“Qadın və İnkişaf” Mərkəzi maarifləndirmə tədbirlərinə başlayır


Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi

maarifləndirmə tədbirlərinə başlayır

 

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihə həyata keçirir.

Layihənin məqsədi rayonlarda əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlaşdırılması – yalnız arzuolunan körpələrin doğulması, selektiv abortların fəsadları və s. mövzularda icma səviyyəsində maarifləndirmə işi aparmaqla reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə abortlarının sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır.

Şirvan, Sabirabad, Ağsu, Göyçay və Masallı rayonlarında keçirilən geniş seminar və görüşlərdə iştirakçılara selektiv abortların qarşısının alınması, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, doğuş qabağı və doğuşdan sonrakı xidmət, abortların ziyanı, erkən nikahların fəsadları, yoluxucu xəstəliklərin qarşısının alınmasının yolları, hamiləlikdən səmərəli qorunma üsulları barədə məlumatlar veriləcək, onların fikirləri öyrəniləcək, rayonda qadın və uşaq sağlamlığının qorunması ilə bağlı mövcud problemlər müzakirə ediləcəkdir. Eyni zamanda, maarifləndirmə işinin səmərəliliyinin artırılması məqsədilə yerli kütləvi informasiya vasitələrinin diqqətini bu məsələlərə cəlb olunması üçün tədbirlər görüləcəkdir. Seminarlarda rayon icra hakimiyyətinin nümayəndəsi, səhiyyə şöbəsinin əməkdaşı, tibb işçiləri, fertil yaşlı qadınlar, gənclər və müəllimlər iştirak edəcəkdir.

Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcəkdir.

 




Tarix:3/8/2016     www.udpo.az saytı Geri