hesabına öz sərəncamlarında
olan mənzil sahəsinin, uşaq tərbiyə
müəssisələrində uşaqların saxlanması
pulunu ödəməklə pensiyaçılara
güzəştlər müəyyən etsinlər, yanacağın,
kommunal xidmətlərin, fərdi nəqliyyat
vasitələrinin, pensiyaçılara zəruri
olan başqa malların pulunu, mənzil,
qaraj tikintisi, bağçılıq kooperativlərində
payçılıq qaydası ilə verilməli
üzvlük haqlarını, mədəni-maarif
və teatr-tamaşa müəssisələrinə
getmək üçün biletlərin pulunu
qismən və ya tamamilə ödəsinlər,
pensiyaçılara başqa yardım göstərsinlər.
Müəssisələr və təşkilatlar pensiyaçılara
həmin müəssisə və təşkilatların
sərəncamında olan idman-sağlamlıq
komplekslərindən, istirahət evlərindən,
pansionatlardan, sanatoriyalardan,
mədəni-maarif müəssisələrindən
istifadə etmək hüququ verməyə
borcludurlar.
Azərbaycan Respublikasının
Prezidenti
Əbülfəz Elçibəy
Bakı şəhəri, 23 sentyabr 1992-ci
il
№ 305
28 iyun 1994-cü il tarixli, 839
nömrəli; 29 avqust 1995-ci il
tarixli, 1090 nömrəli; 13 iyun
1997-ci il tarixli, 321-IQD nömrəli;
26 iyun 1997-ci il tarixli, 358-IQD
nömrəli; 2 aprel 1999-cu il tarixli,
646 nömrəli; 3 mart 2000-ci il
tarixli, 817-IQD nömrəli; 26 dekabr
2000-ci il tarixli, 48-IIQ nömrəli;
2 fevral 2001-ci il tarixli, 70-IIQD
nömrəli; 20 fevral 2001-ci il
tarixli, 90-IIQD nömrəli; 27 mart
2001-ci il tarixli, 108-IIQD nömrəli;
23 noyabr 2001-ci il tarixli,
№ 219-IIQD nömrəli; 30 aprel 2002-ci
il tarixli, 316-IIQD nömrəli;
24 may 2002-ci il tarixli, 333-IIQD
nömrəli; 2 iyul 2002-ci il tarixli,
356-IIQD nömrəli; 2 iyul 2002-ci
il tarixli, 357-IIQD nömrəli;
30 sentyabr 1997-ci il tarixli,
375-IQD nömrəli; 3 dekabr 2002-ci
il tarixli, 398-IIQD nömrəli;
6 yanvar 2004-cü il tarixli, 569-IIQD
nömrəli; 13 yanvar 2004-cü il
tarixli, 589-IIQD nömrəli qanunlara
və 29 dekabr 1999-cü il tarixli;
22 may 2001-ci il tarixli Konstitusiya
Məhkəməsinin qərarlarına əsasən
dəyişikliklər və əlavələrlə
(1) Bu Qanunun 12, 13, 15, 16,
19, 35, 40, 53-cü maddələrində
və 90-cı maddənin üçüncü, dördüncü,
beşinci abzaslarında nəzərdə tutulmuş
yaş hədləri 1997-ci il avqustun
1-dən başlayaraq 2000-ci il avqustun
1-dək hər il altı ay artırılır
(Azərbaycan Respublikasının 13
iyun 1997-ci il tarixli 321-IQD
nömrəli Qanununun 1-ci bəndi).
"Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
2006-cı il büdcəsi haqqında"
Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və əlavələr edilməsi
barədə Azərbaycan Respublikasının
Qanunu - 26 may 2006-cı il.
"Əmək pensiyaları haqqında
" Azərbaycan Respublikasının
Qanununu - 7 fevral 2006-cı il
"Sosial müavinətlər haqqında
" Azərbaycan Respublikasının
Qanununu - 7 fevral 2006-cı il
"Ünvanli dövlət sosial
yardimi haqqinda" Azərbaycan
Respublikasinin
Qanunu - 21 oktyabr 2005-cı il
"Sosial sığorta haqqında"
Azərbaycan Respublikasının Qanununa
əlavə və dəyişikliklər edilmişdir.
Qanunun son versiyası - 05 yanvar
2006-cı il № 250-IQ
"Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondunun
2006-cı il büdcəsi haqqında"
Azərbaycan Respublikasının qanunu
- 21 oktyabr 2005-ci il № 1027-IIQ
"Sığorta haqqında"
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər və əlavələr edilməsi
barədə - 3 dekabr 2004-cü il №
794-IIQD
"Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondunun
2005-ci il büdcəsi haqqında"
Azərbaycan Respublikasının qanunu
- 3 dekabr 2004-cü il № 790-IIQ
"Sığorta haqqında"
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər və əlavələr edilməsi
barədə -18 iyun 2004-cü il № 700-IIQD
"Məşğulluq haqqında"
Azərbaycan Respublikasının Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik
aktlarının qüvvədən düşmüş hesab
edilməsi və bəzi qanunlarına dəyişikliklər
və əlavələr edilməsi barədə -
01.06.2004 № 679-IIQD
Dövlət qulluqçularinin pensiya
təminati haqqinda Azərbaycan Respublikasinin
Qanunu - 01.06.2004
"Məhkəmələr və hakimlər
haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişikliklər
edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi
ilə əlaqədar "Vətəndaşların
pensiya təminatı haqqında"
Azərbaycan Respublikasının Qanununa
dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikasının qanunu -13 yanvar
2004-cü il № 589-IIQD
"Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondunun
2004-cü il büdcəsi haqqında"
Azərbaycan Respublikasının qanunu
- 28 noyabr 2003-cü il № 517-IIQ
"Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondunun
2003-cü il büdcəsi haqqında"
Azərbaycan Respublikasının qanunu
- 22 noyabr 2002-ci il №381-IIQ
"Dövlət sosial sığorta
sistemində fərdi uçot haqqında"
Azərbaycan Respublikasının qanunu
-
27 noyabr 2001-ci il №221-IIQ
"Özəlləşdirilən dövlət
müəssisələrinin, aqrar islahatları
nəticəsində ləğv olunmuş və işğal
altında olan rayonların təsərrüfat
subyektlərinin borcları haqqında"
Azərbaycan Respublikasının qanunu
-
24 oktyabr 2000-ci il №937-IQ
"Məcburi dövlət sosial
sığorta ödəmələri üzrə borcların
tənzimlənməsi haqqında" Azərbaycan
Respublikasının qanunu - 9 dekabr
1997-ci il №406-IQ
"Qrant haqqında" Azərbaycan
Respublikasının qanunu 17 aprel
1998-ci il №483-IQ
"Sosial sığorta haqqında"
Azərbaycan Respublikasının qanunu
-18 fevral 1997-ci il №250-IQ
"Vətəndaşların pensiya
təminatı haqqında" Azərbaycan
Respublikasının qanunu -23 sentyabr
1992-ci il №305