Əlilliyi olan şəxslərin .hüquqları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (Layihə)


Layihə

 

Əlilliyi olan şəxslərin .hüquqları haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  (Layihə)

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını müəyyən edir, əlilliyi doğuran səbəblərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması, əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsinin həvəsləndirilməsi, müdafiə və təmin edilməsi sahəsində yaranan münasibətləri tənzimləyir.

 

 

                                                  1-ci fəsil

                                      ÜMUMİ MÜDDƏALAR

 

 

        Maddə 1.Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. Əlillik – şəxslərin müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı digərləri ilə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştiraka mane olan sabit fizki, psixi və əqli  və ya hissiyyat pozuntularının olması;

1.0.2. Əlilliyi olan şəxs(uşaq) – müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq;

1.0.3. cəmiyyət həyatında tam və səmərəli iştiraka mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları - şəxsin müstəqil yaşamaq, özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə təhsil almaq imkanlarının, işləmək qabiliyyətinin  tam və ya qismən itirilməsi;

1.0.4. əlillik əlamətinə görə ayrı-seçkilik - məqsədi və ya nəticəsi siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya digər sahələrdə bütün insan hüquqları və əsas azadlıqlarının digərləri ilə bərabər səviyyədə tanınmasının, həyata keçirilməsinin məhdudlaşdırılmasından və ya inkar olunmasından ibarət əlilliklə bağlı istənilən fərq qoyma, istisna və məhdudiyyətlər tətbiqetmə, o cümlədən müyəssərliyə nail olmaq üçün qanunvericiliklə nəzərdə tutulan ağlabatan uyğunlaşmadan imtina;

1.0.5. əlilliyin qarşısının alınması – əlilliyin baş verməsi və ağırlaşması hallarına qarşı yönəldilmiş erkən müdaxilə, tibbi, sosial, ekoloji, gigiyenik, texniki təhlükəsizlik, idman və digər tədbirlər sisteminin həyata keçirilməsi;

1.0.6. əlilliyin reabilitasiyası – əlilliyn aradan qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin maksimum müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə qabiliyyətinin tamamilə və ya qismən bərpası;

1.0.7. tibbi reabilitasiya – orqanizmdə anadangəlmə, yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional qabiliyyətlərin tibbi və digər metodlarla reabilitasiyasına və kompensasiyasına yönəldilmiş tədbirlər sistemi;

1.0.8. peşə-əmək reabilitasiyası – əlilliyi olan şəxsin peşə seçməsinə, işə düzəldilməsinə, əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının reabilitasiyasına və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemi;

1.0.9. sosial reabilitasiya – sosial vərdişlərin mənimsənilməsini, əlilliyi olan şəxsin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında müstəqil iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemi;

1.0.10. psixoloji - pedaqoji reabilitasiya - əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından istifadə olunmaqla inklüziv təhsil  almasına, ünsiyyət, özünə xidmət və öz davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş tədbirlər sistemi;

1.0.11. abilitasiya - əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması;

1.0.12. əlilliyi olan şəxslərə müyəssərlik - əlilliyi olan şəxslər tərəfindən digərləri ilə bərabər səviyyədə bütün insan hüquqlarının və əsas azadlıqlarının  həyata keçirilməsini təmin etmək məqsədilə iş, təhsil, səhiyyə və digər  sosial mühitin və infrastrukturun zəruri və ağlabatan uyğunlaşdırılması və  modifikasiyası;

         1.0.13. tibbi-sosial ekspertiza -əlilliyin  qiymətləndirilməsi əsasında şəxsin sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi.

 

Maddə 2. Qanunun tətbiq edildiyi şəxslər

Bu Qanun Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində  daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil olunur.

 

Maddə 3.Əlilliyi olan şəxslərin  hüquqi vəziyyətinin əsasları

3.1.Əlilliyi olan şəxslər  Azərbaycan Respublikası Konstitusiyasında və digər  qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı  beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.

3.2.Əlilliyi olan şəxslərə  qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. 

 

         Maddə 4. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri

4.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

4.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən əlilliyi olan uşaqların inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi;

4.0.2. İnkluzivlik –əlilliyinin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə ləyaqətli həyat sürməsi üçün iş, təhsil və digər  sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi;

         4.0.3.İnteqrasiya - əlilliyinin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakı, onların cəmiyyətə tam və səmərəli cəlb olunması və inteqrasiya etməsinə şərait yaradılması;

        4.0.4. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - hər hansı ayrı-seçkiliyə yol verilmədən bütün şəxslərin qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit edilməsi və əlilliyi olan şəxslərin istənilən zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verilməsi; 

4.0.5.Bərabərlik – əlilliyi olan şəxslərin bütün şəxslər üçün yaradılmış xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlər və imkanlar yaradılması.

 

         Maddə 5. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları

5.1.Dövlət  əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə (uşaqlara) cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün başqa şəxslərlə bərabər imkanların, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına, əlilliyi doğuran səbəblərin aradan qaldırılmasına, əlilliyi olan şəxslərin (uşaqların) reabilitasiyasına təminat verir.

5.2.Dövlət əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına, o cümlədən  Brayl əlifbasının, alternativ şriftlərin, ünsiyyətin alternativ metodlarının, üsullarının və formatlarının, eləcə də səmtləşmə və mobillik vərdişlərinin, jest dilinin mənimsənilməsinə və karların dil xüsusiyyətlərinin həvəsləndirilməsinə, görmə, eşitmə və danışma qabiliyyəti məhdud əlilliyi olan şəxslərin (uşaqların) təhsilinin onlar üçün uyğun gələn dil və metodlarla həyata keçirilməsinə təminat verir.  

5.3.Əlilliyi olan şəxslərin (uşaqların) hüquq, azadlıq və qanuni mənafelərinin qorunması inzibati və məhkəmə qaydasında və ya qanunla müəyyənləşdirilmiş digər qaydada dövlət tərəfindən təmin olunur.

5.4.Dövlət əlilliyi olan şəxslərin  ictimai birliklərinin öz nizamnamələrində bu Qanununa uyğun olaraq müəyyən edilmiş vəzifələrinin yerinə yetirməsi üçün şərait yaradılmasına təminat verir, onlara hərtərəfli yardım göstərir.

5.4.1. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla əlilliyi olan şəxslərin (uşaqların) ictimai birliklərinin fəaliyyətinə dövlət orqanlarının və vəzifəli şəxslərin qarışmasına yol verilmir.

5.4.2.Əlilliyi olan şəxslərin (uşaqların) ictimai birlikləri mədəni-kütləvi, idman klubları, mədəniyyət evləri, kitabxanalar və s. yerləşən binalar üçün icarə haqqını ödəməkdən azad edilirlər. 

 

 

 

 

 

Maddə 6. Maarifləndirici-tərbiyəvi iş

6.1. Müvafiq icra hakimiyyəti orqanları ailə səviyyəsində maarifləndirmə də daxil olmaqla, bütün cəmiyyətin əlillik məsələlərində maariflənməsini yüksəltmək və əlilliyi olan şəxslərin (uşaqların) hüquqlarına və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək, həyatın bütün sahələrində cinsi mənsubiyyət və yaş zəminində baş verənlər də daxil olmaqla, əlillərə münasibətdə stereotiplərlə, mövhumatla və zərərli adətlərlə mübarizə aparmaq, əlillərin potensialını və töhfəsini təbliğ etmək məqsədilə təxirəsalınmaz, səmərəli və lazımi maarifləndirici-tərbiyəvi tədbirlər həyata keçirirlər.

6.2. Maarifləndirici-tərbiyəvi işin əsas istiqamətləri aşağıdakılardır:

         6.2.1. əlilliyi olan şəxslərin hüquqlarına hörmət olunmasının tərbiyə olunması;

         6.2.2. əlilliyi olan şəxslər haqqında müsbət təsəvvürlərin təşviqi və onların cəmiyyət tərəfindən daha dərindən başa düşülməsi;

         6.2.3. əlilliyi olan şəxslərin vərdişlərinin, ləyaqət və qabiliyyətlərinin, habelə onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərilməsi;

         6.2.4. təhsil sisteminin bütün səviyyələrində, o cümlədən erkən yaşlardan başlayaraq bütün uşaqlarda əlilliyi olan şəxslərin hüquqlarına hörmət edilməsinin tərbiyə olunması;

         6.2.5. əlilliyi olan şəxslərə və onların hüquqlarına həsr edilən tərbiyəvi-tanışlıq proqramlarının inkişaf etdirilməsi.

6.3. Maarifləndirici-tərbiyəvi iş qanunla qadağan olunmayan digər istiqamətlərdə də həyata keçirilə bilər.

 

         Maddə 7.Psixoloji – tibbi - pedaqoji komissiya

Uşaqların erkən, habelə sonrakı yaş dövrlərində psixoloji-tibbi-pedaqoji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla əlilliyi olan şəxslərə (uşaqlara)  və onların qanuni nümayəndələrinə müvafiq məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən həyata keçirilir.

 

Maddə 8. Fərdi reabilitasiya proqramı

8.1. Əlilliyi olan şəxslərin (uşaqların) əlilliklə bağlı sosial adaptasiyaya tələbatının müəyyənləşdirilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

8.2. Zəruri sosial adaptasiya tədbirlərinin növləri və həcmləri tibbi, sosial-əmək reabilitasiyası və əlilliyi olan şəxs (uşaq) üçün müyəssərliyə dair fərdi reabilitasiya proqramı şəklində təqdim olunur.

         8.3. Fərdi reabilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

         8.4. Mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr və təşkilatlar tərəfindən Fərdi reabilitasiya proqramının  icrası məcburidir.

 

         Maddə 9  Əlilliyin müəyyən edilməsi

9.1.Şəxsin əlilliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibbi-sosial ekspert komissiyası tərəfindən şəxs tibbi-sosial ekspertizadan keçirildikdən sonra çıxarılmış müvafiq qərar əsasında müəyyən edilir.

9.2.Şəxs tibbi-sosial ekspert komissiyasının qərarında göstərildiyi gündən əlilliyi olan şəxs hesab olunur.

 

 

2-ci fəsil

Əlilliyin qarşısının alınması əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası.

 

          Maddə 10.Sağlam həyat tərzinin təbliği

10.1. Dövlət əlilliyin qarşısının alınması məqsədilə cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliğini təmin edir.

         10.2. Əlilliyi olan şəxslərin bədən tərbiyəsi və idmanla məşğul olmaları “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

 

         Maddə 11. İşçilərin təhlükəsiz əmək şəraiti ilə təmin olunması

         Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar işçilərə müəyyən olunmuş standartlara uyğun təhlükəsiz əmək şəraiti yaradır və onların əmək qabiliyyətinin aşağı düşməsinə, sağlamlığına vurulmuş ziyana görə qanunvericiliyə uyğun məsuliyyət daşıyır, müalicə və reabilitasiya xərclərini ödəyirlər.

 

Maddə 12. Uşaqlar arasında əlilliyin profilaktikası

12.1. Uşaqlarda əqli inkişafın gizli qüsurlarını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək, uşaqların sağlamlıq vəziyyətini dinamik müşahidə etmək, uşaqların sağlamlıq imkanları məhdudluğunun səviyyəsini azaltmaq məqsədilə uşaqların icbari dispanserizasiyası həyata keçirilir.

12.2. Səhhətində, fiziki, yaxud əqli inkişafında hər hansı pozulma olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, hüquqi, sosial və digər kömək göstərilir. Bu cür köməyin metodları, forması, həcmi və müddəti fərdi reabilitasiya proqramında müəyyən edilir.

 

Maddə 13. Əlilliyi olan şəxslərin reabilitasiyası

         13.1. Əlilliyi olan şəxslərin (uşaqların) reabilitasiyası fərdi reabilitasiya proqramına uyğun olaraq  dövlət və qeyri-dövlət reabilitasiya müəssisələri tərəfindən həyata keçirilir.

13.2. Müstəsna hallarda əlilliyi olan şəxslərin peşə və sosial reabilitasiyası da reabilitasiya müəssisələri tərəfindən həyata keçirilə bilər.

13.3.Reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

                                                  

 

                                                               

 

 

 

 

 3-cü fəsil

                                         Əlilliyi olan şəxslər üçün müyəssərlik

 

 

Maddə 14. Siyasi və ictimai həyatda müyəssərlik

14.1. Əlilliyi olan şəxslərin münasib köməkçi qurğuların və yeni texnologiyaların köməyi ilə gizli və şəxsi səsvermədə və referendum prosesində iştirakı hüququnun və dövlət hakimiyyətinin bütün səviyyələrində hər hansı ictimai funksiyaları həyata keçirmək məqsədilə müəyyən vəzifə tutmaları üçün namizədliklərini irəli sürmək hüquqlarının həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının seçki qanunvericiliyi ilə müəyyən olunur.

14.2. Əlilliyi olan şəxslərin seçkilərdə və referendumda sərbəst səs verməsinin təmin olunması məqsədilə səsvermə prosedurlarının, otaqların və materialların əlillərin anlama və istifadəsi üçün münasib, müyəssər və asanlığı nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğunlaşdırılması həyata keçirilir.

14.3. Əlilliyi olan şəxslərin sərbəst seçicilər kimi iradələrini bildirmək imkanın təmin edilməsi məqsədlə, onların xahişinə əsasən səsvermə prosesində hər hansı bir nümayəndə tərəfindən onlara yardım göstərilməsinə təminat verilir.

14.4. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin qurumların fəaliyyətində əlillərin sərbəst iştirakına təminat verməlidir.

            14.5. Öz hüquqlarını və mənafelərini qorumaq, qarşılıqlı yardım və xidmət göstərmək məqsədilə əlilliyi olan şəxslər özlərinin ictimai birliklərini yarada bilərlər. Onların ictimai birliklərinin yaradılması, fəaliyyəti və ləğv edilməsi qaydası “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu və bu təşkilatların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınan nizamnamələri ilə tənzimlənir.

 

Maddə 15. Ədalət mühakiməsində müyəssərlik

15.1. Dövlət ədalət mühakiməsinin həyata keçirilməsində əlilliyi olan şəxslərin (uşaqların) digər şəxslərlə bərabər imkanlarını təmin etmək məqsədilə zəruri tədbirlər görür.

15.2. İnzibati icraatda və məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada ixtisaslaşmış  xidmətçilərin və vasitəçilərin, o cümlədən bələdçilərin, qiraətçilərin və peşəkar surdo tərcüməçilərinin müxtəlif növ xidmətləri, o cümlədən ixtisaslaşmış hüquqi yardım ilə təmin edilməlidir.

 

Maddə 16. Əlilliyi olan uşaqların məktəbəqədər tərbiyəsində müyəssərlik

16.1. Məktəbəqədər yaşlı əlilliyi olan uşaqların təlim və tərbiyəsi bir qayda olaraq fərdi abilitasiya və reabilitasiya proqramlarına uyğun olaraq ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində həyata keçirilir.

          16.2. Ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində yerləşən əlilliyi olan uşaqların sayından asılı olaraq onların təlim-tərbiyəsinə və reabilitasiyasına yardımı göstərilməsinə daha əlverişli imkanlar yaratmaq məqsədilə qruplar açıla bilər.

           16.3. Psixoloji – tibbi - pedaqoji komissiyanın rəyinə əsasən əqli və ya fiziki inkişafındakı qüsurlara görə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində tərbiyə edilməsinə imkan olmayan əlilliyi olan uşaqlar üçün xüsusi məktəbəqədər uşaq tərbiyə müəssisələri təşkil edilir.

 

Maddə 17. Əlilliyi olan uşaqların məktəbdənkənar tərbiyəsi

 

Əlilliyi olan uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, onlarda ictimai fəallıq oyatmaq, onları əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək məqsədilə təhsil orqanları digər dövlət orqanları ilə birlikdə onların məktəbdənkənar tərbiyəsi üçün lazımi şəraiti təmin etməlidirlər.

Maddə 18. Stasionar müəssisələrdə  olduqları dövrdə əlilliyi olan uşaqların təlim-tərbiyəsi

Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə kursu keçən əlilliyi olan uşaqlar stasionar müəssisələrdə  olduqları dövrdə dərs məşğələləri təşkil edilir, fasiləsiz təlim-tərbiyəsi təmin edilir.

 

 

Maddə 19. Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığında müyəssərlik

19.1. Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı   “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununa uyğun həyata keçirilir.

19.2. Müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin  ayrı-seçkiliyə yol verilmədən və digərləri ilə eyni əsaslarla məktəbəqədər, ümumi, ilk peşə-iхtisas, orta iхtisas, ali təhsil alması üçün lazımi şəraitin yaradılmasını təmin edirlər.

19.3. Əlilliyi olan şəxslər təhsil və peşə hazırlığı üçün zəruri olan tədris və əyani vəsait, texniki ləvazimatla, o cümlədən fərdi tələbatı nəzərə alan vasitələrlə dövlət hesabına təmin edilirlər.

19.4. Dövlət əlilliyi olan şəxslərin təhsil və peşə hazırlığı hüququnun həyata keçirilməsini təmin etmək üçün müəllimlərin, eləcə də Brayl əlifbasını, jest dilini bilən əlilliyi olan müəllimlərin bu işə cəlb olunması və tədrisin bütün səviyyələrində çalışan mütəxəssislərin və xidmət heyətinin təhsili və gücləndirici alternativ metodlardan, ünsiyyət üsulları və formatlarından, tədris metodikası və materiallardan istifadəsi üçün lazımi tədbirlər görür.

19.5. Görmə qabiliyyəti məhdud uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə, zəruri reabilitasiya vasitələri ilə, eşitmə qabiliyyəti məhdud uşaqlar eşitmə cihazları və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir.

 

Maddə 20.Əlilliyi olan şəxslərin əlavə təhsili və peşə hazırlığı

 20.1. Əlilliyi olan şəxslərin  əlavə təhsili  və peşə hazırlığı fərdi reabilitasiya proqramına uyğun olaraq təhsil müəssisələrində, o cümlədən dövlət məşğulluq xidmətinin tədris mərkəzlərində təmin edilir.

20.2. Məşğulluq xidməti orqanları əmək qabiliyyətli əlilliyi olan şəxslərə onların peşə hazırlığı, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarını müəyyən etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir. 

 

 

Maddə 21.Əmək sahəsində müyəssərlik

21.1.Müvafiq icra hakimiyyəti orqanları, habelə mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar əlilliyi olan şəxslərin  tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla onların əməyindən istifadə üçün müəssisələr, sexlər və sahələr yaradırlar.

21.2.Əlilliyi olan şəxslərin əməyindən istifadə üçün iş yerlərinin respublika standartları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

         21.3. Müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin reabilitasiya mərkəzləri ilə birlikdə bu cür iş yerlərini il ərzində attestasiyadan keçirməlidirlər.

21.4. Attestasiyadan keçməyən iş yerlərində əlilliyi olan şəxslərin əməyinin tətbiqi qadağandır və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur.

  

 

Maddə 22.İnfrastruktur obyektlərinin layihələşdirilməsi və tikintisi zamanı

                  əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması

22.1.  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, mülkiyyət və təşkilatı hüquqi formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatları infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlilliyi olan şəxslərə(uşaqlara) maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər.

22.2. Əlilliyi olan şəxslərin(uşaqların) istifadə edə biləcəyi binanın və digər obyektin ən azı bir girişi əlilliyi olan şəxslərin daxil olması üçün uyğunlaşdırılmalı və Brayl əlifbası ilə icra olunmuş işarələrlə asan oxunan və anlaşıqlı formada təchiz edilməlidir.

22.3. Əlilliyi olan şəxslərin(uşaqların) bina daxilində maneəsiz hərəkətini təmin etmək məqsədilə uyğunlaşdırılmış yollar, pandus və pilləkənlər, liftlər, sanitariya qovşağı, informasiya-kommunikasiya vasitələri nəzərdə tutulmalıdır.

22.4.Əlilliyi olan şəxslərin(uşaqların) binalardan və digər obyektlərdən istifadəsi imkanını asanlaşdırmaq üçün həmin obyektlər ixtisaslaşmış xidmətçilərin və vasitəçilərin, o cümlədən bələdçilərin, qiraətçilərin və peşəkar surdo-tərcüməçilərin müxtəlif növ xidmətləri ilə təmin edilməlidir.

22.5.Aeroportların, dəmir yolu vağzallarının və limanların binalarında əlilliyi olan şəxslərin(uşaqların) müvafiq minik vasitəsinə maneəsiz minməsi və çıxması üçün uyğunlaşdırılmış və xüsusi texniki avadanlıqlarla təchiz edilmiş yerlər (keçidlər) nəzərdə tutulmalıdır.

22.6. Əlilliyi olan şəxslərin(uşaqların)  müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılmadan yaşayış məntəqələrinin layihələşdirilməsinə, tikilməsinə, yaşayış rayonlarının formalaşdırılmasına, binaların, qurğuların, o cümlədən aeroportların, dəmir yolu vağzallarının, komplekslərinin və kommunikasiyalarının tikilməsinə və yenidən qurulmasına yol verilmir.

 

Maddə 23. İstifadədə olan İnfrastruktur obyektlərinin əlilliyi olan                                                              şəxslərin  istifadəsi üçün uyğunlaşdırılması.

 23.1.Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar tabeliklərində olan nəqliyyat, rabitə, informasiya, mədəni-tamaşa və digər sosial infrastruktur qurğularını və obyektlərini öz vəsaitləri hesabına, bu Qanunun 22-cı maddəsində nəzərdə tutulan tələblər nəzərə alınmaqla əlilliyi olan şəxslərin(uşaqların)  istifadəsi üçün uyğunlaşdırmalıdırlar. 

23.2.Göstərilən obyektləri əlilliyi olan şəxslərə  müyəssər olmaq üçün uyğunlaşdırmaq mümkün olmadıqda, müvafiq müəssisələr, idarələr və təşkilatlar əlillərin tələbatının ödənilməsini təmin edən tədbirlər hazırlayıb həyata keçirməlidirlər.

 

Maddə 24.Yaşayış binalarının əliliyi olan şəxslərə müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılması

 

24.1.Yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin (uşaqların) rahat və təhlükəsiz hərəkəti üçün uyğunlaşdırılmalı, xüsusi vasitələr və qurğular, lift, informasiya – kommunikasiya texnologiyaları vasitələri ilə təmin  edilməlidirlər.

24.2.Yaşayış binalarının əlilliyi olan şəxslər (uşaqlar)  üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları həyata keçirirlər.

24.3.Əlilliyi olan şəxslərin (uşaqların)  yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin başlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda isə müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

29.4.Əlilliyi olan şəxsin(uşağın) mənzili müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə və mənzili əlilliyi olan şəxsin(uşağın) tələbatına uyğunlaşdırmaq mümkün olmadıqda, yaşayış sahəsi onun, uşağın valideynlərinin və qəyyumlarının (himayəçilərinin) razılığı ilə və tələbi ilə dəyişdirilir.

29.5.Müvafiq icra hakimiyyəti orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup əlilliyi olan şəxslərə, habelə əlilliyi olan uşaqların  ailələrinə öz yaşayış yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.

 

Maddə 25. İş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması

25.1. Əlilliyi olan şəxslərin (uşaqların) iş yerlərində bina və ya qurğunun müəyyən məhdudlaşdırıcı xüsusiyyətlərinə görə onlar digərlərinə nisbətən daha əlverişsiz vəziyyətdə ola bilərsə, işəgötürən həmin iş yerini lazımi şəraitlə təmin etmək məqsədilə ağlabatan tədbirlər görməyə borcludur.

25.2. Əlilliyi olan şəxslərin (uşaqların) iş yerlərinin uyğunlaşdırılması məqsədilə işəgötürən tərəfindən əlilliyi olan şəxslərin(uşaqların) iş yerlərindən istifadə imkanını asanlaşdıran texniki avadanlıq və qurğuların alınması, mövcud olan texniki avadanlıq və qurğuların əlilliyi olan şəxslərin tələbatına uyğun modifikasiyası, əlilliyi olan şəxslərin əmək vəzifələrinin bir hissəsinin digər işçilər arasında bölüşdürülməsi, əmək vəzifələrinin dəyişdirilməsi, iş qrafikinin dəyişdirilməsi, vakansiya olduqda başqa işə keçirmə, vəzifə təlimatlarının dəyişdirilməsi və sorğu materiallarının uyğunlaşdırılması, attestasiya və ixtisas dərəcələrinin verilməsi qaydalarının dəyişdirilməsi, ixtisaslaşmış xidmətçilərin və vasitəçilərin, o cümlədən bələdçilərin, qiraətçilərin və peşəkar surdo tərcüməçilərinin müxtəlif növ xidmətləri ilə təmin edilmə və digər ağlabatan tədbirlər həyata keçirilir.

 

Maddə26.   Mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlilliyi olan

                     şəxslərə müyəssər olmasının təmin edilməsi.        

 26.1.Müvafiq icra hakimiyyəti orqanları mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlilliyi olan şəxslərə  müyəssər olması üçün lazımi şəraiti təmin etməyə borcludurlar.

26.2. Mədəni-tamaşa müəssisələrində və muzeylərdə göstərilən xidmətlərin əlilliyi olan şəxslərə müyəssərliyi xüsusi proqramlar vasitəsilə təmin edilir.

26.3.Əlilliyi olan şəxslər göstərilən xidmətlərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pulsuz və güzəştli şərtlərlə istifadə edirlər.

26.4.Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında əlilliyi olan şəxslərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.

 

Maddə 27.İnfrastruktur obyektlərinin, yaşayış binalarının, digər müəssisələrin əlilliyi

                 olan şəxslərə müyəssər olmasına dövlət nəzarəti

 

 Sosial infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istifadədə olan infrastruktur obyektlərinin, yaşayış binalarının, mədəni-tamaşa və digər müəssisələrin əlilliyi olan şəxslərin(uşaqların) istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.

 

 

          4-cü fəsil

 Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi

 

Maddə 28.Əlilliyi olan şəxslərin əmək hüququnun həyata keçirilməsi

28.1.Əlilliyi olan şəxslər(uşaqlar) təhlükəsiz, əlverişli əmək şəraiti ilə təmin olunmaq, o cümlədən bərabər şərait və eyni dəyərli əməyə görə digər şəxslərlə bərabər əmək haqqı və mükafat almaq hüququna malikdirlər.

28.2.Əlilliyi olan şəxsin (uşağın)  səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən  əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, işdən azad edilməsinə və öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir.

28.3.İşçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxsin (uşağın) işdə saxlanmaq üçün üstünlük hüququ vardır. 

28.4.Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq  reabilitasiya müəssisələrində olan əlilliyi olan şəxslərlə (uşaqlarala) əmək müqaviləsinin (kontraktının) işəgötürənin təşəbbüsü ilə xitam edilməsinə yol verilmir. 

 

 

 

 

Maddə 29. Əlilliyi olan şəxslərin məşğulluğun təmin edilməsi

29.1.Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar peşə əmək qabiliyyətini nəzərə alaraq əlilliyi olan şəxslərin (uşaqların)  əməyi üçün xüsusi proqramlar üzrə təlim təşkil etməklə məşğulluq sahəsində təminat verirlər.

29.2.Müəssisə, idarə və təşkilatlarda əlilliyi olan şəxslər (uşaqlar) üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota müəyyən edilir. 

29.3.Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslərin(uşaqların) işə göndərilməsi dövlət məşğulluq xidmətinin yerli orqanları tərəfindən həyata keçirilir.

29.4. İşə düzəlmək üçün əlilliyi olan şəxslərə (uşaqlara) verilmiş göndəriş mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.

29.5. Əlillliyi olan şəxslərin (uşaqların) işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət  və təşkilati hüquqi formasından asılı olmayaraq, Dövlət Sosial Müdafiə Fonduna əlilliyi olan şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün aylıq əmək haqqı fondu məbləğində vəsait köçürürlər.

 

Maddə 30. İşəgötürənlərin əlilliyi olan şəxsləri işə düzəltmək vəzifəsi

30.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr və təşkilatlar, o cümlədən fərdi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlilliyi olan şəxs (uşaq) sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

30.2. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, göstərilən tələbi yerinə yetirməyən müəssisə, idarə, təşkilat və fərdi sahibkarlar onlar bu işçi ilə əmək müqaviləsini (kontraktı) ləğv edərkən Dövlət Sosial Müdafiə Fonduna respublika üzrə orta aylıq əmək haqqının 5 misli məbləğində vəsait köçürməlidirlər.

 

Maddə 31.Əlilliyi olan şəxslərin əməyini tətbiq edən müəssisələr üçün

                   üstünlüklər və güzəştlər

31.1. Əlilliyi olan şəxslərin (uşaqların) əməyini tətbiq və təmin edən müəssisə, idarə və təşkilatlardan vergi tutulmasının, onların maliyyələşdirilməsinin və maddi-texniki təminatının qaydası və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

31.2.Əlilliyi olan şəxslərin reabilitasiyası üçün nəzərdə tutulan müəssisələrin məhsulları (texniki vasitələr və qurğular) dövlət sifarişinə daxildir və həmin müəssisələr maddi-texniki ehtiyatlarla birinci növbədə təmin edilirlər.

 

Maddə 32.Əlilliyi olan şəxslərin əmək şəraiti

32.1. Müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlilliyi olan şəxslər (uşaqlar) üçün fərdi reabilitasiya proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır.

32.2.Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əmək haqqı, iş və istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən əlilliyi olan şəxslərin (uşaqların) vəziyyətini pisləşdirə və ya hüquqlarını məhdudlaşdıra bilməz.

32.3. Əlilliyi olan (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq)  işçilərə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq ödənişsiz məzuniyyət verilir.

32.4.İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində I və II qrup əlilliyi olan şəxslərin (uşaqların)  işləmədiyi müddət onların sığorta stajına daxil edilir. 

 

Maddə 33.Əlilliyi olan şəxslərin fərdi əməyi və sahibkarlıq fəaliyyəti

33.1.Müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin (uşaqların)  fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün lazımı şərait yaradır, onların ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına zəmanət verirlər.

33.2.Onlar əlilliyi olan şəxslərin (uşaqların) iqtisadi fəaliyyətlərinin genişləndirilməsi və əlillik standartlarının tətbiq edilməsi məqsədilə güzəştli kreditlər, ssudalar və digər stimullaşdırıcı tədbirlər həyata keçirirlər.

 

 

5-ci fəsil

Əlilliyi olan şəxslərin sosial təminatları.

 

Maddə 34.Əlilliyi olan şəxslərin  maddi təminatı

34.1.Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunu ilə müəyyən edilir.

34.2.Əliliyi olan şəxslərə sosial müavinət təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” qanunu ilə müəyyən edilir.

34.3.Qanunvericiliklə müəyyən edilmiş hallarda əlliliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilir.

34.4. I və II qrup əlilliyi olan tələbələrə, şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə verilir. 

 

Maddə 35. Əlilliyi olan şəxslərin tibbi təminatı

Əlilliyi olan şəxslərin (uşaqların)  dərman və tibbi preparatları ilə təmin edilməsi, tibbi xidməti, ölkə hüquqları daxilində sanatoriya kurort müalicəsi, həmçinin protez ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 36. Əlilliyi olan şəxslərə texniki və digər reabilitasiya vasitələrinin

                     verilməsi

Əlilliyi olan şəxslərin(uşaqların) avtomobillər, əlil kreslo və veloarabaları ilə, həmçinin digər texniki bərpa vasitələri ilə təmin edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

 

 

 

Maddə 37.Əlilliyi olan şəxslərin  mənzil-məişət təminatı

37.1.Müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin (uşaqların)  mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hər növ köməklik göstərir. 

37.2.Əlilliyi olan şəxsin (uşağın) mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilməsinin əsasları, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir.

37.3.Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

5.4.5.Əlilliyi olan şəxslərin (uşaqların) ictimai birliklərinin öz vəsaiti hesabına, o cümlədən payçılıq yolu ilə tikdirdiyi yaşayış sahələri onların mülkiyyətindədir və əlilliyi olan şəxslərin ictimai birliklərinin təkliflərinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq bölüşdürülür.

5.4.6.Əlillyi olan şəxslərin(uşaqların) ictimai birlikləri  mənzil tikintisində payçılıq qaydasında iştirak edərkən tikinti sənayesi qurğularının inkişafında və kommunal tikintidə payçılıq iştirakından, habelə yaşayış sahələrinin bir qismini müvafiq icra hakimiyyəti orqanlarına və başqa təşkilatlara verməkdən azad edilirlər. 

 

 

 Maddə 38.Əlilliyi olan şəxslərə  sosial xidmətlərin göstərilməsi

Əlilliyi olan şəxslərə(uşaqlara) sosial xidmət göstərilməsi qaydası və şərtləri «Sosial xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə nizama salınır.

 

Maddə 39.Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi ilə bağlı tədbirlərin

                          maliyyələşdirilməsi.

 Əlilliyi olan şəxslərin (uşaqların)  hüquqlarının həyata keçirilməsi ilə bağlı tədbirlər dövlət, yerli özünüidarəetmə orqanları və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

                                                                          

                                          6-cı fəsil

                          YEKUN MÜDDƏALAR

 

Maddə 40. Qanunun pozulmasına görə məsuliyyət

 Bu Qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

  




Tarix:14/2/2014     www.udpo.az saytı Geri