Masallı rayonunda maarifləndirmə tədbiri


PRESS RELİZ

Masallı rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

 “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə həyata keçirir.

Layihənin icrası məqsədilə Masallı rayonunda yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları, qadınların, kişilərin, gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbiri Masallı rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova giriş sözü ilə açaraq mövzunun aktuallığını qeyd edib, rayonda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verib.

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin nümayəndəsi öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Masallı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirib, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının vəzifə və səlahiyyətləri haqqında məlumat vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda qadın siyasətinin əsasını qoyulduğu, bu siyasətin bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, Azərbaycan Respublikasının qadın və uşaq hüquqlarının müdafiəsi üzrə mühüm beynəlxalq sənədlərə qoşulduğu, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımların atıldığını qeyd edib.

S.Qəhrəmanova valideyn məsuliyyətsizliyi, erkən nikah, boşanmaların sayının artması, ailələrə kənar şəxslərin müdaxiləsinin təsirini əsas problemlər olaraq qeyd edərək, əhalinin düşüncə tərzini dəyişməyə, insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu və hər bir şəxsin bu maarifləndirmədə iştirakının əhəmiyyətini vurğulayıb.

Layihənin eksperti Vəsilə Möhsümova çıxış edərək, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, məişət zorakılığının növləri, məişət zorakılığı barədə şikayətlərə baxılması, mühafizə orderinin verilməsi  qaydası, bu zorakılığın qarşısının alınması sahəsində tədbirlərin görülməsi haqqında məlumat verib.

O, tədbir iştirakçıları arasında interaktiv sorğular keçirərək, onların mövzu üzrə biliklərini qiymətləndirib.

Tədbirdə məişət zorakılığı sahəsində xarici ölkələrdə mövcud müsbət təcrübələr, onunla mübarizə yolları barədə məlumat verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd etmək lazımdır ki, cari ildə layihə çərçivəsində Kürdəmir, Ucar və Cəlilabad  rayonlarında maarifləndirmə tədbirləri keçirilib.

Mətbuat xidməti

 




Tarix:11/7/2017     www.udpo.az saytı Geri