“Səssizliyin səsi ol!”


“Səssizliyin səsi ol!”

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi insanlara “Lal-karlar günü”nü xatırladıb.

24 sentyabr “Beynəlxalq Lal-karlar günü”nü qeyd edən “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi “Park Bulvar” alış-veriş və istirahət mərkəzində aksiya keçirib. “Səssizliyin səsi ol!” adlı aksiya çərçivəsində təşkilatın üzvləri və könüllülərdən ibarət komanda Azərbaycan Dövlət Himnini işarət dilində ifa edib.

İnsanların geniş marağına səbəb olan aksiyanın keçirilməsində məqsəd cəmiyətin aktiv təbəqəsi olan gənclərin və ümumilikdə vətəndaş cəmiyyətinin xüsusi diqqət və qayğısını eşitmə və nitq məhdudiyyətli insanlara cəmləmək olub.

Təşkilatın sədri Cəmilə Abdulova çıxışı zamanı  5 ildir ki fəaliyyət göstərən “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin dövlət qeydiyyatına alınmasının 1illiyinin də qeyd edildiyini xatırladıb.

C.Abdulova tədbirin təşkilində onlara yardım edən “Park Bulvar” rəhbərliyinə, İB-in üzvlərinə və könüllülərə xüsusi təşəkkürünü bildirib.

Tədbirdə söz alan Hüquqşünaslar Birliyinin Sədri Nicat Gözəlov digər VCT fəallarının və gənclərin də bu tip aksiyalara qoşulmalarını tövsiyyə edib. Çıxışı zamanı N.Gözəlov  Azərbaycan cəmiyyətini eşitmə və nitq məhdudiyyətli, lakin, kifayət qədər istedadlı gənclərə qarşı xüsusi qayğıyla yanaşmağa dəvət edib: “Himnin işarət dili vasitəsilə ifası zamanı səs eşidilməsə də, hər jestin arxasında bir nəfəsin dayandığını unutmayaq”.

Qeyd edək ki, tədbirə bir sıra ictimai xadimlər və vətəndaş cəmiyyəti strukturlarının rəhbərləri də təşrifləri ilə dəstək olublar. 

 

Davud Rəhimli

 




Tarix:24/9/2017     www.udpo.az saytı Geri