Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha100 nəfərinə minik avtomobilləri təqdim edilib


23.04.2014
 

Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha100 nəfərinə minik avtomobilləri təqdim edilib

 

   Aprelin 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha100 nəfərinə “Naz-Lifan” markalı minik avtomobilləri təqdim edilib. Bununla da Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamının uğurla icra olunması nəticəsində, təkcə son 3 həftə ərzində minik avtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300 nəfərə çatıb.
   Avtomobillərin təqdim olunması zamanı sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunmasına göstərilən Prezident qayğısından söz açılıb. Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri onların maddi təminatının gücləndirilməsinə, reabilitasiya vasitələri ilə təminatına göstərilən diqqət və qayğıdan razı qaldıqlarını vurğulayıblar. Çıxış edənlər qısa müddətdə minik avtomobili ilə təmin olunmaları üçün müvafiq Sərəncam imzalanmasını əlilliyi olan insanlara Prezident qayğısının əyani ifadəsi olduğunu önə çəkərək, dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.
   Tədbirdə vurğulanıb ki, indiyədək artıq 4106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib. Bildirilib ki, 01 yanvar 2014-cü il tarixədək növbəyə durmuş şəxslərin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş siyahı üzrə pulsuz xüsusi  avtonəqliyyatla təmin edilməsi bundan sonra da davam etdiriləcək və may ayının sonuna kimi daha 375 nəfər əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər görüləcək.

 

 






Tarix:23/4/2014     www.udpo.az saytı Geri