İnklüziv təhsil imkanlarının artırılması


Şuranın dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların

inklüziv təhsil imkanları artırılır

 

Xəbər verildiyi kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kurslarının təşkili” layihənin icrasını həyata keçirir.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığının təmin edilməsi və digər həmyaşıdları ilə birgə (inklüziv) təhsilə cəlb olunma səviyyəsinin artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kursları təşkil etməklə, valideynlər, mütəxəssislər (pedaqoji, psixoloji, sosial işçilər və s.) arasında inklüziv təhsil sahəsində maarifləndirmə işini həyata keçirməklə həmin qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.

Bu baxımdan Abşeron rayonunda icma tipli qısamüddətli məktəbə hazırlıq kursunun təşkil edilməsi, sağlamlıq imkanları məhdud olan və olmayan məktəbəqədər yaşlı uşaqların valideynlərinin inklüziv təhsil, icma tipli qısamüddətli məktəbə hazırlıq kursları və sosial xidmətlər sahəsində maarifləndirilməsi, zəruri hallarda onlara mənəvi-psixoloji və hüquqi dəstəyin göstərilməsi, həmin uşaqlarla çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin daha da yüksəlilməsi, hədəf qrupuna daxil olan uşaqların valideynlərinin isə uşaq inkişafı sahəsində bacarıqlarının artırılması ilə bağlı müxtəlif aktual mövzular üzrə tədbirlərin keçirilməsi layihənin qarşısında duran vəzifələrdəndir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili Qaydaları”na əsasən məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etmək, vəzifələri isə uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

Uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onların fiziki (uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi; hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı; fiziki və əqli qabiliyyətin inkişafı), şəxsiyyətyönümlü (müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq; başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq; müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq; ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması), intellektual (obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı; idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnmək; prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq) və sosial hazırlığı (yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı; böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi; öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması) nəzərdə tutulur.

Layihə çərçivəsində Abşeron rayonunda təşkil olunmuş icma tipli qısamüddətli məktəbə hazırlıq kursunda “Azimut” Tədris Mərkəzi və təşkilatımızın xidmət mərkəzi olan Abşeron Reabilitasiya və Nitq İnkişafı Mərkəzinin təcrübəli mütəxəssisləri (pedaqoq, psixoloq və loqoped) tərəfindən 2016-2017-ci tədris ilindən etibarən məktəbə gedəcək sağlamlıq imkanları məhdud uşaqların fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı həyata keçirilir. Eyni zamanda onlara psixoloji və loqopedik xidmətlər də göstərilir.

 

Davud Rəhimli

 




Tarix:25/7/2016     www.udpo.az saytı Geri