Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub


Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan geniş miqyaslı islahatlar əlilliyin müəyyən olunması sistemini də əhatə edir. Bu sistemin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsində ötən dövrdə Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlığa xüsusi önəm verilib, hər iki təşkilatla faydalı məsləhətləşmələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Dünya Bankının nümayəndələri – sosial müdafiə məsələləri üzrə baş mütəxəssislər Mirey Ovadiya və Mitçel Vayner, baş iqtisadçı Sirma Demir Şeker, təcrübə rəhbəri Ahmet Levent Yener və b. ilə videoformatda keçirilən görüşdə bildirib.

Nazir müavini yeni "Əlilliyin müəyyən olunması meyarları"ndan bəhs edərək, bu meyarların ən qabaqcıl beynəlxalq təcrübələr təhlil edilməklə hazırlandığını qeyd edib. Bu zaman ÜST-ün müəyyən etdiyi standartların, həmçinin bir çox ölkələrin müsbət təcrübələrinin araşdırıldığını deyib.

H.Abdullayev tibbi modeldən sosial modelə keçidi nəzərdə tutan Funksionallığın Beynəlxalq Təsnifatından bəhs edib. Bu Təsnifat əsasında əlilliyin qiymətləndirilməsi üzrə Dünya Bankı tərəfindən ötən ilin iyul ayından göstərilən texniki dəstəyin, eləcə də bu ilin mart ayında Dünya Bankı nümayəndələrinin Funksionallıq, Əlillik və Sağlamlığın Beynəlxalq Təsnifatı üzrə keçirdiyi təlimin önəmini qeyd edib.

Əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirən Fərdi Reabilitasiya Proqramı barədə də məlumat verilib.

Görüşdə əlilliyin qiymətləndirilməsi  sisteminin təkmilləşdirilməsi işlərində  Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

 

Əlil Təşkilatları İttifaqı

 
 




Tarix:16/9/2021     www.udpo.az saytı Geri