İctimai Şuranın cari il üçün Fəaliyyət planı təsdiq edilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın cari il üçün Fəaliyyət planı təsdiq edilib

 

Şuranın tərkibində müvafiq fəaliyyət istiqamətləri üzrə işçi qrup yaradılıb

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti  iclası keçirilib. İclasda İctimai Şuranın 2016-ci il üçün Fəaliyyət planı, Şuranın üzvlərindən ibarət olmaqla Nazirliyin fəaliyyət istiqamətləri üzrə işçi qrupun yaradılması, “İctimai iştirakçılıqla bağlı sənədlər Toplusu”nun  hazırlanması, “Sosial xidmət sahəsində dövlət sosial sifarişlərinin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçiriləcək konfransın təşkilati məsələləri və digər  məsələlər müzakirə edilib. 
   İclası giriş sözü ilə açan İctimai Şuranın sədri Mayis Əliyev bildiribki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev ictimai nəzarət mexanizmlərinin işə salınmasının, lazımi səviyyədə həm ictimai fəallığın, həm də ictimai mexanizmlərin formalaşdırılmasının vacibliyini vurğulayıb. M.Əliyev qeyd edib ki, Şuranın ilk iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şura üzvlərinə üzvlük vəsiqələri təqdim edərək, onların qarşısında mühüm vəzifələr durduğunu bildirib, Şuranın formal bir qurum kimi mövcud olmayacağına, ictimai nəzarətin təmin olunmasında daha səmərəli rol oynayacağına əminliyini ifadə edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şurada məhz bu prinsiplərə uygun Fəaliyyət planı hazırlanıb.  
   İclasda geniş müzakirələrdən sonra İctimai Şuranın 2016-cı il üçün Fəaliyyət planı  və Nazirliyin fəaliyyət istiqamətləri üzrə işçi qrupun tərkibi təsdiq edilib. Fəaliyyət planına uygun olaraq, 2016-cı ilin aprel ayında keçirilməsi nəzərdə tutulan “Sosial xidmət sahəsində dövlət sosial sifarişlərinin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda respublika konfransının təşkilat komitəsi yaradılıb, konfransın təşkilati məsələləri nəzərdən keçirilib. 
   Qeyd olunub ki, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən islahat tədbirləri prosesində ictimai iştirakçılığın daha geniş şəkildə təmin olunması məqsədilə bir sıra təkliflər hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək. Həmin təkliflər əmək, məşğulluq,  sosial müavinətlər, sosial yardım, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial xidmət  sahəsində həyata keçirilən strategiyanın inkişaf etdirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və İctimai Şuranın fəaliyyətinin təkmil şəkildə qurulması məsələrini əhatə edəcək. 
   İclasın sonunda gündəlikdə olan digər məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

 

Davud Rəhimli

 

 






Tarix:29/01/2016     www.udpo.az saytı Geri