| |
"Əhalinin
sağlamlığının qorunması haqqında"
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Əhalinin
sağlamlığının qorunması haqqında"
Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanununun tətbiq edilməsini təmin
etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti iki ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının
"Əhalinin sağlamlığının qorunması
haqqında" Azərbaycan Respublikası
Qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim
etsin;
- Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ-hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin
etsin və bu haqda Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
2. Müəyyən edilsin ki:
- "Əhalinin sağlamlığının qorunması
haqqında" Azərbaycan Respublikası
Qanununun 10-cu maddəsinin ikinci
hissəsində, 15-ci maddəsində, 18-ci
maddəsinin birinci hissəsinin beşinci
abzasında, 30-cu maddəsinin dördüncü
hissəsində (hamiləliyin süni surətdə
pozulmasına dair sosial göstərişlərin
siyahısının müəyyən edilməsi), 35-ci
maddəsinin birinci hissəsində, 44-cü
maddəsinin üçüncü hissəsində, 46-cı
maddəsinin beşinci hissəsində, 56-cı
maddəsinin üçüncü və beşinci hissələrində
nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər
Kabineti həyata keçirir; həmin Qanunun
4-cü maddəsində nəzərdə tutulmuş
"Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini, habelə Qanunun
11-ci maddəsinin birinci hissəsində,
18-ci maddəsinin birinci hissəsinin
ikinci abzasında, 24-cü maddəsinin
ikinci hissəsində, 30-cu maddəsinin
dördüncü hissəsində (hamiləliyin
süni surətdə pozulmasına dair tibbi
göstərişlərin siyahısının müəyyən
edilməsi), 31-ci maddəsinin ikinci
hissəsində, 32-ci maddəsinin beşinci
hissəsində, 33-cü maddəsinin dördüncü
hissəsində, 34-cü maddəsinin ikinci
hissəsində, 41-ci maddəsinin birinci
hissəsində, 45-ci maddəsinin birinci
hissəsində, 46-cı maddəsinin ikinci
hissəsində, 48-ci maddəsinin ikinci
hissəsində, 49-cu maddəsinin üçüncü
hissəsində, 50-ci maddəsinin üçüncü
hissəsində nəzərdə tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi həyata keçirir;
- həmin Qanunun 35-ci maddəsinin
üçüncü hissəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi maraqlı nazirliklər
və idarələrlə birlikdə həyata keçirir;
- həmin Qanunun 39-cu maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla
həyata keçirir;
- həmin Qanunun 43-cü maddəsinin
beşinci hissəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
- "Əhalinin sağlamlığının qorunması
haqqında" Azərbaycan Respublikası
Qanununun pozulmasına görə məsuliyyət
növlərini müəyyən edən qanunvericilik
aktlarının layihələrini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin; həmin Qanuna və bu
Fərmanın 2-ci bəndinin ikinci abzasında
nəzərdə tutulmuş səlahiyyətlərinə
uyğun olaraq: dövlət tibb müəssisələrində
göstərilən pullu ixtisaslaşdırılmış
tibbi yardımın növlərini; işə qəbul
zamanı və iş müddəti ərzində işəgötürənin
vəsaiti hesabına yoluxucu və peşə
xəstəliklərinin qarşısının alınması
məqsədi ilə məcburi dövri tibbi
müayinədən keçirilən işçilərin peşə
növlərinin siyahısını; yetkinlik
yaşına çatmayanların güzəştli şərtlərlə
qidalanmaq və tibbi-sosial yardım
almaq hüquqlarının təmin edilməsi
qaydasını; hamiləliyin süni pozulmasına
dair sosial göstərişlərin siyahısını;
ictimai təhlükəli xəstəliklərin
siyahısını; hərbi-həkim ekspertizasının
təşkili və aparılması qaydasını;
hərbi qulluqçuların, hərbi xidmətə
çağırılan və ya müqavilə (kontrakt)
üzrə hərbi qulluğa daxil olan vətəndaşların
sağlamlığının vəziyyətinə dair tələbləri;
xarici ölkələrdə hazırlıq alan tibb
və əczaçılıq işçilərinin Azərbaycan
Respublikasında tibb və əczaçılıq
fəaliyyəti ilə məşğul olmağa buraxılması
qaydasını; təhlükəli və ya zərərli
əmək şəraiti ilə əlaqədar əlavə
haqq, kompensasiya və ya digər güzəştlər
almaq hüququna malik olan tibb və
əczaçılıq işçilərinin siyahısını;
xidməti vəzifələrini yerinə yetirərkən
həlak olmuş dövlət səhiyyə müəssisələrinin
tibb və əczaçılıq işçilərinin ailələrinə
verilən birdəfəlik müavinətin miqdarını
müəyyən edən müvafiq normativ-hüquqi
aktları qəbul etsin və bu haqda
Azərbaycan Respublikası Prezidentinə
məlumat versin;
- öz səlahiyyəti daxilində həmin
Qanundan irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə tapşırılsın ki, iki
ay müddətində:
- Nazirlik haqqında yeni Əsasnamə
layihəsini hazırlayıb təsdiq olunmaq
üçün Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
həmin Qanuna və bu Fərmanın 2-ci
bəndinin üçüncü, dördüncü və beşinci
abzaslarında nəzərdə tutulmuş səlahiyyətlərinə
uyğun olaraq:
dövlət səhiyyə sisteminin uşaq və
yeniyetmə tibb xidməti müəssisələrində
yetkinlik yaşına çatmayanların pulsuz
dispanser nəzarətində olması və
müalicəsi qaydasını;
hamiləliyin süni surətdə pozulmasına
dair tibbi göstərişlərin siyahısını;
tibbi sterilizasiyaya dair göstərişləri;
ilkin tibbi sanitariya yardımının
göstərilməsi qaydasını;
təcili və təxirəsalınmaz tibbi yardımın
göstərilməsi qaydasını;
ixtisaslaşdırılmış tibbi yardımın
növlərini, həcmini, keyfiyyət standartlarını
və göstərilməsi qaydasını;
tibbi-sosial yardımın növlərini
və həcmini; insanın ölüm anının
müəyyən edilməsi, reanimasiya tədbirlərinin
dayandırılması meyarlarını və qaydasını;
patoloji-anatomik yarmanın aparılması
qaydalarını;
ali tibb və əczaçılıq təhsilini
başa vurmamış şəxslərin orta tibb
təhsilli işçi vəzifəsində tibb və
əczaçılıq fəaliyyəti ilə məşğul
olmağa buraxılması qaydasını;
səhiyyə mütəxəssislərinin peşə,
bilik və bacarıqlarının dövlət standartlarına,
tibb və əczaçılıq peşələrinin nomenklaturasına
uyğun olan fəaliyyət üçün vacib
olan diaqnostika, müalicə, profilaktika
və sağlamlığı möhkəmləndirmə metodlarının
məcmusunu müəyyən edən normativ-hüquqi
aktları qəbul etsin və bu haqda
Azərbaycan Respublikası Prezidentinin
icra Aparatına məlumat versin;
- öz səlahiyyəti daxilində həmin
Qanundan irəli gələn digər məsələləri
həll etsin.
Heydər ƏLİYEV Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 1997-ci il
|
|