| |
«Yoluxucu
xəstəliklərin immunoprofilaktikası
haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
«Yoluxucu xəstəliklərin
immunoprofilaktikası haqqında» Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiq
edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının
«Yoluxucu xəstəliklərin immunoprofilaktikası
haqqında» Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması barədə
təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
- «Yoluxucu xəstəliklərin immunoprofilaktikası
haqqında» Azərbaycan Respublikası
Qanununun pozulmasına görə məsuliyyət
növlərini müəyyən edən qanunvericilik
aktının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim
etsin;
- həmin Qanunun 5-ci maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş
epidemik göstərişlərə görə profilaktik
peyvəndlərin aparılma müddətini
və qaydasını müəyyən etsin;
- həmin Qanunun 6-cı maddəsinin
altıncı hissəsində nəzərdə tutulmuş
profilaktik peyvəndlərin məcburi
aparılması tələb olunan işlərin
siyahısını müəyyən etsin;
- həmin Qanunun 15-ci maddəsinin
dördüncü hissəsində nə-zərdə tutulmuş
ölümə səbəb olan postvaksinal fəsadlara
görə birdəfəlik müavinət almaq hüququ
olan ailə üzvlərinin siyahısını
və həmin müavinətin həcmini müəyyən
etsin;
- bu Fərmanın 2-ci bəndində Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
səlahiyyətlərinə aid edilmiş digər
məsələlərə dair müvafiq normativ
hüquqi aktların işlənib hazırlanmasını
və təsdiq edilməsini təmin etsin;
- öz səlahiyyətləri daxilində «Yoluxucu
xəstəliklərin immunoprofilaktikası
haqqında» Azərbaycan Respublikasının
Qanunun-dan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
- «Yoluxucu xəstəliklərin immunoprofilaktikası
haqqında» Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinin birinci
və ikinci hissələrində, 6-cı maddəsinin
altıncı hissəsində və 15-ci maddəsinin
birinci və dördüncü hissələrində
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti
həyata keçirir;
- həmin Qanunun 4-cü maddəsinin
birinci hissəsində, 6-cı maddəsinin
üçüncü və dördüncü hissələrində,
7-ci maddəsinin birinci hissəsində,
10-cu və 12-ci maddələrində və 13-cü
maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
həyata keçirir;
- həmin Qanunun 4-cü maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanları»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi, Daxili İşlər
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi,
Ədliyyə Nazirliyi, Hərbi Əks-kəşfiyyat
Xidməti və Ali Dövlət Hakimiyyəti
və İdarəetmə Orqanlarını Baş Mühafizə
İdarəsi həyata keçirirlər;
- həmin Qanunun 6-cı maddəsinin
birinci hissəsində «xüsusi razılıq
alan hüquqi və fiziki şəxslər» dedikdə
Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 4 oktyabr tarixli, 637
nömrəli Fərmanı ilə təsdiq olunmuş
«Xüsusi razılıq (lisenziya) tələb
olunan fəaliyyət növlərinin və onları
verən icra hakimiyyəti orqanlarının
siyahısı»nın 36-cı bəndinə müvafiq
olaraq xüsusi razılıq (lisenziya)
almış hüquqi və fiziki şəxslər nəzərdə
tutulur.
Heydər ƏLİYEV Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2000-ci il
|
|