ŞURA DÖVLƏT MÜSTƏQİLLİYİNİN 20 İLLİYİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRDİ


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda dəyirmi masa keçirdi.
Beynəlxalq mətbuat Mərkəzində təşkil olunmuş bu tədbiri Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev açaraq dedi ki, Azərbaycan QHT sektoru 20 il ərzində çətin, eyni zamanda şərəfli bir inkişaf yolu keçmişdir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai sektorun inkişafına xüsusi diqqət yetirildiyini, bu məqsədlə BMT İnkişaf Proqramı ilə Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi” proqramının rolunu qeyd edən A.Quliyev yerli QHT resurs mərkəzlərinin yaradılmasını və QHT qanunvericiliyinin möhkəmləndirildiyini diqqətə çəkdi.

A.Quliyev 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsini və konsepsiya əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkə QHT-lərinin inkişafında yeni mərhələ açdığını və Şuranın dörd illik fəaliyyəti ərzində 1000-dən çox QHT layihəsinə dövlət büdcəsindən 7,5 milyon manatdan artıq vəsait ayrıldığını bildirdi.

Müzakirələrdə millət vəkilləri Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Fuad Muradov, tanınmış QHT rəhbərləri Telman Zeynalov, Mahizər Xəlilova, Umud Rəhimoğlu, Davud Rəhimli, Muğam Əliyev, İsrail İsgəndərov, Rauf Zeyni, Xanım Əhmədzadə, Sevgim Rəhmanov, Bəxtimşah Tağıyeva, Leyla Kərimova, həmçinin 1997-2003-cü illərdə BMT İnkişaf Proqramının məsul əməkdaşları olmuş Cəfər Cəfərov və Lütful Kəbir çıxış edərək Azərbaycan QHT-lərinin yaranma və inkişaf tarixi haqqında öz xatirə və fikirlərini bölüşdülər.

Tədbirdə dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə Şuranın nəşr etdiyi “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” kitabının təqdimatı oldu. Kitab Azərbaycan qeyri-hökumət təşkilatlarının yaranmasında və inkişafında xüsusi xidmətləri olmuş nüfuzlu dövlət məmurları, Milli Məclis deputatları və tanınmış QHT rəhbərlərinin məqalə və müsahibələrindən ibarət topludur. Təqdim olunan materiallarda QHT sektorunun formalaşması və inkişafının ayrı-ayrı mərhələləri təhlil edilmiş, 20 illik dövlət müstəqilliyi dönəmində bu sahədə əldə olunmuş nailiyyətlərə nəzər yetirilmişdir.

Mətbuat xidməti





Tarix:14/10/2011     www.udpo.az saytı Geri