Yaxın vaxtlarda parlamentə əlillərlə bağlı yeni layihə sənədi təqdim olunacaq


19.11.2012
Yaxın vaxtlarda parlamentə əlillərlə bağlı yeni layihə sənədi təqdim olunacaq
 
     «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa yeni redaktədə baxılaraq müvafiq layihə sənədi hazırlanıb. Noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyətləri ilə birlikdə həmin qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
     Dəyirmi masanı giriş sözü ilə açan nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov bildirib ki, Azərbaycan Respublikası 2008-ci ildə «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyanı və Konvensiyanın Fakultativ Protokolunu ratifikasiya etməklə əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının təmin olunması sahəsində öz üzərinə mühim öhdəliklər götürüb. Öhdəliklərdən biri də əlilliyi olan şəxslərin statusuna dair milli qanunvericiliyin həmin Konvensiyanın tələblərinə uyğunlaşdırılması, əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası üçün real icra mexanizminə malik olan qanunvericilik aktlarının qəbul edilməsidir.
     Bu istiqamətdə növbəti addım kimi, nazirlik ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Qanuna yeni redaktədə baxaraq müvafiq layihə sənədi hazırlamışdır. Əlilliyi olan şəxslərin hüquqi statusunun beynəlxalq standartlara uyğun şəkildə və daha dolğun müəyyən edilməsini və onların sosial müdafiəsinin daha etibarlı təminatını nəzərdə tutan layihə sənədi yaxın zamanlarda parlamentin müvafiq komitəsinə təqdim olunacaq.
     Dəyirmi masada layihə sənədində əlilliyi olan şəxslərin tibbi-sosial və peşə reabilitasiyası, onların təhsili və peşə hazırlığı, əmək hüquqlarının qorunması, sosial infrastrukturdan istifadə və s. istiqamətlər üzrə əksini tapan məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
 
   
      




Tarix:19/11/2012     www.udpo.az saytı Geri