“MƏNIM DÜNYAM” adlı satış-sərgisi və konsert


“Mənim dünyam” adlı sərgi açılıb
 
 

 

Azərbaycan Xalça Muzeyində məhdud imkanlı istedadlı insanların əl işlərindən ibarət “MƏNIM DÜNYAM” adlı sərgi açılıb.
Oktyabr ayının 9-da Azərbaycan Xalça Muzeyinin dəstəyi və təşkilatçılığı ilə “İstedadlı Əlillər” İctimai Birliyinin “Mənim dünyam” adlı satış-yarmarkası və məhdud imkanlı istedadlı insanların ifasında konsert proqramı sərgi iştirakçılarına təqdim olundu. “Mənim dünyam” adlı satış-yarmarkası Oktyabr ayının 11–dək davam edəcək.

TədbiriAzərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva açaraq, qonaqlara Azərbaycan Xalça Muzeyi haqqında məlumat verib qeyd etdi ki, xalça muzeyi dünyada ilk dəfə olaraq, Azərbaycanda yaradılıb.

Xalqımızın qədim mədəniyyəti və nadir incisi hesab edilən xalçaçılıq sənətimizin yaşadılması, inkişaf etdirilməsi və xalçalarımızın dünya miqyasında daha geniş təbliği, nümayişi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 may 2008-ci il tarixində Dənizkənarı Milli Parkın ərazisində xalça muzeyi binasının tikilməsi haqqında sərəncam imzaladı. Cənab prezident bununla irsimizə, milli və estetik mədəniyyətimizə böyük diqqət və qayğı ilə yanaşdığını sübut etdi. Orjinal üslubda tikilən bina ilk xüsusiləşdirilmiş muzeydir və milli ornamentlərlə bəzədilmiş açılan xalçanı xatırladır. Qeyd edək ki, muzey binasının ərsəyə gəlməsində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olmuşdur. Dövlət başçısının təşəbbüsü və dəstəyi ilə tikilən muzey binasının memarı avstriyalı Frans Yantsdır. O, layihə üzərində işləyərkən Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərini, yaşı yüz illərlə ölçülən xalçaçılıq irsimizin incəliklərini öyrənmiş və onları binanın üzərində ifadə etmişdir. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatları əsasında təmin olunub. Hazırda muzeyin sərgi və fondlarında 13min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.
R.Tağıyeva çıxışında bu cür tədbirlərin mütamadi keçirilməsinin çox vacib olduğunu vurğulayaraq bildirdi ki, “MƏNIM DÜNYAM” adlı sərginin keçirilməsində əsas məqsəd məhdud imkanlı olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini yönəltmək və sosial aktiv vətəndaşları bu fəaliyyətə cəlb etməkdən ibarətdir.


Fikrimcə məhdud imkanlı olan vətəndaşımızın iş tapmaqda çətinlik çəkməsinə əsas səbəb onların uşaqlıqdan peşə təhsilinə cəlb olunmamasıdır. Bu cür insanlarımız uşaq vaxtlarından peşə təhsilinə yiyələnməsinin təməli qoyulmalıdır. Bu, çox vacib amildir, uşaq yaşlarından səhhətinə uyğun bir peşəni mənimsəyərsə yetkinlik yaşına çatanda o, artıq sıravi vətəndaş olaraq cəmiyyətin bir üzvü kimi çalışar, sosial rifahını gücləndirər, heç kimə ələbaxım duruma düşməz.
Azərbaycan Xalça Muzeyi olaraq biz “İstedadlı Əlillər” İctimai Birliyi ilə birgə məhdud imkanlı olan istedadlı gənc insanlarımızın muzeydə peşə təhsilinə cəlb olunması üçün bir proqram-layihə üzərində işləməyi düşünürük. Çünki bu cür vətəndaşlarımıza diqqət və qayğı göstərmək təkcə dövlətin deyil, həm də bizim borcumuzdur. İmkanımız çatdığı köməkliyi hər birimiz göstərməliyik. Biz onlarla birgə işləmək istəyirik. Necə işləmək istəyirik? Muzeydə təsviri və dekorativ tətbiqi sənət – parça üzərində tikmə, xalça toxuma, ağacoyma, rəssamlıq, misgərlik, zərgərlik, dulusçuluq kimi peşə sənətlərinə kurs açaraq xüsusi mütəxəssislər dəvət etməklə onları bu peşələr üzrə hazırlamaq istəyirik. Peşə təhsilini başa vurduqdan sonra həmin gəncələrə xalçatoxuma, oyma sənəti və digər işləri sifariş edə bilərik ki, onlar bu işi evdən çıxmadan da edə bilər və sonra onlar satışa çıxarılar. Bu da onlara həm maddi, həm də mənəvi dəstək olar, özlərini cəmiyyətin bir üzvü hesab edərlər. İnanırıq ki, burdaki gənclərimiz də bugündən bizim təşəbbüsümüzə qoşulacaq, birgə bu işin öhdəsindən layiqincə gələcəyik.
Qeyd edim ki, Rəssamlıq, rejissorluq, aktyorluq, bəstəkarlıq, mahnı ifa etmək, rəqs etmək, müxtəlif əl işləri düzəltmək və s. insanlara problemlərini həll etməyə kömək edir. İncəsənət vasitəsilə özünü ifadə həyatın ən çətin və dəhşətli anlarında belə insanı rahatlaşdırır, özünə inamı artırır. Bir çox insanlar art terapiya sayəsində ən təhlükəli xəstəliklərdən belə müalicə olunublar. Art terapiya insanı istənilən problemə qarşı mübarizə aparmağa ruhlandırır.
Sonra “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov yaradılan şəraitə və dəstəyə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya və sərgi iştirakçılarına təşəkkürünü bildirərək, “Mənim dünyam” adlı sərgi haqqında qonaqlara məlumat verdi.


“İstedadlı Əlillər” İctimai Birliyi 29.11.2013 tarixdə Ədliyyə Nazirliyinin dövlət qeydiyatına alınmışdır. Birliyin əsas məqsədi məhdud imkanlı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, təhsil, incəsənət, idman sahəsində və əlillərin hüquqlarının müdafiəsində onlara köməklik göstərməkdən ibarətdir.
Birliyimiz fəaliyyətə başladığı vaxtdan məhdud imkanlı olan istedadlı insanların əl işlərindən ibarət əsərlərinin bir çox sərgilərin və musiqi istedadı olan əlillərin konsertlərini təşkil etmişdir.
Birliyimiz tərəfindən oktyabır ayının 09-u, 10-u və 11-i məhdud imkanlı olan istedadlı insanların cəmiyyətə inteqrasiyası məqsədi ilə bu qəbildən olan insanların əl işlərindən ibarət təşkil olunması nəzərdə tutulub. Sərgidə 25 müəllifin 350-ə qədər əsəri nümayiş olunacaq, o cümlədən 75 ədəd kətan üzərində yağlı boya ilə işlənmiş şəkil, 65 ədəd toxunma, 50 ədəd taxta üzərində yonma, 70 ədəd minatur rəsim və 100 ədəd muxtəlif əsərlərdən ibarətdir.
Tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti Şaiq Həmidov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Ömər Abdullayev, 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbəri Rəhilə Həsrətova, “İstedadlı Əlillər” İctimai Birliyinin mətbuat xidməti rəhbəri Fuad Rəsul, həmçinin Əlil Təşkilatları İttifaqı (ƏTİ)-nın rəhbəri Davud Rəhimli, Ombudsman aparatının nümayəndəsi Müqalib Heydərov, Sosial Hüquqların Araşdırılması İctimai Birliyi (SHAİB) sədri, Professor Mais Əliyev və digər çıxış edən qonaqlar, bu cür tədbirlərin əhimiyyəti haqqında öz fikirlərini bölüşdülər.
“Mənim dünyam” adlı sərgidə Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanın, Azərbaycan Dövlət Filarmoniyasının solisti, GNK-nun mədəniyyət katibi Nurlan Əzizbəylinin və məhdud imkanlı istedadlı insanların ifasında olan musiqi çələngləri gələn qonaqlarda çox böyük əhval-ruhiyyə yaratdı.
Qeyd edək ki, sərgidə nümayiş olunan əl işlərinin sahibləri Azərbaycan Xalça Muzeyi tərəfindən diplomla təltif olundu və “Kengerli Company” tərəfindən əl işləri olan xanımlara gül çələngləri verildi.
Sonda tədbir iştirakçıları Azərbaycan Xalça Muzeyi və Uşaq Muzeyi ilə yaxından tanış oldular.

 


İstedadlı Əlillər ictimai birliyi

 






Tarix:12/10/2015     www.udpo.az saytı Geri