IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.


Sumqayıt, 13 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Noyabrın 13-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində UNICEF-in Azərbaycan nümayəndəliyinin və “Azercell Telecom” MMC-nin dəstəyi ilə IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.

Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov AZƏRTAC-a bildirib ki, oyunların ilk günündə paralimpiyaçılar idmanın 7 növü üzrə mübarizə aparıblar. Gənc paralimpiyaçılar pauerliftinq, boccia, cüdo, üzgüçülük, qol-bol, taekvondo, stolüstü tennis üzrə seçmə yarışlarda iştirak ediblər.

Kamal Məmmədov oyunlara qonşu Gürcüstandan 9 idmançının da qatıldığını vurğulayıb. Qeyd edib ki, əlil arabasında idman rəqsinin ifaçıları yarışa sabah qatılacaqlar.

IV Uşaq Paralimpiya İdman Oyunlarında 140 idmançı qalib adı uğrunda mübarizə aparır.

Noyabrın 14-də oyunların rəsmi açılışı olacaq və günün ikinci yarısında qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

  




Tarix:14/11/2018     www.udpo.az saytı Geri