Oktyabrın 28, 2019-cu il tarixində Finlandiyanın Xarici İşlər Nazirliyi, Finlandiyanın ABİLİS Fondu və Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) dəstəyi ilə Bakı şəhərində Əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş “İnklüziv təhsil, peşə reabilitasiyası və müyəssərlik” mövzusunda seminar keçirilmişdir.


Press Reliz

Bakı şəhəri. 28 oktyabr 2019-cu il

          Oktyabrın 28, 2019-cu il tarixində Finlandiyanın Xarici İşlər Nazirliyi, Finlandiyanın ABİLİS Fondu və Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) dəstəyi ilə Bakı şəhərində Əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş “İnklüziv təhsil, peşə reabilitasiyası və müyəssərlik” mövzusunda seminar keçirilmişdir. Seminarın işində müxtəlif hökumət, təhsil müəssisələri, QHT-lər, o cümlədən əlilliyi olan şəxslərin təşkilatları, Finlandiya Xarici İşlər Nazirliyinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

   Tədbiri giriş sözü ilə Finlandiyanın Azərbaycan Respublikasında səfiri xanım Arja Makkonen açmış, tədbir, onun məqsədi və məramı barədə məlumat vermişdir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini cənab Anar Kərimov Azərbaycanda sosial sahədə, o cümlədən əlillik sahəsində görülən və planlaşdırılan fəaliyyətlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, əlilliyi olan şəxslərin hüquqi təminatları, sosial xidmətlərin genişləndirilməsi, yeni xidmət sahələrinin yaradılması, pensiya və sosial müavinətlərin artırılması, məşğulluğun təmin olunması və digər sahələr üzrə mühüm işlər həyata keçirilir.

   Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri cənab Hadı Rəcəbli dövlətin sosial siyasətinin təməl prinsipləri, qanunvericilik təşəbbüsləri və qanun layihələrinin hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının bu prosesə cəlb olunması barədə fikirlərini iştirakçılara çatdırdı.

   BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident əlaqələdiricisinin müavini xanım İrina Qoryunova UNDP-nin Azərbaycanda fəaliyyəti barədə məlumat verdi. O çıxışında Azərbaycan hökuməti ilə, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həyata keçirilən layihələr, məqsəd və vəzifələrə çatmaq üçün nəzərdə tutulan fəaliyyətləri qeyd etdi.

Bundan sonra seminar bölmələr üzrə işini davam etdirdi.

   “Təhsil qurumlarında və iş yerlərində müyəssərlik” paneli üzrə Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti cənab Davud Rəhimli və Finlandiyanın Abilis Fondunun Vəkillik koordinatoru cənab Tuomas Tuure müvafiq olaraq bu sahədə Azərbaycan və Finlandiya təcrübəsi barədə faydalı məlumat verdilər.

   “Peşə reabilitasiya xidmətləri” bölməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini cənab Şahbaz Xələfov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru xanım Rəhilə Həsrətova və Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri cənab Müqalib Mahmudov əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən, əldə olunmuş təcrübə barədə təqdimat etdilər.

 

   “İnklüziv təhsil” bölməsində ADA Universitetinin Biznes hüququ və biznes etikası üzrə baş müəllimi və Fərqlilik və Bərabər İmkanlar Departamentinin Direktoru cənab Elnur Eyvazov, UNICEF Azərbaycanın İnklüziv təhsil üzrə mütəxəssisi xanım Nigar Nəsrullayeva, Heydər Əliyev Fondunun

“Regional İnkişaf” İctimai Birliyinin layihə meneceri xanım Leyla Tağıyeva Azərbaycanda inklüziv təhsilin vəziyyəti, araşdırmalar və yerinə yetirilən layihələr barədə təcrübələrini bölüşdülər.

   “Karlara Dəstək” İctimai Birliyinin sədri cənab Kamran Abbasov işarət dili və onun Azərbaycan versiyasının hazırlanması barədə çıxış etdi.

   Finlandiyanın Azərbaycan Respublikasında səfiri xanım Arja Makkonen və Əlil Təşkilatları İttifaqının prezidenti cənab Davud Rəhimli seminarın sonunda yekun sözləri ilə çıxış etdilər.

 

 






Tarix:21/09/2018     www.udpo.az saytı Geri