Əlilliyi olan insanlara şad xəbər


 Əlillərə şad xəbər. FOTO

Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud olan insanlara dəstək” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpaetmə Mərkəzində əlillərlə görüş keçirib. Layihə rəhbəri, Vətən müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev əvvəlcə layihə haqqında ətraflı məlumat verərək, dövlətin əlillərə qayğısından danışıb: “Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları əlillər və sağlamlıq imkanları məhdud olan insanları daima diqqətdə saxlayır, onların problemlərinin həll olunması üçün müvafiq dövlət qurumlarına lazımi göstərişlər verir. Biz də cənab Prezidentin bu siyasətinin davamı olaraq, bu il QHT Şurasına sağlamlıq imkanları məhdud olan insanlar haqqında layihə təqdim etdik. Şura rəhbərliyi çox sağ olsunlar ki, bizim layihəmizi dəstəklədilər. Bunun nəticəsi olaraq, bu gün sizinlə görüşə gəlmişik.”

Daha sonra layihənin psixoloqu Elxan Xanəlizadə çıxış edərək, layihənin əhəmiyyətindən və əlillərə mənəvi-psixoloji dəstəyindən danışıb. Tədbirdə iştirak edən layihənin hüquqşünası Telman Əbilov dövlətin bu cür layihələri dəstəkləməsini alqışlayaraq, belə tədbirlərin davamlı olmasını arzuladığını bildirib.

Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Dadaş Quliyev bu günə qədər layihə çərçivəsində Baş Hərbi Hospitalda və Respublika Bərpaetmə Mərkəzində baş tutan görüşləri xatırladaraq, əlillərin və sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə daha çox adaptasiya olunmaları üçün keçirilən tədbiri yüksək qiymətləndirib: “Bu cür görüşlər həm də ona görə vacibdir ki, sağlamlıq imkanları məhdud olan insanlar cəmiyyətin nəvazişini öz üzərlərində hiss edirlər. Mən şəxsən Qarabağ müharibəsinin əlili kimi bu cür tədbirləri yüksək qiymətləndirirəm və QHT Şurasına dərin minnətdarlığımı bildirirəm. Məhz QHT Şurasının ayırdığı vəsaitlə Sizə gigiyenik vasitələr və reseptsiz satılan dərman preparatları təqdim etməyə gəlmişik.”

Tədbirdə çıxış edən I və II qrup əlillər VFHM İB sədri Dadaş Quliyevə və QHT Şurasına təqdim olunan hədiyyələrə görə sevindiklərini bildirməklə yanaşı, öz təşəkkürlərini çatdırıblar. Görüşdə layihənin psixoloqu və hüquqşünası əlillərlə onların problemləri haqqında fikir mübadiləsi aparıblar. Sonda Protez Ortopedik Bərpaetmə Mərkəzində olan əlillərə gigiyenik vasitələrdən və reseptsiz satılan dərmanlardan ibarət hədiyyə paketləri təqdim olunub və xatirə şəkilləri çəkilib. 

 

Davud Rəhimli

  




Tarix:4/10/2016     www.udpo.az saytı Geri