AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT
RƏMZLƏRİ
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)
I. Azərbaycan Respublikasının dövlət
rəmzləri Azərbaycan Respublikasının
Dövlət bayrağı, Azərbaycan Respublikasının
Dövlət gerbi və Azərbaycan Respublikasının
Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət
bayrağı bərabər enli üç üfüqi zolaqdan
ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir
və qırmızı zolağın ortasında bayrağın
hər iki üzündə ağ rəngli aypara ilə
səkkizguşəli ulduz təsvir edilmişdir.
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət
bayrağının və Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri, Azərbaycan
Respublikası Dövlət himninin musiqisi
və mətni Konstitusiya qanunu ilə müəyyən
edilir.
DÖVLƏT BAYRAĞI
Azərbaycanda
üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci
il noyabr ayının 9-da Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin qərarı ilə
qəbul edilmişdir. 1920-ci il aprelin
28-də Xalq Cümhuriyyəti süqut etdikdən
və Sovet hakimiyyəti qurulduqdan sonra
Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın
17-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin qərarı ilə bərpa edilmiş
və Muxtar Respublikanın dövlət bayrağı
kimi qəbul edilmişdir. Eyni zamanda
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Azərbaycan SSR Ali Soveti qarşısında
üçrəngli bayrağın Azərbaycanın rəsmi
dövlət rəmzi kimi tanınması haqqında
vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan
Respublikası Ali Soveti Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin vəsatətinə
baxmış və üçrəngli bayrağın Azərbaycanın
dövlət bayrağı kimi qəbul edilməsi haqqında
qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı
bərabər enli üç üfüqi zolaqdan ibarətdir.
Yuxarı zolaq mavi, orta zolaq qırmızı,
aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng
- Azərbaycan xalqının türk mənşəli olmasını,
qırmızı rəng - müasir cəmiyyət qurmaq,
demokratiyanı inkişaf etdirmək istəyini,
yaşıl rəng - islam sivilizasiyasına
mənsubluğunu ifadə edir. Qırmızı zolağın
ortasında bayrağın hər iki üzündə ağ
rəngli aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna
nisbəti 1:2-dir.
DÖVLƏT GERBİ
Azərbaycanın
dövlət gerbi haqqında Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın
30-da müsabiqə elan etmiş və müsabiqədən
keçəcək gerb nümunəsinin həmin ilin
mayın 28-də qəbul ediləcəyi haqqında
qərar çıxarmışdır. Lakin 1920-ci il
aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
süqut etməsi nəticəsində gerb qəbul
edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi Dövlət gerbi
ilə bağlı məsələni müzakirə edərək,
Azərbaycan SSR Ali Soveti qarşısında
Azərbaycanın Dövlət gerbinin hazırlanması
üçün yeni müsabiqənin elan olunması
haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan
Respublikası Ali Sovetinin qərarı ilə
elan olunmuşdur. 1991-1992-ci illər
ərzində müsabiqəyə Dövlət gerbinin onlarla
layihəsi təqdim olunmuş, müzakirələr
zamanı 1919-1920-ci illərdə hazırlanmış
layihələrdən birinin qəbul edilməsi
ilə bağlı təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti
1993-cü il yanvarın 19-da qəbul etdiyi
Konstitusiya Qanunu ilə 1919-1920-ci
illərdə hazırlanmış Dövlət gerbi layihələrindən
birini müəyyən dəyişikliklərlə Azərbaycan
Respublikasının Dövlət gerbi kimi təsdiq
etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi
Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.
Dövlət gerbi palıd budaqlarından və
sünbüllərdən ibarət qövsün üzərində
yerləşən şərq qalxanının təsvirindən
ibarətdir. Qalxanın üstündə Azərbaycan
Respublikasının Dövlət bayrağının rəngləri
fonunda səkkizguşəli ulduz, ulduzun
mərkəzində alov təsviri vardır.
Dövlət gerbinin qabarıq təsviri:
Azərbaycan Respublikası Prezidentinin
iqamətgahına və xidməti kabinetinə;
Azərbaycan Respublikası parlamentinin
binasına, iclas salonuna və parlament
sədrinin xidməti kabinetinə;
Azərbaycan Respublikasının bütün məhkəmələrinin,
hərbi tribunallarının binalarına, məhkəmə
iclaslarının salonlarına, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi
və Ali Məhkəməsi sədrlərinin xidməti
kabinetlərinə;
Azərbaycan Respublikası qanunvericiliyində
nəzərdə tutulmuş hallarda dövlət orqanlarının
binalarına;
Azərbaycan Respublikasının diplomatik
və ticarət nümayəndəliklərinin, konsulluq
idarələrinin binalarına vurulur.
DÖVLƏT HİMNİ
1920-ci il yanvarın 30-da Azərbaycan
Xalq Cümhuriyyətinin Nazirlər Şurası
Cümhuriyyətin milli himninin hazırlanması
haqqında qərar qəbul etdi və bu məqsədlə
Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə
elan edildi. Lakin 1920-ci il aprelin
28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın
milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan
Respublikasının Dövlət himni haqqında"
Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu
ildə böyük bəstəkar Üzeyir Hacıbəyov
və şair Əhməd Cavad tərəfindən tərtib
edilmiş "Azərbaycan marşı"
Azərbaycanın Dövlət himni kimi təsdiq
edildi.
Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
Azərbaycan,
Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
URL: www.azerbaijan.az