Bakıda əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası və reabilitasiyası ilə bağlı beynəlxalq seminar keçirilmişdir


 

 

 

15 mart 2013-cü il tarixdə Bakıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının TAİEX proqramının təşkilatçılığı ilə Bakıda «Əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası və reabilitasiyası, qabaqcıl Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar» mövzusunda beynəlxalq seminar başlayıb.
     Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətlərinin nümayəndələri: Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Sozial Hüquqların Araşdırılması ictimai birliyinin sədri Mayis Əliyev, anaşı üç Avropa ölkəsindən olan beynəlxalq ekspertlər - Fransa Respublikası Əlil şəxslərin sosial siyasəti regional bölməsinin şöbə rəisi Brigitte Lacroix Coquil, Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyinin nəzdində fəaliyyət göstərən Əlillik və Əmək Qabiliyyətinin Qiymətləndirilməsi dövlət ofisinin rəhbəri Zdislavas Skvarciany və Almaniyanın Əmək və Sosial İşlər Federal Nazirliyinin nümayəndəsi Joachim Zveig, iştirak edirlər.
     Seminar əlilliyin tibbi-sosial ekspertizası və reabilitasiyası sahəsində beynəlxalq standartların öyrənilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması və həmçinin qabaqcıl Avropa təcrübəsi ilə tanışlıq məqsədinə xidmət edir.
     Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov seminarda iştirak edən beynəlxalq ekspertlər qrupunu, habelə vətəndaş cəmiyyətlərinin nümayəndələrini qəbul edib. Qonaqları səmimi salamlayan nazir Fizuli Ələkbərov möhtərəm Prezident cənab İlham Əliyevin dəstəyi sayəsində Azərbaycanın Aİ ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində siyasi və iqtisadi əməkdaşlığının xeyli gücləndiyini qeyd edərək, Aİ ilə birgə icra olunan layihələrin ölkəmizin sosial müdafiə sahəsində yeni və modern üsullarla islahatların aparılmasında mühüm vasitələrdən biri olduğunu vurğulayıb.
     Görüşdə qeyd olunub ki, respublikamızda həyata keçirilən islahatlarda səmərəli nəticələrə nail olunması üçün Avropa Qonşuluq Siyasəti və Tərəfdaşlığı çərçivəsində Tvinninq, TAİEX və SİQMA proqramlarına daha çox üstünlük verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də sosial müdafiənin bir çox sahələrində islahatların aparılması üçün Tvinninq və TAİEX proqramları çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə məqsədyönlü əməkdaşlıq həyata keçirir.
     Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində keçirilən bir sıra müzakirələrdə nazirliyin bu proqramlar çərçivəsində Avropanın inkişaf etmiş dövlətlərinin müvafiq hökumət qurumları ilə əməkdaşlığı xüsusi olaraq qeyd edilmiş və bu sıx əməkdaşlıq müsbət qiymətləndirilib. Keçirilən bu seminar da əlilliyin tibbi-sosial ekspertizası və reabilitasiyası sahəsində beynəlxalq standartların, Avropa təcrübəsinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından olduqca önəmlidir.
     Müzakirələr zamanı beynəlxalq ekspertlər mütərəqqi beynəlxalq təcrübəyə istinad olunmaqla nazirlik tərəfindən atılan islahatyönlü addımları yüksək dəyərləndirilib və əldə olunan təcrübənin gələcək layihələrin uğurlu nəticələr verməsi üçün əsas olduğu vurğulanıb. 

Davud RƏHİMLİ






Tarix:15/3/2013     www.udpo.az saytı Geri