2 aprel Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.


qhtxeber.az//  BMT-nin İctimai İnformasiya Departamenti (UN DPİ) Autizm-Uşaq İnkişaf Mərkəzi (PRİM) ilə birlikdə 2 aprel  Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.
 
qhtxeber.az-ın məlumatına görə, Autizm-Uşaq İnkişaf Mərkəzinin həyətində baş tutan tədbirdə Günün mahiyyəti ilə bağlı məlumat verilib, eləcə də, autizmli uşaqların sosiallaşması və cəmiyyətdə onlara münasibətin dəyişilməsi məqsədi ilə maraqlı proqram təşkil olunub. 
Qeydetmə mərasimində autizmli uşaqlar və onların valideynləri, qeyri-hökumət təşkilatları nümayəndələri,  bu sahə üzrə mütəxəssislər və media iştirak edib. 
 
Dünya Autizmlə bağlı Məlumatlandırma Günü BMT-nin 2007-ci ildə qəbul etdiyi 62/139 saylı qətnaməsinə əsasən 2008-ci ildən qeyd olunmağa başlayıb. Günün əsas məqsədi bütün ölkələrdə Autizm Spektr Pozuntuları ilə yaşayan insanlara diqqəti yönəltmək və autizmlə bağlı ictimaiyyəti maarifləndirməkdir.  
 
BMT Baş Katibinin Günlə bağlı bu ilki müraciətində belə deyilir: “Dünya Autizmlə bağlı Məlumatlandırma Günü autizmi daha ətraflı anlamaqla bitmir; bu fəaliyyətə çağırış deməkdir. Mən daha inklyuziv dünya üçün bizim ortaq baxışımızın reallaşmasına kömək edəcək təhsil proqramları və məşğulluq imkanlarını dəstəkləmək, eləcə də, digər  tədbirlər görməklə bu fəaliyyətə şərait yaratmaqda bütün maraqlı tərəfləri iştirak etməyə çağırıram”. 
 





Tarix:2/4/2014     www.udpo.az saytı Geri