Qənirə Paşayeva Parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş növbəti iclasında 1-ci qrup əlilliyi olan insanların məsələsini qaldırıb


Qənirə Paşayeva Parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş növbəti iclasında 1-ci qrup əlilliyi olan insanların və tələbələrin yataqxana məsələsini qaldırıb.

Gün.Az-ın verdiyi məlumata görə, millət vəkili çıxışında qeyd edib ki, 1-ci qrup əlilliyi olan şəxslərin sayı Azərbaycanda bir o qədər də çox deyil və bu baxımdan, 1-ci qrup əlil olan tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulunda güzəştlər tətbiq edilməlidir:

“Bir müddət öncə Parlament tərəfindən hər iki valideynini itirmiş tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulu məsələsində humanist addım atıldı, onlar ödəniş haqqı ödəməkdən azad edildilər. Bu, cəmiyyət tərəfindən də böyük rəğbətlə qarşılandı.

Ona görə də, yaxşı olardı ki, valideynləri və ya özləri 1-ci qrup əlillər də ödənişlərdən azad edilsinlər”.

Millət vəkili eyni zamanda tələbələrin hələ də yataqxana problemi məsələsinin açıq qaldığını qeyd edib:

“Məlum səbəblərdən yataqxanaların çoxunda qaçqın və məcburi köçkünlər məskunlaşıblar. İndi dövlətimizin maliyyə imkanları xeyli dərəcədə yaxşılaşıb və bu baxımdan yataqxanaların yenidən tələbələrin istifadəsinə verilməsi önəmli məsələrərdəndir.

Tələbələrin böyük əksəriyyəti bahalı qiymətə başa gələn evlərdə kirayələməli olurlar. Xüsusən də imkansız təbəqədən olan tələbələr kirayə haqqı ödəməkdə əziyyət çəkirlər. Ona görə çox yaxşı olardı ki, növbəti ilin büdcəsində tələbələrin yataqxanalarla təmin olunması, yeni tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi məsələsi mütləq əksini tapsın”.

Kamil Həmzəoğlu
Gün.Az

   




Tarix:13/11/2013     www.udpo.az saytı Geri