5. Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il


Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 

Bakı şəhəri, 29 may 2002-ci il
№ 86

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 29 may tarixli, 86 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq
QAYDASI

 

1. Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaları xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində və ya xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində həyata keçirilir.

2. Sağlamlıq imkanları məhdud karlar və zəif eşidənlər, korlar və zəif görənlər, ağır nitq qüsurları olanlar, dayaq-hərəkət aparatının funksiyaları pozulanlar, əqli cəhətdən geri qalanlar (debillər, imbisillər), emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar, psixi inkişafın lәngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər, mürəkkəb çatışmazlıqları olanlar tam dövlət təminatındadırlar.

3. Sağlamlıq imkanları məhdud şəxslər müvafiq təhsil müəssisəsinə cəlb olunduğu vaxtdan müəyyən olunmuş təhsil müddətində pulsuz təhsil alırlar.

4. Sağlamlıq imkanları məhdud şəxslər təlim vasitələri ilə, yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə dövlət tərəfindən tam təmin edilir.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsillə, təlim vasitələri ilə, yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə təmin olunması üçün tələb olunan xərclərin ödənilməsi dövlət büdcəsində "Təhsil xərcləri" üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

6. Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil alması üçün çəkilən xərclər tabelik baxımından Təhsil Nazirliyi və ya rayon (şəhər) təhsil şöbələri (idarələri) tərəfindən ödənilir.

 

 




Tarix:     www.udpo.az saytı Geri