Tovuz Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilmişdir.


“Sosial hüquqların araşdırılması” İctimai Birliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayırdığı vəsait əsasında həyata keçirdiyi “Tovuz rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihə çərçivəsində yaratdığı Tovuz Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilmişdir.

 

          Məlumat verildiyi kimi, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013- cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində “Tovuz  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsini həyata keçirir.

          Layihə çərcivəsində Tovuz rayonunda Tovuz Günərzi Qayğı Mərkəzi  yaradılmışdır. Həmin mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Həmin uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur.

              2014-cü ilin sentyabr ayının 8-də Tovuz Günərzi Qayğı Mərkəzinin rayon ictimaiyyəti, yerli QHT-lər və KİV-lər üçün təqdimetmə mərasimi keçirilmişdir.

         Təqdimetmə mərasimində “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri, layihə meneceri Mayis Əliyev, Tovuz rayon Icra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Tovuz rayon Gənclər və idman şöbəsinin rəisi Sahib Əsgərov, Tovuz rayon Qovlar şəhəri inzibati ərazi üzrə rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Oruc Binnətov, Tovuz rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nərgiz Məmmədova, Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Asif Rəhimov və valideyinlər adından Fikrət Mürsəlov çıxış edərək layihənin mahiyyətindən, rayon üçün əhəmiyyətindən və gələcək prespektivlərindən danışmışlar. Valideyinlər bu layihənin Tovuzda təşkil olunduğu üçün minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, lahiyənin əsas məqsədi Ermənistanla həmsərhəd bölgədə yerləşən Tovuz rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir.






Tarix:08/9/2014     www.udpo.az saytı Geri